Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1023/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı BOKT QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcu tələbinə dair" mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxxxxxxx 2018-ci il tаrixli, 2(033)-896/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 xx xxxx 2009-cu il tarixli CAZag36066/09 nömrəli kredit müqaviləsi üzrə 2020 ABŞ dolları məbləğində əsas kredit borcu, 655 ABŞ dolları faiz borcu və 310 ABŞ dolları cərimə olmaqla cəmi 2985 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə, həmçinin ödənilmiş 10 manat dövlət rüsumunun alınaraq İddiaçı X8 X5 Cəmiyyətinə qaytarılması, iddia tələbinin məlum kredit borcunun müştərək qaydada digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində rədd edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat pul vəsaitinin cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(033)-896/2018 nömrəli qətnаməsindən iş üzrə Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(033)-896/2018 saylı qətnаməsi iddianın əsas borca (2020 ABŞ dolları) dair hissəsində ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(107)-1061/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli, 2(033)-896/2018 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli,2(107)-1061/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili X7 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-232/2020 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli,2(107)-1061/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya baxışına qaytarılmışdır. İşin halları İddiaçı BOKT QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5870 ABŞ dolları kredit borcunun (kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə) və qanunvericiliyə müvafiq olaraq bununla bağlı çəkilmiş bütün xərclərin, həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 10 manat dövlət rüsumunun İddiaçı BOKT QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin müraciəti əsasında məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxx 2009-cu il tarixdə cavabdehlərdən Cavabdeh1 ilə iddiaçı arasında CAZag 36066/09 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 təşkilat tərəfindən şəxsi məqsədləri üçün 3000 ABŞ dolları məbləğində pul ayrılmışdır və o, 18 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə xx xxxx 2009-cu il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər, Cavabdeh1 təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İddiaçı BOKT QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmiş, lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməyərək borcunu ödəməmişdir. xx xxxxxx 2011-ci il tarixə Cavabdeh1 təşkilat qarşısında olan kredit borcunun əsas məbləği 2020 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 655 ABŞ dolları, hər gecikdirilmiş günə görə cərimə 3195 ABŞ dolları təşkil etmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, xx xxxx 2009-cu il tarixli CAZag36066/09 saylı Kredit müqaviləsində olan imza ona məxsus deyildir. O, bankdan pul götürməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(033)-896/2018 nömrəli qətnаməsindən Cavabdeh1apelyasiya şikayəti verərək qeyd edilən məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Apelyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, bankdan kredit götürməsini xatırlamır. İddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Bundan əlavə, aparılmış ekspertiza zamanı zaminlərin imzasının saxta çıxması, onun imzasının isə həqiqi çıxması ilə də razılaşmır. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(033)-896/2018 nömrəli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı BOKT QSC-nin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(033)-896/2018 nömrəli qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş CAZaq 36066/09 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı təşkilatla cavabdehlərdən Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 18 ay müddətinə 36% dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində istehlak kreditinin verilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş zaminlik müqavilələrinin surətindən görünür ki, iddiaçı təşkilatla cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Mülki iş üzrə zaminlik müqaviləsində olan imzaların cavabdehlərə məxsus olubolmamasını müəyyən etmək məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən xx xxxx 2018-ci il tarixdə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş xx xxxx 2018-ci il tarixli 17998 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 25-ci səhifəsindəki xx xxxx 2009-cu il tarixli CAZaq 36066/09 nömrəli kredit müqaviləsinin 7.1-ci bəndinin altındakı və borclu (Zaqatala rayonu Bəhmətli kəndi) sözlərinin altındakı imzalar - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 27-ci vərəqəsində olan xx xxxx 2009cu il tarixli CAZag 36066/09 saylı zaminlik müqaviləsinin 4-cü bəndin sonunda zamin (Zaqatala rayonu Bəhmətli kəndi) sözlərinin altında və vərəqin arxasında “müqavilənin şərtləri ilə tanış oldum” sözlərinin altındakı imzalar - Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 28-ci vərəqəsində olan xx xxxx 2009-cu il tarixli CAZag 36066/09 saylı zaminlik müqaviləsinin 4-cü bəndin sonunda zamin (Zaqatala rayonu Bəhmətli kəndi) sözlərinin altında və vərəqin arxasında “müqavilənin şərtləri ilə tanış oldum, razıyam və bir nüsxəni aldım” sözlərinin altındakı imzalar - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi irəli sürülmüş iddianın qismən - mübahisələndirilən kredit müqaviləsinin həqiqətən Cavabdeh1 tərəfindən imzalanması hissəsinin əsaslı olması qənaətinə gələrək həmin hissəni təmin etmiş, zaminlik müqaviləsinin isə digər cavabdehlər tərəfindən imzalanması hissəsinin əsassız olması qənaətinə gələrək həmin hissədə təmin etməmişdir. Belə ki, cavabdehlərdən Cavabdeh1 ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun Bank qarşısında öhdəlikləri yaranmışdır.İş materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün cərimə və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da borclu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müvafiq olaraq onun Banka 2020 ABŞ dolları məbləğində əsas kredit borcu yaranmışdır. Bu səbəbdən də iddiaçı həmin hüququndan istifadə edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələblərinə görə cavabdehin bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini xahiş etmişdir. Göstərilənlərə, həmçinin isnad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, 2020 ABŞ dolları əsas kredit borcu Cavabdeh1 məcburi qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh1 məlum kredit məbləğini faizlərlə (illik 36 faizlə) ödəməyi, həmçinin təşkilata aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini pozduqda hər gecikdirilmiş əsas məbləğin gündə 2 faizi miqdarında cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür (Kredit müqaviləsinin 5.1 və 7.1-ci bəndi). Tədqiq edilmiş sübutlardan aydın olur ki, cavabdehin iddiaçı təşkilata 655 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu və 3195 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcutəşkil etmişdir.Mülki Məcəllənin 741-ci maddəsində qeyd edilmişdir ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.İşə bu kontekstdən yanaşan məhkəmənin fikrincə isə, əsas kredit məbləği ilə yanaşı, uyğun olaraq faizlərin də cavabdehdən tutulması tam qanuna və müqaviləyə uyğundur. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən hesab etmişdir ki, hesablanmış 3195 ABŞ dolları cərimə məbləği əsas borca münasibətdə çoxdur və azaldılaraq 310 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi Cavabdeh1 2020 ABŞ dolları məbləğində əsas kredit borcu, 655 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu və 310 ABŞ dolları cərimənin, cəmi 2985 ABŞ dolları məbləğində kredit borcunun alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab etmişdir.Göstərilənlərlə yanaşı, birinci instansiya məhkəməsi məlum kredit borcunun cavabdehlərdən Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılmasını əsaslı hesab etsə də, məlum kredit borcunun müştərək qaydada digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 tutulmasını qanuni və ədalətli hesab etməmişdir. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlara əsaslanaraq, məlum zaminlik müqavilələrinin işdə cavabdeh kimi göstərilmiş Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanmamasını, sonuncuların iddia edilən kredit və zaminlik müqaviləsinin şərtlərindən tamamilə bixəbər olmasını əsas kimi qəbul etmişdir. Ona görə də iddianı qismən və Cavabdeh1 münasibətdə təmin etmişdir. Məhkəmə kollegiyası işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının hüquqi mövqeyi və göstərişləri kontekstində yenidən araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr qanuni və əsaslı olmamış, bu nəticələr işin həqiqi hallarını əks etdirməmiş, ona görə də iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... Birinci instansiya məhkəməsi və əvvəl işə baxan apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün cərimə və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da borclu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müvafiq olaraq onun Banka 2020 ABŞ dolları məbləğində əsas kredit borcu, habelə faiz və cərimə borcları yaranmışdır. Lakin işi yenidən araşdıran məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşmır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2009-cu il tarixli, CAZag36066/09 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilədə cavabdehə 18 ay müddətinə, illik 36 % dərəcəsi hesablanmaqla 3000 ABŞ dolları kredit verilməsi nəzərdə tutulmuş, müqavilənin 1.2-ci bəndində kredit məbləğinin borcluya onun “xxxx” ASC-nin Zaqatala regional filialındakı hesabına köçürülməklə və ya nağd qaydada veriləcəyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində işin baxılması zamanı isə Cavabdeh1 sözügedən kredit pulunu nə bankdakı hesaba köçürülmə yolu ilə, nə də nağd şəkildə almadığını bildirmiş, bunun əksini sübut etməyi və müvafiq sübutları (bank sənədlərini) məhkəməyə təqdim etməyi iddiaçıdan tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, pul məbləğinin cavabdehə verilməsinə dair məxaric sənədlərinin məhkəməyə təqdim edilməməsi apelyasiya şikayətinin əsas dəlili olmuş, həmin sənədlərin məhkəməyə təqdim edilməsi üçün isə birinci instansiya məhkəməsi tərəfindən zəruri hərəkətlər edilməmişdir. Belə ki, iddiaçının işin 160-cı vərəqində olan vəsatətindən görünür ki, iddiaçı mübahisəli kreditin cavabdehə verilməsinin 2009-cu ildə keçmiş “xxxx” ASC tərəfindən icra olunduğunu, müqavilə bağlanandan 1 gün sonra pulun cavabdehə verildiyini, müvafiq sənədlərin həmin bankda olduğunu, lakin adı çəkilən bank ləğv prosesində olduğundan onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun bu sənədləri yalnız məhkəmə qərardadı əsasında təqdim edə biləcəyini bildirməsini əsas gətirərək, müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli qərardadla müvafiq sənədlər Əmanətlərin Sığortalanması Fondundan tələb edilsə də, qərardadda bu sənədlərin niyə məhz həmin Fonddan tələb edilməsi açıqlanmadığından, yəni "İddiaçı" BOKT QSC-nin xx xxxx 2009-cu il tarixli CAZag36066/09 nömrəli kredit müqaviləsi üzrə pulu Cavabdeh1 “xxxx” ASC-nin vasitəsilə ödəməsi (və ya pulun həmin şəxsin o bankda olan hesabına köçürülməsi) və xxxx” ASC-nin ləğvedicisi olaraq bu barədə sənədlərin ondan tələb edilməsi göstərilmədiyindən, Fond xx.xx.2019-cu il tarixli məktubu ilə bu məsələ ilə əlaqədar İddiaçı BOKT-a müraciət edilməsini tövsiyə etmişdir. Göründüyü kimi, müqavilə üzrə vəsaitin cavabdehin hesabına köçürülməsi və ya nağd verilməsi barədə sübutların əldə edilməsi üçün görülən tədbirlər qənaətbəxş olmamışdır. Həmçinin, iş materiallarında da xx.xx.2009-cu il tarixli CAZag36066/09 nömrəli kredit müqaviləsi üzrə pulun götürülməsini təsdiq edən “kassa məxaric orderi” aşkar olunmur. İddiaçı BOKT QSC-nin nümayəndəsi onlarda sözügedən kassa məxaric orderinin olmadığını və həmin sənədi məhkəmə kollegiyasına təqdim edə bilməyəcəklərini bildirmişdir. Bununla belə, birinci instansiya instansiya məhkəməsi xx.xx.2009-cu il tarixli CAZag 36066/09 nömrəli kredit müqaviləsi üzrə pulun Cavabdeh1 tərəfindən bankdan götürülməsi qənaətinə gəlməkdə səhvə yol vermişdir. Belə ki, məlum olduğu kimi, İddiaçı BOKT QSC-dən pulun götürülməsini təsdiq edən sənəd kredit müqaviləsi yox, kassa məxaric orderidir (Forma N KO-2). Kassa məxaric orderi müəssisə rəhbəri və baş mühasib tərəfindən imzalanır. Kassadan nağd pulların (kreditin və s.) verilməsi kassa məxaric orderi ilə sənədləşdirilir. İddiaçı "İddiaçı" BOKT QSC ərizəsində iddia etmişdir ki, guya iş üzrə Cavabdeh1 xx xxxx 2009-cu il tarixli CAZag36066/09 nömrəli kredit müqaviləsinə əsasən "İddiaçı" BOKT QSC-dən pul götürmüş, lakin həmin pulun müəyyən hissəsini qaytarmamışdır. Halbuki, Cavabdeh1 iddiaçı kredit təşkilatından kredit alması, ona kredit şəklində hər hansı məbləğdə pulun verilməsi heç nə ilə sübut olunmur. Müqaviləyə isə onun hansı şəraitdə imza etməsi məlum deyildir. Cavabdeh yenə də kredit müqaviləsinə imza etmədiyini və müqavilədəki imzanın onun tərəfindən icra edilmədiyini iddia edir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli 17998 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən göründüyü kimi, ekspertizaya təqdim olunmuş mülki işin 25-ci vərəqindəki xx xxxx 2009-cu il tarixli CAZag 36066/09 nömrəli kredit müqaviləsində zaminlərə məxsus olduğu iddia olunan imzalar zaminlər tərəfindən icra edilməmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən aparılan sorğular nəticəsində xx xxxx 2009-cu il tarixli CAZag 36066/09 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş pulun iş üzrə Cavabdeh1 tərəfindən alınmasını (götürülməsini) təsdiq edən kassa məxaric orderi əldə edilə bilinməmiş, iddiaçı da həmin sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Cavabdeh1 qeyd olunan pulu iddiaçı "İddiaçı" BOKT QSC-dən götürmüş olsaydı, o zaman pulun ödənilməməsi ilə bağlı vaxtında Cavabdeh1 yazılı və ya şifahi müraciətlər edilməli idi. Halbuki, borcun tutulması barədə xx.xx.2011-ci il tarixli məhkəmə əmrinin çıxarıldığı vaxtdan sonra yalnız 2018-ci ilin mayında həmin məhkəmə əmri üzrə icra hərəkətlərinə başlanılmış və əmrin icrası Cavabdeh1 əmək haqqına yönəldilmiş, bundan sonra ona qarşı məhkəmə əmrinin mövcudluğundan xəbərdar olan Cavabdeh1 xx.xx.2018-ci il tarixdə həmin əmrə qarşı məhkəməyə etiraz vermişdir. İş materiallarından isə göründüyü kimi, kredit müqaviləsi üzrə ödənişləri həyata keçirməməsi və ya gecikdirməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bir dəfədə olsun məktub yazılmamış, bildiriş göndərilməmişdir. Əvvəlki apelyasiya icraatı zamanı "İddiaçı" BOKT QSC-nin nümayəndəsi (Afər Mahmudov) tərəfindən məhkəmə kollegiyasına ərizə təqdim edilərək göstərilmişdir ki, Cavabdeh1 təşkilata əsas borcu yoxdur; onun 1100.88 ABŞ dolları faiz borcu və 7658.24 ABŞ dolları cəriməsi vardır. İddianın faiz və cərimə borclarına aid hissədə təmin olunmasını xahiş edir. Həmin ərizəyə əsasən Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(033)-896/2018 saylı qətnаməsi iddianın əsas borca (2020 ABŞ dolları) dair hissəsində ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının işin icraatına hissəvi xitam verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verilməmişdir. Lakin yeni apelyasiya baxışı iclasında Cavabdeh1 "İddiaçı" BOKT QSC-yə heç vaxt heç bir ödəniş etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinə Cavabdeh1 kredit üzrə ödənişləri barədə sübutlar təqdim etməsi təklif olunanda, nümayəndə təşkilatda belə sənədlərin olmadığını təsdiqləmişdir. İddiaçının nümayəndəsi Cavabdeh1 faiz və cərimə borcları barədə maliyyə arayışı da təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kredit borclarının ödənilməsi ardıcıllığına görə borclunun kredit üzrə həyata keçirdiyi ödəmələrdən əvvəlcə faiz borcu və cərimə, sonra isə əsas borc silinir. Əsas borc qalmadığı halda faiz və cərimə borclarının mövcudluğu mümkün deyildir. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh1 iddiaçı "İddiaçı" BOKT QSC-yə hər hansı məbləğdə kredit borcunun olması istisna olunur. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddia tələbini qismən əsaslı sayaraq hissəvi təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Xərclərlə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası, həmçinin mülki prosessual qanunvericiliyin tələbləri baxımdan hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat pul vəsaitinin yarısı (70 manat) iddiaçı "İddiaçı" BOKT QSC-dən, qalan yarısı (70 manat) isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385 387, 390, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(033)-896/2018 nömrəli qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı BOKT QSC-nin Cavabdeh1 qarşı "kredit borcu tələbinə dair" iddiası rədd edilsin. İddiaçı BOKT QSC tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manatın yarısı (70 manat) iddiaçı "İddiaçı" BOKT QSC-dən, qalan yarısı (70 manat) isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına keçirilsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1023/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1023/2020
13.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver