Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1049/2025 18.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Ziyanın ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)-671/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Oba Market” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat və 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 37 (otuz yeddi) manat məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə edilmiş dəyişiklliyə əsasən administrator vəzifəsinə işə qəbul olunmuş və onunla “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin “OBA İsmayıllı 4” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə yekun 6786 (altı min yeddi yüz səksən altı) manat 30 (otuz) qəpik zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik borcu qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, Oba Market” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat və 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 37 (otuz yeddi) manat məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehə isə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 14 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
4. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) xx.xx.2025-ci il tarixli, e- 2(051)-671/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı MMC-nin Cavabdeh qarşı Oba Market” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6659,49 manat məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hüquqi şəxslə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən cavabdeh Cəmiyyətin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b) (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023cü il tarixli X5 haqqında müqavilə bağlanmışdır. Cavabdeh isə xx.xx.2023-cü il tarixdə ölkədən çıxmış, xx.xx.2024-cü il tarixdə ölkəyə giriş etmiş, xx.xx.2024-cü il tarixdə isə yenidən ölkədən çıxmışdır. Həmin vaxtdan cavabdeh əmək vəzifələrini yerinə yetirməmişdir. İddiaçı hüquqi şəxs cavabdehin izahatını almadan faktiki mövcud olan maddi ehtiyatların xx.xx.2023-cü il tarixinə olan vəziyyətinin yoxlamasını aparmaq məqsədi ilə “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” əmr imzalanmış, “Təbii itki normalarının tətbiqi haqında” xx.xx.2024- cü il tarixli 461 nömrəli əmrə əsasən İddiaçı MMCnin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin Təbii itki normaları çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator cavabdehdən tələb olunması əmr edilmişdir. Cavabdehə OBA- İSMAYİLLİ 4 (769) mağazasında xx.xx.2023-cü il tarixdə İnventarizasiya yoxlaması aparılması və həmin yoxlamada iştirak etməsi bildirilmiş, lakin cavabdeh yoxlama aparılması zamanı iştirak etməmişdir. Bununla belə aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akt tərtib edilmişdir. Həmin akta əsasən 22 dekabr 2023-cü il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirməsinin aparılması zamanı ümumi olaraq 6786,3 manat zərər vurulması müəyyən edilmişdir. Həmin aktla cavabdeh tanış olmamış və akta imza etməmişdir. Ona görə də cavabdehə xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (Təhvil-təslim) nəticələri ilə tanış olması üçün xəbərdarlıq məktubları göndərilmişdir. Bununla belə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş imtina aktında OBA-İsmayıllı 4 (769) mağazasında, xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasında həmin mağaza üzrə maddi məsul şəxs olan cavabdehin iştirak etdiyi göstərilmişdir. xx.xx.2024-cü il tarixli arayışa əsasən çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq cavabdehin 6659.49 manat borclu qaldığı göstərilmişdir. Ondan sonra cavabdehdən qeyd olunan borcun ödənilməsi tələb edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə mübahisənin predmetinin nədən ibarət olaması müəyyən edilməlidir.
7. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən edilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları və digər əlaqəli normativ hüquqi aktlar əsasında həll edilməlidir.
8. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibəti işçinin işəgötürənə vurduğu maddi ziyanın ödənilməsi ilə bağlı fərdi əmək mübahisədir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır.
9. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab etmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsində göstərilən şərtlər məcmu halında mövcud olmadığına görə iddianın rədd edilməsi üçün hüquqi əsasdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən iddiaçıya ziyanın həqiqətən vurulduğu aşkar olunmuş, cavabdehin qanunda nəzərdə tutulmuş qaydada üzürlü səbəb olmadan xx.xx.2023-cü il tarixdə ölkə ərazisini tərk etməklə əmək vəzifələrinin kobud şəkildə pozması qanuna zidd olmuş, lakin vurulmuş ziyanla cavabdehin qanuna zidd hərəkəti arasında səbəbli əlaqənin olması, yəni ziyanın məhz cavabdeh tərəfindən vurulması iddiaçının təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır.
10. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh xx.xx.2023-cü il tarixdən Cəmiyyətin Satış şöbəsində administrator vəzifəsinə keçirilmiş, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b) (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdən ölkə ərazisini tərk etmişdir. Bununla da o, üzürlü səbəb olmadan əmək vəzifələrini yerinə yetirməmişdir. OBA-İSMAYİLLİ 4 (769) mağazasında İnventarizasiya yoxlaması isə 2 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə aparılmışdır. İddiaçıya vurulmuş 6786,3 manat məbləğində ziyan da məhz həmin tarixdə aparılmış İnventarizasiya yoxlaması nəticəsində aşkar olunmuşdur. Göründüyü kimi əmək müqaviləsinə xitam verilərkən, həmçinin OBA-İSMAYİLLİ 4 (769) mağazasında xx.xx.2023-cü il tarixdə İnventarizasiya yoxlaması aparılarkən cavabdeh ölkə xaricində olmuş, yəni faktiki olaraq həmin tarixdən üzürlü səbəb olmadan işə gəlməmiş, lakin onun barəsində işəgötürən tərəfindən qanunda nəzərdə tutulmuş qaydada heç bir tədbir görülüməmişdir. Halbuki, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bununla belə iddiaçı tərəfindən həmin hallara qiymət verilməmiş, nə də işin araşdırılması zamanı nəzərə alınmamışdır. Eləcə də iddiaçı ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl cavabdehin yazılı izahatını almalı olduğu halda, onu etməmiş, həmçinin cavabdehin əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla cavabdehin hərəkətləri arasındakı səbəbli əlaqəni müəyyən etməmişdir. Bununla da iddiaçı tərəfindən əmək qanunveriliciyinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş, yəni cavabdehin iştirakı olmadan akt tərtib edilmiş, cavabdehin yazılı izahatı alınmamış, araşdırmaların (yoxlamanın) gedişində onun yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüquqları pozulmuş, iddiaçı cavabdehi yoxlamanın nəticələri ilə tanış etməmişdir. Belə olan halda iddiaçının istinad etdiyi, OBA-İSMAYİLLİ 4 (769) mağazasında aktivlər üzrə İnventarizasiya nəticələrinə dair xx.xx.2023-cü il tarixdə tərtib edilmiş yekun akt qanunda nəzərdə tutulmuş qaydada əldə edilmədiyinə görə sübut növü kimi qəbul edilə bilməz. Bu da o nəticəyə gəlmə əsas verir ki, iddiaçıya dəymiş ziyanın cavabdeh tərəfindən vurlması sübut olunmur. Ona görə də iddiaçının məhz cavabdehə qarşı ziyanın ödənilməsi ilə bağlı tələb hüququ yaranmamışdır. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83, 191, 192, 194, 200, 203, 288-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan İddiaçı MMC apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-671/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir.
14. Cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “X5 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. Cavabdehin iş fəaliyyətinin yoxlanması məqsədilə onun barəsində xx.xx.2023cü il tarixində inventarizasiya yoxlaması həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 6786 (altı min yeddi yüz səksən altı) manat 30 (otuz) qəpik məbləğində zərər vurması məlum olmuşdur.
15. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik borcu qalmaqdadır.
16. Hesab edir ki, belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırki vəziyyətdə Cavabdeh barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Odur ki, yuxarıda qeyd edilən faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır.
17. İşçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq vəzifəsi qanunla müəyyən olunmasına baxmayaraq məhkəmə gəldiyi qənaətlə işçini bu vəzifədən azad etmişdir.
18. Mingəçevir Şəhər Məhkəməsi cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı konteksində qiymətləndirmədən iddianı rədd etmişdir. Halbuki cavabdehin vəzifə təlimatı ürə iddiaçı təşkilatda hansı funksiyanı yerinə yetirməli olub-olmaması, həmin təlimat üzrə cavabdehin hər hansı pozuntuya yol veribverməməsinin müəyyən edilməsi iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmişdir. Məhz cavabdehin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub pozmaması müəyyən ediləndən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməli idi.
19. Mingəçevir Şəhər Məhkəməsi məhkəmə araşdırması aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməmişdir və sözügedən prosessual normanın tələblərini pozmuşdur.
20. Mingəçevir Şəhər Məhkəməsi Cavabdeh tərəfindən imzalanmış “X5 haqqında müqavilə” ilə onun üzərinə götürdüyü öhdəliklərə münasibət bildirməmişdir. Mingəçevir Şəhər Məhkəməsi cavabdeh barəsində keçirilmiş audit yoxlamasına lazımi diqqət yetirməmişdir.
21. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-671/2025 saylı 11 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, Cavabdeh tərəfindən ödənilməmiş 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) AZN və 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 37 (otuz yeddi) AZN məbləğin və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə kollegiyasına göndərdiyi ərizəsində məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, Cavabdeh gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin X5i İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; Maddə 200. X5 daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X5 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)-671/2025 nömrəli qətnaməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
31. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh iddiaçı təşkilatda satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə isə administrator vəzifəsinə keçirilmş və aralarında “X5” haqqında müqavilə imzalanmışdır. Cavabdeh İddiaçı MMC-nin “OBA İsmayıllı 4” mağazasında fəaliyyət göstərmiş və həmin mağaza üzrə maddi məsul şəxs olmuşdur. İddiaçı təşkilat xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin “OBA İsmayıllı 4” mağazasında inventarizasiya aparmış və Cavabdeh İddiaçı MMC qarşısında 6786,3 manat çatışmazlığının olmasını müəyyən etmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq cavabdehin ona 6659,49 manat ziyan vurması qənaətinə gəlmişdir. Lakin Cavabdeh aparılan inventarizasiyada iştirak etməmiş, inventarizasiyanın nəticələri üzrə tərtib edilmiş sənədlər Cavabdeh tərəfindən imzalanmamış və Cavabdeh tərəfindən iddiaçı təşkilata hər hansı bir ziyan vurması halı etiraf edilməmişdir.
33. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir.
34. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik borcunun qalmaqda olması, cavabdehin vəzifə borcunu yerinə yetirməməsinin iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsi, məhkəmənin gəldiyi qənaətlə işçini bu vəzifədən azad etməsi, məhkəmənin cavabdeh barəsində keçirilmiş audit yoxlamasına lazımi diqqət yetirməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş “OBA İsmayıllı 4” mağazasında 22 dekabr 2023-cü il tarixdə keçirilmiş növbədənkənar inventarizasiya nəticələrinə dair aktdan göründüyü kimi inventarizasiyanın aparılmasında cavabdeh iştirak etməmiş, inventarizasiyanın nəticələrinə dair həmin sənəd yalnız iddiaçı təşkilatın nümayəndələri tərəfindən tərtib edilməklə iddiaçı təşkilatın nümayəndələri tərəfindən imzalanmışdır.
35. Həmçinin iş materiallarında olan 31 iyul 2025-ci il tarixli auditor hesabatından və auditor rəyindən də göründüyü kimi audit yoxlamasında da iştirak edən 4 şəxsdən 3-ü iddiaçı təşkilatın nümayəndəsi, dördüncüsü isə sərbəst auditordan ibarət olmaqla, audit rəyinin verilməsində də məhz 22 dekabr 2023-cü il tarixdə keçirilmiş inventarizasiya nəticələrinə istinad edilmişdir.
36. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. İddiaçı təşkilatın 22 dekabr 2023-cü il tarixdə tərtib etdiyi akt iddiaçının öz mövqeyini əks etdirən sənəd olmaqla, həmin aktın tərtib edilməsində qanunla müəyyən olunmuş qaydada əldə edilmiş hər hansı bir məlumata, yəni sübuta istinad edilməmişdir.
38. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
40. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
41. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh tərəfindən ona 6659,49 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, Cavabdeh tərəfindən də iddia tələbi etiraf edilməmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Mingəçevir Şəhər Məhkəməsinin cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı konteksində qiymətləndirməməsi, Cavabdeh tərəfindən imzalanmış “X5 haqqında müqavilə” ilə onun üzərinə götürdüyü öhdəliklərə münasibət bildirməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması müəyyən edilmədiyi halda cavabdehin vəzifə funksiyalarının qiymətləndirilməsi, onun “X5 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərə münasibət bildirilməsi zərurəti müəyyən edilməmişdir.
43. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)-671/2025 nömrəli qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)-671/2025 nömrəli qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.