Məhkəmə qərarları › İş №2(107)-1036/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1036/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1036/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh1, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1941/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1941/2019 saylı qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə torpağa görə ödənilmiş 4000 manat, vurulmuş ziyana görə 2000 manat, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 6030 manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4000 manat borcun, 2000 manat dəymiş maddi zərərin və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi ilə cavabdehlərdən Cavabdeh2 cavabdehlər sırasından çıxarılmışdır. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 4000 manat borcun, 2000 manat dəymiş maddi ziyanın, torpaq sahəsinə çəkilən xərc kimi 9200 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2018-ci ilin avqust ayında şifahi razılığa əsasən cavabdehə məxsus Ağdaş rayonu Tofiqi kəndində yerləşən 2 ha torpaq sahəsinin alqı-satqısına dair razılaşmışlar. Bundan sonra onun tərəfindən cavabdehə torpaq sahəsinin sənədlərinin hazırlanması məqsədi ilə cavabdehə qohum əqrabalarının və şahidlərin iştirakı ilə 4000 manat pul verilmişdir.Cavabdeh sənədləşmə üçün nağd pula ehtiyacı olduğunu bildirərək 4000 manat pulu əvvəlcədən tələb etmiş və bir ay ərzində torpağın alqı-satqısına dair sənədləri tam hazır edəcəyinə və aralarında alqı-satqı edəcəklərinə tam təminat vermişdir. Odur ki, 4000 manat pulu cavabdehə vermiş və aralarında şifahi olaraq razılaşmışlar. Verdiyi pula dair yazılı müqavilə bağlamağı təklif etsə də, cavabdeh onun sözünün sənəd olduğunu bildirmişdir. Aralarında olan razılaşamaya əsasən aralarında torpaq alqı-satqısı gercəkləşməli idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh 4000 manat pulu ondan almaq üçün ona tamamilə özgə bir şəxsə məxsus torpaq sahəsini göstərmiş, həmin torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirmiş, həmçinin ona həmin torpaq sahəsindən artıq onun olduğunu və ondan istədiyi kimi istifadə edə biləcəyini bildirmişdir. Odur ki, cavabdehə inanaraq qısa müddətdə həmin torpaq sahəsində 3600 manat dəyərində 1200 ədəd ağac tingi, 2000 manat dəyərində yonca və gübrə, hər ay mütamadi olaraq 300 manat olmaqla bir il ərzində bağa və qulluğa görə cəmi 3600 manat bağbana xərc çəkmişdir. Cavabdehdən pulu tələb etdikdə heç bir nəticəsi olmamışdır.Odur ki,o,məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh Ətraf onun bacısının oğlunun keçmiş qayınatasıdır. Ətraf ona məxsus torpaq sahəsi olduğunu və məhz onlara satmaq istədiyini bildirmişdir. Odur ki, o, torpaq sahəsinə dair 4000 manat pulu Ətrafa versə də, torpaq sahəsinin sənədləri olmadığı üçün rəsmi qaydada alqı-satqı etməmişlər. Lakin cavabdeh torpaq sahəsinin onun olduğunu inandırmışdır. Odur ki, həmin torpaq sahəsini şumlatmış,əkdirmiş,oraya yonca və ağac əkdirmişdir.Qeyd edir ki,torpaq sahəsi cəmi 5 hektar olsa da,cavabdeh 2 hektarını onlara satmışdır.Torpağın alqı-satqısına dair 4000 manat pulu iki dəfəyə Ətrafa vermişdir. Belə ki, birinci dəfə 2000 manat,daha sonra 2000 manatda bir olmaqla bacısının oğlu Elmana pul vermiş və həmin pulları Elman Ətrafa çatdırmışdır. Məhz pulun çatıb-çatmadığını öyrənmək üçün cavabdeh Ətrafla əlaqə yaratmış və Ətraf bildirmişdir ki, pul ona çatmışdır və torpaq artıq onun halal malıdır.Qeyd edir ki,Ətraf torpağın sənədlərini ona sənədləşdirmək üçün vermişdir.Lakin sonra Ətraf bildirmişdir ki,qızı torpağın ona satılmasına razı deyil. Belə ki, torpaq Ətraf da daxil olmaqla 7 nəfərin paylı mülkiyyətindədir. Ətrafın qızı onun bacısı oğlu Elmanın keçmiş həyat yoldaşıdır. Qeyd edir ki,o, biri 3 manat olmaqla cəmi 3600 manat ödəyib 1200 ağac almış və həmin torpaq sahəsində əkmişdir. Lakin hal-hazırda ağaclara çəkilən xərc hesablanarkən iki manatdan hesablanılmasına razıdır. Ağacları Ağcabədi rayonundan alıb gətirmişdir.Torpağa çəkdiyi xərcə görə 9200 manat pul istəyir. Belə ki, hər ay mütamadi olaraq 300 manat olmaqla bir il ərzində bağa və qulluğa görə cəmi 3600 manat Elmana pul vermiş, həmçinin yonca və gübrəyə də pul vermişdir. Həmin torpaq sahəsindən o, cəmi 1000 manat xeyir götürə bilmişdir. O, məhz bu işləri gördükdən sonra öyrənmişdir ki, həmin torpaq sahəsi Ətrafa məxsus deyil və Ətraf onu aldadaraq ondan 4000 manat pul almışdır. Odur ki, iddiası əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı cavabdehin keçmiş kürəkəni Elmanın dayısıdır. Cavabdeh 12 il bundan əvvəl Elmangil kasıb olduğu üçün torpağın 2 hektarını öz qızına vermişdir ki, əkib-becərib dolanışınlar. Həmçinin bu ərəfədə cavabdeh Ətraf Elmanın dayısı Alışahdan ağac alınması üçün 1000 manat pul almış və bunun əvəzində iddiaçıya 800 kq arpa və 5 lafet yonca göndərmişdir. Yəni 1000 manat pulun əvəzini cavabdeh iddiaçıya artıqlaması ilə qaytarmışdır. İddiaçının tələbi əsassızdır, belə ki, tərəflər arasında torpaq alqı-satqısı barədə hər hansı bir razılaşma olmamış və bunun müqabilində cavabdehə iddiaçı tərəfindən hər hansı məbləğdə pul verilməmişdir. Odur ki, iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, onun qızı iddiaçının bacısı oğlu X2 ailə qurduqdan sonra onların maddi vəziyyətləri ağır olduğuna görə ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən 2 hektar hissəsini istifadə etmək üçün qızına və ərinə vermişdi. Torpaq sahəsini onlara ayırıb verən zaman həmin torpaq sahəsində yonca əkmişdi. Həmin ildən başlayaraq qızı və kürəkəni torpaq sahəsindən özləri, eləcə də, kürəkəninin dayısı olan iddiaçı istifadə edirdilər. 2018-ci ilin yaz mövsümündə o, pay torpaq sahəsində meyvə ağacları əkmək istədiyindən və bunun üçün pulu çatmadığına görə iddiaçıdan Elmanın vasitəsi ilə 1000 manat borc pul istəmiş və o da həmin pulu mənə vermişdi. Pulu qaytara bilmədiyinə görə pulun əvəzi kimi iddiaçıya həmin il 800 kq arpa və 5 lafet yonca otu göndərmişdir. Bununla da o, iddiaçıya olan borcunu qaytarmışdır. Telefon danışıqlarında olan pul söhbəti də məhz həmin 1000 manata görə olub. O və digər ailə üzvləri iddiaçıya torpaq sahəsi satmamış və onunla aralarında torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar hər hansı formada razılaşma olmamışdır. O, ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 2 hektarını qızına və ərinə istifadə üçün vermişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(014)-1941/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1941/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kolegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(014)-1941/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1941/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Birinci instаnsiyа məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun dayısı, cavabdeh isə onun keçmiş qayınatasıdır. Cavabdeh Ətraf Ağdaş rayonunda yerləşən torpağını satmaq istəyirdi.Məhz bu münvalla cavabdeh torpağı dayısı İddiaçı satmışdır.İddiaçı onun vasitəsi ilə cavabdeh Ətrafa 2000 manat bir,2000 manat da bir olmaqla cəmi 4000 manat pul vermişdir.Birinci dəfə cavabdehə pulu ailə üzvlərinin iştirakı ilə,ikinci dəfə isə oğlu Pərvinin vasitəsi ilə vermişdir. Həmin torpaq sahəsi dayısı orada əkin biçinə başlayana qədər boş torpaq sahəsi olmuşdur. Dayısı onun vasitəsi ilə həmin torpaq sahəsində əkmək üçün hər biri iki manatdan olmaqla 1200 ədəd ağac almış və həmin torpaq sahəsində əkdirmişdir. Dayısı ona ağaclara baxıb qulluq etmək üçün hər ay 300 manat, daha üç fəhləyə isə hər birinə 150 manat olmaqla pul vermişdir. Qeyd edir ki, o, Ətrafdan nəyə görə torpaq sahəsini sənədləşdirmədiyini soruşduqda cavabdeh torpaq sahəsinin ona məxsus olmadığını bildirmişdir. Torpaq sahəsindən istifadə edildiyi müddətdə heç kəs gəlib onları narahat etməsə də, o, cavabdehin qızından boşanandan sonra bütün problemlər başlamışdır. Birinci instаnsiyа məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki,cavabdeh Ətraf torpaq sahəsini atası olan iddiaçıya satmışdır. Torpaq müqabilində Elman vasitəsi ilə Ətrafa 2000 manat bir, 2000 manat da bir olmaqla cəmi 4000 manat pul verilmişdir. Daha sonra torpaq sahəsini əkib-becərməyə görə də atası tərəfindən xərc çəkilmişdir. Qeyd edir ki, cavabdeh Ətraf onun yanında atasının sualına cavab olaraq bildirmişdir ki, torpağı atasına satmış və pulunu da almışdır. Məhz bu deyilənlər barədə o, video çəkiliş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, onun tərəflərlə qohumluq münasibəti yoxdur. Fəhləliklə məşğuldur. Elman Səfərov onu və daha 3 nəfər şəxsi Ağdaş rayonu,Tofiqi kəndində yerləşən torpaq sahəsində əkib-becərmək üçün dəvət etmiş və bildirmişdir ki,sözügedən torpaq sahəsi onun dayısına məxsusdur. Həmçinin Elman onların hər birinə ayda 150 manat pul vermişdir. Pulu verərəkən Elman pulun dayısı tərəfindən verildiyini bildirmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı onun dayısıdır. Cavabdeh Ətraf Ağdaş rayonunda yerləşən torpağını satmaq istəyirdi. Odur ki,cavabdeh torpağı dayısı İddiaçı 4000 manata satmışdır. Lakin alqı-satqı müqaviləsi bağlamamışlar. Qeyd edir ki, dayısı həmin torpaq sahəsində əkinbiçinlə məşğul olmuşdur. Belə ki, həmin torpaq sahəsində əkilən ağacları onun avtomobili ilə Tərtər rayonundan gətirmişlər. Sürücü o, olmuşdur. Lakin dayısından yol haqqı almamışdır. Birinci instаnsiyа məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı onun dayısıdır. Cavabdeh Ətraf Ağdaş rayonunda yerləşən torpağını satmaq istəyirdi. Odur ki, cavabdeh torpağı dayısı İddiaçı 4000 manata satsada alqı-satqı müqaviləsi torpağın sənədləri olmadığı üçün aralarında bağlanmamışdır. Dayısı həmin torpaq sahəsinin cavabdehin sözlərinə əsasən özünün olduğunu zənn edərək, həmin torpaqda əkin-biçinlə məşğul olmuşdur. Torpaq sahəsində ağac əkilərkən oda orada olmuşdur. Birinci instаnsiyа məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, cavabdeh onun atasıdır. Atası Ətraf o,Elman Səfərov ilə evli olarkən onlara əkib becərmək üçün 2 hektar torpaq sahəsi vermişdir. Həmçinin Elmanın dayısından atası vasitəsilə 1000 manat pul alınıb,həmin pul həmin torpaq sahəsində ağac əkilməsi üçün xərclənib. Bildiyinə görə biri bir manatdan olmaqla 1000 ədəd ağac alınmışdır. Lakin həmin 1000 manatın əvəzində atası iddiaçıya 1 lafet ot olmaqla artıqlaması ilə qaytarmışdır. Qeyd edir ki,iddiaçı tərəfindən atasına 4000 manat pul verilməmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, cavabdeh iddiaçıdan 1000 manat pul almış və bunun əvəzində artıqlaması ilə arpa və yonca göndərmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 4000 manat pul verilməmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, cavabdeh onun qayınatasıdır. Cavabdeh iddiaçıdan 1000 manat pul almış və bunun əvəzində artıqlaması ilə arpa və yonca vermişdir.Yəni aldığı pulun əvəzni artıqlaması ilə qaytarmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə aralarında şifahi şəkildə bağlanmış 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq alqı-satqısına dair razılaşma müqabilində 4000 manat pul vermiş və həmin torpaq sahəsini artıq özünün olduğunu zənn edərək orada çoxlu sayda ağac əkmiş, əkin-biçinlə məşğul olmağa başlamışdır. Lakin sonradan torpaq sahəsini cavabdeh iddiaçıya verməkdən imtina etmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, həmçinin məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Cavabdehin iddiaçıdan torpağa görə 4000 manat pul alması, lakin bunun müqabilində topaq sahəsini iddiaçının mülkiyyətinə verməməsi iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla,t ərəflərin izahatları və şahid ifadələri ilə əsaslandırılmışdır. İddiaçı tərəfin təqdim etdiyi audi diskə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə özündə daxili inam yaratmaq məqsədilə həmin disk dinlənilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə danışıqlar gedən audi diski təqdim etmişdir. Həmin disk dinlənilərkən tərəflərin torpaq sahəsinin alqı-satqısı barədə razılaşdıqları və həmin torpaq sahəsinə görə cavabdehin iddiaçıdan 4000 manat pul aldığı aşkar surətdə müəyyən edilir. Yəni cavabdeh torpaq sahəsinə görə, iddiaçıdan aldığı pulu etiraf edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh bunun ağlabatan izahını verə bilməmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş “diskin” sübut kimi qəbul edilməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, təqdim olunmuş “disk” sübutlar siyahısına aid edilməsə də, orada olan danışıq məhkəmədə mübahisənin həlli ilə bağlı əsaslı fikir yaratmaqla digər sübutların, tərəflər arasındakı qarşılıqlı münasibətin qiymətləndirilməsində mühüm rol oynamış, ən əsası da cavabdeh tərəfindən dəvət olunmuş şahidlərin ifadələri ilə bağlı daxili inam yaratmışdır. Beləliklə də, göründüyü kimi, 2018-ci ilin avqust ayında tərəflər arasında 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmasa da, iddiaçının həmin torpaq sahəsinin dəyəri olan 4000 manatı cavabdehə verdiyi, cavabdehin torpaq sahəsini iddiaçıya təhvil verdiyi və iddiaçının həmin torpaq sahəsini abadlaşdırmaq məqsədi ilə oraya çoxlu sayda ağac əkdiy və yonca səpdiyi, sonradan cavabdehin dəbbələyərək həmin torpaq sahəsini satmaq istəmədiyi tam sübuta yetirilir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən tərəflər arasında öhdəlik münasibətlərinin olması qənaətinə gəlmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1 maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı tələbi əsassız varlanma müddəalarına uyğun təhlil edilə bilər. Belə ki, cavabdeh 2 ha torpaq sahəsini 4000 manat məbləğində pul müqabilində iddiаçıya satmışdır. İddiaçı həmin pulu cavabdehə vermiş, cavabdeh isə öz növbəsində həmin torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. Lakin tərəflər cavabdehin təqsiri üzündən həmin alqı-satqını notarial qaydada rəsmiləşdirməmişlər. Həmin torpaq sahəsi 2 ilə yaxın iddiaçının istifadəsində və sahibliyində olmuş, oraya biri 2 manata aldığı 1200 ağac tingləri əkmiş və həmin ağacların əkilməsi və digər abadlaşdırma işlərinə 3600 manat xərcləmişdir. Sonradan cavabdeh həmin torpaq sahəsini satmadığını bildirərək iddiaçıdan geri almışdır. Cavabdeh torpaq sahəsinin dəyəri üçün verdiyi 4000 manat və 2000 manat dəymiş maddi ziyanın, torpaq sahəsinə çəkilən xərc kimi 9200 manat pulun cavabdehdən alınması barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən, torpaq sahəsinə görə ödənilmiş 4000 manat, vurulmuş ziyana görə 2000 manat tutulmasını təmin etmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vemişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin torpaq sahəsinə çəkdiyi xərclərə görə 9200 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının torpaq sahəsinə 1200 ağac (meyvə) tingi əkdiyi, həmin tinglərə 2400 manat verdiyi, ağac tinglərinin əkilməsi üçün 3 nəfər fəhlənin hər birinə 150 manat verdiyi, ağaclara qulluq üçün hər ay 300 manat verdiyi, torpaq sahəsinə həmçinin yonca toxumu təsdiq olunsa da, birinci instansiya məhkəməsi əlavə olaraq 2000 manatın tutulmasını qət etmiş, iddiaçı bununla razılaşaraq qətnamədən apelyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti verməməsi onun birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşması deməkdir. Belə olan halda cavabdeh iddiaçının vəsaiti olan 6000 manat (4000 manat torpaq sahəsinin pulu + 2000 torpaq sahəsinə çəkdiyi xərc) məbləğində pulu heç bir hüquqi əsas olmadan əldə etmiş olur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məclləsinin 106.3-cü mаddəsinin tələbinə görə, tərəfin tələb və etirаzlаrının əsаslаndırıldığı fаktlаrı digər tərəfin etirаf etməsi əks tərəfin gələcəkdə bu fаktlаrı sübut etmə vəzifəsindən аzаd edir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, cavabdeh iddiaçının hesabına qanuni və hüquqi əsas olmadan əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apelyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamışdır. Apelyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1941/2019 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə torpağa görə ödənilmiş 4000 manat, çəkilmiş xərcə görə 2000 manat, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 6030 (altı min otuz) manat tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1941/2019 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə torpaq sahəsinə görə ödənilmiş 4000 manat, həmin torpaq sahəsinə çəkilmiş xərcə görə 2000 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 6030 (altı min otuz) manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar