Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1026/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 2(035)-244/2020 saylı qətnaməsindən iddiaçı MKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 06 may 2020-ci il tarixli 2(035)- 244/2020 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı MKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra iddiaçı və ya MKT "xxxx" MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 1473.8 manat, cərimə borcuna görə 659.4 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2163.2 manatın (iki min yüz altmış üç manat 20 qəpik) tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC, “MKT-Zərdab” filialı və Cavabdeh arasında bağlanmış 13.07.2017-ci il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh 4.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 8.0 ton xam pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin icrasına görə iddiaçıdan 2563,97 manat məbləğində avans götürmüş, müqavilə şərtlərinə görə götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və həmin vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda 8.0 ton xam-pambıq istehsal edib verməli olduğu halda, cəmi 683,66 manat məbləğində 1405,81 kq pambıq təhvil vermişdir. Cavabdeh ümumi borcdan 406,5 manat vəsaiti nəğd şəkildə ödəmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 500 manatdır) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 659,4 manat təşkil edir. Bununla da cavabdehin iddiaçıya 1473,8 manat əsas borcu, cəriməyə görə 659,4 manat, cəmi 2133,2 manat məbləğində borcu yaranmışdır. Tələb olunmasına baxmayaraq borcun ödənilməsi cavabdeh tərtəfindən təmin edilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2017-ci il mövsümü üçün pambıq əkilməsi və tədarükü ilə bağlı əvvəlcə onunla "xxxx" ATSC arasında 20.12.2016-cı il tarixdə, daha sonra həmin münasibətin davamı olaraq İddiaçı MMC, “MKT-Zərdab” filialı ilə aralarında 13.07.2017-ci il tarixli ********* saylı müqavilə bağlanmış və həmin müqavilələrə əsasən 4.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 8.0 ton xam pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Öhdəliyinə uyğun olaraq, o, Zərdab rayonu Gödəkqobu kəndində 4.0 ha pambıq əkmiş və yaxşı çıxış almışdır. Lakin, 21.05.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində pambıq sahəsi tamamilə məhv olmuşdur. Baş verən təbii fəlakət nəticəsində,o, özündən aslı olmayan səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən öhdəliyini yerinə yetirə bilməmişdir. Buna baxmayaraq öhdəliyi yerinə yetirməyə səy göstərmiş, bu məqsədlə gec olsa da 13.06.2017-ci ildə yenidən həmin yerə çiyid səpmişdir. Bitkinin vegetasiya müddəti 150- 180 gün olduğundan qozaların açılması soyuq hava şəraitinə düşdüyü üçün lazımi məhsuldarlıq alınmamışdır. Yuxarıda qeyd etdiyi fors-major səbəbindən iddiaçının qarşısında öhdəliyini yerinə yetirə bilmədiyi üçün hesab edir ki, iddiaçının qaşısında məsuliyyətdən azad olunmalıdır. Aralarında bağlanmış müqavilənin 5.1-ci bəndində də fors-major şəraitində, yəni təbii fəlakət nəticəsində öhdəliyin qeyri-mümkünlüyü nəzərdə tutulmuşdur. Ona görə də yuxarıda qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə Zərdab Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 2(035)-244/2020 saylı qətnaməsi qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2(035)-244/2020 nömrəli qətnaməsindən İddiaçı MMC аpellyаsiyа şikаyəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli 2(107)-1403/2020 nömrəli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zərdab Rayon Məhkəməsinin 30 may 2019-cu il tаrixli, 2(051)-915/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli 2(107)-1403/2020 nömrəli qətnaməsindən İddiaçı MMC kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli 2(102)-1191/2021 nömrəli qərarı ilə İddiaçı MMC-in kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli 2(107)-1403/2020 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri MKT "xxxx" MMC-nin apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş və birinci instanasiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Birinci instansiya məhkəməsi cavabdehə məxsus pambıq sahəsinə yağan güclü dolu hadisəsini fors-major şəraitinə aid edərkən səhv nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı MKT "xxxx" MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 2(035)-244/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 2(035)-244/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli 2(102)-1191/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli 2(107)- 1403/2020 nömrəli qətnaməsi qismən ləğv edilərək işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Tərəflər arasında bağlanmış 13.07.2017-ci il tarixli müqavilənin 5-ci bəndində aşağıdakılar təsbit olunmuşdur: -5.1. Fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi tətil, sel, daşqın, zəlzələ və s. təbii fəlakət) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər. -5.2. Fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri eksterimal şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. -5.3. Fors major şəraitindən sonra tərəflər faktiki borca görə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlardan göründüyü kimi müqavilənin 5.3-cü bəndində fors major şəraitindən sonra tərəflərin faktiki borca görə məsuliyyət daşımaları təsbit olunmuşdur. İddia tələbində iddiaçı tərəfindən cavabdehə ödənilmiş 2.563,97 manat avans məbləğindən cavabdehin 1.473,8 manat borcunun qaldığı göstərilsə də, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin həmin hissəsinə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi müqavilənin 5.1-ci bəndinə və 23.05.2017-ci ildə tərtib edilmiş akta istinad edərək bu nəticəyə gəlmişdir ki, 21.05.2017-ci il tarixində güclü yağan dolu nəticəsində cavabdehin əkdiyi 4 ha pambıq sahəsi tam məhv olduğundan iddia tələbi təmin edilməməlidir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi kənd təsərrüfatı sahəsi üzrə müvafiq mütəxəssis rəyi almadan sübutlara tam düzgün hüquqi qiymət verməmişdir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 54 saylı, 20.12.2016-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh 4.0 ha sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner pambıq təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC, “MKT-Zərdab Ucar” filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 13.07.2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh istehsal etdiyi xam pambığı tədarükçüyə satmağı öhdəsinə götürmüşdür. Zərdab Rayon İHB Aparatının hüquq şöbəsinin müdiri X.Babayevin, RİHBA-nın baş məsləhətçisi S.Xəlilovun, RİHBA-nın baş məsləhətçisi N.Həşimzadənin, Bitki Mühafizə İdarəsinin rəisi H.Hüseynovun, "xxxx" ASC-nin nümayəndəsi Ə.Rəhimovun, Zərdab RİHBA-nın Gödəkqobu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi M. İxtiyarovun, Gödəkqobu kənd bələdiyyəsinin sədri K.İxtiyarovun və sahibkar Cavabdeh iştirakı ilə tərtib edilmiş 23.05.2017-ci il tarixli Aktdan müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC ilə müqavilə bağlayaraq əkdiyi 4 ha pambıq sahəsi 21.05.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində tamamilə məhv olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Tərəflər aralarında bağlanmış 54 saylı 20.12.2016-cı il tarixli müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə ilə tənzimlənməyən bütün münasibətlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tənzimlənəcəyini, xam pambığın alqısatqısına dair bağlanmış ********* saylı, 13.07.2017-ci il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən isə Fors-major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən aslı olmayan ümumi tətil, sel, daşqın, zəlzələ və s. təbii fəlakətlər) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsinin qeyri-mümkünlüyünü şərtləndirmişlər. Buradan aydın olur ki, tərəflər gələcəkdə Fors-major şəraitində müqavilə öhdəliklərinin yerinə yetirilə bilməmə mümkünlüyünü qabaqcadan göz önünə gətirərək öz riskləri ilə hərəkət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 556.1-ci maddəsinə görə icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarına əsasən belə nəticəyə gəlir ki, cavabdeh Fors-major - 21.05.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində pambıq sahəsinin tamamilə məhv olması səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən müqavilə üzrə öhdəliyini yerinə yetirə bilmədiyi üçün iddiaçının qarşısında məsuliyyət daşımamalıdır. Məhkəmə hesab edir ki, müqavilənin cavabdeh tərəfindən icrası mümkün olmadığından və icra edilməmə cavabdehin cavabdeh olmadığı haldan irəli gəldiyindən iddiaçı aralarında bağlanmış müqavilənin formal olaraq mövcud olmasına istinad edərək cavabdehdən öhdəliyin icrasını tələb edə bilməz. Ona görə də iddia qanunsuzdur və təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin gerçək halı ondan ibarətdir ki, Cavabdeh "xxxx" ASC və İddiaçı MMC, “MKT-Ucar” filialı ilə aralarında bağlanmış müqaviləyə əsasən 4.0 ha sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner pambıq əldə edib tədarükçüyə - iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyi tam olaraq yerinə yetirmədiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi nəzərdə tutulmuşdur. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 556.1-ci maddəsində göstərilir ki, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi “Tərəflər ilk vaxtlar müqavilə şərtlərinə uyğun hərəkət etmiş, yəni iddiaçı cavabdehə çiyid, gübrə və s. şəkildə avans vermiş, cavabdehdə müqavilə şərtərinə uyğun pambıq əkmiş və lazımi çıxışı almışdır. Lakin, sonradan pambıq sahəsi təbii fəlakət, yəni 21.05.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində tamamilə məhv olmuşdur. Həmin səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən cavabdeh müqavilə üzrə öhdəliyinə tam əməl edə bilməmişdir” dəlili əsassızdır. Ona görə ki, Ali Məhkəməni qərarında qeyd edildiyi kimi, məhkəmə kənd təsərrüfatı sahəsi üzrə müvafiq mütəxəssis rəyi almadan sübutlara tam düzgün hüquqi qiymət verməmişdir. Ali Məhkəmənin göstərişinə uyğun olaraq Zərdab rayonu Gödəkqobu kənd sakini Cavabdeh həmin kəndin ərazisində 4 ha torpaq sahəsində əkdiyi pambıq sahəsinə 21.05.2017-ci il tarixində dolu yağması nəticəsində dəyən zərərin miqdarının müəyyən edilməsi haqqında müətəxəssis rəyinin təqdim edilməsi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zərdab X3 Mərkəzinə sorğu etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zərdab X3 Mərkəzinin 19 may 2021-ci il tarixli 83-R nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Əkin sahəsinin dolu vurması nəticəsində məhv olması ilə bağlı həmin müddətdə Gödəkqobu kənd sakini fermer Cavabdeh və MKT Zərdab filialının müraciəti Zərdab DAİM-ə daxil olmamışdır.Müraciət olmadığı üçün həmin müddətdə tərəfimizdən yerə baxış keçirilməmiş, dəymiş ziyanla bağlı akt və mütəxəssis rəyi tərtib olunmamışdır. Bu səbəbdən dəymiş ziyanın hazırda müəyyən olunması mümkün deyildir.” Göründüyü kimi, cavabdeh pambıq sahəsinin təbii fəlakət, yəni 21.05.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində tamamilə məhv olmasını təsdiq edən sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə təqdim etməmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən cavabdehin Fors-major - 21.05.2017-ci il tarixdə yağan güclü dolu nəticəsində pambıq sahəsinin tamamilə məhv olması səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən müqavilə üzrə öhdəliyini yerinə yetirə bilmədiyi üçün iddiaçının qarşısında məsuliyyət daşımalı olmaması barədə dəlilini əsassız hesab edir. Belə ki, işdən görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə götürdüyü öhdəliyə əsasən cavabdehə ödənilmiş 2.563,97 manat avans məbləğindən 1.473,8 manat borcu qalmışdır. Cavabdeh onunla "xxxx" ASC ilə arasında bağlanmış 54 saylı, 20.12.2016-cı il tarixli müqavilənin şərtlərinə əməl etmədiyindən iddiaçı cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyi icra etməsini tələb etməkdə haqlıdır. Lakin kollegiyaya görə, iddiaçı cavabdehdən cərimə borcunun tutulması barədə tələbini kifayət qədər mötəbər sübutlarla sübut edə bilməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 2(035)-244/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 1473,8 manat məbləğində pul alınaraq İddiaçı MMC-nə verilməli, iddia qalan hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin digər hissəsi əsassızdır. Belə ki, iddiaçı tərəf apellyasiya şikayətinin digər dəlillərini təsdiq edəcək sübutlarını təqdim etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülki mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli 2(102)-1191/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı MKT "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 2(035)-244/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 1473,8 manat məbləğində pulun alınaraq iddiaçı MKT "xxxx" MMC-nə verilməsi qət edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı Cavabdeh və 10 (on) manatı iddiaçı MKT "xxxx" MMC-nə aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı MKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 2(035)-244/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın və iddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 1473,8 manat (bir min dörd yüz yetmiş üç manat 80 qəpik) manat məbləğində pul alınaraq iddiaçı MKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 20 manatı Cavabdeh, 10 manatı iddiaçı MKT "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinin nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1026/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1026/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver