Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1050/2022 11.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (açar sözlər: qanunsuz olaraq qətimkan tədbiri kimi həbsdə saxlanılmaqla vurulmuş mənəvi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “qanunsuz olaraq qətimkan tədbiri kimi həbsdə saxlanılmaqla vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(019)- 447/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı 10 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2021 il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir.
2. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(019)-25/2021 nömrəli qərarı ilə vəsatət rədd edilmiş, xx.xx.1977-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsilə təqsirləndirilən şəxs hesab edilən İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, İddiaçı məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(107)-32/2021 saylı qərarı ilə Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsinə dair Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən verilmiş təqdimat qismən təmin edilmiş, təqsirləndirilən şəxs İddiaçı barəsində 10 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmış, təqsirləndirilən şəxs İddiaçı məhkəmə iclası zalında həbs edilmişdir.
4. Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş “Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında” barədə 14 sentyabr 2021-ci il tarixli qərarı ilə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı qeyd edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və tərəfindən onun barəsində xx.xx.2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir.
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqiləşdirilməsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 18 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək qanunsuz olaraq həbs qətimkan tədbiri kimi saxlamaqla ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 8000 (səkkiz min) manatm tutularaq ona kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia tələbini §§1-4-də olan işin halları ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, 4 ay müddətində qanunsuz həbsdə olduğu üçün ailəsindən, övladlarından, həyat yoldaşından ayrı düşümüşdür. Anası, xəstə atası, həyat yoldaşı, övladları onunla bərabər xiffət çəkmişlər. Ailəlikcə mənəvi iztirab keçirmişlər. Uzun müddət istintaq araşdırmaları getdiyindən barəsində müxtəlif şaiyələr gəzmişdir. Aparılan istintaq nəticəsində barəsində doğru olmayan, şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə təhqiqat, istintaq və prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, cəmiyyət içərisində hörmətdən düşmüşdür. Bütün bunlar nəticəsində çox böyük sarsıntı keçirmişdir. Bununla bağlı ona maddi və mənəvi zərər vurulmuşdur. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətlərin, keçirdiyi iztirab və sarsıntıların xarakterik maddi durumunun əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq, mənəvi ziyana görə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 8000 (səkkiz min) manat pulun alınaraq ona verilməsi ədalətli olar. Odur ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcəsindən 8000 (səkkiz min) manat pulun alınaraq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Balakən Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X1 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, “İddiaçı Balakən rayonu, Qullar kəndində yaşadığı evin həyətyanı torpaq sahəsindəki istixananın altından 10 aprel 2021-ci il tarixdə aşkar edilərək götürülmüş 44 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin İddiaçı tərəfindən əkilib-becərilib kultivasiya edilməsinə dair heç bir mötəbər sübut əldə edilməmişdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs İddiaçı iş üzrə ilkin araşdırma zamanı verdiyi bütün ifadələrində yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkarlanaraq götürülmüş 44 ədəd narkotik təbiətli çətətnə (kannabis) bitkilərinin şitillərinin əkib-becərmədiyini, həmin bitki şitillərini yaşadığı evin həyətyanı torpaq sahəsinə kimin tərəfindən qoyulduğunu bilmədiyini və kimin tərəfindən əkilibbecərilməsi barədə xəbərinin olmadığını bildirmiş, təqsirləndirilən şəxs İddiaçılə birlikdə yaşayan, iş üzrə şahid qismində dindirilmiş anası X6, arvadı X3, və atası X7 da həyətyanı torpaq sahələrində aşkarlanmış 44 ədəd narkotik təbiətli çətənə bitkisi şitillərinin özləri tərəfindən əkilib-becərilmədiyini, həmin şitillərin istixanaya kimin tərəfindən qoyulduğunu bilmədiklərini bildirmişlər. Aparılmış istintaq zamanı iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizanın 14 aprel 2021-ci il tarixli rəyində “İddiaçı narkotik vasitələrdən istifadə etmədiyi, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığı göstərilmişdir. Aparılmış istintaq zamanı təqsirləndirilən şəxs İddiaçı əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb edilmədiyi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə əlaqə saxlamadığı, həmçinin yaşadığı ünvandan külli miqdarda narkotik təbiətli çətənə bitkilərinin şitilləri aşkar olunub götürülən zaman Beyləqan rayonunda olduğu müəyyən edilmişdir. Aparılmış ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs İddiaçı təqsirliliyini sübut edən, əsaslı şübhələri aradan qaldıran mötəbər sübutların əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən isə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. İddiaçı qeyd edilən cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş və onun barəsində 10 iyul 2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Beyləqan rayonu “Şəfəq” Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 06 nömrəli arayışından görünür, ki, İddiaçı həqiqətən Balakən rayonu Qullar kənd sakinidir. 2021-ci ilin mövsümündə özünə məxsus 38 (otuz səkkiz) arı ailəsini saxlamaq üçün Beyləqan rayonu “Şəfəq” qəsəbəsinə gətirərək, Paşa Cəlilova məxsus həyətdə qoymuş və qulluq etməyə başlamışdır. Qəflətən ona zəng gəlmiş və o, Balakənə qayıtmışdır. Lakin geri Beyləqana qayıtmamışdır. Sonra da bildiklərinə görə 4 (dörd) ay həbsdə qanunsuz olaraq saxlanmışdır. Bu müddətdə 38 arı yeşiyinin 30 ədədi baxımsızlıqdan məhv olmuşdur. Nəticədə İddiaçı maddi ziyan dəymişdir. Odur ki, onun qanunsuz olaraq 4 (dörd) ay müddətində həbsdə saxlanması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcəsindən mənəvi ziyana görə 8000 (səkkiz min) manat pulun tutularaq ona kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsində işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
9. Balakən Rаyоn Məhkəməsinin (hakim Zamin Tahirov) 14 iyun 2022-ci il tarixli, 2(019)-447/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək və 19 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi zərərə görə 2000 (iki min) manat miqdarında pul kompensasiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, hazırkı işlə bağlı ödənilməli olan 40 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməsi qət edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Balakən Rаyоn Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(019)-447/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, sözügedən qətnamə əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da, digər tərəfdən həmin Məcəllənin 1114-cü maddəsinin tələblərini nəzərə almamışdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq- mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 2000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Balakən Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Göstərilənləri nəzərə alaraq mülki qanunvericiliyə əsasən Balakən Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli e-2(019)-447/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Balakən Rаyоn Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(019)-447/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 28. Azadlıq hüququ
İ. Hər kəsin azadlıq hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. İİ. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz.
Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. (...) İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ
(...) İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı
İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
18. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası)
Maddə 5. Azadlıq və toxunulmazlıq hüququ
4. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.
5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ vardır. Avropa Konvensiyasına dair 7 saylı Protokol Maddə 3. Şəxs cinayət əməli törətməyə görə qəti hökmlə məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə yaxud o, yeni və ya təzədən ortaya çıxmış halların inandırıcı surətdə məhkəmə səhvinə yol verildiyini sübuta yetirməsi əsasında əvf edildikdə, habelə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, müvafiq dövtətin qanuna və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.
19. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi
Maddə 56.0.1. Bəraət almış təqsirləndirilən şəxs, CPM-nin 56.0.5-ci maddəsinə əsasən qanunsuz həbs olunmuş və ya tibb, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs, CPM-nin 56.0.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 57.2.1. Bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilmiş şəxslərə-cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra vurulmuş ziyan ödənilir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Maddə 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Maddə 63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə iraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Maddə 350. Bəraət hökmü çıxarılmış şəxs bəraət almış şəxsdir. Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxslərdən daha bir qrupu qanunsuz həbs edilmiş və ya müddətdən artıq həbsdə saxlanılmış şəxslərdir.
20. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanunu
Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Maddə 5. Vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər; fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; istintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rаyоn Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(019)-447/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
25. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Müəyyən olunmuşdur ki, İddiaçı 10 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2021 il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə ittiham elan edilmiş və Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(107)- 32/2021 saylı qərarı ilə Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsinə dair Balakən Rayon Məhkəməsinin 12 aprel 2021ci il tarixli qərarı ləğv edilmiş, Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən verilmiş təqdimat qismən təmin edilmiş, təqsirləndirilən şəxs İddiaçı barəsində 10 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmış, təqsirləndirilən şəxs İddiaçı məhkəmə iclası zalında həbs edilmişdir. Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş “Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında” barədə 14 sentyabr 2021-ci il tarixli qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı qeyd edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsilə başlamımış cinayət təqibinə xitam verilmiş və onun barəsində xx.xx.2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. İddiaçı 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək və 19 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək müddətdə qanunsuz və əsassız həbsdə olmuşdur. İddiaçı bu müddət ərzində qanunsuz həbsdə olduğu üçün ailəsindən, övladlarından ayrı düşmüş, mənəvi iztirab keçirmişdir. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona o cümlədən mənəvi zərər vurulmuşdur. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
27. İnsan hüquqlarının, o cümlədən azadlıq hüququnun müdafiəsi ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin azadlıq hüququndan məhrum olması və ya azadlığının məhdudlaşdırılması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu əlverişsiz vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqlarının real mahiyyəti heçə enir və həmin hüquqlar deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla şərtlənir ki, onun pozulması həmin şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşayiət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır.
29. Qeyd etmək lazımdır ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 5-ci bəndi və 7 saylı Protokolun 3-cü maddəsi tələb edir ki, dövlət maddi hüquq normaları pozulmuş şəxsə kompensasiya verilməsi üçün öz ölkəsində tədbirlər görsün. Bununla bağlı kompensasiya almaq hüququ həm maddi, həm də mənəvi zərəri əhatə edir. X4rşı işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi bildirdi ki, yalnız azadlıqdan məhrum etmə dövlətdaxili qanunvericiliyə görə qanunsuz sayıldığı halda ərizəçilər 5-ci bəndə əsasən komensasiya almaq hüququna malik olacaqlar. Məhkəmə qeyd etdi ki, 5-ci bəndi tətbiq etmənin mümkünlüyünün bu cür şərhi bu bəndin predmetinə və məqsədinə cavab vermir, çünki onun formulundan aydın görünür ki, kompensasiya o hallarda verilməlidir ki, həbs və ya tutma «bu maddənin müddəaları pozulmaqla» həyata keçirilmiş olsun. Məhkəmə sonda bu nəticəyə gəldi ki, ərizəçilər dövlətdaxili hüquqa görə qanuni qaydada tutularaq həbs edilsələr də, bu, 5-ci maddənin 3-cü bəndi pozulmaqla baş verib. Dövlətdaxili qanunvericilik maddi müddəanın pozulduğu müəyyən edildikdə kompensasiya almaq hüququnu nəzərdə tutmadığına görə, burada həm də 5-ci maddənin 5-ci bəndi pozulub.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
31. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
32. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
33. Konstitusiya Məhkəməsinin sözügedən 31 may 2002-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
34. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya» nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
36. İş materiallarına əsasən ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində İddiaçı uzun müddət 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək 19 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək qanunsuz həbsdə qalması onda ümidsizlik, qeyri-müəyyənlik və həyəcan hissləri yaratmışdır. Qanunsuz həbs edilməsi və qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə uzun müddət həbsdə qalması ilə ona qarşı törədilən qanunsuz hərəkət şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, o, bu səbəbdən fiziki əzab çəkməsi nəticəsində iztirab keçirmişdir. Həmçinin İddiaçı bu müddət ərzində hərəkət etmək azadlığından və fəal ictimai həyat tərzindən məhrum edilmişdir, o, özünü bədbəxt hiss edir. Qanunsuz həbsdə olması və ona istinad olunan ağır cinayətin törədilməsi barədə məlumatların yayılması ilə şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələnmiş və bu da onun psixikasında və şüurunda mənfi izlər qoymuşdur. Həmçinin iddiaçının həbsdə qalması onu şəxsi həyatından və aktiv fəaliyyətindən məhrum etmiş, onun xeyirxah adına və reputasiyasına bərpaolunmaz zərər vurmuşdur. Bütün bunlar təbii ki, İddiaçı haqqında bəraət hökmünün çıxarılması ilə kompensasiya edilə bilməz.
37. Məhkəmə kollegiyası İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin Smirnova Rusiya Federasiyasına qarşı işi üzrə qərarına istinad edərək, qeyd edir ki, mənəvi ziyanın bir sıra formaları, o cümlədən emosional iztirablar öz mahiyyətinə görə hər bir konkret halla həmişə sübut oluna bilinmir (bax: Abdulaziz, Cabales and Balkandali v. X13, məhkəmənin 28 may 1985 il tarixli qərarı 94, §96).
38. Ancaq bu, məhkəməyə mənəvi ziyan vurulduğunun hesab edildiyi təqdirdə iddiaçıya mənəvi zərərə görə maliyyə kompensasiyası verilməsi barədə qərar çıxarmağa mane olmur. Hazırki işdə də ağlabatandır ki, iddiaçı uzun müddət həbsdə saxlanılmaqla əzab və iztirablar yaşamış, onda güclü ümidsizlik hissləri yaranmış və bu hisslər uzunmüddətli olmuşdur. Həmçinin İddiaçı gündəlik həyat tərzindən və şəxsi həyatından, ailə və uşaqları ilə bir yerdə yaşamasından məhrum olmaqla onun gündəlik və gələcək planları puç olmuşdur. O da şübhəsizdir ki, iddiaçının 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək və 19 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək həbsdə qalmaqla mənəvi sarsıntı, iztirab və ümidsizlik hissləri keçirməsi və nəticədə mənəvi zərərə məruz qalması ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində baş vermişdir və burada vurulmuş ziyanla həmin qanunsuz hərəkətlər arasında birbaşa səbəbli əlaqə vardır.
39. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ədalət və ağlabatanlıq nöqteyi-nəzərindən iddiaçıya 2000 manat mənəvi zərərə görə kompensasiyanın təyin edilməsi iddiaçının 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021ci il tarixədək və 19 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək əsassız həbsdə qaldığı müddətdə keçirdiyi həyəcan və iztirab hisslərinin qarşılığına və nüfuzunu, şərəf və ləyaqətini bərpa etmək məqsədinə mütənasibdir. Həmçinin kompensasiyanın ağlataban bu məbləği kimisə müflis etmək məqsədi daşımır.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
41. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
42. Belə ki, Konstitusiyamızda Azərbaycan vətəndaşlarının dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ təsbit edilmişdir.Bu o anlama gəlir ki, dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş vətəndaşa vurulmuş zərər Azərbaycan Respublikasının büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikasında dövlət büdcəsinin sərəncamçısı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi olduğundan həmin dövlət qürumunun hazırkı mübahisə üzrə cavabdeh olması qanunauyğun olmuşdur.
43. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
45. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
46. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rаyоn Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(019)-447/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
48. Apellyasiya baxışı zamanı mübahisələndirilən məbləğ 5 min manatdan az olduğundan məhkəmə kollegiyasının qəbul etdiyi qətnamədən kassasiya şikayəti verilməsi istisna olunur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Balakən Rаyоn Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(019)-447/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov