Məhkəmə qərarları › İş №2(107)-1017/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1017/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1017/2025 30.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(019)-680/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları İddiaçı 05 may 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pul, 300 (üç yüz) manat vəkilə ödənilmiş xidmət haqqı və 165 (yüz altmış beş) manat dövlət rüsumu olmaqla, cəmi 25465 (iyirmi beş min dörd yüz altmış beş) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, mülki iş üzrə Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh ondan 25000 (iyirmi beş min) manat borca pul götürmüş, lakin bu günə qədər həmin borcu qaytarmamışdır. 27 noyabr 2024-cü il tarixdə isə cavabdeh borcun etirafına dair sənədə imza edərək, ona olan borcunu hər ay 1000 (bir min) manat olmaqla qaytaracağına söz versə də, qaytarmamışdır. Cavabdeh öz üzərinə düşən öhdəliyə və vədinə əməl etmədiyi üçün məcburiyyət qarşısında qalaraq, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. İş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 01 iyul 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə qarşı yazılı Etiraz təqdim edərək, həmin Etirazda göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi X2 bildirir ki, İddiaçı xahişi ilə sonuncunun qeyd etdiyi şəxsləri işə düzəltmək üçün xidmət haqqı olaraq pul almış və həmin şəxslərin bir qismi işə düzəlsə də, digər qisminin işə düzəlməsi müxtəlif səbəblərdən mümkün olmamışdır. Onun İddiaçı 15000 (on beş) min manat borcu qalmışdır. Lakin İddiaçı Zaqatala rayon Prokurorluğunun Vüqar adlı əməkdaşının onun iş yerinə məktub göndərilməsi barədə təzyiqi, həmçinin kriminal aləmə aid edilən şəxsləri onun yaşadığı ünvana göndərməklə təzyiq göstərməsi səbəbindən 25.000 manat borc götürməsi barədə qeydi imzalamağa məcbur olmuşdur. 25.000 manat borcunun olması barədə iddiaya etiraz edir və yalnız 15.000 manat borcunun olduğunu təsdiq edirək, ədalətli qərar qəbul edilməsini xahiş edir.

2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Balakən Rayon Məhkəməsinin (hakim Arifə Cəfərova) 31 iyul 2025-ci il tarixli, e-2(019)- 680/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia tələbi təmin edilərək, həmin məhkəmə Qətnaməsində Cavabdeh 25000 manat pul, 300 manat vəkilə ödənilmiş xidmət haqqı və 165 manat dövlət rüsumu olmaqla, cəmi 25465 manat pulun alınıb İddiaçı ödənilməsi qət olunmuşdur. Balakən Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(019)-680/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən yazılan “borc etirafı”ndan görünür ki, Cavabdeh borc almaq məqsədilə İddiaçı 25 min manat pul götürmüşdür. Hazırda borcunu ödəyə bilmir, lakin borcunu hər ay min manat məbləğində olmaqla qaytaracaq. Cavabdeh tərəfindən yazılan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, dostu İddiaçı ondan etdiyi şikayətlə bağlı bildirmişdir ki, o, həmin şəxsdən təxminən 1 il qabaq Zaqatala şəhərində borc pul almışdır və hissə-hissə qaytarmağa söz versə də, qaytara bilməmişdir. İş məlumatlarından çıxarışdan görünür ki, EM-1745VK-16512/25 nömrəli müqaviləyə əsasən İddiaçı pul tələbinə dair mülki işə iddiaçının hüquqlarının məhkəmədə müdafiəsinə 300 manat pul ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərinə və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh ondan 25000 manat borca pul götürməsini bildirmiş, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olmasına baxmayaraq tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmamışdır. Lakin, Cavabdeh İddiaçı 25000 manat pul almış, bunu xx.xx.2024-cu il tarixdə yazılı şəkildə etiraf edərək öz imzası ilə təsdiq etmiş, hər ay hissəhissə, yəni 1000 manat olmaqla qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, buna görə də cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalıdır. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh 25000 manat pulun qaytarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin etiraz ərizəsindəki dəlillərlə bağlı qeyd edir ki, onun 15.000 manat borcu qalmasını, Zaqatala Rayon Prokurorluğunun əməkdaşının təzyiqi, həmçinin kriminal aləmə aid edilən şəxləri onun yaşadığı ünvana göndərilməklə təzyiq göstərməsi səbəbindən 25.000 manat borc götürməsi barədə qeydi imzalamağa məcbur olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, etiraz əsassızdır. Məhkəmə hesab edir ki, məhkəmədə iddianın qaldırılması, bunun üçün müvafiq sənədlərin toplanması və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilən 300 manat məbləğ ağlabatan və ədalətlidir və bu xüsusda həmin 300 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi əsaslıdır və təmin olunmalıdır. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 25000 manat pul, 300 manat vəkilə ödənilmiş xidmət haqqı və 165 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 432.1, 432.2, 442, 448.1, 739.1, 739.2, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz 3.1 İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(019)-680/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-680/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda əsaslandırdığı maddi və prosessual hüquq normalarının pozuntusuna görə Balakən Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(019)-680/2025 nömrəli qətnaməsi əsassızdır və ləğv edilməlidir. Məhkəmə, kağız parçasına əsaslanaraq onların arasında borc münasibətlərinin mövcud olduğu qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iclasında onun nümayəndəsinin də bildirdiyi kimi o, iddiaçının qeyd etdiyi şəxsləri işə düzəltmək üçün xidmət haqqı olaraq pul almış, həmin şəxslərin bir qismi işə düzəlsə digər qisminin işə düzəlməsi müxtəlif səbəblərdən mümkün olmamışdır. Onun Rəşid Şeyixova 15.000 manat borcu qalmışdır. Lakin Rəşid Şeyixov Zaqatala rayon Prokurorluğunun Vüqar adlı əməkdaşının onun iş yerinə məktub göndərilməsi barədə təzyiqi, həmçinin kriminal aləmə aid edilən şəxsləri yaşadığı ünvana göndərməklə ona təzyiq göstərməsi səbəbindən o, 25.000 manat borc götürməsi barədə qeydi imzalamağa məcbur olmuşdur. Həmin kağız parçası onun həqiqi iradəsini əks etdirmir, yəni dolayısı ilə o, 25.000 manat pul borclu deyildir. Yalnız onun tərəfindən 15.000 manat borc etiraf edilmişdir ki, məhkəmə əsassız olaraq 25.000 manat pulun hamısının tutulmasına dair qətnamə çıxarmışdır. Hər bir borc münasibətinin məntiqli səbəbi olur. Hazırki işdə iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində ona hansı niyyətlə, hansı məqsədlə pul verməsini, onun iddiaçıdan ondan pul istəyib istəmədiyimi, hansı niyyətlə pul istədiyimi əsaslandırmamışdır. Təəssüf ki, məhkəmə də bu istiqamətdə araşdırma aparmamış, borcun yaranma əsaslarını, ümumiyyətlə tərəflər arasında borc münasibətlərin olub-olmamasını aşkar etməmişdir. Balakən Rayon Məhkəməsi 25.000 manatın ondan tutulub iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Lakin Mülki Məcəllədən də görünür ki, borc məbləği 3000 manatdan yuxarı olduqda yazılı olaraq müqavilə bağlanmalı idi. Müqavilənin forma şərtinə əməl edilməməsi onun etibarsızlığına səbəb olmaqdadır. Halbuki, əqdə əsaslanan tələblərə dair işə baxarkən məhkəmələrin ilk və əsas vəzifəsi əqdin etibarlılığını yoxlamaqdır. Hazırkı işdə isə məhkəmə tərəfindən əqdin etibarsızlığına dair irəli sürdükləri dəlillərə heç bir münasibət bildirilməmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, Cavabdeh oğlu tərəfindən yazılan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, dostu Rəşid Şeyixovun ondan etdiyi şikayətlə bağlı bildirmişdir ki, o, həmin şəxsdən təxminən 1 il qabaq Zaqatala şəhərində borc pul almışdır və hissə-hissə qaytarmağa söz versə də, qaytara bilməmişdir. Ərizənin mətni də onu göstərir ki, iddiaçı onun barəsində doğrudan da şikayət etmişdir. Bu halın özü də onun dediklərini təsdiqləyən haldır ki, onun 25 min manat yox, cəmi 15 min manat borcu olmuşdur. O, yalnız təzyiq altında bu məzmunda ərizə yazmışdır. Məhkəmə isə tərəflər arasında yazılı borc müqaviləsi olmadığı halda, adi kağız parçasına əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə işdə mövcud olan kağız parçası əsasında ondan 25.000 manat pulun tutulması qənaətinə gəlmişdir. Halbuki bu qədər böyük məbləğin yazılı müqavilə olmadan borc şəklində verilməsi həm məntiqli deyil, həm də etibarsızdır. Lakin məhkəmə həmin kağızları mötəbər sübut qismində qiymətləndirərək, prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Balakən Rayon Məhkəməsi iddiaçını sübutetmə fəaliyyətindən tamamilə azad etmişdir. Belə ki, iddiaçı adi iddia ərizəsində belə qeyd etdiyi pul məbləğini hansı əsasla ona borc verdiyini əsaslandırmamışdır. Məhkəmə isə bu xüsusatı araşdırmaqda maraqlı olmamışdır. Halbuki məhkəmə ilk olaraq borcun yaranma əsasını müəyyən etməli idi. Əgər borc müəyyən edilirsə, sonradan səbəb və nəticə ortaya çxıarılmalı idi. Hazırki işdə isə bunların heç biri edilməmiş və əsassız qətnamə çıxarılmışdır. Maddi hüquq normaları o halda pozlmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə onların arasındakı münasibətlərə borc müqaviləsinin müddəalarını tətbiq etməklə yalnışlığa yol vermişdir. O, yalnız iddiaçıdan xidmət haqqı almış və həmin iş də alınmadığı üçün cəmi 15.000 manat pul onda qalmışdır. Məhkəmə isə onun həqiqi iradəsini əks etdirməyən kağız parçasına istinad etməklə 25.000 manat pulun tam olaraq ondan tutulması barədə qətnamə qəbul etmişdir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı: 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və apellyasiya şikayətini vermiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-680/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: --- 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin və cavabdehin iddia tələbinə etirazının dəlillərinə, eləcə də tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla və işin konkret halları ilə İddiaçı Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin alınması barədə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(019)-680/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(019)-680/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar