Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1027/2025 29.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Nümayəndə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsinə” dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə (Açar sözlər: maddi zərər, subyektiv hüquq) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Nümayəndə iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(025)-508/2025 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları 30 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində özünə məxsus iri buynuzlu heyvanı asfalt örtüklü beton yola ötürmüş və nəticədə “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bu səbəbdən Cavabdeh1 barəsində İXM-nin 338.7-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)- 657/2024 nömrəli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. 02 dekabr 2024-cü il tarixli “Ziyan Akt”ından görünür ki, hadisə nəticəsində “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1950 manat məbləğində maddi zərər dəymişdir. AD № 818021 nömrəli “X1 Şəhadətnaməsi”ndən görünür ki, “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. xx.xx.2023-cü il tarixli Etibarnamədən görünür ki, X8 tərəfindən “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün xx.xx.2028-ci il tarixə qədər İddiaçı etibar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 dəymiş maddi zərərin əvəzi olaraq 1950 (min doqquz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması (başqa cavabdehin əlavə edilməsi) barədə vəsatət verərək, cavabdehlər Cavabdeh1 və Nümayəndə müştərək qaydada 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğində pul, ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun ona ödənilməsi və ekspertizanın aparılması üçün sərf edilmiş 300 (üç yüz) manatın cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 30 noyabr 2024-cü il tarixdə saat təxminən 17:00 radələrində özünə məxsus “Mıtsubıshı Lancer” minik markalı, 99-XP574 dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu Nohurqışlaq kəndində hərəkətdə olarkən 1 baş iri buynuzlu heyvan olan inək asvalt yolda qarşısına çıxmışdır. O, hadisədən yayına bilməmiş, nəticədə həmin inəyi asvalt beton örtüklü yolda vurmuşdur. Həmin vaxt inəyin sahibi inəyin yanında olmamışdır. Həmin hadisəndən sonra Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən 30 noyabr 2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində özünə məxsus iri buynuzlu heyvanı asfalt örtüklü beton yola ötürmüş və nəticədə “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı ona məxsus “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-657/2024 nömrəli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 (bir yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin sözügedən qərarından Cavabdeh1 tərəfindən şikayət verilməmiş və qərar öz qanuni qüvvəsini almışdır. Hadisə zamanı avtomobilinə 1950 manat maddi zərər dəymişdir. Ona dəymiş ziyan bu günə qədər cavabdeh tərəfindən ödənilməmişdir. O isə bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin diqqətin ona çatdırır ki, avtomobilinə dəymiş ziyanın məbləği ümumilikdə 1950 manat etmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə ziyan aktı tərtib edilmişdir. Cavabdeh1 isə ona məxsus olan “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurması Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)- 657/2024 nömrəli qərarı ilə sübuta yetirilməkdədir. Daha sonra, Nümayəndə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiada cavabdeh İddiaçı ona vurulmuş ziyana görə 4020 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi qanunsuz və əsassızdır. Ona məxsus iribuynuzlu heyvan, inək xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində avtomobil yoluna çıxaraq cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İnəyin avtomobil yoluna çıxmasına səbəb həmin vaxt yol idarəsi tərəfindən avtomobil yolunda aparılan təmir işləri ilə bağlı otlaq sahəsinin müəyyən hissəsində hasarın yararsız vəziyyətə salınması olmuş, qapalı otladığı yerdən heyvan həmin yerdən yola çıxmışdır. Həmin yolda sürət həddi aşağı saatda 30 km olduğu üçün toqquşma halında da sürücü xəsarət almamış, maşına onun guya ziyan aktında qeyd etdiyi ziyan dəyməmişdir. Maşının əsl mülkiyyətçisi X5r. İlkin iddia ərizəsi əsl olmayan iddiaçı tərəfindən verilmişdir. Hadisə günü “Mitsubushi Lancer" minik markalı **-XP-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı qanunsuz olaraq idarə etmiş, nəqliyyat vasitəsini idarə etməklə bağlı etibarnamə qəzadan sonra alınmışdır. Həmin etibarnamə ilə əmlaka vurulmuş hər hansı ziyanı əslində belə bir ziyan mövcud deyil, İddiaçı tələb edə bilməzdi. Qəzadan sonra İddiaçı təkrar hadisə olan əraziyə gələrək heyvanın sahibini müəyyənləşdirməkdən ötrü onun qulağında qeyd olunan məlumatları oxumaqdan ötrü heyvanı çay ərazisi deyilən yerdə qovaraq kanala sıxışdırmışlar, onu yıxıdaraq ağacla döymüşlər, heyvanın qarın nahiyəsi cırılmışdır. Yaralı vəziyyətdə heyvan yaşadığı evin qarşısında tələf olmuş, heyvanın içalatı bayıra tökülmüşdür. Məktəbdən gələn azyaşlı uşaqlarım heyvanı həmin vəziyyətdə görərək qorxuya düşmüşlər. Uşaqlara psixiloji yardım göstərilməsi üçün X7 müraciət etmişdir. Heyvanın cavabdeh tərəfindən döyülərək tələf olması ilə əlaqədar Bakı Baytarlıq İdarəsinə şikayət etmiş, onlar müraciətini rayon şöbəsinə yönəltmişlər. Tələf olunan inək onun mülkiyyətində olmuşdur, qarnında balası olmuşdur. Belə ki, "elektron kənd təsərrüfatı" - e agro elektron portalında həmin heyvan onun adına qeydiyyata alınmışdır. Həmin heyvanın bazar qiyməti 1900 manat olmuşdur. Heyvan hər gün sağılırmış, günə 6 litr süd verirmiş, günə 9 manat gəlir əldə edirmiş. Bir ay üzrə 270 manat təşkil edirmiş. Heyvanın tələf olduğu vaxtdan bu günə kimi 6 ay ərzində 270 azn x 6= 1620 manat gəlirdən məhrum olunmuşdur. Heyvan iyun əvvəli bala verməli imiş. Balası da heyvanın qarnında tələf olmuşdur. Heyvanının balasının bazar qiyməti 400 azn, heyvan bala verdikdə dövlət verdiyi 100 manat məbləğində fermer kartına yüklənməli olan 100 azn gəlirdən məhrum olmuşdur. Nəticədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 4020 (dörd min iyirmi) manat məbləğdə ziyan dəymişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirdi ki, ilkin iddia tələbində 1950 manat tələb etmiş, lakin sonradan cavabdehin vəsatəti ilə iş üzrə ekspertiza keçirilmiş və dəymiş zərərin həcmi 1770 manat müəyyən edilmişdir, o da hazırda həmin məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Nümayəndə (eyni zamanda ilkin iddia üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X9 şahid qismində verdiyi izahatında göstərmişdir ki, İddiaçıla şərikli qapı-pəncərə mağazası işlədirlər. Avtomobil ona məxsusdur. Bir-birlərinin maşınını idarə edirlər, bu barədə də bir-birlərinə etibarnamə vermişlər. Hadisə baş verən gün İddiaçı ona zəng vurmuş ki, Vəndam yolunda inək yola çıxmış və oa da maşınla inəyi vurmuşdur. O, hadisə yerinə çatanadək DYP əməkdaşı orada olmuşlar. Demişlər ki, maşınla inək vurulub, həmin vaxt inək kənd tərəfdə kolların yanında imiş. DYP əməkdaşından soruşanda o demiş ki, inəyin qulağında birka var, birkanın şəklini çəksinlər, inəyin sahibi məlum olacaqdır. Onlar inəyə yaxınlaşmışlar, həmin vaxt orda həmin kənddən olan 2 nəfər uşaq var imiş.Onlar inəyə yaxınlaşanda inək kənd tərəfə gedirmiş, qarnı da cırılmışdır. Görmüşlər ki, inəyin qarnı maşının krelinə keçib cırılıb, çünki maşının krelində inəyin dərisi və qan izləri var idi. Onlar uşaqlardan inəyin sahibini tanıdıqlarını soruşduqda uşaqlar kimin inəyi olduğunu deyə bilməmişlər. İnəyin birkasının şəklini çəkmişlər, DYP əməkdaşı kimin inəyi olduğunu öyrənmişdir. Zəng vurmuşlar, ağsaqqal bir kişi gəlmişdir. Gələn adam da DYP əməkdaşının həmkəndlisi imiş. DYP əməkdaşı həmin kişiyə demiş ki, öz aranızda razılaşın, dəymiş ziyanı ödəyin, iş məhkəməyə getməsin. Onlar təklif etmişlər ki, maşının kapotu ilə buferini alsınlar, maşını özləri təmir edəcəkdir. Əvvəl həmin kişi razılaşmış, bundan sonra onun yanına bir nəfər cavan oğlan gəlmiş, səhv etmirsə, həmin kişinin oğlu imiş. Həmin oğlan demiş ki, onlara heç nə verməyəcəklər, məhkəmədə görüşərlər. Onlar dadəymiş ziyan aktını çıxartmışlar, onunla razılaşmamışlar. Ekspertiza keçirilən gün o da gəlmiş, ekspert maşına baxmışdır. Verdiyi rəy ilə də razıdırlar. Məhkəmə iclasında qanuni nümayəndəsi (atası) X3 iştirakı ilə dindirilən X10 şahid qismində verdiyi izahatında göstərmişdir ki, əmisi oğlu ilə birlikdə çörək almaq üçün mağazaya gedirmişlər. Birdən səs eşitmişlər, baxanda görmüşlər ki, bir maşın inəyi vurubdur. İnək də yolun kənarında ayaq üstə dayanmış və qarnından da qan gəlirmiş. Sonra bir ədəd ağ rəngli “pikap” markalı maşın yaxınlaşmış və inəyin qulağında olan “bilka”-nı almaq istəyirmiş. Lakin inək kanal tərəfə doğru getmiş və maşın da onun ardı ilə getmişdir. Onlarda maşının ardı ilə qaçaraq getdikdə görmüşlər ki, inək kanal tərəfdə dayanıb. Həmin adamlar inəyə daş atmışlar. Həmçinin inəyin qarnının yırtıldığını da görmüşlər. Onlar inəyin sahibinə atmaq məqsədi ilə inəyin şəkillərini çəkmişlər və inəyin sahibi Cavabdeh1 göndərmişlər. Ağ rəngli “pikap” markalı maşındakılar inək qaçmasın deyə saxlamaq məqsədi ilə inəyə daş atmışlar. Ağ maşın oranı tərk etdikdən sonra isə onlar inəyi cavabdehin evi tərəfə sürərək ötürmüşlər. Məhkəmə iclasında X6 şahid qismində verdiyi izahatında göstərmişdir ki, hadisə baş verdiyi zaman kafedən magazaya gedirmiş. Gedərkən əlində telefon var imiş və başı telefona qarışıq imiş. Sonra səs gəldiyi üçün başını qaldırmış, maşının inəyi vuraraq yolun kənarına atdığını görmüşdür. Telefona baxdığı üçün hadisənin başlama anını tam görməmişdir. Hadisəni görən digər şəxslərlə birlikdə inəyin kimin olduğunu aydınlaşdırmağa çalışmışlar. İnək bir müddət orada dayanmış, daha sonra isə hara getdiyini görməmişdir. "xxxx" MMC-nin 15may 2025-ci il tarixli, ƏEM/M 31-221/25 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixə “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin həcmi 1770 (bir min yeddi yüz yetmiş) manat təşkil edir. Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(025)-508/2025 nömrəli (hakim: A.Əliyev) qətnaməsi ilə, ilk iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 1770 (bir min yeddi yüz yetmiş) manat və 37,70 (otuz yeddi manat yetmiş qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)-657/2024 nömrəli qərarı ilə sübuta yetmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Nümayəndə məxsus iri buynuzlu heyvan ilə İddiaçı məxsus “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşmasında hüquqa zidd əməlin və həmin hüquqa zidd əməlin təqsirli olaraq Cavabdeh1 tərəfindən edilməsi Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)-657/2024 nömrəli qərarı ilə sübuta yetirilməkdədir. Beləliklə də, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqa zidd əməl törətməsi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.2, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1 -ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heyvaları heç vaxt nəzarətsiz qoymayıb, lakin yol təmiri ilə bağlı onlara məxsus bağın kənarı açılmış və inək bu səbəbdən yola çıxmışdır. Əslində qəzada ona məxsus inəklə toqquşmuş maşının sahibi İddiaçı olmamışdır. O nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməni belə hadisədən müəyyən saatlar keçdikdən sonra almışdır. Maşının əsl mülkiyyətçisi X5r. İlkin iddia ərizəsi əsl olmayan iddiaçı tərəfindən verilmişdir. Həmçinin həmin ərazidə sürət həddi 30 km-saatdır. Onuda qeyd edir ki, məhkəmə ona məxsus heyvanın qəza nəticəsində deyil, iddiaçının sonralar yol verdiyi qanunsuz hərəkətləri nəticəsində tələf olduğuna heyvanın ölümünün iddiaçının qanunsuz hərəkətlərinin səbəbli nəticəsində baş verməsinə hüquqi qiymət verilməmişdir. İlkin İddiaçı guya maşına dəymiş ziyanla bağlı iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Lakin məhkəmə guya həmin şəxsin subyektiv hüququna malik olması ilə bağlı səhv nəticəyə gəlmişdir. Həmçinin onun təqdim etdiyi bütün şahidlərin hamısının dindirilməsinə şərait yaratmamış, məhkəməyə təqdim etdiyi maddi sübutlara və izahatına lazımi hüquqi qiyməti verməmişdir. Məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlillər, sübutlar nəzərə alınmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdi ki, onlar ayrı-təsərrüfat aparırlar. İnək Pərvinə məxsus olmuşdur. Bundan başqa, inək vurulanda qarnından (yeliyindən) qan gəlmiş, lakin qarnı cırılmamışdır. Odur ki, nəzərə alınmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, inəyi döyməmişdir. Hadisə zamanı inəyin qarnı cırılmışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “...hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və ilk iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərər ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 dəymiş maddi zərərin əvəzi olaraq 1950 (min doqquz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması (başqa cavabdehin əlavə edilməsi) barədə vəsatət verərək, cavabdehlər Cavabdeh1 və Nümayəndə müştərək qaydada 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğində pul, ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun ona ödənilməsi və ekspertizanın aparılması üçün sərf edilmiş 300 (üç yüz) manatın cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Nümayəndə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiada cavabdeh İddiaçı ona vurulmuş ziyana görə 4020 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Apelyator isə birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) qarşılıqlı iddiasının rədd edilməsi ilə bağlı iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Qanunvericiliyin tələbindən görünür ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, yəni əldən çıxmış fayda başa düşülür. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Başqa sözlə, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğu və həmin zərərin onu vuran şəxsə aid edilməsi nəzərdə tutulur. Zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda da iddiaçının cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur. Yalnız aşağıdakı dörd şərt məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin hüquqa zidd olması: ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi: təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması: qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması: zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin iddiaçının avtomobili qanunsuz idarə etməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X8 tərəfindən “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün xx.xx.2028-ci il tarixə qədər İddiaçı etibar edilmişdir. Göründüyü kimi, hadisə baş verən zaman İddiaçı idarə etdiyi “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomili idarə etmək hüququ olmuş, hətta həmin etibarnamə hadisədən bir il əvvəl verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hadisə zamanı inəyin nəzarətsiz olmaması və cavabdehin heç bir günahı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilib-törədilmədiyinin müəyyən olunması mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin vəzifəsidir. Belə ki, heyvanları ötürən cavabdehin yol hərəkəti qaydalarını pozması, yəni malqaranı yola nəzarətsiz buraxması, mal-qaranı asfalt və sement-beton örtüklü yolla ötürməsi, mal-qaranı günün qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolun bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerindən keçirməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.5.5-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. 30 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan da görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində özünə məxsus iri buynuzlu heyvanı asfalt örtüklü beton yola ötürmüş və nəticədə “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bu səbəbdən Cavabdeh1 barəsində İXM-nin 338.7-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)-657/2024 nömrəli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)-657/2024 nömrəli qərarı ilə, Cavabdeh1 təqsiri müəyyən olunmuş və təqsirinin nəticəsində “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəyməsi göstərilmişdir. Kollegiya qeyd etmişdir ki, avtomobilə ziyan vurulması, ziyanın cavabdeh tərəfindən vurulması, sonuncunun hərəkətlərinin qanunazidd olması və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Kollegiya eyni zamanda bildirir ki, Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)-657/2024 nömrəli qərarı hal-hazırda qüvvədədir və qanuni qüvvəsini almışdır. Belə olan halda apellyatorun heyvanın nəzarətsiz olmaması ilə bağlı qeyd etdiklərini əsaslı hesab etmək olmaz. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə də qoyula bilər. Eyni zamanda həmin Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Normanın mənasına görə, heyvan, sahibinin nəzarətindən çıxmış olsa belə, heyvan sahibi heyvanın vurduğu zərərin əvəzini ödəməlidir. Bu onunla izah olunur ki, heyvan sahibi heyvanın öz nəzarəti altında saxlanlmasını təmin etməli, itmiş və ya qaçmış heyvanın tapılaraq öz nəzarəti altına alınmasına nail olmalıdır. Heyvanın sahibi heyvanın vurduğu zərərin əvəzini ödəməkdən yalnız o, halda azad oluna bilər ki, o üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüş olsun. Yəni, itmiş və ya qaçmış heyvanı öz nəzarəti altına almaq üçün təxirəsalınmaz hərəkətlər etmiş olsun; heyvanı yolun xüsusi ayrılmış hissəsindən keçirmiş olsun və sair. Hazırkı işdə, cavabdehin hərəkətləri sadalanan normaların dispozitiv əlamətləri ilə uzlaşmır. Belə ki, faktiki olaraq heyvanlar nəzarətsiz buraxılmış, həmin heyvanlar avtomobillə toqquşub və nəticədə avtomobilə maddi zərər dəymişdir. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, istər hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Odur ki, kollegiya şikayətin dəlillərini həmin hissədə də əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin inəyin amansızca döyülməsi və inəyin avtoqəza nəticəsində deyil döyülmə nəticəsində ölməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyator inəyin iddiaçı tərəfindən amansızcasına döyüldüyünü və bundan sonra heyvanın döyülmə səbəbindən öldüyünü bildirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdeh tərəf inəyin iddiaçı tərəfindən döyüldüyünü bildirdiyi halda, heyvanın döyülməməsini sübut etmə vəzifəsi iddiaçı tərəfin üzərinə düşə bilməz. Belə ki, cavabdeh tərəf inəyin iddiaçı tərəfindən amansızcasına döyüldüyünü bildirdiyi üçün həmin halın sübut etmə vəzifəsidə onun üzərinə düşür. Hazırki işdən isə görünür ki, cavabdeh tərəf inəyin iddiaçı tərəfindən döyülməsi bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübut etmə ilə bağlı bildirir ki, tərəf (və/və ya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya bir məqamıda qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Kollegiya bildirir ki, apellyator inəyin döyülməsi ilə bağlı heç bir orqana müraciət etməmiş və məhkəməyə belə bir sənəd təqdim etməmişdir. Göründüyü kimi, tərəf apellyasiya şikayətində qeyd etdikləri mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. İş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, inəyin iddiaçı tərəfindən döyülməsi ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şahid ifadələrinin nəzərə alınmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya ilkin olaraq qeyd edir ki, mülki prosesdə əsas sübut növlərindən biri də şahid ifadələridir. Şahid iş üçün əhəmiyyət kəsb edən halları bilən və işin nəticəsində maraqlı olmayan şəxs olmalıdır. Hazırki işdə şahid qismində dindirilmiş X10 isə cavabdeh tərəflə yaxın qohumluq münasibətində olan şəxs olmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalananlara baxmayaraq eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 özüdə inəyin qarnının iddiaçı tərəfindən deşilməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, X10 izahatında “...iddiaçının inəyə ancaq daş atdığını gördüyünü...” bildirmişdir. Göründüyü kimi, şahid X10 da inəyin qarnının iddiaçı tərəfindən deşilməsini bildirməmiş, sadəcə iddiaçının inəyə daş atdığını gördüyünü bildirmişdir. Bundan başqa, X10 izahatında daha sonra “...maşının inəyi vurduqdan sonra inəyin yolun kənarında ayaq üstə dayandığını və qarnından da qan gəldiyini...” bildirmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində “...maşının inəyi vuraraq yolun kənarına atdığını və inəyin bir müddət orada dayandığını gördüyünü...” bildirmişdir. Bundan başqa, cavabdeh tərəf özüdə məhkəmə kollegiyasının iclasında hadisə nəticəsində inəyin qarnından da qan gəldiyini bildirmişdir Göründüyü kimi, cavabdeh tərəfə məxsus olmuş inək məhz avtoqəza nəticəsində qarnından xəsarət almış və həmin vaxtda qarnından qan gəlmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş digər şahid ifadələrindən isə iddiaçı tərəfin əməlindən hər hansı pozuntunun olması müəyyən edilməmişdir. Odur ki, kollegiya şikayətin həmin dəlilini də əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin barəsində inzibati icraat aparılmalı olan şəxsin əslində qarşılıqlı iddiaçı olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, 30 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində özünə məxsus iri buynuzlu heyvanı asfalt örtüklü beton yola ötürmüş və nəticədə “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bu səbəbdən Cavabdeh1 barəsində İXM-nin 338.7-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)- 657/2024 nömrəli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən materiallardan görünür ki, Cavabdeh1 inəyin ona məxsus olduğunu bildirdiyindən inzibati icraat onun barəsində aparılmışdır. Kollegiya eyni zamanda qeyd edir ki, həmin mübahisə hazırki məhkəmə mübahisəsinin predmeti deyildir. Odur ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, sözügedən normalarda nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir və Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bundan başqa, Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Normanın mənasına görə, məhkəmə zərər vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq həm də vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər. Bundan başqa, Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. Hazırki işdən isə görünür ki, İddiaçı əməlində pozuntu olmamış və o, qarşılıqlı iddiaçıya qarşı hər hansı hüquqa zidd hərəkət törətməmişdir. Belə ki, cavabdehə məxsus iri buynuzlu heyvan ilə İddiaçı idarə etdiyi “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşmasında hüquqa zidd əməlin və həmin hüquqa zidd əməlin təqsirli olaraq Cavabdeh1 tərəfindən edilməsi Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)-657/2024 nömrəli qərarı ilə sübuta yetirilməkdədir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının hazırki iddianı qaldırmaq üçün sübyektiv hüququnun olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə kollegiyası subyektiv huquqla bağlı ilkin olaraq qeyd edir ki, subyektin bu və ya digər şəkildə subyektiv hüququnun olması üçün qanunvericilikdə bu münasibətləri tənzimləyən maddi hüquq norması olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etməkhüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göründüyü kimi, subyektiv hüququnun “öz hərəkətlərinə hüquqi ixtiyar” elementi başlıca amildir və əgər iddia irəli sürmüş şəxsin öz hərəkətlərində hüquqi ixtiyarlı deyildirsə bu zaman subyektiv hüququnun digər elementlərinin mövcudluğundan söhbət gedə bilməz. İşdən isə müəyyən edilir ki, İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Yəni, İddiaçı yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından baş vermiş hadisə ilə əlaqədar dəymiş ziyanı tələb etmək hüququna malik olmamışdır. Belə ki, AD № 818021 nömrəli “X1 Şəhadətnaməsi”ndən görünür ki, “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. xx.xx.2023-cü il tarixli Etibarnamədən isə görünür ki, X8 tərəfindən “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün xx.xx.2028-ci il tarixə qədər İddiaçı etibar edilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, X8 avtomobilə vurulmuş zərərin tələb edilməsi və ya onu təmsil etmək üçün İddiaçı hər hansı etibarnamə və ya digər sənəd də verməmişdir. Kollegiya təmsilçiliklə bağlı qeyd edir ki, təmsilçilik institutu mülki dövriyyə iştirakçıları arasında münasibətlərin operativ, çevik və səmərəli şəkildə qurulmasına şərait yaradan əsas hüquqi təsisatlardan biri olaraq mülki dövriyyənin təmin edilməsində, sahibkarlıq fəaliyyətinin, sərbəst bazar iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyətə malikdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil etdiyi şəxsin adından və onun verdiyi səlahiyyət çərçivəsində fəaliyyət göstərməklə, hərəkətləri təmsil olunan tərəfin hərəkətləri hesab edilir və təmsil etdiyi şəxslə üçüncü şəxs arasında hüquq münasibətinin yaranmasına gətirib çıxarır. Nəzərə alınmalıdır ki, hüquqi təsisat olaraq təmsilçilikdən istifadə edilməsi mülki dövriyyənin ehtiyaclarına cavab verməklə müxtəlif səbəblərdən (müvafiq əqdin bağlanması üçün lazımi bilik və səriştənin olmaması, xaricdə olma, xəstəlik kimi şəxsi xarakterli hallar və s.) irəli gələ bilər ki, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət və ya digər qayda nəzərdə tutulmamışdır. Təmsilçinin fəaliyyətinin əsasını məhz onun təmsil səlahiyyəti – təmsil olunanın adından və hesabına hərəkət etməklə sonuncunu haqq sahibi və öhdəlik daşıyıcısı edən bir səlahiyyət təşkil edir ki, bu təmsil edilən şəxsin etibarnamə verməsi ilə qanunun göstərişinə (qanuni nümayəndələr, məsələn, valideynlər, övladlığa götürənlər, qəyyumlar) əsasən və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktları ilə yaranır. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Etibarnamə təmsil səlahiyyətini müəyyən etməklə etibarnaməni verən (təmsil olunan) adından əqd bağlayıb həmin əqddən irəli gələn haqq və öhdəliklərlə bağlı hüquqi nəticələrin məhz etibarnaməni verən (təmsil olunan) üçün əmələ gətirilməsinə yönəlik sərbəst iradə ifadəsidir. Hazırki işdən isə görünür ki, “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ancaq idarə etmə məqsədilə verilmişdir. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində “...avtomobilin ona məxsus olduğunu və idarə etmək üçün İddiaçı verdiyini...” bildirmişdir. Kollegiya daha sonra qeyd edir ki, “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X4 məxsus olmuş, hadisə nəticəsində hazırki iş üzrə İddiaçı hər hansı zərər dəyməmiş, zərər ancaq X4 məxsus avtomobilə dəymişdir. Qanunvericiliyin müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnu həyata keçirilməsində məqsəd fiziki və hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən görünür ki, maddi zərərin əvəzi olaraq 1770 manat pulun cavabdehlərdən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Halbuki, İddiaçı hadisə zamanı heç bir zərər dəyməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdehlərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının subyektiv hüququn pozulması müəyyən edilməmiş və bu qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunmamışdır. Yəni, hadisə nəticəsində iddiaçının qanunla qorunan mənafeyinə heç bir zərər yetirilməmişdir. Pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə isə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Kollegiya bir məqamıda qeyd edir ki, İddiaçı avtomobili təmir etdirməsi və ya X4 dəymiş zərəri başqa qaydada ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Yəni, iddiaçı hazırki iddianı qaldırsa da, belə bir tələblə məhkəməyə müraciət etməsinə subyektiv hüquqlarının olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əgər 1770 manat pulun cavabdehlərdən alınaraq İddiaçı verilməsinə dair qətnamə qüvvəsini alarsa o zaman İddiaçı əsassız varlanmış olacaqdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılan dəyərləndirmə yuxarıda qeyd olunan xüsusatları əhatə etməmişdir. Halbuki, tərəflər arasında yaranan hazırkı mübahisənin qanuni, əsaslı və ədalətli həllinə nail olmaq üçün ilk öncə mübahisənin özünün hüquqi mahiyyəti müəyyən olunmalı, ondan sonra tələbin qanuni əsasları tapılmalı, həmin hüquq normalarını iddianın faktiki əsaslarına tətbiq etdikdə dispozisiya şərtlərinin işin faktiki halları ilə üst-üstə düşübdüşmədiyinə qiymət verilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı idi. Belə ki, məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia tələbini təmin etməkdə haqlı deyil. İddia təmin (və ya rədd) etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Çünki həmin halda məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Hazırki işdən görünür ki, işə baxan məhkəmə iddiaçının iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmamışdır. Kollegiya son olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Bu baxımdan, cavabdehlərə və ya onlardan birinə qarşı iddia qaldırdıqdan sonra məhkəmə baxışı gedişində tələb hüququ olan şəxslərin və ya cavabdehlərin dairəsində hər hansı dəyişiklik baş verərsə, qanunverici iddiaçıya cavabdehi əsl cavabdehlə (və ya iddiaçını əsl iddiaçı ilə) dəyişməklə bağlı hüquqi imkan tanımışdır. Lakin, hazırki işdə iddiaçı tərəf həmin hüquqdan istifadə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi ilk iddianın təmin edilməsinə aid hissədə düzgün nəticəyə gəlməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutulаrаq "xxxx"nin (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; SWİFT: İBAZAZ2X) hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(025)-508/2025 nömrəli qətnaməsi qismən yəni, ilk iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddianın verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid olunsun. Aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutulаrаq "xxxx"nin (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; SWİFT: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.