Məhkəmə qərarları › İş №2(107)-1050/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1050/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1050/2023 17.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1114/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12000 (on iki min) manat məbləğində borcun və 126 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə Cavabdeh1 yanına gələrək ona qara dəmir alveri ilə məşğul olduğunu, külli miqdarda dəmir olsa da, almağa pulu çatmadığını və pula ehtiyacı olduğunu bildirmişdir. O, da inanaraq şahidlərin yanında Cavabdeh1 12000 (on iki min) manat borc pul vermişdir. Sonradan pulunu Cavabdeh1 tələb etdikdə sonuncu pulu malın dəyərini ödəmək üçün oğlu Ceyhuna verdiyini, lakin oğlunun pulu ödəmədiyini və onu pis vəziyyətdə qoyduğunu bildirmişdir. Sonradan dəfələrlə xahişlər və tələblər etsə də bu günə qədər o pulunu cavabdehlərdən ala bilmir. Bu səbəbdən pulunu cavabdehlərdən geri ala bilmədiyi üçün Yevlax rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Lakin şikayəti mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. O, bu günədək ona borclu olduqlarını 12000 manat borc pul məbləğini cavabdehlərdən ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, sözügedən pulu məhz Cavabdeh1 verdiyini sonuncu isə həmin pulu oğlu Ceyhuna verdiyini bildirdiyindən hər ikisinə qarşı iddia qaldırmışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, İddiaçı pul almamış, həmin pulu oğlu Ceyhun almış, Ceyhun isə hazırda digər şəxslərə olan çoxsaylı borcları ilə əlaqədar hamıdan gizlənir. Özü hazırda onkoloji xəstəlikdən əziyyət çəkir, Rahilə Ceyhunu tapa bilmədiyindən pulu ondan tələb edir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır.

6. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1114/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 12000 (on iki min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (bir yüz iyirmi altı) manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə 12000 manat məbləğində borc pul vermiş, Cavabdeh1 isə 12000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı digər Cavabdeh2 pul verilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sorğu əsasında polis orqanından əldə edilmiş araşdırma materiallarında olan ərizə və izahatlardan da görünür ki, İddiaçı ilkin ərizəsində və izahatında mübahisələndirdiyi pulu məhz Cavabdeh1 verdiyini bildirmiş, Cavabdeh1 pulun oğlu tərəfindən götürüldüyünü bildirsə də, onun oğlu Ceyhun Səmədov bəhsi gedən 12000 manat pulu məhz atası Cavabdeh1 Rahilədən aldığını bildirmişdir.

9. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 12000 (on iki min) manat məbləğində pul tutulmalı, iddia tələbi cavabdeh Cehyun Xudatov münasibətdə isə əsassız olduğundan təmin olunmamalıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385.1, 442, 445-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə ondan əsassız olaraq tutulması qət edilmiş pul məbləği onun mülkiyyətidir və o bu əsassız məhkəmə qətnaməsi ilə öz mülkiyyətindən (pulundan) məhrum olacaq.

13. Məhkəmə iclasında iştirak edən şahid Qəmər Xudatova (mənim arvadım) pulun İddiaçı tərəfindən oğlu Ceyhuna (digər cavabdehə) verildiyini bildirsə də, məhkəmə həmin şahidin ifadəsinə hüquqi qiymət verməmişdir. Məhkəmə niyə həmin ifadənin sübut kimi qiymətləndirilməməsini, niyə həmin ifadəyə istinad edilməməsini əsaslandırmamışdır. Axı şahid iltizama imza edərək and içib ifadə veribdir. Məhkəmə ya həmin ifadəni sübut kimi qəbul etməli, ya da həmin ifadənin etibarsızlığını əsaslandırmalıdır. Lakin məhkəmə bunun heç birini etməmişdir. O, həmin şahid Qəmər Xudatovun apellyasiya instansiyası məhkəməsində yenidən dindirilməsini xahiş edir.

14. Bunun əksinə olaraq isə məhkəmə iddiaçının bacısı qızı olan Vüsalə İsmayılovanın ifadəsinə sübut kimi istinad etmişdir. Əvvəla onu deyir ki, o həmin Vüsalə İsmayılovanı tanımır. İkincisi, Vüsalə adlı həmin şəxsin öz xalasının xeyrinə ifadə verməsi normal bir haldır. Ən əsası isə Vüsalə adlı şahidin ifadəsi iddiaçının iddiası ilə ziddiyyət təşkil edir. Belə ki, o, Rahilə tərəfindən pulun ona 2 il əvvəl verildiyini bildirmişdir. Vüsalənin məhkəmədə 2023-cü ilin iyun ayında dindirilməsini nəzərə alsaq, o halda 2 il əvvəl 2021-ci ilin yay ayları edir. Rahilə özü isə iddia ərizəsində pulu ona 21 avqust 2022- ci ildə verdiyini bildirir. Rahilə polisə verdiyi 20 sentyabr 2022-ci il tarixli şikayətdə və izahatda isə pulu 2 il əvvəl (yəni 2020-ci ilin sentyabr ayında) verdiyini bildirmişdir.

15. Göründüyü kimi pulun guya ona verilməsi barədə 3 fərqli tarix ortaya çıxır: 2021-ci ilin yay ayları (şahid Vüsalənin ifadəsi); 2022-ci ilin sentyabr ayı (iddia ərizəsi); 2020-ci ilin yay ayları (Rahilənin polisə verdiyi şikayət və ifadəsi). Bu ziddiyətli məqamlar isə məhkəmə tərəfindən araşdırılmamışdır.

16. Bundan başqa, digər cavabdeh (onun oğlu) Cavabdeh2 polisə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı pulu atama, yəni ona vermişdir. Məhkəmə də həmin ifadəyə istinad edərək iddianı təmin etmişdir.

17. Bu cür yanaşma isə qətiyyən qəbul edilməzdir. Birincisi ona görə ki, Ceyhun özü sonralar ona bildirmişdir ki, o, Rahiləınin verdiyi şikayət əsasında həbs olunmamaq, məsuliyyətdən yaxa qurtarmaq üçün polisdə belə bir ifadə vermişdir. İkincisi, isə Ceyhun bir dəfə də olsun məhkəməyə gəlməmiş, məhkəmə iclasında həmin ifadəsini təsdiq etməmişdir. Ən əsası isə, həm o, həm də Ceyhun iş üzrə cavabdehdirlər. O, israrla bildirir ki, Rahilə pulu Ceyhuna vermişdir (həqiqət də belədir). Ceyhun isə polisə verdiyi ifadəsində pulun ona verildiyini bildirmişdir. Sual olunur - niyə o cavabdehin (məhkəmənin üzünü görmədiyi cavabdehin) ifadəsi məhkəmə üçün keçərli olur, onun, yəni ağsaqqal bir kişinin ifadəsi isə qəbul olunmur?!

18. Bundan başqa, İddiaçı sələmçidir. O, uzun illərdir ki, sələmə yüksək faizlə pul verməklə məşğuldur. Yaşadıqları Yevlax rayonunda demək olar ki, hər kəs bunu bilir. O, hətta dəfələrlə onun oğlu Ceyhuna da yüksək faizlə sələmə pul vermişdir. Ceyhun da qaytarmışdır. O, özü isə heç vaxt ondan pul almamışdır.

19. O, ağır formalı onkoloji xəstədir (bu barədə sənədlərin bir qismini şikayətə əlavə edir). 2020-ci ilin oktyabr ayından etibarən Milli Onkologiya Mərkəzində ambulator və stasionar şəkildə müalicə alır. Xəstəliyi ilə, həmçinin yaşı ilə əlaqədar olaraq artıq neçə illərdir ki, heç harda işləmir. Adi bir məntiqlə fikirləşsək, onkoloji xəstə olan, mütəmadi olaraq Onkologiya Mərkəzində yatan yaşlı bir şəxsə “professional bir sələmçi” tərəfindən 12000 manat məbləğində pul verilər?! Sadəcə olaraq oğlu Ceyhun artıq neçə müddətdir ki, üzə çıxmadığı üçün (o özü də onun harada yaşadığını bilmir), Rahilə istiqaməti ona yönəltmiş, ən azından onun pensiyasından pul tutulacağına ümid etdiyi üçün pulun guya ona verildiyini bildirmişdir. Əslində istəyinə də nail olmuşdur. Məhkəmə tərəfindən belə bir əsassız və ədalətsiz qətnamə qəbul edilmiş və həmin qətnamə icraya yönəldikdən sonra onun pensiyasından tutulmağa başlamışdır. Artıq iyun ayında onun pensiyasından 164 manat pul tutulmuş, 163 manat isə ona ödənilmişdir. Bu qədər də ədalətsizlik olar?! O onkoloji xəstədir. Aldığı pensiya heç dərmanlarını ödəmir.

20. Odur ki,Yevlax Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(039)- 1114/2023 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi və iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Yevlax Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(039)-1114/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında oğlu Cavabdeh2 barəsində olan cinayət işi ilə bağlı hazırda Bakı İstintaq Təcridxanaslında saxlanıldığını göstərmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

24. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı İstintaq Təcridxanaslında saxlanılan Cavabdeh2 məhkəmə iclasında iştirak etməsi ilə bağlı ona göndərilən bildirişə hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

27. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

31. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

32. Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(039)- 1114/2023 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, növbəti tələbində iddianın ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 iddianın ona aid hissədə təmin edilməməsini xahiş etsə də iddianın digər Cavabdeh2 qarşı rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilən hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(039)-1114/2023 saylı qətnaməsi qismən, yəni, iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində ləğv edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh1 qarşı olan hissədə rədd edilməlidir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 12000 manat borc verdiyini, lakin verdiyi borcun qaytarılmadığını göstərən İddiaçı həmin məbləğin qaytarılmasını tələb etmiş, iddiaçı tərəfindən ona heç bir borc məbləğinin verilmədiyini göstərən Cavabdeh1 isə iddianın rədd edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın ona qarşı təmin edilmiş hissəsində ləğv edilməli olmasında əsaslıdır.

37. Məhkəmə kollegiyasının qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən borc müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

38. Belə ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin belə bir müqavilə mövcud deyildir.

39. Göründüyü kimi, hazırda mübahisələndirilən borc məbləği 12000 manatdır. Bu isə qanunvericiliyin qeyd edilən maddi hüquq normasının tələbinə əsasən 3000 manatdan çoxdur və həmin məbləğin verilməsinə dair müqavilə və ya hər hansı bir sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh1 aid hissədə gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməsini sorğu əsasında polis orqanından əldə edilmiş araşdırma materiallarında olan ərizə və izahatlarla, Cavabdeh1 oğlu Ceyhun Səmədovun bəhsi gedən 12000 manat pulu məhz atası Cavabdeh1 Rahilədən aldığını bildirməsi ilə əsaslandırmışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 özü də birinci instansiya məhkəməsində iddiaçıdan tələb etdiyi pulu almadığını, həmin məbləği oğlu Ceyhunun aldığını göstərməklə yanaşı iddiaçı tərəfindən Cavabdeh1 12000 manat borc pulun verilməsinə dair hər hansı bir mötəbər sübut təqdim olunmamışdır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddiaçının bacısı qızı olan Vüsalə İsmayılovanın ifadəsinə sübut kimi istinad etməsi, şahidin ifadəsinin iddiaçının iddiası ilə ziddiyyət təşkil etməsi, şahidin ifadəsindəki, iddia ərizəsindəki, iddiaçının polisə verdiyi ifadəsindəki ziddiyətli məqamların məhkəmə tərəfindən araşdırılmamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, həqiqətən iddiaçı iddia ərizəsində Cavabdeh1 21 avqust 2022-ci il tarixdə yanına gəldikdən sonra, 21 avust 2022-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinə verdiyi ərizəsində (i.v.47) və izahatında (i.v.47) isə 2 il bundan qabaq Səməd adlı şəxsə 12000 manat pul verdiyini, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 06 iyun 2023-cü il tarixdə birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində iddiaçı xalasının təxminən bundan 2 il əvvəl 10000 və 2000 manat olmaqla eyni gündə iki dəfəyə cəmi 12000 manat pulu Cavabdeh1 verdiyini, X3 21 avqust-20 sentyabr 2022-ci il tarixlərdə Yevlax rayon Polis Şöbəsində araşdırma aparıldığı zaman verdiyi izahatında isə (i.v.56-57) təxminən 2 il əvvəl xalasıgilə qonaq getdiyini, xalasının onun yanında 12000 manat pulu sayıb Səmədə verdiyini göstərmişdir. Beləliklə ərizə, izahatlar və ifadə arasındakı uyğunsuzluqlar əhəmiyyətli dərəcədədir.

43. Kollegiya hesab edir ki, cavabdeh X11 rayon Polis Şöbəsinə verdiyi və iş materialında olan (i.v.52) 15 sentyabr 2022-ci il tarixli izahatında Rahilənin ona 12000 manat pul verməməsi, təxminən 2 il bundan əvvəl atası Cavabdeh1 dəmir almaq məqsədi ilə 12000 manat pul borca aldığını atası Səmədin deməsi, həmçinin iş materiallarına əlavə edilmiş (i.v.50) X4 (İddiaçı onun baldızıdır) izahatı, bundan başqa iş materiallarına əlavə edilmiş (i.v.56) iddiaçının bacısı qızı X2 izahatı və Vüsalə İsmayılovanın birinci instansiya məhkəməsinə şahid qismində verdiyi ifadəsi özlüyündə Cavabdeh1 iddiaçıdan 12000 manat borc alması barədə nəticəyə gəlməyə, onun üzərinə həmin məbləğin qaytarılma öhdəliyi qoyulmasına imkan verən yetərli faktlar sayıla bilməz.

44. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hansı ki, iddiaçı Cavabdeh1 12000 manat məbləğində borc vermişdirsə bununla bağlı məhkəməyə məhz yazılı borc müqaviləsini təqdim etməli olmuşdur. X1 ilə X8 iddiaçı ilə qohumluq münasibətlərində olmaqla onların mübahisə tərəflərinə münasibətdə neytrallıqları olmadığından, həmin şəxslərin Yevlax rayon Polis Şöbəsində verdikləri izahatlarının, X2 məhkəmə iclasında şahid qismində verdiyi fadəsinin iş üzrə mötəbər sübut kimi qəbul edilməsi mümkünsüzdür.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin digər Cavabdeh2 polisə verdiyi ifadəsində pulu atama, yəni ona verməsini bildirməsinə dair ifadəsinə istinad edərək iddianı təmin etməsinə dair yanaşmanın qəbul edilməz olmasına dair dəlili ilə də razılaşır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisə tərəfi olmaqla digər Cavabdeh2 polis şöbəsində vediyi izahatını da iş üzrə mötəbər sübut kimi qəbul etməkdə səhvə yol vermişdir. Belə ki, Cavabdeh1 Yevlax rayon Polis Şöbəsində verdiyi izahatında İddiaçı borc almasını inkar etmişdir. Cavabdeh2 polisdə verdiyi izahatının digər Cavabdeh1 polisdə verdiyi izahatından üstün subuti qüvvəsi yoxdur. Bu zaman Cavabdeh2 izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materialı üzrə İddiaçı Cavabdeh1 12000 manat borc verməsinə dair hər hansı bir mötəbər sübut mövcud olmadığı halda X4 xeyrinə Cavabdeh1 12000 manat pulun tutulmasında Cavabdeh2 polis şöbəsində vediyi izahatına istinad edilməsi də doğru olmamışdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın Cavabdeh1 İddiaçı xeyrinə pulun tutulması hissəsinə düzgün hüquqi qiymət verilməmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şahid Qəmər Xudatovanın ifadəsinin sübut kimi qəbul edilməsi, ya da həmin ifadənin etibarsızlığının əsaslandırılmalı olmasına baxmayaraq məhkəmənin bunun heç birini etməməsi, şahid Qəmər Xudatovun apellyasiya instansiyası məhkəməsində yenidən dindirilməli olmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 İddiaçı xeyrinə pulun tutulmasında doğru nəticəyə gəlmədiyindən şahid Qəmər Xudatovun birinci instansiya məhkəməsində verdiyi ifadəsinin sübut kimi qəbul edilməsi, həmin şahidin məhkəmə kollegiyasının iclasında yenidən dindirilməsi zərurəti müəyyən edilmir.

50. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iddianın Cavabdeh1 qarşı təmin edilən hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmiş, iddianı Cavabdeh1 yönəlmiş hissədə təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

51. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1114/2023 saylı qətnaməsi qismən, yəni, iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 12000 manat borcun və 126 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsinə aid hissədə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar