Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1041/2025 08.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borc müqaviləsi üzrə pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(024)-444/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 25 noyabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən, 15.000 manat məbləğində pul vəsaitinin və ödədiyi 135 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X6 ilə Cavabdeh arasında 25 noyabr 2023-cü il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, atası X6 15.000 manat məbləğində pulu cavabdehə verməyi, o isə öz növbəsində 25 may 2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh borc müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bugünkü günədək 15.000 manat məbləğində olan borcunu geri qaytarmamışdır. Mərhum atası X6 13 dekabr 2023-cü il tarixində vəfat etmişdir. X8 Xidmət Mərkəzində Notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qanun üzrə birinci növbədə vərəsə kimi tanınmışdır (Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsə olmağı ilə bağlı sənədi də iddia ərizəsinə əlavə edir). O, müqavilədə göstərilən müddət bitdikdən sonra qanun üzrə vərəsə kimi pulun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, o borcunu qaytarmasında heç bir addım atmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, cavabdehə 15.000 manat borc verilmişdir. Onun xahişi odur ki, haqqı bərpa olunsun. Cavabdeh 25 noyabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən, 15.000 manat məbləğində pul vəsaitinin və ödədiyi 135 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.
5. Qax Rayon Məhkəməsinin (hakim M.Zeynalov) xx.xx.2025-ci il tarixli, 2(024)- 444/2025 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı xeyrinə Cavabdeh 25 noyabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən 15.000 manat məbləğində pul və ödənilmiş 135 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
6. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı X6 ilə Cavabdeh arasında 25 noyabr 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İsa Məmmədov tərəfindən Cavabdeh 25 may 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Həmin müqavilə Bakı şəhər 43 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuşdur. X6 13 dekabr 2023-cü ildə ölmüşdür. X3 qanun üzrə vərəsəsi olan İddiaçı tərəfindən (irs qalmış miras əmlaka dair Bərdə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli 2V- 1715, 2V-1716, 2V-1717 reyestrli və 13 oktyabr 2024-cü il tarixli 2V-1964, 2V-1965, 2V-1966, 2V-1967, 2V-1968, 2V-1969 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən) hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. X6 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhər 43 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 25 noyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İsa Məmmədov tərəfindən Cavabdeh 25 may 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh 15.000 manat məbləğində borclu olması iddiaçının məhkəməyə təqdim etdiyi 25 noyabr 2023-cü il tarixli borc müqaviləsi ilə birbaşa sübuta yetirilmişdir. Məhkəmə həmin borc müqavbiləsini mötəbər sübut kimi qiymətləndirərək iddia tələbinin tam sübuta yetirilməsi qənaətinə gəlir.
8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh öz riski ilə müqavilə bağladığından, həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.
9. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir.
10. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 25 noyabr 2023-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır.
11. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 25 noyabr 2023cü il tarixli borc müqaviləsinə əsasən 15.000 manat məbləğində pul və ödənilmiş 135 manat dövlət rüsumunun tutulmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 149cu maddəsinin Vİİ-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.3, 385.1, 442, 448.1, 421, 739.1, 739.2, 740, 741-ci maddələrinə, Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.6-cı bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 115.0.9, 119.1, 217.2, 217.3, 218.3, 222.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qeyd edilən 15 000 manat məbləğində borc puldan o, müəyyən hissəsini iddiaçıya ödəmişdir. Belə ki, onun haqqında iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 19-cu polis bölməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi zamanı da məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhəri, Nəsimi rayonu,19-cu PB-nə təhqiqat qərarının əldə edilməsi üçün soğru ünvanlamasını xahiş etmişdir. Lakin onun ərizəsi təmin olunmamış və həmin qərarda onun iddiaçı tərəfə 15 000 manat məbləğində puldan hissə-hissə ödəniş etdiyi öz təsdiqini tapacaqdır. Belə ki, X5 iddiaçının atası İsa Məmmədova 8 000 manat məbləğində pulu qaytarmışdır. Həmin 8 000 manat pulun qaytarılması qeyd edilən qərarda da öz təsdiqini tapmışdır. Hazırda X5 həbsdədir. İsa Məmmədov isə vəfat etmişdir. İddiaçı 8000 manat məbləğində pulun ödənildiyini bilir, lakin məhkəmədən 15000 manat pulu tam şəkildə tələb edir. O, özü 19-cu PB-nin inzibati binasına yaxınlaşaraq qərarı əldə etmək istəmiş, lakin ona bildirilmişdir ki, hakim tərəfindən sorğu verilərsə, işi onlar məhkəməyə göndərə bilərlər. O, bir daha bildirir ki, birinci instansiya məhkəməsində ərizə ilə hakimə müraciət edib xahiş etmişdir ki, həmin qərarın əldə edilməsi üçün sorğu verilsin, lakin verilməmişdir. Onun yox X5un iddiaçının mərhum atası İsa Məmmədova 7000 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəf bunu bildiyi halda həmin pulu onlardan tam şəkildə tələb edir. X5 da həbsdə olduğu üçün məhkəmələrdə iştirak edə bilmir. Düşünür ki, Qax Rayon Məhkəməsinin 2(024)-444/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi yalnız iddiaçı tərəfin maraqlarını təmin edir və ona görə də ləğv olunmalıdır.
15. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut ediıməmiş nəticədə qətnamə qeyri-mötəbər, ziddiyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstəriliş nəticələrinin işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
16. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin 2(024)-444/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(024)-444/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında mərhum atası X6 ilə Cavabdeh arasında 25 noyabr 2023-cü il tarixdə bağlanmış borc müqaviləsi üzrə atası X6 tərəfindən Cavabdeh verilmiş 15000 manat borcdan borcalan Cavabdeh tərəfindən heç bir məbləğin geri qaytarılmadığını göstərmişdir.
19. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Apellyator Qax Rayon Məhkəməsinin 2(024)-444/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur .
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı mərhum atası X6 ilə Cavabdeh arasında 25 noyabr 2023-cü il tarixdə bağlanmış, Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş borc müqaviləsinə əsasən X6 tərəfindən Cavabdeh 25 may 2024-cü il tarixədək qaytarılması şərti ilə notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə 15000 manat məbləğində borc pul verilmişdir. X6 13 dekabr 2023cü il tarixdə vəfat etmiş, ondan qalmış miras İddiaçı tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etməmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
29. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən 15 000 manat məbləğində borc puldan onun tərəfindən müəyyən hissəsinin iddiaçıya ödənilməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
30. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
31. Həmin Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum atası İsa Məmmədov tərəfindən cavabdehə 15000 manat məbləğində pul vəsaitinin borc olaraq verilməsi iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi 25 noyabr 2023-cü il tarixli borc müqaviləsi ilə təsdiq edildiyi halda, cavabdeh tərəfindən həmin borcun hər hansı bir hissəsinin qaytarılmasına dair heç bir sübut təqdim edilməmişdir.
33. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
34. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Bakı şəhəri, Nəsimi rayonu,19cu PB-nə təhqiqat qərarının əldə edilməsi üçün sorğu ünvanlamasını xahiş etməsi, lakin onun ərizəsinin təmin olunmaması, həmin qərarda onun iddiaçı tərəfə 15000 manat məbləğində puldan hissə-hissə ödəniş etdiyinin öz təsdiqini tapacağı, X5un iddiaçının atası İsa Məmmədova 8000 manat məbləğində pulu qaytarması, 8000 manat pulun qaytarılmasının qeyd edilən qərarda da öz təsdiqini tapmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili üzrə dəqiqləşdirilmə aparılması məqsədi ilə, məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri Nəsimi rayonu 19-cu Polis Şöbəsinə İddiaçı, Cavabdeh təhqiqat araşdırması dövründə verdikləri izahatlarının təqdim edilməsi, həmçinin həmin təhqiqat araşdırmasının nəticəsi üzrə qəbul edilmiş qərarın surətinin göndərilməsinə dair sorğular göndərilmiş, sorğuların nəticəsi üzrə əldə edilmiş tərəflərin təhqiqat araşdırması dövründə verdikləri izahatları, həmçinin cinayət işinin başlanılmasının rədd edilməsinə dair Bakı şəhəri Nəsimi rayonu 19-cu Polis Şöbəsinin təhqiqatçısı tərəfindən 18 yanvar 2025-ci il tarixdə qəbul edilmiş qərar iş materiallarına əlavə edilmişdir.
36. Bakı şəhəri Nəsimi rayonu 19-cu Polis Şöbəsindən məhkəmə kollegiyasına göndərilmiş sənədlərdən Cavabdeh, yaxud onun X5 tərəfindən iddiaçı tərəfə 15000 manat məbləğində puldan hissə-hissə ödəniş edilməsi, Yaşar Məmmədovun iddiaçının atası İsa Məmmədova 8000 manat məbləğində pulu qaytarması halları öz təsdiqini tapmamışlar.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun yox X5un iddiaçının mərhum atası İsa Məmmədova 7000 manat məbləğində borcunun qalmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan İddiaçı mərhum atası X6 ilə Cavabdeh arasında 25 noyabr 2023-cü il tarixdə bağlanmış, Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş borc müqaviləsindən görünür ki, X6 tərəfindən Cavabdeh 25 may 2024-cü il tarixədək qaytarılması şərti ilə notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə 15000 manat məbləğində borc pul verilmişdir.
38. İşdə olan ünvan ünvanladığı 25 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında borc müqaviləsi üzrə Bərdə rayonu Xanərəb kəndində qeydiyyatda olan X6 tərəfindən ödəniləcək 15000 manat məbləğin Qax rayonu Qaşqaçay kəndində qeydiyyatda olan Cavabdeh verilməsi üçün banklarında olan depozit hesabına qəbul olunması xahiş edilmişdir.
39. İşdə olan Bank Respublika ASC tərəfindən 25 noyabr 2023-cü il tarixdə verilmiş ödəniş qəbzindən görünür ki, X6 tərəfindən borc müqaviləsi üzrə 15000 manat pul vəsaiti həmin bankdakı hesaba ödənilmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan halların düzgün müəyyən edilməməsi, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamənin qeyrimötəbər, ziddiyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstəriliş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 76, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstəriliş nəticələr işin hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir.
42. Odur ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(024)-444/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(024)-444/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.