Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1055/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İskəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X4; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh Fətulla oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Fətulla oğluna qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) İddiaçı Cavabdeh Fətulla oğluna qarşı «pul tələbi»nə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 24 iyun 2020-ci il tarixli, (107)- 1232/2020 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikаyəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(039)-450/2020 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(102)-210/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmuş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 24 iyun 2020-ci il tarixli, (107)-1232/2020 saylı qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin halları İddiaçı Cavabdeh Fətulla oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fətulla oğlundan ondan olmış olduğu 10000 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun və vəkil xidməti olarq Beynəlxalq bank vasitəsilə ödədiyi 168 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh 2015-ci ildə 10000 manat, həmçinin 2016-cı və 2017-ci illərdə 10000 manat pul vermişdir. Həmin puldan Nazimin oğlu Ramil 2018-ci ildə 10000 manat pul qaytarmışdır Hazırda qalan 10000 manat borcun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, o cavabdehlə qohum münasibətlərində olmaqla bərabər, yaxın yoldaş və dostluq münasibətində olmuşlar. Onlar bu səbəbdən də münasibətlərini yüksək səviyyədə olduğundan bir-birinə inamları və etibarları olmuşdur. Bu səbəbdən də tərəfindən cavabdehə 2015-ci ildən başlayaraq 2017-ci ilin sonunadək hissə-hissə Xuraman adlı qadından 20000 manat pul götürərək cavabdehə vermişdir. Cavabdeh tərəfindən həmin pulların ondan götürməsi təkzibedilməz sübutlarla ortadadır. Əsil həqiqət odur ki, verdiyi 20000 manat pulu Xuraman adlı qadından alaraq onun təsirləri altında qaldığından, o hazırkı cavabdehə öz dostuna onun borcuna görə məhkəməyə düşdüyünü, olum-ölüm məsələsinin yarandığını onun nəzərinə çatdıraraq Xuramanın əlindən evdə də yata bilmədiyini bildirərək yerdə qalan 10000 manat pulun qaytarmasını istəmişdir. Həmin ərəfədə yüzlərlə telefon zəngləri edərək borcun qaytarılması üçün konkret addım atmasını xahiş etmişdir. Cavabdeh 2018-ci ilədək götürmüş olduğu 20000 manat pulun 10000manatını birdəfəyə qaytarmış, o da həmin pulu Xuraman adlı qadına qaytararaq, götürülən borcun bir qismini ödəyəndən sonra Xuramana qalan borcunu cavabdeh ödəyə bilmədiyindən, o çıxarılmış məhkəmə qətnaməsinə müvafiq olaraq borc götürərək Xuramanın pulunu qaytarmalı olmuşdur. Çünki bunlara o məcbur idi. Bundan sonra cavabdehə etdiyi zənglərin heç bir səmərəsi olmamışdır. Əksinə cavabdeh yerdə qalan 10000 manat pulu ödəmədiyindən, onu çətin vəziyyətə saldığından, üzərində xeyli borcu yaratdığından, evində ciddi ailə münaqişəsi yarandığından, hazırkı iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Çünki bu məbləğ onun üzərində qalmaqla cavabdehin borcları səbəbindən o ciddi mənəvi əziyyət çəkir. O borcla bağlı məhkəməyə çıxarkən mənəvi əziyyət çəkir. Ancaq bütün bunları mövcud reallıq və çətin vəziyyət onu vadar edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili X1 izah etmişdir ki, iş materiallarında olan səs yazısından da məlum olur ki, tərəflər arasında pul mübahisəsi var. Cavabdeh özü də 20000 manat pulun alınmasını etiraf edir. Lakin həmin pulun qaytarılmasına dair sübutu yoxdur. İddiaçı vəkili X1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh Fətulla oğlu iddianı qəbul etməyərək izah etmişdir ki, İddiaçı 2015-ci ildə 10000 manat borc almışdır və həmin ildə ona borcunu qaytarmışdır. Həmçinin 2016-cı ildə də 10000 manat borc almışdır və həmin ildə ona borcunu qaytarmışdır. Həmin pulu oğlanları Famil və Pünhan vasitəsi ilə qaytarmışdır. Həmçinin Xəqaninin vasitəsi ilə də Rafiqə pul göndərmişdir. Borcundan da əlavə Rafikə ona borcla əlaqədar kömək etdiyi üçün 4000 manat pul vermişdir. Cavabdeh Fətulla oğlu məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərmişdir ki, Nazim onun atasıdır. Atası Rafiqdən 2015-ci ildə10000 manat borc almışdır. Həmin pulu Bərdə marketin qabağında Rafiqə o qaytarmışdır. Bundan sonra da, 2016-cı ildə atası yenə 10000 manat borc almışdır. Həmin pulu da qardaşı evini satıb, Rafiqin evinə gedərək qaytarmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərmişdir ki, atası Rafiqdən cəmi 20000 manat borc almışdır. Həmin borcun bir hissəsini qardaşı Famil Bərdə marketin qarşısında Rafiqə qaytarmışdır. Qalan 10000 manatı isə 2016-cı ildə evini satıb Rafiqə atasının borcunu onun evinə gedərək vermişdir. Atasının Rafiqə borcu qalmayıbdır. Həmçinin borcdan əlavə atası tərəfindən Rafiqə 4000 manat hörmət olaraq pul vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərmişdir ki, Nazimlə birgə işləmişlər. Nazim 2015-ci ildə ona pul vermişdir ki, apar Rafiqə ver, o da aparıb pulu Rafiqə çatdırmışdır. Borcun məbləği barədə dəqiq məlumatı yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnaməni qanunsuz və əsassız hesab edirlər. Qətnamə qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə onun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Fətulla oğlu apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(039)-450/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəfləri dinləyib, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(102)-210/2021 saylı qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin Yevlax Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(039)-450/2020 saylı qətnaməsi ləğv edilməlidir. İddianı rədd edən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh 2015-ci ildə iddiaçıdan 10.000 manat borc almışdır. Həmin 10000 manat pulu oğlu Familin vasitəsi ilə iddiaçıya qaytarmışdır və iddiaçı 10000 manatın geri qaytarmasını etiraf etmişdir. Bundan sonra 2016-ci ildə iddiaçı cavabdehə yazılı formaya riayət etmədən 10000 manat borc vermişdir. Cavabdeh həmin pulu da övladı Pünhanın vasitəsi ilə iddiaçıya qaytarmışdır. İddiaçı cavabdehin ona 10000 manat borcu qaldığını bildirərək, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin borcun qalmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Şahid ifadələri ilə də borcun qaytarılması sübut olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 10000 manat borcunun qalmasını iddia edərək, buna sübut kimi cavabdehin səs yazısının olduğunu bildirsə də, cavabdeh danışıqların tam mətni olmadığını, həmin səs yazmanın 2016-cı ilə aid olunduğunu bildirərək, səs yazısının səslənməsinə və sübut kimi qəbul edilməsinə razı olmadığını bildirmişdir. Bu səbəbdən də həmin səs yazma sübut kimi məhkəmə tərəfindən qiymətləndirilmir. İddiaçı cavabdehə 10.000 manat borcun 2016-2017-ci illərdə verildiyini bildirsə də, borc verilərkən qanunvericiliklə müəyyən edilmiş yazılı formaya riayət etməmiş və müvafiq borc müqaviləsi bağlamamışdır. Odur ki, məhkəmə hazırki iş üzrə sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfindən nə qədər məbləğin cavabdeh tərəfə verdiyinə dair başqa sübut növü təqdim edilə bilmədiyini və səsyazmanın mötəbər sübut kimi qəbul edilə bilmədiyini əsas gətirərək hesab etmişdir ki, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 127, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740.1, 740.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 95.1, 200, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaət ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə verilmiş 20.000 manat borcun, ödənilməmiş qalan 10.000 manatını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 740-cı maddəsinin mətninin əvvəlki redaksiyasında (maddəyə 31 may 2016-cı ilarxli, 269-VQD №-li qanunla qəyişiklik edilmiş, 30 iun 2016-cı il tarixdə dərc olunmuşdur) göstərilmişdir ki, borc müqaviləsi şifahi bağlanır. ərəflərin razılaşması ilə yazılı da bağlana bilər. Birinci instaniya məhkəməsində verdiyi şifahi izahatında cavabdeh iddiaçıdan 2015-ci ildə 10.000 manat, 2016-cı ildə 10.000 manat borc aldığını etiraf etmiş, lakin hər iki məbləğin qaytarıldığını bildirmişdir. İddiaçı yalnız 10.000 manat pulun qaytarıldığını etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə 2015-ci ildə 10.000 manat borc verdiyini və cavabdehin həmin pulu qaytardığını, bundan sonra 2016-ci ildə cavabdehə 10.000 manat borc verdiyini, cavabdehin həmin borcu qaytarmadığını bildirmiş, cavabdeh birinci instansiya məhkəməsinin, eləcə də məhkəmə kollegiyasının iclasında iddiaçıdan 2015-ci ildə 10.000 manat borc aldığını və həmin ildə ona borcunu qaytardığını, həmçinin 2016-cı ildə də iddiaçıdan 10.000 manat borc aldığını və həmin ildə iddiaçıya olan borcunu qaytardığını göstərmişdir. Lakin cavabdeh sonradan borc aldığı 10.000 manat pulun qaytarılmasına dair məhkəmələrə hər hansı sübut növü təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçının cavabdehə 10.000 manat borc verdiyini sübutetmə yükü iddiaçının, aldığını etiraf etdiyi 10.000 manat məbləğində borcun qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Hazırki iş üzrə işin mübahisəli halı borcun 10.000 manatının da qaytarılmasıdır və bu halı sübut etmək üçün cavabdehin məhkəməyə təqdim etdiyi yeganə sübut oğlu X3 qalan 10.000 manat pulun onun tərəfindən iddiaçının evində iddiaçıya verməsi barədə şahid ifadəsidir. Şahid qismində dindirilən X5 cavabdehin doğma oğlu olduğuna görə, onun vermiş ifadənin həqiqət payı əhəmiyyətli dərəcədə azaldığından həmin ifadə mötəbər sübut kimi qəbul edilə bilməz Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin qeyd edilən halına diqqət yetirməmiş, şahidin cavabdehin ailə üzvü olmasını nəzərə almadan, yaxın qohumun verdiyi ifadəni mötəbər sayaraq cavabdehin 10.000 manatı ödəməməsi halının sübut edilməsi yükünü səhvən iddiaçının üzərinə qoymuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə gəldiyi nəticəni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə 01 mart 2021-ci il tarixli, 2(102)-210/2021 saylı qərarında göstərilmişdir ki, “... MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Baxılan iş üzrə cavabdehin dedikləri yalnız şifahi izahatda ifadə edildiyidən, bu, faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gələcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi birinci instansiya məhkəməsinin həmin izahatı nəzərə alaraq qəbul etdiyi qərarın birmənalı ləğvi üçün əsas ola bilməz. Mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilik nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir...”. Cavabdeh əvvəlki apellyasiya baxışı zamanı, iddiaçının sələmçi olduğunu, ona pulu sələmə verdiyini, aldığı pulu və əlavəsini qaytardığını göstərsə də, birinci instansiya məhkəməsində vermiş olduğu izahatında bu barədə bildirməmiş və birinci instansiya məhkəməsinin iclas protokoluna yazılı qeydlər verməmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 203.1-ci maddəsində göstərilmişdir ki, şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, habelə onların tədqiqinə bu Məcəllənin 200-cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur. Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən, səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Həmin Məcəllənin 203.3-cü maddəsinə görə, zəruri hallarda səsyazma və videoyazı təkrarən tam və ya qismən səsləndirilə bilər. İddiaçı tərəfin təqdim etdiyi “fleş kart”lara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kollegiya özündə daxili inam yaratmaq məqsədilə həmin “fleş kart”lara məhkəmə iclas zalında texniki vasitələrdən (məhkəmə iclas zalında olan kompüter vasitəsilə) istifadə olunmaqla baxış keçirilmişdir. İddiaçı tərəfin təqdim etdiyi və məhkəmə kollegiyasının iclasında dinlənilmiş 3 ədəd “fleş kart”da gedən danışıqların iddiaçı və cavabdeh arasında olduğunu tərəflər mübahisələndirməmişlər. “Fleş kart”larda olan səs yаzısındаn аydın şəkildə bаşа düşmək оlur ki, iddiаçı ilə diаlоq zаmаnı cavabdeh iddiaçıya borcunun olduğunu etiraf edir və bildirir ki, “nə üçün məhkəməyə müraciət etmisən, məhkəməyə müraciət etdiyin üçün borcunu qaytarmayacağam” demiş, iddiaçı isə cavabında “telefon zənglərimə cavab vermədiyin üçün, başqa çarəm qalmadı” cavabını vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş “fleş kart”ların sübut kimi qəbul edilməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, təqdim olunmuş “fleş kart”lar sübutlar siyahısına aid edilməsə də, orada olan danışıqlar məhkəmədə mübahisənin həlli ilə bağlı əsaslı fikir yaratmaqla digər sübutların, tərəflər arasındakı qarşılıqlı münasibətin qiymətləndirilməsində mühüm rol oynamış, ən əsası da iddiaçı tərəfindən dəvət olunmuş şahid ifadəsi ilə bağlı daxili inam yaratmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh iddaçıdan borc aldığı 10.000 manatın oğlu vasitəsi ilə qaytarılmasını sübuta yetirə bilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli və Yevlax Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(039)-450/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməli, Cavabdeh Fətulla oğlundan 10.000 manat məbləğində borc, 30 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0,115.0.6 maddələrinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının vəkilə ödədiyi 168 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(039)-450/2020 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Fətulla oğlundan 10.000 manat məbləğində borc, 30 manat dövlət rüsumu və vəkil xidməti olaraq ödədiyi 168 manat, cəmi 10.198 manat alınıb İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1055/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1055/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver