Məhkəmə qərarları › İş №2(107)-104/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-104/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-104/2025 29.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(051)-1429/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə cavabdehə 35 ay müddətinə illik 27,6% ödəmək şərtilə 2200 manat məbləğində kredit verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2200 manat əsas, 348.29 manat faiz, 25 manat cərimə olmaqla, cəmi 2573.29 manat məbləğində pulun və ödənilmiş 46.14 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla cavabdeh arasında bağlanmış AGİD**********7 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,6% ödəmək şərtilə 2200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bu müqaviləyə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin 2200 manat əsas, 348.29 manat faiz, 25 manat cərimə olmaqla, cəmi 2573.29 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı cavabdehdən 2200 manat əsas, 348.29 manat faiz, 25 manat cərimə olmaqla, cəmi 2573.29 manat məbləğində pulun və ödənilmiş 46.14 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır, cavabdeh dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin banka kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır.

5. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır və cavabdehdən xx.xx.2024-cü il tarixli bildirişə əsasən 2200 manat əsas, 249.29 manat faiz, 124 manat cərimə olmaqla, cəmi 2573.29 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.

6. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı bankın xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə 2200 manat əsas, 249.29 manat faiz, 124 manat cərimə olmaqla, cəmi 2573.29 manat məbləğində borcun ödənilməsinə dair bildiriş göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab etmişdir ki, faiz və cərimə məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanlanmış bildirişdə qeyd edilmiş məbləğdə, yəni 2200 manat əsas, 249.29 manat faiz, 124 manat cərimə borcu isə AR MM-nin 467-ci maddəsinə əsasən 124 manat cərimə borcu azaldılmaqla 12 manat olmaqla, cəmi 2461,29 manat məbləğində təmin edilməlidir.

7. Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(051)-1429/2024 nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia qismən təmin olunmuş, Cavabdeh xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş xx.xx.2023-cü il tarixli, AGİD**********7 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən 2200 (iki min iki yüz manat) manat əsas, 249.29 (iki yüz qırx doqquz manat, iyirmi doqquz qəpik) manat faiz, 12 (on iki) manat cərimə olmaqla, cəmi 2461,29 (iki min dörd yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 44,61 (qırx dörd manat, altmış bir qəpik) manat məbləğində pulun alınıb iddiaçı "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421, 427.3, 442, 448.2, 739.1, 739.2, 741, 743-cü maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi; Hesabdan çıxarış; Cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş; Maliyyə arayışı.

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun ünvanına xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən göndərilmiş bildirişdə 2200 manat əsas, 249.29 manat faiz, 124 manat cərimə olmaqla, cəmi 2573.29 manat borcunun yarandığı bildirilmişdir. O bildiriş aldıqdan sonra Unibanka yaxınlaşıb onu məhkəməyə verməmələrini xahiş etmiş və hər ay ödənişlər edəcəyinə dair söz vermişdir. Unibankın əməkdaşları ona bildirmişlər ki, hər ay müxtəlif məbləğlərdə pul vəsaiti ödəyəcəyi təqdirdə onu məhkəməyə verməyəcəklər. Bundan sonra o hər ay maaşından müxtəlif məbləğlərdə pul vəsaiti ayıraraq iddiaçıya olan borcunu ödəmişdir. Lakin iddiaçı onu məhkəməyə verərkən iddia ərizəsində yenə 2200 manat əsas, 249.29 manat faiz borcunun qaldığını iddia etmişdir. Qətnaməni aldıqdan sonra ona məlum olmuşdur ki, onun bütün ödənişləri yalnız cərimə məbləğlərindən silinmişdir. Əgər məhkəmə iş materiallarına xüsusi diqqətlə yanaşsaydı, məhkəmədə sual yaranardı ki, cavabdeh bildirişi aldıqdan sonra hər ay müntəzəm olaraq ödənişlər etməsinə baxmayaraq kredit üzrə necə olur ki, hələ də onun 2200 manat əsas, 249.29 manat faiz borcu qalır? Hesab edir ki, bank tərəfindən borc məbləği həddindən artıq hesablanmışdır, nə qədər ödənişlər etmişdirsə, iddiaçı əsassız olaraq cərimələri şişirdərək ödənişlərini yalnız cərimələrdən silmişdir. Göstərilənləri nəzərə alaraq bu qənaətdədir ki, məhkəmə tərəfindən işin düzgün və hərtərəfli araşdırılması üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Əgər birinci instansiya məhkəməsində məhkəmə mühasibatlıq ekspertizası keçirilsə idi, borc məbləği həddindən az hesablanacaqdı. Bununla da onun maddi və prosessual hüquqları pozulmazdı.

12. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1429/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək işin tam, hərtərəfli və obyektiv araşdırılmasını və ekspertin rəyinə müvafiq olaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(051)-1429/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı;

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(051)- 1429/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən təmin edilmiş hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. İş materiallarından da görünür ki, cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişlə cavabdehə 2200 manat əsas, 249.29 manat faiz, 124 manat cərimə olmaqla, cəmi 2573.29 manat borcu yarandığı xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. Apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi həmin hallar işin mübahisəsiz halıdır.

23. Apellyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, cavabdeh apellyasiya şikayətində bütün ödənişlərin yalnız cərimə məbləğlərindən silindiyini, bank tərəfindən borc məbləğinin həddindən artıq hesablandığını qeyd etmişdir. Lakin cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki qətnamənin 23-cü bəndində qeyd edilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin 2200 manat əsas, 348.29 manat faiz, 25 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 2573.29 manat məbləğində banka borcunun yaranmış olduğunu iş materiallarında olan maliyyə arayışı özündə əks etdirir.

25. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına istinad etmişdir. Həmin Qərarın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Hazırki iş üzrə də iddiaçı bankın xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə 2200 manat əsas, 249.29 manat faiz, 124 manat cərimə olmaqla, cəmi 2573.29 manat məbləğində borcun ödənilməsinə dair bildiriş göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

26. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, iddiaçı bankın xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə 2200 manat əsas, 249.29 manat faiz, 124 manat cərimə olmaqla, cəmi 2573.29 manat məbləğində borcun ödənilməsinə dair bildiriş göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab etmişdir ki, faiz və cərimə məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanlanmış bildirişdə qeyd edilmiş məbləğdə, yəni 2200 manat əsas, 249.29 manat faiz, 124 manat cərimə borcu isə AR MM-nin 467-ci maddəsinə əsasən 124 manat cərimə borcu azaldılmaqla 12 manat olmaqla, cəmi 2461,29 manat məbləğində təmin edilməlidir.

27. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi hissəsinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-1220/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, rəy alınanadək işin icraatı dayandırılmışdır. xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2025-ci il tarixli 9/9233 nömrəli ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(107)-104/2025 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2025-ci il tarixli 9/9233 nömrəli ekspert rəyində borc qalığının hesablanmasının mümkün olmadığı qeyd edilmişdir.

28. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2025-ci il tarixli, 2(107)-104/2025 nömrəli qərardadı ilə iş üzrə qiymətləndirici ekspert dəvət edilmiş, qiymətləndirmə qiymətləndirici təşkilat “X3” MMC-yə həvalə edilmiş, qiymətləndirici ekspertin rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası X3nin 03 oktyabr 2025-ci il tarixli, 243 nömrəli məktubla məhkəməqiymətləndirmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş, həmin məlumatda qeyd edilmişdir ki, ekspertizanın keçirilməsi üçün xidmət haqqı barədə tərəflərə məlumat verilmiş, lakin tərəflər xidmət haqqının ödənilməsindən imtina etdiklərindən iş üzrə tədqiqat aparılmamış, iş icrasız saxlanılmışdır.

29. Şəki Apellyasiya Məhkəməsi cavabdehlə əlaqə saxlayaraq onu Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsi ilə tanış etmiş, ekspertizanın keçirilməsi üçün xidmət haqqının ödənilməsindən imtinanın səbəb ola biləcəyi nəticələri barədə məlumat vermişdir. Lakin tərəf ekspertizanın keçirilməsi üçün heç bir məbləğ ödəməyəcəyini bildirmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mövcud sübutlarla iş üzrə yekun məhkəmə aktı qəbul edə bilər.

30. Hazırki qətnamənin 23-cü bəndində qeyd edilənləri də nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir.

31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(051)- 1429/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(051)-1429/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. 17 fevral 2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar