Məhkəmə qərarları › İş №2(107)-1022/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1022/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1022/2025 14.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsasın olmaması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı Cavabdeh ərizəsinin təmin edilməsi barədə Zərdab Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(035)-547/2024 nömrəli qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə borca görə 15000 (on beş min) manat,dövlət rüsumuna görə 135 (bir yüz otuz beş) manat olmaqla cəmi 15135 (on beş min bir yüz otuz beş) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim İ.Həsənquliyev) 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli borca əsasən 14000 (on dörd min) manat və 132 manat dövlət rüsumu olmaqla, cəmi 14132 (on dörd min bir yüz otuz iki) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsi 26 oktyabr 2024-cü il tarixdə poçt xəbərnaməsinə imza etdirilməklə şəxsən Cavabdeh təqdim edilmiş, həmçinin həmin qətnamə 10 oktyabr 2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Həmin qətnamədən Cavabdeh 14 noyabr 2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, lakin cavabdehin 13 dekabr 2024-cü il tarixli ərizəsi əsasında Zərdab Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qərаrdаdı ilə Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin apellyasiya şikayətinin geri qaytarılmasına dair Zərdab Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qərаrdаdı xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 şəxsən imza etdirilməklə təqdim edilmişdir. Bundan sonra 13 iyun 2025-ci il tarixdə Cavabdeh yenidən Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə həmçinin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə də əlavə etmişdir. Zərdab Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(035)-547/2024 nömrəli qərаrdаdı ilə ərizə təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-547/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunan iddiaçının vəkili Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 Azərbaycan Respublikası Vəkillər X2 sədr müavini Şahmar Məmmədova verdiyi izahatdan müəyyən olunur ki, apellyasiya şikayəti Nümayəndə2 tərəfindən geri götürülmüşdür. Eyni zamanda iş materiallarında olan qəbzdəndə müəyyən olunur ki, apellyasiya şikayətinin geri qaytarılması barədə Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № 2(035)- 547/2024 saylı qərardadı imza etdirilməklə vəkil Nümayəndə2 verilmişdir. İş materiallarında cavabdehin apellyasiya şikayətinin geri götürülməsindən məlumatlı olmasına dair hər hansısa bir sübut olmadığından məhkəmə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin onun iradəsinə zidd şəkildə və onun xəbəri olmadan geri götürülməsi məsələsini ağlabatan hesab edərək bildirir ki, apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Zərdab Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2(035)-547/2024 nömrəli qərаrdаdı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, hesab edir ki, buraxılmış prosessual müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunan iddiaçının vəkili Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 Azərbaycan Respublikası Vəkillər X2 sədr müavini Şahmar Məmmədova verdiyi izahatdan müəyyən olunur ki, apellyasiya şikayəti Nümayəndə2 tərəfindən geri götürülmüşdür. Bu izahat heç nəyi dəyişmir. Çünki, ona bu səlahiyyətlər verilib və qeyd olunan prosessual hərəkətləri qanunsuz hesab etmək olmaz. Eyni zamanda iş materiallarında olan qəbzdəndə müəyyən olunur ki, apellyasiya şikayətinin geri qaytarılması barədə Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(035)-547/2024 saylı qərardadı imza etdirilməklə vəkil Nümayəndə2 verilmişdir. Qeyd olunan bu prosessual hərəkətlərdə tam qanuni və əsaslıdır. İş materiallarında cavabdehin apellyasiya şikayətinin geri götürülməsindən məlumatlı olmasına dair hər hansısa bir sübut olmadığından məhkəmə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin onun iradəsinə zidd şəkildə və onun xəbəri olmadan geri götürülməsi məsələsini ağlabatan hesab etməyən məhkəmə yanlış hüquqi nəticəyə gəlib. Odur ki, apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməməlidir. Yuxarıda göstərilənlərə əsasən buraxılmış prosessual müddətin bərpasına dair ərizəni əsassız hesab edir. Məhkəmə nəzərə almalıdır ki, cavabdeh tərəf özü qətnamənin hissə-hissə ödənilməsini məhkəmədən xahiş edib və onun ərizəsini birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi təmin etməyib. Həmçinin bildirir ki, qeyd olunan ərizələrdə qətnamənin hissə-hissə ödənilməsini tələb edən cavabdeh yuxarıda qeyd olunan əsaslara toxunmayıb. Əksinə qətnamənin icrasının hissə-hissə ödənilməsini tələb edib. Hesab edir ki, cavabdeh tərəfin hazırkı mövqeyi olduqca əsassız olmaqla yanaşı hüquqdan sui-istifadə etməyə yönəlib. Düşünür ki, məhkəmə bu məqamları aydınlıq gətirməyib. Odur ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-547/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbinin üzürlü hesab edilməməsi, buraxılmış prosessual müddətin bərpa edilməməsi və bununla bağlı çıxarılan qərardadın ləğv edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsini 10 oktyabr 2024-cü il tarixdə nümayəndəsi və vəkili Nümayəndə2 şəxsi elektron kabinetinə yerləşdirilməklə, həmin tarixdə rəsmi qaydada almış, bundan əlavə qətnamə poçt vasitəsi ilə də cavabdehə göndərilməklə, 26 oktyabr 2024-cü il tarixdə poçt xəbərnaməsinə imza etdirilməklə də şəxsən təqdim edilmişdir. Cavabdeh müddətin bərpasına dair ərizə əlavə etməklə ikinci dəfə verdiyi apellyasiya şikayəti 13 iyun 2025-ci il tarixdə elektron qaydada imzalanmaqla, həmin tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmçinin şikayətinə əlavə etdiyi ərizəsində buraxılmış müddətin bərpa edilməsini də xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə əlavə etdiyi, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsində müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etsə də, onun tərəfindən vəsatətə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsas ola biləcək heç bir sübut əlavə edilməmiş, vəsatətin məzmununda əksini tapmış fikirlər isə müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün əsas təşkil etməmişlər. Belə ki, birinci instansiya məhkəməsi buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməsi əsası kimi vəkilin izahatına istinad etsə də, iş materiallarında və iş materiallarına aid elektron sənəd dövriyyəsində belə bir izahat aşkar edilməmişdir. Bundan əlavə iş materiallarından müəyyən edildiyi kimi Cavabdeh tərəfindən 15 avqust 2024-cü il tarixdə verdiyi etibarnamə ilə 15 avqust 2029-cu il tarixədək olan dövr üçün MPM-nin 74-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi vəkil Nümayəndə2 həvalə edilmişdir. 15 avqust 2024-cü il tarixli etibarnamənin qüvvədə olduğu dövrdə verilmiş apellyasiya şikayəti geri götürülmüşdürsə belə, bu hal qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpası üçün əsas təşkil etməmişdir. Həmçinin işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2025-ci il tarixli 8(107)-64/2025 nömrəli qərardadından müəyyən edildiyi kimi borclu Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi Zərdab Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 8(035)- 38/2025 nömrəli qərardadı ilə təmin edilməmişdir. Yəni Cavabdeh 21 may 2025-ci ildən daha əvvəlki tarixlərdə mübahisələndirdiyi qətnamənin hissə-hissə icrası ilə bağlı birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi lenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə Kollegiyası tərəfindən iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətini verməsi üçün ötürdüyü müddətin üzrlü hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyi halda birinci instansiya məhkəməsi həmin müddəti bərpa etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(035)-547/2024 nömrəli qərаrdаdı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.3-cü mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(035)-547/2024 nömrəli qərаrdаdı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(035)-547/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar