Məhkəmə qərarları › İş №2(107)-1022/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1022/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1022/2020 15.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Ucar Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(063)-4/2019 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan ‘İddiaçı” ASC tərəfindən verilmiş apelyаsiyа şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) xx xxx 2019-cu il tаrixli, 2(063)- 4/2019 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2526/2019 saylı qətnaməsi ilə iddiaçi ləğv prosesində olan ‘İddiaçı” ASC tərəfindən verilmiş apelyаsiyа şikayəti təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(063)-4/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-247/2020 saylı qərarı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2526/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixə cavabdehin iddiaçıya əsas borc üzrə 694,700.00 manat, faiz borcu üzrə 329,513.42 manat, cərimə borcu üzrə 216,805 35 manat, cəmi 1,241.018.77 manat, C277/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 96,005.93 USD, faiz borcu üzrə 110,441.00 USD, cərimə borcu üzrə 11,563.57 USD, cəmi 218,010.50 USD və dövlət büdcəsinə ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştərilərə Xidmət Depatamenti ilə cavabdeh arasında bağlanmış 193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 15 faizlə, 12 ay müddətinə 700.000 manat, C277/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 32 faizlə, 36 ay müddətinə 100,000 USD məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən müştəriyə təqim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. İddiaçı ASC-nin Müştərilərə Xidmət Depatamenti ilə cavabdeh arasında bağlanmış 193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixə cavabdehin iddiaçıya əsas borc üzrə 694,700.00 manat, faiz borcu üzrə 329,513.42 manat, cərimə borcu üzrə 216,805.35 manat, cəmi 1,241.018.77 manat, C277/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 96,005.93 USD, faiz borcu üzrə 110,441.00 USD, cərimə borcu üzrə 11,563.57 USD, cəmi 218,010.50 USD borcu yaranmışdır. 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən X2 İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, məhkəmənin məktubuna əsasən cavabdehə tələbdə göstərilən müqavilələr üzrə pul vəsaitlərinin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi üçün bankın arxivinə sorğu verilsə də, araşdırma zamanı həmin sənədlər arxivdə aşkar olunmamışdır. 193/13 nömrəli kredit xətti müqaviləsində borcverən 660000 manat kredit xətti verilməsini öhdəsinə götürsə də, həmin müqavilə üzrə cavabdehə 700000 manat kredit verilmişdir, lakin qeyd olunan səbəblərə görə əlavə sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Digər, yəni xx xxxxxx 2012-ci il tarixli müqavilə üzrə cavabdehə 100000 USD məbləğində plastik kart vasitəsilə kredit xətti verilmişdir, lakin arxivdə kartın cavabdehə verilməsini təsdiq edən sənəd-təhvil-təslim blankı aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçı ləğv prosesində olan ‘İddiaçı” ASC apelyаsiyа şikаyəti vermişdir. Apelyаsiyа şikayətinin dəlilləri: Apelyаsiyа şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxx 2013-cü il tarixində 193/13 nömrəli kredit müqaviləsi imzalanmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixində C277/12 nömrəli kredit müqaviləsi imzalanmışdır. xx xxxxxx 2017-ci il tarixli 1068 nömrəli ekspert rəyinə əsasən qeyd edilən müqavilələr birbaşa Cavabdeh tərəfindən imzalanmışdır. xx xxxxxxx 2016-cı il tarixli, 2579 nömrəli maliyyə arayışından görünür ki,cavabdehin xx xxxxxxxx 2016-cı il tarixə xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli kredit müqaviləsiüzrə cəmi 1,241.018.77 manat borcu mövcuddur. 5. xx xxxxxxx 2016-cı il tarixli 2578 nömrəli maliyyə arayışından göürünür ki, xx xxxxxxxx 2016-cı il tarixə xx xxxxxx 2012-ci il tarixli C277/12 nömrəli kredit müqaviləsi üzrə cavabdehin cəmi 218010.50 USD borcu mövcuddur.Göründüyü kimi tərəflər arasında öhdəlik münasibəti mövcuddur. İddiaçı ASC kreditor, Cavabdeh isə cavabdeh qismində çıxış edir. Həmçinin qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən qeyd edilən borc məbləğləri üzrə banka ödənişlər olmuşdur. Əgər borc məbləği cavabdeh tərəfindən əldə edilməmiş olsa idi, ödəniş də olmazdı. Şəxsin banka müvafiq ödənişlər etməsi borclunun borcunu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən bu nəzərə alınmamışdır. Pul vəsaiti cavabdehə verilməsə cavabdeh tərəfindən müvafiq ödənişlər də edilməzdi. Bu mövcud faktdır ki, tərəflər arasında kredit müqavilələri imzalanmışdır. Əgər kredit müqavilələrində təsbit edilən məbləğlər bank tərəfindən cavabdehə verilməmiş olsa bu müddət ərzində cavabdeh tərəfindən hər hansı tədbir görülməli idi. Qeyd edilən müddət ərzində əgər bank öhdəliyi icra etməmişdirsə cavabdehin heç bir tədbir görməməsi ağlabatan deyil. Öhdəliyin mövcud olmasını təsdiq edən hər bir sənəd məhkəməyə təqdim edilmişdir. Əgər cavabdehə pul vəsaitinin verilməsini təsdiq edən sənəd mövcud deyilsə belə, cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sənədlər mövcuddur. Ona görə də, Ucar Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(063)217/2017 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 247/2020 saylı qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, apelyаsiyа şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(063)-4/2019 saylı qətnaməsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə iddia tələblərinin təmin edilməməsi nəticəsinə gələrkən hesab etmişdir ki, xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli təminatsız bərpaolunan kredit müqaviləsində "Borcalan” qrafasındakı imzalar və xx xxxxxx 2012-ci il tarixli, C277/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsində “Borcalan” qrafasındakı ımza-Cavabdeh tərəfindən icra olunsa da həmin kredit müqavillələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, həmin nəticəyə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2012-ci il tarixli, C277/12 nömrəli kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsindən görünür ki, bank ilə cavabdeh arasında borc verənin-bankın cavabdehə-borc alana 36 ay müddətinə, illik 32 faiz dərəcəsi ilə 100000 USD məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli təminatsız bərpaolunan kredit xətti müqaviləsindən görünür ki, bank ilə cavabdeh arasında borc verənin- bankın cavabdehə-borc alana 12 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 660.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2016-cı il tarixli, 2578 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxxxx 2016-cı ıl tarixə xx xxxxxx 2012-ci il tarixli C277/12 nömrəli kredit müqaviləsi üzrə borcu-əsas borca görə 96005.93 USD faiz borcuna görə 110441 USD, cərimə borcu üzrə 11563.57 USD, cəmi 218010.50 USD təşkil edir. Kredit üzrə son ödəniş tarixi xx.xx.2013-cü il, ödəniş məbləği-3055 USD İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2016-ci il tarixli, 2579 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxxxx 2016-cı il tarixə xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli kredit müqaviləsi üzrə borcu-əsas borca görə 694700 manat, faiz borcuna görə 329513.42 manat, cərimə borcu üzrə 216805.35 manat, cəmi 1241018.77 manat təşkil edir.Kredit üzrə son ödəniş tarixi xx.xx.2014-cü il, ödəniş məbləği-81,99 manat İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2016-cı il tarixli, 2384 nömrəli borcun qaytarılması tələbinə dair xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı və borc məbləğindən başqa tərəflərindən məhkəmə ilə əlaqədar çəkilmiş bütün xərclərin hamısının ondan tutulacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş MAPS şöbəsinin xx xxxxxxx 2016-cı il tarirxli arayışından görünür ki, cavabdeh, Ucar rayonu, Boyat kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 21(81)-1404/2016 nömrəli qərarının surətindən görünür ki, ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ASC-nin iflas prosedurunun başlanmasına dair ərizəsi təmin edilməklə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, X2 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(063)-1587/2016 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası, xx xxxx 2017-ci il tarixli, 2(063)261/2017 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası və xx xxxx 2018-ci il tarixli, 2(063)-13/2018 nömrəli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 1068 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli təminatsız bərpaolunan kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və xx xxxxxx 2012-ci il tarixli, C277/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsində “Borcalan” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 23612 nömrəli və xx xxxxxx 2019-cu il tarixli, 6924 nömrəli ekspert rəylərindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxxxx 2012-ci il tarixli, C277/12 nöməli kredit müqaviləsinin şərtlərini əsas götürməklə cavabdehin xx xxxxxxxx 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 181798.11 USD məbləğində müəyyən olunur, o cümlədən xx xxxxxxxx 2016-cı il tarixə əsas borc üzrə 96005.93 USD, faiz borcu üzrə 85792.18 USD. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli kredit müqaviləsinin şərtlərini əsas götürməklə cavabdehin xx xxxxxxxx 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 1021851.71 manat məbləğində müəyyən olunur, o cümlədən xx xxxxxxxx 2016-cı il tarixə əsas borc üzrə 694700.00 manat, faiz borcu üzrə 327151.71 manat. xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017ci il tarixədək cavabdeh tərəfindən banka 280.00 manat məbləğində ödəniş edilmiş, amma bu ödənişlər sualda göstərilən tarixdən sonra baş verdiyi üçün cədvəldə nəzərə alınmadı. İş materiallarında olan cavabdehlə iddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, C277/12 və xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla cavabdehə cərimə hesablanmır. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Müştərilərə Xidmət Depatamenti ilə cavabdeh arasında bağlanmış 193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 15 faizlə, 12 ay müddətinə 700.000 manat, C277/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 32 faizlə, 36 ay müddətinə 100,000 USD məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən müştəriyə təqim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. İddiaçı ASC-nin Müştərilərə Xidmət Depatamenti ilə cavabdeh arasında bağlanmış 193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixə cavabdehin iddiaçıya əsas borc üzrə 694700 manat, faiz borcu üzrə 327151,71 manat, cərimə borcu üzrə 216805,35 manat, cəmi 1.238657,06 manat, C277/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 96005.93 USD, faiz borcu üzrə 85792.18 USD, cərimə borcu üzrə 11,563.57 USD, cəmi 193361.68 USD borcu yaranmışdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli, 2(102)-247/2020 saylı qərarında göstərilmişdir ki, “...iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktı mövcud və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəflər arasında göstərilən müqavilənin bağlanmasını qeyd etsə də, kredit müqaviləsində nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsi və onun tərəfindən həmin məbləğin qəbul edilməsinin təsdiq olunmamasına dair qənaətini mötəbər və tutarlı sübutlarla əsaslandırmamışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin müqavilədə nəzərdə tutulmuş məbləği almasını iddiaçı tərəfin sübut etməməsinə dair nəticəsi işin hallarına uyğun olmamışdır. Belə ki, işin materiallarından görünür ki, ekspert rəyində də adı çəkilən kredit müqavilələrinin Cavabdeh tərəfindən imzalanması təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin ekspert rəyinin hazırki iş üzrə sübut növü kimi qiymətləndirilməməli olmamasına qiymət verməmişdir. Halbuki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir...”. Hazırkı işin apelyasiya baxışı dəfələrlə təxirə salınsa da, cavabdeh tərəfin məhkəmə kollegiyasının iclasında iştirakının təmin edilməsi və cavabdehin bu rəylə bağlı mövqeyinin öyrənilməsi mümkün olmamışdır. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında yuxarıda sözü gedən ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən, iddiаçının bоrcаlаnа qаrşı əsаs bоrcun və fаiz bоrcunun ödənilməsi tələbi qismən əsaslıdır. Belə ki, İddiaçı ASC-nin Müştərilərə Xidmət Depatamenti ilə cavabdeh arasında bağlanmış 193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixə cavabdehin iddiaçıya əsas borc üzrə 694700 manat, faiz borcu üzrə 327151,71 manat olmaqla, cəmi 1.021851,41 manat, C277/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 96005.93 USD, faiz borcu üzrə 85792.18 USD olmaqla, cəmi 181798,11 USD borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Belə ki, Cavabdeh kredit müqavilələri üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci mаddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin 463.1-ci mаddəsində yаzılmışdır ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsаsən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci mаddəsinə əsasən, məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçı tərəfindən C193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə cərimə məbləğinin 216805,35 manat, C277/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə isə 11,563.57 USD məbləğində hesablanması tərəflərin əmlak mənafelərinə uyğun olmamaqla reallığı əks etdirmir. Məhkəmə kollegiyаsı, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, bank tərəfindən C193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə hesablanmış cərimə azaldılaraq 50000 manat, C277/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə isə 2000 USD müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət verməmiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyаsiyа şikayətinin dəlilləri əsaslıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi qətnamənin apelyasiya qaydasında ləğv edilməsi əsaslarıdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apelyаsiyа şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(063)-4/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, Cavabdeh 193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 694,700.00 manat əsas borc, 327151,71 manat faiz borcu, 50000 manat cərimə borcu olmaqla, cəmi 1071851,71 manat və C277/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 96,005.93 USD əsas borc, 85792.18 USD faiz borcu, 2000 USD cərimə borcu olmaqla, cəmi 173798.11 USD və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi X1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyаsiyа şikayəti təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(063)-4/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin Cavabdeh 193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 694.700 manat əsas borc, 327.151,71 manat faiz borcu, 50000 manat cərimə borcu olmaqla, cəmi 1071851,71 manat və C277/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 96,005.93 USD əsas borc, 85792.18 USD faiz borcu, 2000 USD cərimə borcu olmaqla, cəmi 173798.11 USD və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi X1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 295 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar