Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1034/2023 12.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi üzrə (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(075)-1207/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay sabit pul məbləğində 300 manat məbləğində aliment və ilkin mediyasiya ilə bağlı ödədiyi 50 manat rüsumun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə 10 oktyabr 2015-ci il tarixdə nikahlarını Şəki şəhər İHB-nin Qayabaşı kənd İƏD üzrə Nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 25 may 2017-ci il tarixdə Sevda adlı uşaqları anadan olmuşdur. Onlar nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamaqlarına baxmayaraq sonradan münasibətləri uyğun gəl mədiyindən 2018-ci ilin sentyabr ayından faktiki olaraq, Şəki Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə isə rəsmi şəkildə ayrılmışlar. Ayrıldıqları vaxtdan birgə nikahdan anadan olan və yetkinlik yaşına çatmayan uşaqları Sevda onun hamayəsindədir. Nikah pozularkən Sevda onun himayəsində saxlanılmış və onun saxlanılması üçün cavabdeh X3 hər ay sabit pul məbləğində 120 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Sonuncu dəfə alimentin artırılması ilə bağlı 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(075)- 436/2020 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə 150 manat alimentin tutulması qət edilmişdir. Lakin qeyd olunan 150 manat alimentlə uşağın tələbatlarını tam şəkildə ödəmək mümkün olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, birgə nikahdan olan uşaqları böyüdükcə onun maddi tələbatları da artır. Uşağının altı yaşı tamam olacaqdır. Növbəti ildən orta məktəbdə təhsil almağa başlayacaqdır. Təyin olunmuş aliment məbləğin uşağın zəruri tələbatlarını qarşılamır. Birgə nikahdan olan uşaqlarını saxlamaqda maddi cəhətdən çəkinlik çəkir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddiaçının hazırki aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsini qəbul etmir. Belə ki, onun artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. O. hal-hazırda heç yerdə işləmir. Təyin olunmuş alimentdən onun 500 manat borcu yaranmışdır. Onun maddi imkanı olmadığı üçün uşağı ilə görüşmür. İddianı əsassız hesab edir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Şəki Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(075)-1207/2023 saylı qətnaməsi ilə (hakim P.Hacıyev), iddianın qismən təmin edilməsi, 25 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(075)- 436/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilməsi və həmin aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi, 50 manat mediasiya xərcinin Cavabdeh İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
7. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(075)-436/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 25 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır.
8. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 78.1, 100.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası MPM-nin 14.2 , 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Şikayətində göstərmişdir ki, həmin qətnaməni aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
12. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə tərəflərin yenidən ailə qurubqurulmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.
13. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (digər azyaşlı uşaqların və.s) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
14. Göründüyü kimi məhkəmə tərəfindən heç yerdə işləməməsi, qazancının olmaması, heç bir daşınar və daşınmaz əmlakının olmaması, bu səbəbdən də özünün minimum tələbatını (yaşayış minimumu ölkə üzrə əmək qabiliyyətli əhali üçün 246 manat) ödəyə bilməməsi və sair hallar nəzərə alınmamışdır. “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” AR Qanununun tələbinə görə hər ay istehlak səbətini doldurmaq üçün, minimum yaşayışını təmin etmək üçün ona 246 manat vəsait lazımdır ki, bu da yoxdur. Bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir.
15. Göründüyü kimi məhkəmə yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır, bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. İddiaçı tərəfindən isə özünün maddi vəziyyətinin dəyişməsi, onun aylıq qazancının və digər gəlirlərinin olması, Şəki Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə 150 manat aliment müəyyən edildikdən sonra onun qazancının olması, artması, maddi vəziyyətində dəyişikliklərin olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.
16. Hazırda o imkanı, qazancı olmadığı üçün iş olanda fəhləlik edərək əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimenti birtəhər ödəyir. Məhkəmə tərəfindən alimentin miqdarı artırılsa, həmin aliment məbləğini o necə ödəyəcəyək? Axı bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi tərəfindən alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.
17. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1207/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1207/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1207/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq aliment qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
23. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
24. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmon Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Belə ki, Cavabdeh Şəki Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(075)-1207/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etsə də, birinci instanasiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, məhkəmə apellyasiya şikayətinə iddianın təmin edilmiş hissəsinə münasibətdə baxmalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
30. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X6 ilə 10 oktyabr 2015-ci il tarixdə nikahlarını Şəki şəhər İHB-nin Qayabaşı kənd İƏD üzrə Nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 25 may 2017-ci il tarixdə Sevda adlı uşaqları anadan olmuşdur. Onlar nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamaqlarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Ayrıldıqları vaxtdan birgə nikahdan anadan olan və yetkinlik yaşına çatmayan uşaqları Sevda iddiaçının hamayəsindədir. Nikah pozularkən Sevda anasının himayəsində saxlanılmış və onun saxlanılması üçün cavabdeh X3 hər ay sabit pul məbləğində 120 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra iddiaçı alimentin artırılması ilə bağlı 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(075)-436/2020 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə 150 manat məbləğində alimentin tutulması qət edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin əsasını alimentin miqdarının çox olması təşkil edir.
32. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi 25 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(075)- 436/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləğini artıraraq hər ay 180 manat məbləğində müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
34. Cavabdeh apellyasiya şikayətində imkanı, qazancı olmadığı üçün iş olanda fəhləlik edərək əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimenti çətinliklə ödədiyini, məhkəmə tərəfindən alimentin miqdarı artırıldığı zaman onun ödənilməsi imkanının azaldıldıldığını, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradılacağını bidlirsə də, bu hallar onu uşağını saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2023-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 220 manat aliment məbləği nəzərdən keçirildikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi əvvəl təyin edilmiş alimentin məbləğini artıraraq 180 manat məbləğində qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır.
35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq onun saxlanması üçün 180 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, alimentin məbləğinin dəyişdirilərək azaldılması üçün əsas ola bilməz.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(075)-1207/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(075)-1207/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.