Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1057/2024 29.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(037)-153/2024 saylı qərardadından Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun istifadəsində qalan fərdi yaşayış evinin tikintisinə çəkdiyi xərcin əvəzi kimi 37892 manat, qiymətləndirmə təşkilatına ödədiyi 250 manat olmaqla, cəmi 38142 manat məbləğinin və iddianın verilməsi üçün ödədiyi 214 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli, 2(037)-753/2024 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh bünövrənin əl ilə qazılması üçün 396 manatın, bünövrənin betonlanması üçün beton qarışığının hazırlanması üçün 495 manatın, bünövrəyə çay daşlarının düzülməsi və beton qarışığı ilə betonlanması üçün 297 manatın, çay daşından kürsü divarlarının hörülməsi üçün 99 manatın, mişar daşı və çay daşından 1-ci mərtəbə divarlarının hörülməsi üçün 1485 manatın, birinci və ikinci mərtəbənin daşıyıcı divarlarının perimetri boyunca metal karkasın qurulması üçün 3300 manatın, karkasın əl ilə betonlanması (daşınması, sıxlaşdırılması daxil olmaqla) üçün 553 manatın, mişar daşından ikinci mərtəbə daşıyıcının və arakəsmə divarların hörülməsi üçün 1280 manatın, dam örtüyünün dalğalı ağ dəmir təbəqələrdən örtülməsi üçün 1014 manatın, divar hörgüsü üçün səviyyələr üzrə stilajlarının ağac taxtadan hazırlanması üçün 330 manatın, həyətyanı sahədə hasarın çay və mişar daşından hörülməsi üçün hazırlıq işləri (daşınma, doğrama, çeşidləmə, sement məhlulunun hazırlanması) üçün 500 manatın, həyətyanı sahədə dəmir darvazanın quraşdırılması üçün 50 manatın, həyətyanı sahədə abadlıq işləri üçün 200 manat olmaqla, cəmi 9.999 manatın tikinti quraşdırma işləri üzrə xərc, 1000 manat dəyərində 50 kub qum, 300 manat dəyərində 10 kub çınqıl, 4200 manat dəyərində 6000 ədəd mişar daşı, 3500 manat dəyərində 20 ton sement, 7000 manat dəyərində 20 kub ağac-taxtanın dəyərinin yarısı-3500 manat, 400 manat dəyərində dəmir təbəqə, 700 manat dəyərində dəmir qapı və 75 manat dəyərində 30 kq mismar olmaqla, cəmi 13675 manat dəyərində material məsrəfi xərclər, 1500 manat nəqliyyat daşıma xərci və 500 manat əlavə xərclər olmaqla, ümumilikdə 25674 (iyirmi beş min altı yüz yetmiş dörd) manat fərdi yaşayış evinin tikintisinə çəkilən xərc, 250 manat qiymətləndirmə təşkilatına ödənilən xərc və 167.02 manat dövlət rüsumunun məbləği alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun məbləğinin 46.98 manatı İddiaçı özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-795/2024 nömrəli qərardadı ilə verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi və apellyasiya şikayətinin məzmunu bir çox hissələrdə oxunmadığı üçün qeyri mümkün hesab edilmişdir. Həmin qətnamədən Cavabdeh 18 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(037)-153/2024 saylı qərardadı ilə Cavabdeh vəsatət təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-153/2024 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi qərara alınmışdır. Cavabdeh şikayət verərək İsmayıllı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(037)-153/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayət ərizəsini belə əsaslandırmışdır ki, o, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, sonuncunun xx.xx.2024-cü il tarixli,2(107)-795/2024 nömrəli qərardadı ilə verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi və apellyasiya şikayətinin məzmunu bir çox hissələrdə oxunmadığı üçün qeyri mümkün hesab edilmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad barədə heç bir məlumatı olmamış və ona heç bir sms məlumatı gəlməmiş, kənd sakini olaraq asan imza yaxud elektron kabinetin nə olduğunu bilmədiyi üçün ötən dövr ərzində qəbul olunmuş qərardaddan heç bir məlumatı olmamışdır. İsmayıllı Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(037)-153/2024 saylı qərardadı ilə, İsmayıllı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(037)-153/2024 saylı qərardadından Cavabdeh verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh məhkəmə kollegiyasına ərizə göndərərək müddətin buraxılmasını üzürlü hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(037)- 153/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, sonuncunun xx.xx.2024-cü il tarixli, 2(107)-795/2024 nömrəli qərardadı ilə verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi və apellyasiya şikayətinin məzmunu bir çox hissələrdə oxunmadığı üçün qeyri mümkün hesab edilmiş, sözügedən qərardaddan qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən Cavabdeh şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün yetərincə müddət verilməsinə baxmayaraq o, həmin müddət ərzində və ondan sonrakı müddətlərdə də həmin nöqsanları aradan qaldırmamışdır. Belə ki, sözügedən qərardaddan qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti verməməsi ilə yanaşı, prosessual müddətin bərpası barədə apellyasiya şikayətinə əlavə edərək vəsatətlə yenidən müraciət etmiş, qərardadda qeyd edilən lakin apellyasiya şikayətində olan nöqsanları aradan qaldırmayaraq sözügedən apellyasiya şikayətinə əlavə olaraq prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Bütün bunları isə apellyator savadsız olduğunu, elektron kabinetindən istifadə edə bilmədiyini əsas gətirərək üzürlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi qeyd 0edir ki, şəxsin savadsız olması, dolayısı ilə elektron kabinetindən istifadə edə bilməməsi buraxılmış müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi mülki prosessual qanunvericiliyinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş buraxılmış müddəti müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə bərpa edir. Üzürlü səbəblər dedikdə isə,müəyyən edilmiş müddət ərzində prosessual hərəkətlərin yerinə yetirilməsini istisna edən,həmin hərəkətlərə mane olan və ya onları çətinləşdirən səbəblər başa düşülür. Məsələn, başqa yaşayış məntəqəsində ezamiyyətdə olma, əmək qabiliyyətini müvəqqəti itirmə, yaxın qohumunun vəfat etməsi və s. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir (bu Qərarın 24-cü bəndi). Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətlərinə onların məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı üzrlü səbəblər və prosessual əsaslar olmalıdır. Hazırkı halda belə üzrlü səbəb və prosessual əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(037)-153/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(037)-153/2024saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(037)-153/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1057/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1057/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver