Məhkəmə qərarları › İş №2(107)-1046/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1046/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1046/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2(014)-1684/2020 nömrəli qətnaməsindən iş üzrə iddiаçı İddiaçı və cаvаbdеh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 07 dekabr 2020-ci il tarixli 2(014)- 1684/2020 nömrəli qətnaməsi ilə İddiaçı cаvаbdеh Cavabdeh qаrşı borcun və faizin ödənilməsi tələbinə dаir iddiаsı qismən təmin edilərək Ağdaş şəhəri S.Vurğun küçəsi-2/12 ünvanında yaşayan Cavabdeh 30.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə 303.00 manat (276.00 manat əsas borc və 27.00 manat cərimə) borcun, 23.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə 396 manat (360.00 manat əsas borcu və 36.00 manat cərimə) borcu, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi, cəmi 719.00 (yeddi yüz on doqquz) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı «borcun və faizin ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Ağdaş şəhəri S.Vurğun küçəsi-2/12 ünvanında yaşayan Cavabdeh 30.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə 276.00 manat əsas borc və 160.00 manat faiz üzrə borc olmaqla, cəmi 436.00 manat borcun, 23.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə 360.00 manat əsas borc və 210.00 manat hesablanmış faiz üzrə borc olmaqla, cəmi 570.00 manat borcun, habelə dövlət rüsumu hesabına ödədiyi 30 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 30.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Samsung 9192 markalı mobil telefonun alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 30.07.2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 516.00 manat məbləğində, 23.08.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 3 ədəd Pioner maşın kolonkasının vvə Uslitelin alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 23.08.2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 600 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Cavabdeh 30.07.2016-cı il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 240.00 manat, 23.08.2016-cı il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 240.00 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 30.03.2020-ci il tarixə 30.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 276.00 manat, 23.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 360.00 manat təşkil edir. Həmin Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 30.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə 160.00 manat, 23.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə 210.00 manat tələb edir. Hazırda Cavabdeh ona 30.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə 276.00 manat əsas borc və 160.00 manat faiz üzrə borc olmaqla, cəmi 436.00 manat, 23.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə 360.00 manat əsas borc və 210.00 manat hesablanmış faiz üzrə borc olmaqla, cəmi 570.00 manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2(014)-1684/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında bağlanmış 30.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən “Samsung 9192” markalı mobil telefon alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 30.07.2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 516.00 manat məbləğində, 23.08.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 3 ədəd “Pioner” maşın kolonkasının və Uslitelin alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 23.08.2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 600 məbləğində kredit verilmişdir. Müqavilələrin 2.2-ci bəndinə əsasən, borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin cavabdeh müqavilə və müqaviləyə əlavə üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq kredit borcunu müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmədiyinə görə onun borcu yaranmışdır. Ona görə də yaranmış borc üzrə əlavə olaraq 30.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə 160 manat, 23.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə 210 manat illik 60 faiz artırılmış faiz (cərimə borcu) hesablanmışdır. Cərimə borcu hesablanarkən tərəfindən cavabdehin maddi və əmlak vəziyyəti nəzərə alınaraq borc azaldılmışdır. Bildirir ki, müqavilədə əsas borca faiz borcu yox, geçikməyə görə artırılmış faiz borcu nəzərdə tutulmuşdur. Lakin işə baxan məhkəmə həmin gecikməyə görə hesablanmış artırılmış faiz borcunu faiz borcu kimi nəzərə almış, müqavilədə isə faiz borcu qeyd edilmədiyinə görə dəbbə pulu kimi nəzərə almış, 276 manat əsas borca hesablanmış 160 manat cərimə borcunun, 360 manat əsas borca hesablanmış 210 manat cərimə borcunun əsas borca nisbətdə çox yüksək olduğu qənaətinə gələrək həmin borcu azaldaraq 27 manat və 36 manat məbləğində müəyyən etmişdir. Artırılmış faiz borcunun əsas borca münasibətdə 27 manat və 36 manat hesablanmalı olduğunu qətnaməsində əsaslandırmamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, o, qeyd edilən borc məbləğini cavabdehə artıqlaması ilə ödəmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2(014)-1684/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, iddiasını müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılıb apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 30.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən “Samsung 9192” markalı mobil telefonun alınması məqsədi ilə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, yəni 30.07.2017-cı il tarixədək ödənilməsi şərti ilə illik faiz dərəcəsi tətbiq edilməməklə 516 manat məbləğində kredit verilmişdir. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 23.08.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 3 ədəd “Pioner” maşın kolonkasının və Uslitelin alınması məqsədi ilə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, yəni 23.08.2017-ci il tarixədək ödənilməsi şərti ilə illik faiz dərəcəsi tətbiq edilməməklə 600 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlin müvafiq olaraq həyata keçirilir. Borcun ödənilmə qrafikindən görünür ki, Cavabdeh 30.07.2016-cı il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 240.00 manat, 23.08.2016-cı il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 240.00 manat pul ödəmişdir. Sözügedən müqavilə fərdi sahibkar İddiaçı möhürü ilə təsdiq edilmişdir. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən “Okean” cehiz mağazasında fərdi sahibkar kimi sahibkarlıq və elektronika əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 30.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən “Samsung 9192” markalı mobil telefonun alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 30.07.2017-cı il tarixədək ödənilməsi şərti ilə illik faiz dərəcəsi tətbiq edilməməklə 516 manat məbləğində, 23.08.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 3 ədəd “Pioner” maşın kolonkasının və Uslitelin alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 23.08.2017-ci il tarixədək ödənilməsi şərti ilə illik faiz dərəcəsi tətbiq edilməməklə 600 məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Cavabdeh 30.07.2016-cı il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 240 manat, 23.08.2016-cı il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 240 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 30.03.2020-ci il tarixə 30.07.2016-ci il tarixli kredit müqaviləsi üzrə olan əsas borcunun məbləği 276 manat, 23.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə olan əsas borcunun məbləği 360 manat təşkil edir. Həmin Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətinə görə müddət ötürdüyünü nəzərə alaraq bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunu 30.07.2016-ci il tarixli kredit müqaviləsi üzrə 160 manat, 23.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə 210 manat məbləğində tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı Cavabdeh 30.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə 276 manat əsas borc və 160 manat faiz üzrə borc olmaqla, cəmi 436 manat borcun, 23.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə 360 manat əsas borc və 210 manat hesablanmış faiz üzrə borc olmaqla, cəmi 570 manat məbləğində borcun, habelə dövlət rüsumu hesabına ödədiyi 30 manatın tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iş materiallarında mövcud olan sübutlar əsasında cavabdehin iddiaçı qarşısında 30.07.2016-cı il tarixli və 23.08.2016-cı il tarixli kredit müqavilələrinə əsasən yaranmış öhdəliyini tam olaraq yerinə yetirmədiyi qənaətinə gəlmiş və hesab etmişdir ki, “borc müqaviləsi üzrə tələb edilən 210.00 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. 30.07.2016-cı il tarixli müqavilə üzrə tələb edilən əsas borcun miqdarının 276.00 manat, 23.08.2016-cı il tarixli müqavilə üzrə isə tələb edilən əsas borcun miqdarının 360.00 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 30.07.2016-cı il tarixli müqaviləsi üzrə 160.00 manat, 23.08.2016-cı il tarixli müqaviləsi üzrə isə 210.00 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 30.07.2016-cı il tarixli müqavilə üzrə tələb edilən 160 manat dəbbə pulu tələbinə dair hissəsini qismən, yəni 27 manat həddində və 23.08.2016-cı il tarixli müqavilə üzrə isə tələb edilən 210 manat dəbbə pulu tələbinə dair hissəsini qismən, yəni 36 manat həddində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edilən borc məbləğini cavabdehə artıqlaması ilə ödədiyini bildirsə də, bununla bağlı hər hansı sübutu (ödəniş sənədləri və sairə) nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiyaya görə, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apellyasiya şikayətləri əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayətləri təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2(014)-1684/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı və cаvаbdеh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2(014)-1684/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar