Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1024/2025 08.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X8 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı – İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili – Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tаrixli, 2(024)-322/2025 saylı qətnаməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan İddiaçı ilə X6 arasında bağlanmış və Qax rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Məmməd Məmmədova 21 sentyabr 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
2. İş materiallarında olan Qax RİHB-in Qax İngiloy kənd İƏD-si tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır.
3. İş materiallarında olan Qax Rayon Notariat ofisinin 14 aprel 2025-ci il tarixli 319 №-li məktubundan görünür ki, «Elektron Notariat» İnformasiya sistemində axtarış zamanı 08 iyun 2024-cü il tarixdə vəfat etmiş X6 barəsində Qax rayon notariat ofisində vərəsəlik işinin açılmadığı, vərəsələrin dairəsinin müəyyənləşdirilmədiyi və onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən olunmuşdur.
4. İş materiallarında olan Balakən rayon prokurunun köməkçisi İİİ dərəcəli hüquqşünas Kənan Əlizadənin 28 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarından görünür ki, mərhum X3 ölümü ilə bağlı toplanmış material üzrə cinayət hadisəsi və cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi idarəsinin 3181 №li, 19 mart 2025-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası ərazisində hazırda X3 adına əmlak qeydə alınmamışdır.
6. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi idarəsinin 3182 №li, 19 mart 2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK-i və ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur.
7. İş materiallarında olan Qax RPŞ-nin 01 aprel 2025-ci il tarixli 3-13/87/2-M- 5329/11/25 №-li məktubundan görünür ki, DİN-in BDYP-in MMX serverində qeyd olunan məlumata əsasən Qax rayon sakini X3 istifadəsində və mülkiyyətində heç bir avtomobil aşkar olunmamışdır.
8. İş materiallarında olan AZ-İİ 427462 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 iyun 2024-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqıdna akt qeydləri kitabında 26 iyun 2024-cü il tarixdə 10 № ilə qeydiyyat aparılmışdır.
II. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 15.000 manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 135 manat dövlət rüsumunun cəmi 15.135 manat pulun Qax şəhəri İ.Mustafayev küçəsi döngə 1, ev 8 sakini cavabdeh X4 alınıb ona verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayonu, Qaxbaş kəndində yaşayır. Tanışı (makler) X6 2021-ci il tarixdə yanına gələrək ondan işləri olduğu üçün borc istəmişdir. O, 21 sentyabr 2021-ci il tarixdə Qax rayon Notariat X1 15.000 manat borc pul vermiş, xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. X2 ilə birgə nikah dövründə əldə etmişdir. Daha sonra 2023-cü il tarixində Məmməd Balakən rayonunda özünü asaraq intihar etmişdir. Lakin həmin borclarından ona heç bir pul ödəməmişdir. Dəfələrə deməsinə baxmayaraq hər dəfə aldadaraq dələduzluq etmişdir. Lakin həmin vaxtdan 3 il keçməsinə baxmayaraq pulu qaytarmamışdır. Cavabdeh indiyə qədər həmin qalmış 15.000 manat borcundan heç nə ödəməmişdir. Hazırda cavabdehin ona 15.000 manat borcu var. Həmin borcu ilə bağlı ona müqavilə verilmişdir. Ona görə də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 135 manat dövlət rüsumu ödəmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, Məmməd makler idi. O, torpağa görə ona Məmmədə 15.000 manat pul vermişdir. Məmməd torpağın sənədlərini düzəltməli idi, lakin düzəldə bilmirdi, sənədləşməni uzadırdı ki, sənəd düzəlmir. Sonradan Məmməd ondan 12.500 manat pul almışdır, özündə bunu sübut edəcək qəbz də vardır. Lakin həmin həmin pulu tələb etmir. Ümumilikdə Məmmədə 27.500 manat pul vermişdir. Məmməd sənəd düzəltmək adı ilə onu aldada-aldada Şəkinin Reyestr Xidməti idarəsinə də getmiş, sənədin uzandığını bildirərək onun pulunu verməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ilə bağlı bildirmişdir ki, onun bunların heç birindən xəbəri yoxdur. X14 ikisinin arasında olan söhbətdir. O, alıb bu da verib, onun xəbəri yoxdur. Məmməd borcu olmasını onlara bildirməyib, onun da o puldan heç xəbəri olmayıb. Onlar özləri də oğlunun yanında yaşamışlar. Ümumiyyətlə Məmməd işi barədə heç vaxt evdə danışmayıb. İddiaçıya demək istəyir ki, nə üçün Məmmədə o qədər pulu verirdi, ikinci dəfə də pulu verməzdi. And içir ki, o pulu görməmişdir, o pul evə gəlməyib, Məmməd o pulu hara qoyub, necə edib, hara edib, qəti onun xəbəri yoxdur. O, müəllimədir və məktəbdə həmişə uşaqlara dürüstlükdən, doğruluqdan halallıqdan dərs keçmişdir. Həmişə də etiraz etmişlər ki, onlar belə şeyi xoşlamırlar. Vərəsəlik də olmayıb, onların bir dəfə də evi olub, satmışlar. Oğlu ev tikmiş, onlar gedib oğlunun yanında yaşamışlar. İddianın rədd edilməsini xahiş etmişdir.
13. Qax Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) 17 iyul 2025-ci il tаrixli, 2(024)-322/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 15.000 manat məbləğində əsas borc və iddiaçı tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.
14. Məhkəmə hesab etmişdir ki, mərhum X6 öz riski ilə müqavilə bağladığından, Cavabdeh həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 7.3, 385.1, 389.1, 442, 448.1, 739, 1306.1, 1306.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 217.3, 218.3, 222.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli və 23 iyul 2021-ci il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
16. Qətnаmədən nаrаzı qаlаn cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...İddiaçı ilə cavabdehin əri mərhum X6 arasında bağlanmış və Qax rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş kredit müqaviləsindən görünür ki, müqavilə 21 sentyabr 2021-ci il tarixdə bağlanılmış, İddiaçı tərəfindən Məmməd Məmmədova 21 sentyabr 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ərzində iddiaçının tələb irəli sürməməsinin səbəbləri aydınlaşdırılmalıdır. 15000 manat pul vəsaitinin cavabdehin əri olmuş mərhum Məmməd Məmmədovda uzun müddət olması və həmin müddət ərzində iddiaçının pulunun qaytarılmaması, iddiaçının bu vəziyyəti bilməsi, görməsi və susmasından sonra baxılan iş üzrə Cavabdeh pul tələbi irəli sürməsi iddiaçının hüququndan sui-istifadə etməsinə səbəb olmuşdur. Lakin birinci instansiya məhkəməsi hazırkı iddiaya hüquqdan sui-istifadə hallarına yol verilib-verilməməsi baxımından hüquqi qiymət verməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin 2-ci vərəqinin 4-cü abzasında qeyd edir ki, “Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, Məmməd makler idi. O, torpağa görə ona Məmmədə 15.000 manat pul vermişdir. Məmməd torpağın sənədlərini düzəltməli idi, lakin düzəldə bilmirdi, sənədləşməni uzadırdı ki, sənəd düzəlmir.” İddiaçının öz izahatı ilə təsdiq olunur ki, iddiaçı ilə cavabdehin mərhum arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmış, cavabdehin mərhum əri tapşırığı icra etməmiş və nəticədə iddiaçının pulu hesabına əsassız varlanmışdır. Mülki qanunvericiliyin tələbinə görə iddiaçı 2 il ərzində iddia tələbi ilə məhkəməyə müraciət etməli idi və bu 2 il müddət kəsici müddət olduğu üçün iddiaçının iddia tələbi təmin edilməməli idi. İddiaçı ilə cavabdehin əri mərhum Məmməd Məmmədov arasında bağlanmış kredit müqaviləsinə gəldikdə isə qeyd edir ki, bu müqavilə görüntü yaratmaq üçün bağlanan yalan əqddir. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarında da qeyd edilmişdir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir. Görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məhkəmənin öz təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin mümkünlüyü ilə bağlı göstərilməlidir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların, bundan başqa 2021-ci ildən məhkəməyə iddia ərizəsini verdiyi xx.xx.2025-ci ilə kimi, yəni 4 il ərzində iddiaçının susmasının, heç bir tələb irəli sürməməsinin səbəblərini araşdırılması idi. Birinci instansiya məhkəməsi iddia ərizəsində qeyd edilənlərlə ziddiyyət təşkil edən iddiaçının məhkəmə iclasında verdiyi izahatını görməzdən gələrək, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən Qax Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tаrixli, 2(024)- 322/2025 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərərək Qax Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tаrixli, 2(024)-322/2025 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tаrixli, 2(024)- 322/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
25. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
30. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 739. Borc müqaviləsi (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
34. Maddə 740. Borc müqaviləsinin forması (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). - 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
35. Maddə 777. Tapşırıq müqaviləsi -777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. -777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
36. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
37. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
38. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti və kreditorların təmin edilməsi zamanı sübutetmə yükü. -1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. (...). -1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
39. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (08 iyul 2025-ci il tarixdə qüvvədən düşüb).
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
40. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
41. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qərarı
42. Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tаrixli, 2(024)- 322/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
55. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
56. Müəyyən edilmişdir ki, cavabdehin mərhum əri X6 makler fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı əvvəlcə şifahi tapşırıq müqaviləsi əsasında X5 torpaq sahəsi almaq məqsədi ilə verdiyi 15.000 manat müqabilində sonuncu ona torpaq sahəsi vermək öhdəliyini üzərinə götürmüşdür. Tapşırıq müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq X6 iddiaçıya nə vəd etdiyi torpaq sahəsini vermiş (torpaq sahəsinin sənədlərini qaydaya sala bilmədiyini bildirərək), nə də aldığı pulu geri qaytarmışdır. İddiaçı pulunu tələb edərkən Məmməd Məmmədov sonuncudan aldığı pula görə notarial qaydada borc müqaviləsi bağlamağı təklif edərək bildirmişdir ki, bağlayacaqları borc müqaviləsinin müddəti ərzində ona torpaq sahəsini, bu baş tutmasa 15.000 manat pulu geri qaytaracaqdır. İddiaçı bu təkliflə razlaşmış və onlar 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Həmin müqavilənin şərtinə görə İddiaçı tərəfindən Məmməd Məmmədova verilmiş 15.000 manat məbləğində kredit 21 sentyabr 2024-cü il tarixədək qaytarılmalıdır. X6 08 iyun 2024-cü il tarixdə vəfat (intihar) etmişdir. İddiaçı mərhum X3 arvadı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.000 manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 135 manat dövlət rüsumunun cəmi 15.135 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxan Qax Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. 57 . Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
58. Hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
59. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
60. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
61. Kollegiya şikayətin birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verməsi barədə dəlili ilə əlaqədar qeyd edir ki, doğrudur iddiaçı ilə cavabdehin əri əvvəlcə şifahi formada tapşırıq müqaviləsi bağlamışlar. Bu fakt iddiaçının izahatı ilə də öz təsdiqini tapır. Lakin mərhum Məmməd Məmmədov tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə (iddiaçının almalı olduğu torpaq sahəsinin mülkiyyət sənədlərinin qaydaya salınmasının uzandığına) və iddiaçının vermiş olduğu pulu qaytara bilmədiyinə görə onlar borc müqaviləsi bağlamaq barədə razılığa gəlmişlər. Hər iki tərəf sərbəst şəkildə öz həqiqi iradəsini əks etdirərək sözügedən borc müqaviləsini bağlamışlar.
62. Göründüyü kimi, bağlanmış borc müqaviləsi əsla başqa müqaviləni (əvvəl şifahi qaydada bağlanmış tapşırıq müqaviləsini) pərdələmək məqsədilə bağlanmamışdır. Müqavilə tərəflərinin heç belə niyyəti də olmamışdır. Həmin borc müqaviləsi üçüncü şəxslər qarşısında heç bir yanlış təsəvvür də yaratmaq məqsədi ilə bağlanmamışdır.
63. Kollegiya qeyd edir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir. Baxılan işdə bunların heç biri baş verməmişdir.
64. Məhz bu baxımdan iddianın qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsi ilə bağlı normalar əsas götürülməli olduğundan apellyasiya şikayətinin maddi hüququn səhv tətbiqinə dair dəlili əsassızdır.
65. Belə olan halda apellyasiya şikayətinin cavabdehin mərhum ərinin tapşırığı icra etməməsi nəticəsində iddiaçının pulu hesabına əsassız varlanması və birinci instansiya məhkəməsinin əsasız varlanmaya görə hazırkı mübahisəyə kəsici müddətin tətbiq etməməsi barədə dəlili də əsassızdır.
66. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsindən irəli gələn münasibətlərlə bağlı normalarına istinad etmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, işin faktiki halları araşdırılmış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir
67. Kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 2021-ci ildən məhkəməyə iddia ərizəsini verdiyi xx.xx.2025-ci il tarixə kimi, yəni 4 il ərzində susaraq heç bir tələb irəli sürməməsinin səbəblərini araşdırılmaması barədə dəlili ilə bağlı qeyd edir ki, istinad edilən borc müqaviləsinin müddəti 21 sentyabr 2024-cü il tarixdə bitmişdir. Müqavilənin tərəfi olan borc alan isə 08 iyul 2024-cü il tarixdə vəfat (intihar) etmişdir ki, həmin vaxt müqavilənin müddəti bitməmişdir.
68. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
69. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
70. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
71. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
72. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prossesual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
73. Göründüyü kimi, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir.
74. Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
75. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.
76. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
77. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin vərəsəlik hüququ haqqında şəhadətnamə almaması və notariat orqanının cavabdehin ərindən miras əmlak kimi daşınmaz əmlakın olmamasının göstərilməsi miras əmlak kütləsinin daşınar əmlakdan ibarət olmaması anlamına gəlir.
78. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ...borcun Məmməd Məmmədovun hazırkı Cavabdeh tutulması ilə bağlı məsələyə ər-arvadın birgə nikah dövründə yaranmış passiv öhdəlikləri baxımından qiymət verilməlidir.
79. Məhkəmə həmçinin qeyd etmişdir, mübahisə predmeti olan borc mərhum X6 ilə hazırkı Cavabdeh birgə nikahları dövründə əldə olunmuş borc olmuş Məmməd Məmmədov vəfat etdiyindən Əminət Məmməvdovanın iddiaçı qarşısında borc öhdəliyini yaratmışdır. Cavabdeh Məmməd Məmmədov tərəfindən iddiaçıdan alınmış 15.000 manat borc məbləğinin hara xərclənməsindən məlumatlı olmadığını qeyd etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinin sübuta yetirilməsi qənaətinə gəlir
80. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.39-cu bəndində qeyd olunmuşdur ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.
81. Həmin qərarın 6.40-cı bəndində əsasən ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür.
82. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin nümayəndəsi və vəkilinin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
83. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
84. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
85. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
86. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
87. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
88. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tаrixli, 2(024)-322/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tаrixli, 2(024)-322/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov