Məhkəmə qərarları › İş №2(107)-1031/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1031/2021

17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1031/2021 17.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tаrixli 2(037)-681/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 27 noyabr 2019-cu il tаrixli 2(037)-681/2019 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 2998 manat əsas borc və 30 manat dövlət rüsumu - cəmi 3028 (üç min iyirmi səkkiz) manat məbləği tutlaraq "İddiaçı" MMC-nin hesabına ödənilməsi və iş üzrə ekspertiza xərci olan 120 manat məbləğindən 60 (altmış) manat iddiaçıdan və 60 (altmış) manatın cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı-adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı MMC iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə məxsus “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3577 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3607 (üç min altı yüz yeddi) manat məbləğinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək cavabdehdən 5077 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5107 (beş min bir yüz yeddi) manat məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdeh idarə etdiyi “QAZ 3302” markalı ** XF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xocasən yolunda yolun kənarında dayanmış İddiaçı MMC-yə məxsus “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı MMC-yə məxsus “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. 30 dekabr 2018-ci il tarixli inzibati xəta haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. Cavabdeh qanunazidd hərəkətləri nəticəsində “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə 8577 manat ziyan dəymişdir. Ziyanın 5000 manatını sığorta şirkəti ödəməli olduğu halda 3500 manatı ödəmişdir. Dəymiş ziyanın 5077 manatı ödənilməmiş qalmışdır. Dəymiş ziyanın 1500 manatının ödənilməsi barədə sığorta şirkətinə rəsmi müraciət olunmuşdur. Lakin şirkət həmin pulun ödənilməsini təmin etməmişdir. Hazırda iddiaçı “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 5077 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5107 manat məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 30 dekabr 2018-ci il tarixdə idarə etdiyi “QAZ 3302” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xocasən yolunda “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerinə X7 Bölməsinin əməkdaşları gəldikdən sonra yol nəqliyyat hadisəsinin sxemi çəkilmiş və onun da iştirakı ilə müvafiq sənədləşmə aparılmışdır. Toplanmış material üzrə barəsində inzibati qaydada tədbir görülərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. Yol polisi əməkdaşları ona bildirmişdir ki, digər avtomobilin sürücüsü barəsində də qanuni tədbir görüləcəkdir. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilə də maddi ziyan dəymişdir. Sığorta şirkəti qarşı tərəfin avtombilinə dəymiş ziyanın 5000 manatını ödəməli olduğu halda 3500 manatını ödəmişdir. İddiaçı 1500 manat dəymiş ziyanın ödənilməsini sığorta şirkətindən tələb etməlidir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomaşına iddiaçının tələb etdiyi miqdarda ziyan dəyməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili daxili lizinq müqaviləsinə əsasən alıb icarəyə vermişdir.Yol nəqliyyat hadisəsi baş verdikdən sonra avtomaşının təmiri bir ilə qədər uzanmışdır. Həmin müddət ərzində aylıq krediti ödəməyə məcbur olmuş və xeyli maddi ziyana düşmüşdür. Sığorta Şirkəti dəymiş ziyanın 3500 manatını ödəmişdir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tаrixli 2(037)-681/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyаsiyа şikаyəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2(107)-612/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tаrixli 2(037)- 681/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2(107)-612/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli 2(102)-1076/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, iddiaçının özü tərəfindən təqdim edilmiş sübutlardan da göründüyü kimi avtomobilə dəymiş zərər məbləği mülki məsuliyyətini icbari qaydada sığortaladığı sığorta şirkəti tərəfindən 3500 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilmiş məbləği qəbul etməklə, habelə sığorta şirkəti tərəfindən göndərilmiş sığorta aktına imza və möhür etməklə iddiaçı avtomobilə dəymiş zərərin 3500 manat olduğunu qəbul etmişdir. Lakin daha sonra əlavə gəlir əldə etmək məqsədilə onun xəbəri olmadan qüsur aktı əldə etmiş, avtomobilə dəymiş zərəri sığorta şirkəti və onun iştirakı olmadan qiymətləndirmişdir. Hesab edir ki, iddiaçının bu hərəkətləri əlavə gəlir əldə etmək məqsədi daşıyır. “xxxx” ASC-nin tərəfindən tərtib edilmiş 21.02.2019-cu il tarixli, PGU-190248 saylı sığorta aktına diqqətlə nəzər yetirdikdə avtomobilə dəymiş zərər məbləğinin 3500 manat məbləğində müəyyənləşdirildiyi, aktın yekun müddəalar hissəsində aşağıdakı məzmunda yazı olduğunu görmək olar: “Sığortalı və ya zərərçəkən üçüncü şəxs təsdiq edir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi üçün qətidir; Sığortalı və ya faydalanan şəxs həmçinin, təsdiq edir ki, mövcud şəhadətnamədə göstərilən risklər üzrə mənafelərini digər heç bir sığortaçıda sığortalamamışdır və baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə heç bir digər ödəniş almır.” İddiaçı bu aktı imza edərək möhürləməklə zərər məbləği ilə razılaşmış və baş vermiş hadisə nəticəsində zərərə görə heç bir digər ödəniş almadığını təsdiq etmişdir. İddiaçı ilk öncə sığorta şirkəti tərəfindən təqdim edilmiş qüsur aktı ilə razılaşmamalı və zərər məbləğini mübahisələndirməli idi. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, İddiaçı MMC və üçüncü şəxs “xxxx” ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 30 dekabr 2018-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh həmin tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. 04 fevral 2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, iddiaçı tərəfindən sığorta edilmiş “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı 8577 manat müəyyən edilmişdir. 21 fevral 2019-cu il tarixli PGU-190248 sömrəli sığorta aktının surətindən görünür ki, PGU********** nömrli sığorta şəhadətnaməsinə əsasən “QAZ 3302” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobil 22 fevral 2018-ci il tarixdən 22 fevral 2019-cu il tarixə qədər 55000 manat məbləğində sığorta olunmuşdur. 30 dekabr 2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə dəymiş zərərin məbləği 3500 manat müəyyən edilmişdir. 27 mart 2019-cu il tarixli 01058 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə cəmi 3500 manat sığorta məbləği ödənilmişdir. İddiaçı MMC-nin “xxxx” ASC-yə ünvanlandığı 18 mart 2019-cu il tarixli məktubun surətindən görünür ki, “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq 5000 manat məbləğində sığorta ödənişinin tam təmin olunması “xxxx” ASC-dən tələb olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə 04 fevral 2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən göstərilən avtomobilə dəymiş ziyan təxminən 7998 (yeddi min doqquz yüz doxsan səkkiz) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil etmişdir. 24 iyul 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(102)- 1076/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2(107)-612/2020 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “İddiaçının işə əlavə etmiş olduğu qüsur aktından (mülki iş səhifə 12) görünür ki, iddiaçı təşkilat 04.02.2019-cu il tarixdə fərdi sahibkar X1 adlı şəxsə avtomaşını təqdim edərək həmin aktı tərtib etdirmiş və akta əsasən avtomaşına dəyən zərərin məbləği 8577 manat təşkil etmişdir. İddiaçı təşkilat sonuncu akta istinad etməklə hazırkı tələbi irəli sürmüşdür. İş üzrə keçirilmiş ekspertiza rəyindən də görünür ki, (mülki iş 58-59-cu səhifələr) ekspert rəy verərkən məhz iddiaçının təqdim etmiş olduğu qüsur aktına istinad etməklə rəy vermişdir. Deməli, iddiaçı sığorta şirkətinin tərtib etdiyi akta əsasən müəyyən edilmiş zərərin məbləği ilə razılaşmamışdısa (hansıki təqdim edilmiş qüsur aktının tarixi ondan əvvələ düşür), məntiqlə 5000 manat sığorta məbləğini tam olaraq almaq barədə mübahisə etməli və sonra cavabdehə qarşı tələb irəli sürməli idi. Lakin iddiaçı sığorta məbləğini almış, zərərin sığorta məbləğindən artıq olması barədə hadisədə təqsirli bilinən şəxsə məlumat vermədən, ona avtomaşının real zərəri ilə bağlı məlumat almaq üçün şərait yaratmadan həmin tələbi irəli sürmüşdür. Ona görə işə baxan məhkəməyə lazım gəlirdi ki, sığorta şirkətini maraqlı şəxs kimi prosesə cəlb edərək vurulmuş zərərlə bağlı araşdırma aparsın. Ona görə ki, hazırkı iş üzrə çıxarılmış məhkəmə qərarları qanuni qüvvəsini aldığı təqdirdə həmin qərarlar sığorta şirkətindən 1500 manat pulun tutulması üçün əsas olacaq (5000-3500=1500 manat). Beləki, məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, avtomobilə daha artıq zərər dəyməsinə baxmayaraq sığorta şirkəti iddiaçıya sığorta məbləğini tam ödəməmişdir. Belə qənaət birmənalı olaraq sığorta şirkətinin maraqlarına toxunur. Ona görə sığorta şirkətini cəlb etmədən sığorta şirkətinə gələcəkdə pul öhdəliyi yaradacaq qərarın çıxarılması əsaslı hesab oluna bilməz. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi iddiaçı hazırkı işdə sığorta şirkətinin tərtib etdiyi heç bir sübuta istinad etməmiş, ancaq özünün sifarişi ilə fiziki şəxs tərəfindən tərtib edilmiş qüsur aktına əsaslanmışdır. Ekspertizanın keçirilməsi barədə qərardadda qeyd edilmişdir ki, zədələnmiş avtomobil ekspertə təqdim edilsin, ona baxış keçirilsin, avtomobil təqdim edilmədiyi təqdirdə iş materiallarında olan sübutlar əsasında rəy verilsin. Ekspertiza zamanı avtomobil ekspertə təqdim edilməmişdir. Ona görə iddiaçının təqdim etdiyi yeganə akt əsasında rəyin tərtib edilməsi onun obyektivliyini şübhə altına alır. Çünki sığorta şirkəti zərərin məbləği ilə bağlı müvafiq araşdırma aparmış və akt tərtib etmişdi. Həmin qiymətləndirmə zamanı müvafiq sənədləşmələrin həyata keçirilməməsi istisnadır. O cümlədən, avtomobilin müayinəsi, baxış keçirilməsi, fotoşəkillərinin çəkilməsi və.s. məhz həmin sübutlar vurulmuş zərərin məbləğinin müəyyən edilməsində əhəmiyyət kəsb edə, müqayisəli tədqiqat aparılması üçün əsas ola bilərdi. Sığorta şirkətinin topladığı sübutlar hadisədən dərhal sonra qeydə alındığı, avtomaşının real vəziyyətini əks etdirdiyi üçün daha mötəbər ola bilərdi. İddiaçı ona daha artıq zərər dəyəməsini mübahisələndirirsə şübhədənkənar sübutlar təqdim etməlidir. O cümlədən, avtomobili ekspertə təqdim etməli, ona baxış keçirilməsini təşkil etməli, avtomobildə hansı ehtiyat hissələrinin dəyişdirilməsi, hansı işlərin görülməsi ilə bağlı mütəxəssis rəyinin alınmasına çalışmalı idi. Çünki iddiaçı sığorta şirkətinin sığorta aktı ilə razılaşaraq sığorta məbləğini almışdı. Belə olan təqdirdə sübutları qorumaq, razı olmadığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Adi halda zərərvuran sığorta şirkətinin zərəri qarşılamasına güvənərək avtomobilə vurulan zərərin müəyyən edilməsində maraqlı olmur. Lakin, iddiaçı belə bir iradəsinin olmasını vaxtında bildirmiş olsaydı, zərərvuran avtomaşına vurulmuş real zərərin müəyyən edilməsində iştirak etmək hüququndan istifadə edə bilərdi. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, işə baxan məhkəmə maddi zərərin məbləğini müəyyən edərkən prosessual hüquq normalarına riayət etməmiş, sübutları düzgün qiymətləndirməmiş, sübutların kifayət etməsi məsələsində səhvə yol vermiş, nəticədə düzgün olmayan və prosesə cəlb edilməyən şəxsin maraqlarına toxunan qətnamə qəbul etmişdir. Yeni apellyasiya baxışı zamanı hazırkı qərarın dəyərləndirmə hissəsində nəzərdə tutulan göstərişlər ardıcıllıqla yerinə yetirilməli və bundan sonra mübahisəyə hüquqi qiymət verilməlidir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin təqsiri üzündən iddiaçıya 7998 (yeddi min doqquz yüz doxsan səkkiz) manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın 3500 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Qanuna əsasən sığorta təşkilatı tərəfindən iddiaçıya 5000 manat ödənilməli idi. Sığorta təşkilatı tərəfindən iddiaçıya ödənilməmiş qalan 1500 manat iddiaçı tərəfindən sığorta təşkilatndan tələb edilməlidir. Belə olan halda iddiaçıya dəymiş 7998 manat ziyan məbləğindən sığorta təşkilatı tərəfindən ödənilməli olan 5000 manat çıxıldıqdan sonra qalan 2998 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin gerçək halları belədir ki, 30 dekabr 2018-ci il tarixdə cavabdeh idarə etdiyi “QAZ 3302” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Xocasən yolunda İddiaçı MMC-yə məxsus “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. 30 dekabr 2018-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. İddiaçının təşəbbüsü ilə Fərdi sahibkar X1 adlı şəxsə məxsus olan Servis Mərkəzində “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş, avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 8577 manat qiymətləndirilmişdir. Verilmiş ekspert rəyinə əsasən göstərilən avtomobilin təmir - bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7998 manat müəyyən edilmişdir. “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi kimi “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə cəmi 3500 manat sığorta məbləği ödənilmişdir. İddiaçı tərəfindən qanunla müəyyən olunmuş məbləğdə sığorta xərcinin ödənilməsi sığorta şirkətindən tələb edilmişdir. Hazırda iddiaçı “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün lazım olan 5077 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5107 (beş min bir yüz yeddi) manat məbləğinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir və təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Göründüyü kimi yol nəqliyyat hadisəsində cavabdehin təqsirli olması, iddiaçıya məxsus olan avtomaşının icbari sığorta şəhadətnaməsinə əsasən sığortalanması və sığorta şirkəti tərəfindən iddiaçıya 3500 manat ödənilməsi işin sübuta yetirilmiş hallarıdır. Hadisədən sonra “xxxx” ASC tərəfindən sığorta aktı tərtib edilmiş və avtomaşına vurulan zərərin 3500 manat olması müəyyən edilmişdir (mülki iş səhifə 11). Həmin sığorta aktını sığorta ödənişinin müdiri, sığorta ödənişləri şöbəsinin mütəxəssisi və faydalanan şəxs olan İddiaçı MMC-nin nümayəndəsi təsdiq etmişlər. İddiaçının işə əlavə etmiş olduğu qüsur aktından görünür ki, iddiaçı təşkilat 04.02.2019-cu il tarixdə fərdi sahibkar X1 adlı şəxsə avtomaşını təqdim edərək həmin aktı tərtib etdirmiş və akta əsasən avtomaşına dəyən zərərin məbləği 8577 manat təşkil etmişdir. İddiaçı təşkilat sonuncu akta (Fərdi sahibkar X1 adlı şəxsə məxsus olan Servis Mərkəzində tətib olunan) istinad etməklə hazırkı tələbi irəli sürmüşdür. İş üzrə keçirilmiş ekspertiza rəyindən də görünür ki, ekspert rəy verərkən məhz iddiaçının təqdim etmiş olduğu qüsur aktına istinad etməklə rəy vermişdir. Kollegiyanın qənaətinə görə, iddiaçı sığorta şirkətinin tərtib etdiyi akta əsasən müəyyən edilmiş zərərin məbləği ilə razılaşmamışdısa, məntiqlə 5000 manat sığorta məbləğini tam olaraq almaq barədə mübahisə etməli və sonra cavabdehə qarşı tələb irəli sürməli idi. Lakin iddiaçı “xxxx” ASC-dən sığorta məbləğini almış, zərərin sığorta məbləğindən artıq olması barədə hadisədə təqsirli bilinən şəxsə məlumat vermədən, ona avtomaşının real zərəri ilə bağlı məlumat almaq üçün şərait yaratmadan həmin tələbi irəli sürmüşdür. Bundan başqa Ali Məhkəmənin göstərişinə əsasən kollegiya tərəfindən “xxxx” MMC maraqlı şəxs kimi prosesə cəlb edilmişdir. Maraqlı şəxs “xxxx” ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsinin elektron ünvanına göndərilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq 5077 manatın avtomobilinə dəymiş ziyan əvəzində cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin iş üzrə “xxxx”ASC üçüncü şəxs qismində cəlb olunmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, “xxxx”ASC-də 22 fevral 2018- ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "QAZ-3302" markalı, 10FX149 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 30 dekabr 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus olan “Ravon Nexia” markalı 90PK542 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. İddiaçı MMC-yə məxsus “Ravon Nexia” markalı 90PK542 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər tərəfimizdən 3500 manat məbləğində qiymətləndirilmiş və iddiaçı həmin məbləğlə razı olmuşdur. Bununla əlaqədar qanuna müvafiq olaraq Sığorta Aktı tərtib olunmuş və həmin Akta İddiaçı MMC-nin rəhbərliyi tərəfindən imza olunaraq möhür vurulmuşdur. Bununla təsdiq olunmuşdur ki, “bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir”. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. AR Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Bildirmək istəyirik ki, İddiaçı MMC-nin müəyyən edilmiş zərər məbləği ilə razı olmamaq hüququ olmuş, lakin o, məbləği mübahisələndirməmişdir. Sığorta Aktına imza etdikdən sonra İddiaçı MMC-yə 3500 manat məbləğində sığorta ödənişi 27 mart 2019-cu il tarixdə həyata keçirilmişdir. Bunlardan sonra İddiaçı MMC-nin şirkətimizə və ya sığortalımız olan Cavabdeh qarşı hər hansı bir iddia ilə çıxış etməsi tam əsassızdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən, xahiş edirik ki, İddiaçı MMC-nin iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 903.1-ci maddəsinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 56.1-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdən görünür ki, hadisə zamanı İddiaçı MMC-yə məxsus “Ravon Nexia” markalı 90PK542 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığorta şirkəti tərəfindən 3500 manat məbləğində qiymətləndirilmiş və iddiaçı həmin məbləğlə razı olmuşdur. Bununla əlaqədar qanuna müvafiq olaraq Sığorta Aktı tərtib olunmuş və həmin Akta İddiaçı MMCnin rəhbərliyi tərəfindən imza olunaraq möhür vurulmuş, sığorta şirkəti tərəfindən 3500 manat sığorta məbləği tam olaraq iddiaçıya ödənilmiş, iddiaçı həmin məbləğlə razılaşaraq qəbul etmişdir. Lakin iddiaçı dəymiş ziyanla bağlı sığorta məbləğini aldıqdan sonra zərərin sığorta məbləğindən artıq olması barədə hadisədə təqsirli bilinən şəxsə məlumat vermədən, ona avtomaşının real zərəri ilə bağlı məlumat almaq üçün şərait yaratmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq sığorta şirkətinin tərtib etdiyi heç bir sübuta istinad etməmiş, ancaq iddiaçının sifarişi ilə fiziki şəxs tərəfindən tərtib edilmiş qüsur aktına əsaslanmışdır. Bundan başqa birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan məbləği Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2019-cu il tarixli ekspert rəyinə əsaslanaraq tutmuşdur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə 04 fevral 2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən göstərilən avtomobilə dəymiş ziyan təxminən 7998 (yeddi min doqquz yüz doxsan səkkiz) manat müəyyən edilmişdir. Göründüyü kimi Məhkəmə Ekspertizası Mərkəzi zərər dəymiş avtomobilə baxış keçirmədən, iddiaçının sifarişi ilə fiziki şəxs tərəfindən tərtib edilmiş qüsur aktına əsasən nəzəri hesablama yolu ilə dəymiş ziyanı təxminən 7998 (yeddi min doqquz yüz doxsan səkkiz) manat müəyyən etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisə üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 23 fevral 2021-ci il tarixli 2(102)-1076/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tаrixli 2(037)-681/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən iş üzrə Məhkəmə əmtəəşünaslıq ekspertizası xərci olan 120 (bir yüz iyirmi) manat məbləği İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tаrixli 2(037)-681/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə Məhkəmə əmtəəşünaslıq ekspertizası xərci olan 120 manat məbləği İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı-adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar