Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1046/2024 05.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, kredit borcunun qaytarılması, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(046)-933/2024 saylı qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 əsas borc 3490 manat 58 qəpik, faiz borcu 1677 manat 79 qəpik, cəmi 5168 manat 37 qəpik borcun və ödənilmiş 71 manat 58 qəpik dövlət rüsumunun müştərək qavdada tutularaq iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı 3490 manat 58 qəpik əsas borc, 1677 manat 79 qəpik manat faiz borcu olmaqla, cəmi 5168 manat 37 qəpik məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-GEK-60 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASCnin Göyçay filialı ilə Cavabdeh2 arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli 907 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 24 %-lə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Göyçay filialı ilə zamin Cavabdeh1 arasında 10 oktyabr 2013-cü il tarixli 309 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh2 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh2 iddiaçıya olan ödənilməmiş əsas borcu 3490 manat 58 qəpik, faiz borcu 1677 manat 79 qəpik borc olmaqla, cəmi 5168 manat 37 qəpik manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamininə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 5168 manat 37 qəpik məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(046)-933/2024 saylı qətnaməsi (hakim E.Qurbanov) ilə İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 10 sentyabr 2013-cü il tarixli, 907 saylı kredit müqaviləsi üzrə 3490 manat 58 qəpik əsas borc, 1677 manat 79 qəpik faiz borcu, ümumilikdə 5168 manat 37 qəpik məbləğində pulun alınması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin İddiaçı QSC-İ Bank olmayan Kredit Təşkilatına aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 10 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3490 manat 58 qəpik əsas borcu,1677 manat 79 qəpik faiz borcu,cəmi 5168 manat 37 qəpik məbləğində kredit borcu yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Borc münasibətləri 10 sentyabr 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmaqla yaranmış, kredit 24 ay müddətinə verildiyindən, icra müddəti müəyyənləşdirilmiş öhdəlik üzrə iddia müddətinin axımı icra müddətinin başa çatdığı 10 sentyabr 2015-ci ildə başlanılmışdır.Beləliklə müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan,10 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı 10 sentyabr 2015-ci ildən başlanılaraq 10 sentyabr 2018-ci ildə başa çatır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, Cavabdeh2 10 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2015-ci ildə 222 manat ödəniş etməklə borcu etiraf etməsini təsdiq edən hərəkət etməklə iddia müddətinin axımı kəsilmişdir. Lakin xx.xx.2015-ci il tarixdən sonra ödənişlər edilmədiyindən, hətta həmin tarixdən hesablanmaqla iddia müddəti keçmiş hesab olunmalı, belə ki, İddiaçı QSC-i Bank olmayan Kredit Təşkilatı hüququn müdafiəsi üçün 3 illik iddia müddətini ötürməklə 08 aprel 2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə iddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh2 ərizə verməsini nəzərə alıb, birinci instansiya məhkəməsi hesab etmişdir ki, 3 illik iddia müddəti tətbiq olunmaqla Cavabdeh2 10 sentyabr 2013-cü il tarixli, 907 saylı kredit müqaviləsi üzrə 3490 manat 58 qəpik əsas borc, 1677 manat 79 qəpik faiz borcu, ümumilikdə 5168 manat 37 qəpik məbləğində pulun alınması tələbinə dair iddia təmin olunmamalıdır. Digər tərəfdən hazırki iş üzrə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə X3 zaminliyinə xitam verilməsinə qanuni əsaslar müəyyən olunmuşdur. Belə ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 24 ay müəyyən edildiyi və kredit müqaviləsinin xx.xx.2015-ci il bitmə tarixindən iki il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malik olduğu halda,kredit müqaviləsinin bitmə müddəti keçdikdən təxminən 8 il yarım sonra İddiaçı QSC-i Bank olmayan Kredit Təşkilatı cavabdeh zamin X4 qarşı iddia irəli sürmüşdür. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malikdir. Həmin müddət ərzində kreditorun zaminə qarşı iddiası irəli sürülmədiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, zaminliyə xitam verilməli,digər Cavabdeh1 qarşı olan iddia da təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 743, 477, 372.1, 372.2, 377.1, 377.2, 373.2, 380.1, 380.2-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 220.5 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlərin iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə istinad edib hazırkı mübahisəyə iddia müddəti tətbiq edərək iddianı rədd etmək barədə xx.xx.2024-cü il tarixli, e-2(046)-933/2024 saylı qətnamə qəbul etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-933/2024 saylı qətnaməsi həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə bağlı çıxardığından həmin qətnamə ləğv edilməli və verilmiş iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-nin 9,10.1.3, 88, 172, 185.2 və 185.4-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(046)-933/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı BOKT QSC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(046)-933/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsaən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanılır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Hımin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(046)-933/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(046)-933/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(046)-933/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 10 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3490 manat 58 qəpik əsas borcu,1677 manat 79 qəpik faiz borcu,cəmi 5168 manat 37 qəpik məbləğində kredit borcu yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Borc münasibətləri 10 sentyabr 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmaqla yaranmış, kredit 24 ay müddətinə verildiyindən, icra müddəti müəyyənləşdirilmiş öhdəlik üzrə iddia müddətinin axımı icra müddətinin başa çatdığı 10 sentyabr 2015-ci ildə başlanılmışdır.Beləliklə müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan,10 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı 10 sentyabr 2015-ci ildən başlanılaraq 10 sentyabr 2018-ci ildə başa çatmışdır. İddiaçı tərəf isə 8 aprel 2024-cü il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Şikayətdə qeyd edilir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-nin 9,10.1.3, 88, 172, 185.2 və 185.4-cü maddəsinin tələbləri pozulmuşdur. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 562 nömrəli birgə borclularla kredit İşə əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 907 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borc verən "xxxx" ASC-i ilə borclu Cavabdeh2 arasında illik 24 % olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kreditin verilməsinə dair müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 907 nömrəli zaminlik müqaviləsindən görünür ki, borc verən "xxxx" ASC-i ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3490 manat 58 qəpik əsas borc, 1677 manat 79 qəpik faiz borcu olmaqla, ümumilikdə 5168 manat 37 qəpik borcu mövcuddur. İşə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borclu Cavabdeh2 tərəfindən sonuncu dəfə xx.xx.2015-ci ildə 222 manat məbləğində ödəniş edilmişdir. İşə əlavə edilmiş 11 fevral 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı QSC BOTK tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bildiriş göndərilərək kredit müqaviləsi üzrə borcların ödənilməsinin təmin edilməsi xahiş edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh2 10 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2015-ci ildə 222 manat ödəniş etməklə borcu etiraf etməsini təsdiq edən hərəkət etməklə iddia müddətinin axımı kəsilmişdir. Lakin xx.xx.2015-ci il tarixdən sonra ödənişlər edilməmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə ödənildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün sonuncu müddət xx.xx.2018-ci il tarix olmuşdur. İddiaçı tərəf isə 8 aprel 2024-cü il tarixdə məhkəmədə iddia qaldırdığından üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(046)-933/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(046)-933/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1046/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1046/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver