Məhkəmə qərarları › İş №2(107)-1052/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1052/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1052/2021 27.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(037)-96/2021 nömrəli qətnaməsindən iddiaçı "İddiaçı" İstehsalat Birliyi tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 01 mart 2021-ci il tarixli 2(037)-96/2021 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 224 manat 90 qəpik borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 194 manat itirilmiş qazın dəyəri və 20 manat dövlət rüsumu olmaqla, cəmi 438 (dörd yüz otuz səkkiz) manat 90 (doxsan) qəpik məbləğin alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı “İddiaçı” İstehsalat Birliyi (bundan sonra iddiaçı və ya “İddiaçı” İstehsalat Birliyi) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 224 manat 90 qəpik borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 583 manat 20 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək göstərmişidir ki, tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 224,9 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 224,9 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Bundan başqa 29 oktyabr 2020-ci il tarixdə “İddiaçı” İB-nin X7 İstismar İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən cavabdehin İsmayıllı şəhərindəki evinin qaz xəttinə baxış keçirilərkən sayğacdan kənar əlavə qaz xətti aşkar olunmuşdur. Bununla bağlı həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən Ağsu RQİİ tərəfindən 30 oktyabr 2020-ci il tarixdə qərar qəbul edilərək cavabdehin abonent koduna 583,2 manat məbləğində itirilmiş qazın dəyəri vurulmuşdur. Cavabdehin abonent koduna vurulmuş məbləğlər istifadə etdiyi qazın və sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonent tərəfindən ödənilməlidir. Cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 224,9 manat borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 583,2 manat itirilmiş qazın dəyəri və 30,4 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, maddi imkanı olmadığından istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəyə bilməmiş və 224,9 manat qaz pulu borcu yaranmışdır. Borcunu hissə-hissə ödəyəcəkdir. Onun istifadəsində PQ-4 markalı qaz piltəsi, 1 ədəd radiator və 1 ədəd axınlı su qızdırıcı vardır. Evdə ağır xəstə olduğundan məcburiyyət qarşısında qalaraq sayğacdan əvvəl qaz xətinə qoşulmuş və bir neçə gün təbii qazdan bu formada istifadə etmişdir. Törətdiyi əməlinin məsuliyyətini dərk etməmişdir. Qaz idarəsinin əməkdaşları bu faktı 29 oktyabr 2020-ci il tarixdə aşkar etmiş və müvafiq sənədləşmə apararaq dərhal qaz xəttini ləğv etmişlər. Nəzarətçi hər ayın sonunda onun istifadəsində olan sayğaca baxış keçirir. Sonuncu dəfə 2020-ci ilin sentyabr ayın sonunda nəzarətçi istifadəsində olan qaz sayğacına növbəti baxış keçirilmiş və heç bir qanun pozuntusu halı aşkar etməmişdir.O sayğacdan kənar bir neçə gün təbii qazdan istifadə etsə də və bu hal tərtib olunmuş sənədlərlə bir aydan az müddətə olduğu təsdiq olunsa da, Qaz İdarəsinin əməkdaşları müvafiq sənədləşdirmə işləri apararkən istifadəsində olan qaz avadanlıqlarının sayı və bu avadanlıqların qaz sərfiyyatı gücləri, qış fəsli olmamasını nəzərə almadan iki qaz avadanlığının iş rejimi 24 saat olmaqla 90 günə vuraraq 583 manat ziyan hesablamışlar. Hesab edir ki, həmin məbləğ şişirdilmiş olduğundan silinməlidir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin qismən – qaz pulu borcuna dair hissədə təmin olunmasını, dəymiş ziyan hissədə isə rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “İddiaçı” İB-nin X7 İstismar İdarəsi İsmayıllı Xidmət Sahəsində nəzarətçi çilingər işləyir. İdarə tərəfindən ona nömrələnərək qaytanlanmış smart sayğacların qeydiyyatı jurnalı verilmişdir. Xidmət göstərdiyi ərazidə yerləşən abonentlərin qaz sayğaclarına ayda bir dəfə baxış keçirir və sayğacların işçi vəziyyətinə nəzərat edərək qeydiyyat aparır. O cümlədən cavabdehin yaşadığı M.Orucov küçəsi mənzil 46 ünvanında olan qaz sayğacına da ayda bir dəfə baxış keçirmişdir. 2020-ci ilin sentyabr ayının sonunda da cavabdehin istifadəsində olan qaz sayğacına baxış keçirmiş və sayğacdan əvvəl qaz xəttinə qoşulma olmadığını müəyyən etmişdir. Cavabdehin qaz xəttinə qanunsuz qoşulması idarənin əməkdaşları tərəfindən 29 oktyabr 2020-ci il tarixdə aşkar olunmuş və dərhal da qanunsuz qoşulma ləğv edilmişdir. Cavabdeh hər ay təxminən 40-60 manat qaz sərfiyyatı üçün pul ödəyir. Bu da payız qış mövsümü üçün normal qaz sərfiyyatıdır. Əvvəllər cavabdeh tərəfindən qaz xətdinə qanunsuz qoşulma və sayğaca müdaxilə halları olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 və X3 Şahid ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(037)-96/2021 nömrəli qətnaməsi çıxarılmışdır. “İddiaçı” İstehsalat Birliyi apellyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(037)-96/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri “İddiaçı” İstehsalat Birliyinin apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh izahatında apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(037)-96/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq “İddiaçı” İstehsalat Birliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası “İddiaçı” İstehsalat Birliyinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: X7 İstismarı İdarəsi ilə cavabdeh arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını kefiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylacı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. 29 oktyabr 2020-ci il tarixli Qaz İstismar İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları və cavabdehin iştirakı ilə tərtib olunmuş aktın surətindən görünür ki, İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən yeni mənzilə qeyri-qanuni qaz xətti quraşdırıldığı aşkar olunmuş və həmin gün xətt ləğv edilmişdir. Tərtib olunmuş aktı cavabdeh imzalamışdır. 29 oktyabr 2020-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktının surətindən görünür ki, cavabdehə məxsus yaşayış sahəsinin qaz təsərrüfatında olan qaz sayğacına yerində baxış keçirilmişdir. Sayğac 26 avqust 2019-cu il tarixdə dövlət yoxlamasından keçirilmiş və 26 sentyabr 2019-cu il tarixə cavabdehə məxsus evin qaz xəttinə quraşdırılmışdır. Baxış zamanı abonentin istifadəsində PQ-4, axınlı su qızdırıcı və radiator olduğu müəyyən edilmişdir. “İddiaçı” İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 oktyabr 2020-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, cavabdehin evinin qaz xəttinə baxış keçirilmiş, baxış zamanı qaz sayğacından kənar qeyri-qanuni qoşulma aşkar olunmuşdur. Tərtib olunmuş aktı abonent imzalamışdır. “İddiaçı” İB-nin X7 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 oktyabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilmişdir. Dəymiş ziyanın həcmi abonentin istifdəsində olan PQ-4-ün və 1 ədəd qeyri-standart su qızdırıcısının iş rejimləri 24 saat və hesabat müddətləri 90 günə vurulmaqla hesabat aparılmış və itirilmiş qazın miqdarı 5832 kub metr müəyyən edilmişdir. Abonentdən həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. 29 oktyabr 2020-ci il tarixli abonentin saldosundan görünür ki, cavabdehin **********00160 nömrəli abonent koduna 2020-ci ilin oktyabr ayının sonuna akt üzrə 583 manat 20 qəpik borc, təbi qazdan istifadəyə görə isə 224,9 manat borcu olduğu göstərilmişdir. 25 noyabr 2020-ci il tarxli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 3.2.1-ci bəndinə əsasən, Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. 23 noyabr 2012-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” qaz paylayıcısı ilə Cavabdeh arasında bağlanmış qazın alqısatqı müqaviləsinin 3.4-cü bəndinə əsasən istehlakçı istifadə etdiyi qazın dəyərini hesab təqdim edilən tarixdən bir ay müddətində bank və ya poçt şöbələri vasitəsi ilə təchizatçının hesabına tam ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət dаşıyır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin həqiqi hallarından görünür ki, tərəflər arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehin 2020-ci ilin oktyabr ayının sonuna istifadə etdiyi təbii qaza görə 224,9 manat borcu yaranmışdır. Bundan əlavə 29 oktyabr 2020-ci il tarixdə Qaz İstismar İdarəsi İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən cavabdehin yaşadığı İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən yeni mənzilə qeyri-qanuni qaz xətti quraşdırıldığı aşkar olunmuş və həmin gün xətt ləğv edilmişdir. Bu barədə cavabdehin iştirakı ilə akt tərtib olunmuş və cavabdeh aktı imzalamışdır. Cavabdehə məxsus sayğac 26 avqust 2019-cu il tarixdə dövlət yoxlamasından keçirilmiş və 26 sentyabr 2019-cu il tarixə cavabdehə məxsus evin qaz xəttinə quraşdırılmışdır. Baxış zamanı abonentin istifadəsində PQ-4, axınlı su qızdırıcı və radiator olduğu müəyyən edilmişdir. “İddiaçı” İB-nin X7 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 oktyabr 2020ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında dəymiş ziyanın həcmi abonentin istifdəsində olan PQ-4-ün və 1 ədəd qeyri-standart su qızdırıcısının iş rejimləri 24 saat və hesabat müddətləri 90 günə vurulmaqla hesabat aparılmış və itirilmiş qazın miqdarı 5832 kub metr müəyyən edilmişdir. Abonentdən həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. Cavabdehin **********00160 nömrəli abonent koduna 2020-ci ilin oktyabr ayının sonuna akt üzrə 583 manat 20 qəpik borc və təbi qazdan istifadəyə görə 224,9 manat borc vurulmuşdur. İddiaçının nümayəndəsi cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 224,9 manat borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 583,2 manat itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 224,9 manat borcunu ödəyəcəyini bildirərək həmin hissədə təmin olunmasına etiraz etmir. Lakin iddia tələbinin maddi ziyan hissəsi ilə razılaşmayaraq qaz idarəsinin əməkdaşları müvafiq sənədləşdirmə işləri apararkən onun bir neçə gün sayğacdan kənar qaz xəttindən istifadə etdiyi, həmin müddətin tərtib olunmuş sənədlərlə bir ay olduğunun təsdiq olunmasını, istifadəsində olan qaz avadanlıqlarının sayını və bu avadanlıqların qaz sərfiyyatı güclərini, qış fəsli olmamasını nəzərə almadan hesabat apardığından həmin hissədə iddia tələbini qəbul etmədiyini bildirir və iş üzrə qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Məhkəmə iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının cavabdehdən 5832 kub metr itirilmiş təbii qazın dəyəri olan 583,2 manat məbləğində dəymiş ziyanın tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və şahd kimi ifadə vermiş iddiaçı təşkilatın nümayəndələrinin ifadəlindən görünür ki, cavabdehin istifadəsində olan sayğaca 28.09.2020-ci il tarixdə baxış keçirilmiş, sayğacda və qaz xəttində heç bir nöqsan olmadığı müəyyən edilmişdir. Qaz xəttinə qanunsuz qoşulma isə 29.10.2020-ci il tarixdə aşkar olunmuş və dərhal da ləğv edilmişdir. Göründüyü kimi qaz xəttinə qanunsuz qoşulma 30 gün müddətində olmuşdur. İddiaçı tərəfindən dəymiş ziyan məbləği barədə hesabat abonentin istifdəsində olan PQ-4-ün və 1 ədəd qeyri-standart su qızdırıcısının iş rejimləri 24 saat və hesabat müddətləri 90 günə vurulmaqla aparılaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən qanunsuz qoşulmanın bir ay müddətində olmasına baxmayaraq hansı əsasla qaz avadanlıqlarının iş rejimlərinin 24 saat və hesabat müddətlərinin 90 günə vurulmasını müəyyən etmək olmur. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, qanunsuz qoşulmaya görə cavabdehin istifadəsində olan qaz avadanlıqlarının iş rejimləri 24 saat olmaqla hesabat müddətlərinin 30 günə vurularaq dəymiş ziyan 194 manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə iddia tələbinin dəymiş ziyan tələbinə dair hissəsinin qismən – 194 manat məbləğində təmin olunmasını qanunauyğun hesab edir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(037)-96/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı "İddiaçı" İstehsalat Birliyi tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(037)-96/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar