Məhkəmə qərarları › İş №2(107)-1045/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1045/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1045/2021 25.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X3 ilə İddiаçı X1 cаvаbdеh Cavabdeh qаrşı borcun və faizin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(014)-1693/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(014)-1693/2020 saylı qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin edilmiş, Ağdaş rayon, Maşad kəndində yaşayan Cavabdeh 28.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 255 manat əsas borc və 26 manat cərimə borcu, 08.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə 288 manat əsas borc və 29 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi, cəmi 618 manat borcun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiаçı X1 cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Maşad kəndində yaşayan Cavabdeh 28.02.2016-ci il tarixli kredit müqaviləsi üzrə 255.00 manat əsas borcu və 150.00 manat faiz üzrə borcun, cəmi 405.00 manat borcun, 08.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə 288.00 manat əsas borcu və 172.00 manat hesablanmış faiz üzrə borcu, cəmi 460.00 manat borcun həmçinin dövlət rüsumu hesabına ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 28.02.2016-ci il tarixli kredit müqaviləsinə əsasən Dnepr markalı soyuducunun alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 28.02.2017-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 612.00 manat məbləğində, 08.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Samsung 350 markalı mobil telefonun alınması məqsədilə cavabdehə 12 ay müddətinə, yəni 08.03.2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 288.00 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlin müvafiq olaraq həyata keçirilir. Cavabdeh 28.02.2016-cı il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 357.00 manat, 08.03.2016-cı il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə pul ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 13.01.2020-ci il tarixə 28.02.2016cı il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 255.00 manat, 08.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 288.00 manat təşkil edir. Həmin Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 28.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 150.00 manat, 08.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə 172.00 manat tələb edir. Hazırda Cavabdeh ona 28.02.2016-ci il tarixli kredit müqaviləsi üzrə 255.00 manat əsas borcun və 150.00 manat faiz üzrə borcu, cəmi 405.00 manat, 08.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə 288.00 manat əsas borcu və 172.00 manat hesablanmış faiz üzrə borcu, cəmi 460.00 manat borcu yaranmışdır. Cavabdeh ona olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı X2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikayəti onunlar əsaslandırılmışdır ki, cavabdeh müqavilə və müqaviləyə əlavə üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq kredit borcunu müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmədiyinə görə onun borcu yaranmışdır. Ona görə də yaranmış borc üzrə əlavə olaraq 28.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 150 manat, 08.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə 172 manat illik 60 faiz artırılmış faiz (cərimə borcu) hesablanmışdır. Cərimə borcu hesablanarkən cavabdehin maddi və əmlak vəziyyəti nəzərə alınaraq borc azaldılmışdır. Bildirir ki, müqavilədə əsas borca faiz borcu yox, geçikməyə görə artırılmış faiz borcu nəzərdə tutulmuşdur. Lakin işə baxan məhkəmə həmin gecikməyə görə hesablanmış artırılmış faiz borcunu faiz borcu kimi nəzərə almış, müqavilədə isə faiz borcu qeyd edilmədiyinə görə dəbbə pulu kimi nəzərə almış, 255 manat əsas borca hesablanmış 150 manat cərimə borcunun, 288 manat əsas borca hesablanmış 172 manat cərimə borcunun əsas borca nisbətdə çox yüksək olduğu qənaətinə gələrək həmin borcun azaldılaraq 26 manat və 29 manat məbləğində müəyyən etmişdir. Artırılmış faiz borcun əsas borca münasibətdə 26 manat və 29 manat hesablanmalı olduğunu qətnaməsində əsaslandırmamışdır. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(014)-1693/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: İddiaçı X2 məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(014)- 1693/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyasının müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 28.02.2016-ci il tarixli kredit müqaviləsinə əsasən Dnepr markalı soyuducunun alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 28.02.2017-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 612.00 manat məbləğində, 08.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Samsung 350 markalı mobil telefonun alınması məqsədilə cavabdehə 12 ay müddətinə, yəni 08.03.2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 288.00 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlin müvafiq olaraq həyata keçirilir. Cavabdeh 28.02.2016-cı il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 357.00 manat, 08.03.2016-cı il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə pul ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 13.01.2020-ci il tarixə 28.02.2016cı il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 255.00 manat, 08.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 288.00 manat təşkil edir. Həmin Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 28.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 150.00 manat, 08.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə 172.00 manat tələb edir. Hazırda Cavabdeh ona 28.02.2016-ci il tarixli kredit müqaviləsi üzrə 255.00 manat əsas borcun və 150.00 manat faiz üzrə borcu, cəmi 405.00 manat, 08.03.2016-cı il tarixli kredit müqaviləsi üzrə 288.00 manat əsas borcu və 172.00 manat hesablanmış faiz üzrə borcu, cəmi 460.00 manatını tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, 28.02.2016-cı il tarixli müqaviləsi üzrə tələb edilən 150.00 manat və 08.03.2016-cı il tarixli müqaviləsi üzrə isə tələb edilən 172.00 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. 28.02.2016-cı il tarixli müqaviləsi üzrə tələb edilən əsas borcun miqdarının 255.00 manat, 08.03.2016-cı il tarixli müqaviləsi üzrə isə tələb edilən əsas borcun miqdarının 288.00 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 28.02.2016-cı il tarixli müqaviləsi üzrə 150.00 manat, 08.03.2016-cı il tarixli müqaviləsi üzrə isə 172.00 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddiaçının cavabdehdən 28.02.2016-ci il tarixli müqaviləsi üzrə tələb edilən 150.00 manat dəbbə pulu tələbinə dair hissəsi qismən – 26 manat həddində və 08.03.2016-cı il tarixli müqaviləsi üzrə isə tələb edilən 172.00 manat dəbbə pulu tələbinə dair hissəsi isə qismən – 29 manat həddində təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı sayır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir əsaslı sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əəsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(014)-1693/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(014)-1693/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar