Məhkəmə qərarları › İş №2(107)-1039/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1039/2020

14.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1039/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli 2(039)-644/2019 nömrəli qərardadından iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx xxxx 2015-ci il tarixli 115.LN.2004.050615.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 5876.58 manat əsas, 958.24 manat faiz, 874.37 manat cərimə olmaqla, cəmi 7709.19 manat məbləğində borcun tutulması; Tutmanın Cavabdeh2 məxsus Yevlax şəhəri, H.Rəcəbov küçəsi, 27A saylı fərdi yaşayış evinə 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və borcun qeyd olunan fərdi yaşayış evinin torpaq sahəsilə birlikdə açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi; Cavabdeh2 məxsus Yevlax şəhəri H.Rəcəbov küçəsi 27A saylı fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldildikdə və onun satışından sonra 1 ay sonra fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və əmlakın boşaldılması; Tərəflərindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 6 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Bu borcun təminatı olaraq Cavabdeh2 məxsus Yevlax şəhəri H.Rəcəbov küçəsi 27A saylı fərdi yaşayış evinə 0.03 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə görürdükləri öhdəliklərini yerinə yetirməmiş və nəticədə onların banka 5876.58 manat əsas, 958.24 manat faiz, 874.37 manat cərimə olmaqla, cəmi 7709.19 manat borcu vardır. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxxxx 2019-cu il tаrixli 2(039)-644/2019 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli 2(039)-644/2019 nömrəli qərardadından iddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyəti şikayət verərək mülki iş üzrə icraatın təzələnib mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borc vəsaitinin restruktruzasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması təklif olunmuş və banka dəvət edilmişdir. Lakin müştəri bankla razılığa gəlməmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-644/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclası xx xxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli 2(039)-644/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən əlavə olaraq iddiaçıya izah olunur ki, fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli 2(039)-644/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar