Məhkəmə qərarları › İş №2(107)-1040/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1040/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1040/2023 17.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun zamindən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit borcu, zaminin öhdəliyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X12, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X9 iştirakları ilə İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun zamindən tutulması” tələbinə dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)- 453/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun zamindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 sentyabr 2019-cu il tarixli **********29519 №-li Kredit müqaviləsi üzrə 4107.74 manat məbləğində vaxtı keçmiş əsas borc, kreditdən istifadəyə görə illik 1% dərəcəsi ilə hesablanmış 70.08 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0.02 % dərəcəsi ilə hesablanmış 0.33 manat məbləğində penya, cəmi 4 178.15 (dörd min bir yüz yetmiş səkkiz manat on beş qəpik) manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə 61.79 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə borcalan X6 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli **********29519 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borcalana 60 (altmış) ay müddətinə, illik 1 % (bir faiz) olmaqla, 4 915.07 (dörd min doqquz yüz on beş manat yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan B.M.Musayevin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə Cavabdeh arasında 19 sentyabr 2019-cu il tarixli **********29519/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin (bundan sonra “Müqavilə” adlandırılacaq) 3.4.2-ci bəndinə əsasən Borcalan Müqavilə üzrə bütün ödənişləri vaxtlı-vaxtında və Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmçinin Müqavilənin 2.4-cü bəndinə əsasən kreditin verildiyi müddətin ilk 12 (on iki) aylıq dövrü Borc alana güzəşt müddəti kimi müəyyən edilmiş və bu müddət ərzində əsas borc məbləğinin qaytarılması ilə bağlı hər hansı bir ödənişin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Lakin, borcalan X6 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Borc alanın vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmışdır. Tərəfimizdən mərhum borcalan B.M.Musayevin mümkün vərəsələrinin dairəsinin və ailə tərkibinin müəyyən edilməsi istiqamətində müvafiq orqanlara rəsmimüraciətlər və sorğular edilmişdir. Belə ki,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Zaqatala rayon 2 saylı Notariat ofisinə vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı edilmiş sorğuya cavab olaraq mərhum - X2 qalmış hər-hansı əmlaka dair vərəsəliyin qəbul edilməi ilə bağlı vərəsəlik işinin açılmadığı bildirilmiş, mərhumun ailə tərkibi haqqında arayışın əldə edilməsi üçün X5 Reyestri Xidmətinə ünvanlanmış müraciətə verilən cavab məktubunda isə vətəndaşlıq vəziyyəti aktları haqqında məlumatların ailə həyatına dair məlumat hesab olunduğundan, onların (məlumatların) əldə edilməsinə məhdudiyyət qoyulduğu və həmin məlumatların 3-cü şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada, yəni subyektin yazılı razılığı ilə təqdim edilməsinin mümkünlüyü bildirilmişdir. Beləliklə, mərhum borc alan B.M.Musayevin mümkün vərəsələrinin dairəsinin müəyyən edilməsi üçün görülmüş qanunamüvafiq tədbirlər heç bir nəticə verməmiş, Borc alanın vəfatından sonra isə onun Bank qarşısında müqavilə üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmışdır. Tərəflər arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli **********29519/ZM №-li Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin müqavilə üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün Borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında əks olunmuş mövqeyə görə, “Mülki Məcəllənin477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminatverdiyi risklər dairəsinə daxildir.” Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilən Qərarından birmənalı şəkildə aydın olur ki, kredit öhdəliklərinin icra edilməməsinə görə Cavabdeh kreditor qarşısında tam məsuliyyət daşıyır. Bank tərəfindən ona xx.xx.2022-ci il tarixli, ZQ-002 №-li xəbərdarlıq məktubunun və xx.xx.2022-ci il tarixli, ZQ-XO-1.2.2022-001 №-li “Öhdəliklərin yerinə yetirilməsi haqqında Tələb”in göndərilməsinə baxmayaraq zamin Cavabdeh borcalan B.M.Musayevin vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə mövcud öhdəliklərinin icrası ilə bağlı hər hansı bir addım atmamış və nəticədə Kredit müqaviləsi üzrə yerinə yetirilməmiş borc öhdəliyi yaranmışdır. Belə ki, iddia ərizəsinin verildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixinə Borcalanın İddiaçı qarşısında cəmi4 178.15 (dörd min bir yüz yetmiş səkkiz manat on beş qəpik) manat borcu olmuşdur ki, bunun da 4107.74 (dörd min bir yüz yeddi manat yetmiş dörd qəpik) manatını vaxtı keçmiş əsas borc, 70.08 (yetmiş manat səkkiz qəpik) manatını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkiledir. Bundan əlavəcavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kreditmüqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 0.02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə də bu məbləğ 0.33 (otuz üç qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh məhkəməyə 30 mart 2023-cü il tarixdə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının hazırkı iddia ərizəsi əsassızdır, qanunlara ziddir və vəfat etmiş əsas borclu Bəxtiyar Musayevin ödəmədiyi kredit borcunun ona yüklənməsi məqsədi daşıyır. Əslində borcalan X6 ilə iddiaçı "Xalq Bank" ASC arasında münasibətlər ərizədə göstərildiyi kimi 19 sentyabr 2019- cu il tarixli Kredit müqaviləsi ilə deyil, xx.xx.2014-cü il tarixli **********34014 saylı Kredit müqaviləsinə əsasən 48 ay (4 il) müddətinə illik 24%-lə 6300 ABŞ dolları məbləğində verilmiş kreditlə başlamışdır. Kreditin müddəti 30,05.2018-cı il tarixdə bitirdi. Lakin "Xalq Bank" ASC xx.xx.2016-cı il tarixdə borclu Bəxtiyar Musayev kredit müqaviləsi üzrə borcunu vaxtında qaytarmadığına görə 4809,13 ABŞ dollar, adi və cərimə faizləri ilə birlikdə 5558,72 ABŞ dolları birgə qaydada cavabdehlər X7 və Cavabdeh bankın xeyrinə tutulması barədə iddia ərizəsi vermişdi. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(033)-1903/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cəmi 5558,72 ABŞ dolları məbləğində borc ödənildiyi günə Azərbaycan məzənnəsi ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat iddiaçı "Xalq Bank" ASC-nin xeyrinə tutulması qərarı verilmişdir. Qətnamədən Apellyasıya şikayəti verilməmiş və xx.xx.2017-ci il tarixdə İcra Şöbəsində icraata başlamaq haqqında qərar verilmişdir. Bundan sonra bank ayda 550 manat maaşdan və başqa gəlirləri olan Zaqatala Peşə məktəbinin direktoru işləyən borclu Bəxtiyar müəllimdən icra şöbəsi vasitəsi ilə borcu geri ödətmək əvəzinə müəmmalı şəkildə xx.xx.2019-cu ildə yenidən onunla qalıq borc 4915,07 manat 60 ay müddətinə yenidən **********29519 nömrəli "Kredit müqaviləsi" bağlayır. "Xalq Bank" ASC-nin Zaqatala filialının direktora 2014-cü il tarixdə Bəxtiyar müəllimlə bağladığı "Kredit müqaviləsi"ndə və yenidən qalıq borc üçün xx.xx.2019-cu il tarixdə bağladığı "Kredit müqaviləsi"ndə borclunun əmlakını, torpağı, evi, aylıq vəzifə maaşı və s. girov müqaviləsi bağlamadan onu aldadıb heç bir məlumatı olmayan sənədlərə imza atdırmışdır. Sonradan ona məlum olmuşdur ki, onunla "Zaminlik müqaviləsi" bağlamışdır. Etiraz ərizəsinə əlavə etdiyi arayışdan da göründüyü kimi onun 2014-cü ildə təlim ustası kimi işləmiş və aylıq əmək haqqı 107 manat təşkil edir. Bu məbləğ illik 1284 manat təşkil edir. Necə ola bilər ki, illik maaşı 1284 manat olan adi işçinin əmək haqqına görə borc alanın heç bir əmlakına və aylıq 550 manat əmək haqqına girov müqaviləsi bağlanmadan yüksək məbləğdə 6300 ABŞ dolları kredit verilsin. Həmin dövrdə banklara o 2000 manat üçün müraciət etmiş, əmək haqqının aşağı olmasına görə ev, torpaq və s. girov qoyduğu halda ondan 2 nəfər zamin tələb etmişdilər. Hansı səbəbdən Bəxtiyar müəllimə bank heç bir girovsuz, 2-ci zamin tələb etmədən tək onun 107 manat əmək haqqıma əsaslanıb yüksək məbləğdə kredit verir. AR. M.P.M-nin 82.3-cü maddəsinə görə "Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir". Həmin Məcəllənin 261.0.2-ci maddəsində də göstərilir ki, "Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olanda" icraata xitam verilməsinə əsasdır. Bank zamin kimi onun hüquqlarını ciddi şəkildə pozmuşdur. Belə kı, məsuliyyəti 100% onun üzərinə qoyan bank müqavilə şərtlərini ciddi şəkildə pozmuşdur. Ona "Kredit müqaviləsi" , Zaminlik müqaviləsi, ödəniş tapşırığı və digər sənədlərin əslini təqdim etməli olduğu halda bu sənədlərin heç birini ona təqdim etməmiş, tələb etdiyində verməkdən imtina etmişdir. Hər dəfə ona bildirmişdir ki, sənlik iş yoxdur. Borcludan isə borcunu vaxtında ödətmək əvəzinə bank işçiləri haqq alıb kreditin ödənməməsinə göz yummuşlar. Bəxtiyar müəllim 2006-cı ildən 2019-cu ilin aprelinədək 14 il Zaqatala Peşə məktəbinin direktoru işləmişdir, yüksək maaş almışdır, müəllimləri rüşvətlə işə qəbul etmişdir, məktəbindövlətin əmlakım mənimsədiyi üçün yoxlama ilə işdən çıxarılmışdır. Bundan başqa Kredit müqaviləsinin 1.2-ci bəndində göstərilir kı, 6300 ABŞ dolları kredit "Yaşayış sahəsinin təmiri üçün" təyinatlı verilmişdir. Hansı yaşayış sahəsi? Həmin yaşayış evi nəyə görə girov qoyulmamışdır. Sözügedən kreditlə yüksək təmir olunmuş evdə bu gün yaşayan vərəsələr nəyə görə ölmüş şəxsin əmlaklarını mənimsəyir, borclarım isə başqaları ödüyür? Həmin təmir olunmuş yaşayış evmi onun mülkiyyətinə verərlərsə o borc tapıb bankın borcunu ödəyər. Ona görə də bank borcunu vərəsələrdən tələb etməlidir. Kredit müqaviləsinin 3.1.1 ci maddəsinə görə "borc alanın maliyyə vəziyyəti pisləşdikdə, kreditin qaytarılması təhlükəyə məruz qaldıqda bankın hüququ idi ki, krediti verməkdən imtina etsin və ya vaxtından əvvəl geri ödəməsini tələb etsin. Müqavilənin 3.1.2-ci bəndinə görə "Bankın kredit və ödəmə qabiliyyətinin sənədlər üzrə araşdırılması və kreditlə bağlı məsələləri yerində yoxlamaq" vəzifəsi olmuşdur ki, bank öz vəzifəsini icra etməmişdir. Əks halda onun əmək haqqının şişirdilmiş saxta arayış bank şöbəsinə verildiyi və kredinit təyinatı üzrə icra olunmadığı vaxtında aşkar olardı. Necə olur ki, borclu oğlunu 5000 manat verib işə qoyur amma kredit borcunu ödəmir. Kredit verilən 2014-cü il tarixdən vəfat etdiyi 2021-ci il tarixədək 7 ildə borc alanın sağlığında heç bir ödəniş etməyən borclunun sağlığmda bütün tədbirləri görmək lazım idi. O, 1983-cü ildən ən aşağı maaşla istehsalat təlim ustası işləmişdir (107 manat aylıq maaşla). Bir ildir 65 yaş bitdiyinə görə təqaüddədir, minimum təqaüd alır, özünə kifayət etmir, müalicəsinə pul tapmır. Ona görə də iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməsi, rədd edilməsi, borcun vərəsələrdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-453/2023 saylı qətnaməsi ilə (hakim V.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 4107.74 (dörd min bir yüz yeddi manat yetmiş dörd qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, kreditdən istifadəyə görə illik 1% dərəcəsi ilə hesablanmış 70.08 (yetmiş manat səkkiz qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0.02 % dərəcəsi ilə hesablanmış 0.33 (otuz üç qəpik) manat məbləğində penya, cəmi 4 178.15 (dörd min bir yüz yetmiş səkkiz manat on beş qəpik) manat borc və ödənilmiş 61,79 (altmış bir manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı ASC “Xalq” Banka ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ASC “Xalq” Bank ilə X6 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli **********29519 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1 % olmaqla, 4 915.07 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh Bəxtiyar Musayev kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. X6 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra ona məxsus əmlak və ya vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. Kredit müqaviləsi üzrə borcalan Bəxtiyar Musayevin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh arasında 19 sentyabr 2019-cu il tarixli **********29519/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.

Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə hesab etmişdir ki, 19 sentyabr 2019-cu il tarixli **********29519/ZM nömrəli zaminlik müqavilələrinin şərtlərinə görə zamin -Cavabdeh iddiaçı qarşısında borcalan cavabdeh X6 ilə birgə məsuliyyət daşıdığından və onun iddiaçı qarşısında öhdəlikləri yarandığından iddiaçı cavabdeh-zaminə qarşı hazırki iddia tələbi ilə müraciət etməkdə haqlıdır.

9. Məhkəmə hesab etmişdir ki, 19 sentyabr 2019-cu il tarixli **********29519 saylı kredit müqaviləsinə əsasən 4107,74 manat əsas borc məbləği Cavabdeh alınaraq, iddiaçıya qaytarılmalıdır.

10. Məhkəmə həmçinin hesab etmişdir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər.

11. Bu səbəbdən də məhkəmə Cavabdeh 19 sentyabr 2019-cu il tarixli **********29519 saylı kredit müqaviləsinə əsasən 70,08 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab etmişdir.

12. Məhkəmə cərimə borcunun da, cavabdehdən tam şəkildə tutulmasını qanuni hesab etmişdir. Çünki, kredit borcu üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi borclunun təqsiri üzündən baş vermişdir.

13. Bu səbəbdən də məhkəmə Cavabdeh 19 sentyabr 2019-cu il tarixli **********29519 saylı kredit müqaviləsinə əsasən 0,33 manat cərimənin də alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab etmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448.1, 448.2, 739.1, 739.2, 1306.1, 470.1, 472.1, 472.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a)Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.

16. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, nə məhkəmə iclasında, nə də qətnamədə onun əsas borclunun hüquqi varislərinin müəyyən olunması və icraatın dayandırılması haqqında vəsatətinə və mərhumun varisləri barədə təqdim etdiyi Arayışa heç bir münasibət bildirməmiş, sübutlar siyahısına qərəzli olaraq salmamış, qanunsuz olaraq iddiaçının tələbini tam təmin etmişdir.

17. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə əsas borclunun hüquqi varislərinin müəyyən edilməsi ilə bağlı əsassız olaraq Azərbaycan respublikasının Ədliyyə Nazirliyi X5 Reyestri Xidmətinə sorğu göndərmişdir. Halbuki, məhkəmə X4 hüquqi varislərinin olub-olmadığını, miras əmlakı faktiki qəbul edib etmədiyini müəyyən etməli idi.

18. Konstitusiya Məhkəməsinin Plenumunun sözü gedən qərarından görünür ki, məhkəmə əvvəlcə əsas borclunun hüquqi varisini müəyyən etmək məqsədi ilə onun vərəsələrinin olub-olmadığını, miras əmlakının olub-olmadığını, həmin əmlaka vərəsələr tərəfindən faktiki sahiblik edilib-edilmədiyini, və ya əmlakın idarə edilməsinə faktiki başlanıb-başlanmamasını müəyyən etməli idi.

19. Halbuki tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, mərhum əsas borclu X6 vəfat etdiyi günədək Zaqatala rayonu, Aşağı Tala kəndində yaşamışdır. Onun aşağıda qeyd olunan varisləri qalmışdır. 1 Həyat yoldaşı- X10 2. Oğlu - X8, 3. Oğlu - X14.

20. X1 vəfat edən günədək Zaqatala rayonu, Aşağı Tala kəndində Arayışda qeyd olunan ailə üzvləri ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşamışdır. Arayışdan həmçinin görünür ki, X1 vəfat edərkən ona məxsus əmlak faktiki olaraq ailə üzvləri tərəfindən sahiblik edilmiş və hazırda da ailə üzvləri tərəfindən idarə olunur.

21. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur. Məhkəmə sadaladığı faktları araşdırmadan, Mülki Prosessual Qanunvericiliyin tələblərinə riayət etməyərək, təkcə iddiaçının təqdim etdiyi faktlara əsaslanaraq iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76 və 88-ci maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır.

22. Birinci istansiya məhkəməsi qətnamədə iddia ərizəmə əlavə etdiyi Arayışı nəzərə almamış, borclunun hüquqi varisini müəyyən etmək məqsədi ilə onun vərəsələrinin olubolmadığını, miras əmlakının olub-olmadığını, həmin əmlaka vərəsələrinin faktiki sahiblik edib-etmədiyini aydınlaşdırmamışdır.

23. Konstitusiya Məhkəməsinin Plenumunun sözü gedən qərarına əsasən, məhkəmə əvvəlcə əsas borclunun hüquqi varisini müəyyən etmək məqsədi ilə onun vərəsələrinin olub-olmadığını, miras əmlakının olub-olmadığını, həmin əmlaka vərəsələr tərəfindən faktiki sahiblik edib-etmədiklərini müəyyən etməli idi.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

25. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2(033)-453/2023 iş saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e- 2(033)-453/2023 iş nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X8 və X14 ayrıayrılıqda apellyasiya şikayəti ilə razı olmadıqlarını, hazırda atalarından qalmış kredit borcunun ödənilməsinə maddi imkanlarının olmadığını, lakin imkanları daxilində həmin borcu ödəyəcəklərini göstərmişlər.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X19 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2(033)- 453/2023 iş nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs X10 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

36. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

38. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2(033)- 453/2023 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Kollegiyanın iclasında müəyyən edildi ki, iddiaçı ASC “Xalq” Bank ilə X6 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli **********29519 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1 % olmaqla, 4 915.07 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Bəxtiyar Musayevin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh arasında 19 sentyabr 2019-cu il tarixli **********29519/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh Bəxtiyar Musayev kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədən xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X4 vəfatından sonra ona məxsus əmlak və ya vərəsəlik işinin açılması barədə məlumatın aşkar edilməməsinə istinad edən iddiaçı ASC “Xalq” Bank kredit müqaviləsi üzrə borcun zamindən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, zamin Cavabdeh kredit borcunun Bəxtiyar Musayevin vərəsələrindən tutulmalı olduğunu göstərərək iddia tələbinə etiraz etmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin əsas borclunun hüquqi varislərinin müəyyən olunması və icraatın dayandırılması haqqında vəsatətinə, mərhumun varisləri barədə təqdim etdiyi Arayışa heç bir münasibət bildirməməsi, birinci instansiya məhkəməsinin əsas borclunun hüquqi varislərinin müəyyən edilməsi ilə bağlı əsassız olaraq Azərbaycan respublikasının Ədliyyə Nazirliyi X5 Reyestri Xidmətinə sorğu göndərməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin 16 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclası üzrə iş materialında olan məhkəmə iclas protokolundan görünür ki, cavabdehin icraatın dayandırılması haqqında vəsatəti müzakirə edilmiş və vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmçinin iş materiallarından müəyyən edildiyi kimi məhkəmə tərəfindən Ədliyyə Nazirliyi X5 Reyestri Xidmətinə deyil, Bəxtiyar Musayevin vərəsələrinin müəyyən edilməsi məqsədi ilə Zaqatala RİHB-nın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu göndərilmiş və cavabdehin təqdim etdiyi Zaqatala RİHB-nın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 may 2023-cü il tarixli, 5-82-15/2-394/2023 saylı vərəsəlik arayışı iş materiallarına əlavə edilmişdir. Həmin vərəsəlik arayışında adları göstərilən və məhkəmə kollegiyasının X4 varisləri qismində cəlb etdiyi üçüncü şəxslərə qarşı iddiaçı bank tərəfindən heç bir iddia tələbi irəli sürülməmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin X4 hüquqi varislərinin olubolmadığının, miras əmlakı faktiki qəbul edib etmədiyinin müəyyən edilməli olması, ona məxsus əmlakın faktiki olaraq ailə üzvləri tərəfindən sahiblik edilməsi və hazırda da ailə üzvləri tərəfindən idarə olunmasına dair dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı iddia ərizəsindən göründüyü kimi iddia tələbi mərhum kredit alanın vərəsələrinə qarşı deyil, zamininə qarşı irəli sürülmüşdür.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

45. Kollegiya qeyd edir ki, kredit alan X4 vərəsələri tərəfindən onun öhdəliyinin icrası təmin edilmədiyindən iddiaçı ASC “Xalq” Bank zamin Cavabdeh qarşı hazırkı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Zamin Cavabdeh isə ödəyəcəyi məbləğlə bağlı X4 vərəsələrinə qarşı iddia qaldırmaq hüququ vardır.

46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddia tələbi üzrə düzgün olaraq yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-453/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-453/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar