Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-106/2022 24.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı kredit borcunun tutulması, tutmanin ipoteka predmetinə yönəldilməsi cavabdehin qeyri-yaşayış sahəsinin boşaldılması, həmin əmlakın açıq hərracda satılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- ipoteka müqaviləsi, likvid dəyər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-24/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə - 026R********** saylı kredit razılaşması üzrə 24885.51 ABŞ dolları məbləğində kredit borcu, 9441.52 ABŞ dolları məbləğində faiz borcu və 20013.43 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 54340.46 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka predmetinə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 31.01.2014-cü il tarixli 26L000002761 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 18.11.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 09.06.2015-ci il tarixli 026R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2- ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.05.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 5114.49 ABŞ Dolları ödəmiş, onun 24885.51 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.03.2018-ci il tarixə 669 gün üçün hesablanmış faiz borcu 9441.52 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 06.03.2018-ci il tarixə 669 gün üçün hesablanmış cərimə 20013.43 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış 31.01.2014-cü il tarixli 026M000000495 saylı ipoteka müqaviləsi Göyçay rayonu notariusu P. Nəcəfli ) əsasında Göyçay şəhəri, Əli Kərim küçəsində mülkiyyətində olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 nömrəli qeyri yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən 1 No-li reyestr kitabının 68 JVİ9-1İ vərəqində qeydiyyata alınmış RX ******* N°-li çıxarışla, Göyçay şəhəri, Əli Kərim küçəsində mülkiyyətində olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 nömrəli qeyri yaşayış binası Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 2(046)-24/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24885.47 ABŞ dolları məbləğində əsas borc, 8029.78 ABŞ dolları məbləğində faiz borcu, 30.43 ABŞ dolları cərimə borcu olmaqla cəmi 32945.68 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, ödənilmiş 30manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqının tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektinə yönəldilsin, qeyri-yaşayış obyektinin ilkin satış qiyməti 250000 manat, likvid dəyərinin isə 200000 manat məbləğində müəyyən edilməsi, qeyd edilən daşınmaz əmlakın açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcunun ödənilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, iş üzrə 145 manat ekspertiza xərcinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyekti AccessBank QSC ilə Cavabdeh2 ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa həmin müqavilənin təminatı kimi Cavabdeh1 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh1 Cavabdeh2 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh2 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, AccessBank QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 14.04.2021-ci il tarixli06-21 saylı rəydən görünür ki, Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektinin bazar dəyəri 250000 manat likvid dəyəri isə 200000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 02.11.2020-ci il tarixli 9/4255 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 banka 06.03.2018-ci il tarixə 24885.47 ABŞ dolları əsas kredit borcu, 8029.78 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32915.25 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizanın xərci 145 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən kredit razılaşması üzrə əsas və faiz borcu iddia ərizəsində qeyd edilmiş həddə təmin edilməlidir. İddiaçı "xxxx" QSC-nin cavabdehlərdən 18.11.2014-cü il tarixli kredit razılaşması üzrə 20013.43 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq kredit razılaşması üzrə dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və dəbbə pulunun 30.43 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və 145 manat ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 18.11.2014-cü il tarixli kredit razılaşması üzrə 24885.47 ABŞ dolları məbləğində əsas borc, 8029.78 ABŞ dolları məbləğində faiz borcu, 30.43 ABŞ dolları cərimə borcu olmaqla cəmi 32945.68 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektinə yönəldilməli, ipoteka predmentinin ilkin satış qiyməti 250000 manat, likvid dəyəri 200000 manat məbləğində müəyyən edilməli, qeyriyaşayış obyekti hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, daşınmaz əmlak açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin daşınmaz əmlak boşaldılmalıdır. İş üzrə 145 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 448.1, 448.2, 462.1, 467-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(046)-24/2021 saylı qətnaməsi ipoteka predmetinin qiymətinə aid hissədə ləğv edilməli, təkrar əmtəəşünaslıq ekspertizası keçirilməklə ipoteka predmetinin ilkin satış qiyməti yenidən müəyyən edilərək qətnamə qəbul edilməlidir. Məhkəmənin gəldiyi nəticə ilə aşağıda qeyd olunanlara görə razı deyil. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşmar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının ləmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. "xxxx" MMC-nin 14.04.2021 -ci il tarixli rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh2 məxsus Göyçay şəhəri, Əli Kərim küçəsində mülkiyyətində olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 nömrəli qeyri yaşayış binasını əsassız olaraq bazar dəyəri 250000 manat likvid dəyəri isə 200000 manat müəyyən edilmişdir. İpoteka predmetlərinin ilkin satış qiymətini "xxxx" MMC əsassız olaraq həddindən artıq yüksək məbləğdə müəyyən etmişdir. Qiymətləndirmə həyata keçirilən zaman "xxxx" MMC ipoteka predmeti olan Göyçay şəhəri, Əli Kərim küçəsində mülkiyyətində olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 nömrəli qeyri yaşayış binasının bazar dəyərini əsassız olaraq 250000 manat məbləğində müəyyən edərkən həmin ərazidə əmlakın bazar qiymətinin formalaşmasına təsir edən halları nəzərə almamışdır. İlk əvvəl bildiririk ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 31.01.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsində 32936.40 manat qiymətləndirilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 27.11.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsində 32936.40 manat müəyyənləşdirildiyi halda, əsassız olaraq səkkiz dəfə artıq məbləğdə 250000 manat olaraq müəyyənləşdirilmişdir. Halbuki, ölkədə bu vaxt ərzində əmlakın qiyməti bu qədər artmamışdır. Həmçinin iş üzrə keçirilmiş daha öncəki əmtəəşünaslıq ekspertizaları zamanı “Heba Consulting“ MMC ipoteka predmetinə 20.06.2019-cu il tarixə 130000 manat bazar dəyəri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ucar Ərazi İdarəsi tərəfinidən isə ipoteka predmetinə 03.07.2020-ci il tarixə 120000 manat bazar qiyməti qoyulmuşdur. Göründüyü kimi ipoteka müqaviləsi bağlanılan zaman tərəflərin qarşılıqlı surətdə razılaşdıqları qiymətlə həmçinin bundan öncə keçirilmiş əmtəəşünaslıq ekspertizalarının rəylərini müqayisə etdikdə "xxxx" MMCnin ekspert rəyi reallığı əks etdirmir. Belə ki, 1 il ərzində respublika ərazisində daşınmaz əmlakın bazar qiymətində 2 dəfəyədək artım müşahidə edilməmiş, əksinə pandemiya ilə əlaqədar olaraq; qiymətlərdə düşüş baş vermişdir. Hesab edirik ki, ipoteka predmeti ilə "xxxx" MMC-nin təqdim etdiyi qiymət qətiyyən reallığı əks etdirmir. Bu səbəbdən də, qeyd olunanlara əsasən hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar qiymətləndirmə ekspertizası keçirilməli və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. Son zamanlar ölkədə iqtisadiyyat durğunluğunun mövcud olması, ölkənin gəlirlərində və büdcə xərcləmələrində azalmanın baş verməsi səbəbindən əhalinin gəlirləri daralır və işsizliyin səviyyəsi artırsa, istehlak məhsullarına olan tələbat aşağı düşür. Bu səbəbdən də, hazırda daşınmaz əmlak alıcılığı və daşınmaz əmlaka olan tələbat bazarlarda kəskin şəkildə aşağı düşmüşdür. Lakin qiymətləndirici bunları nəzərə almadan əsassız olaraq ipoteka predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsində göstərilən manatla ifadə olunan qiymətdən daha yüksək məbləğdə müəyyən etmişdir. Bu səbəbdən də, qeyd olunanlara əsasən hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməlidir. Ona görə də o, məhkəmədən Göyçay Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(046)-24/2021 saylı qətnaməsini qismən - cavabdeh-ipoteka qoyan Cavabdeh2 məxsus Göyçay şəhəri, Əli Kərim küçəsində mülkiyyətində olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 nömrəli qeyri yaşayış binasının ilkin satış qiymətinin 250000 (iki yüz əlli min) manat likvid dəyəri isə 200000 (iki yüz min) manat olaraq müəyyən edilməsinə dair hissəsində ləğv edilməsi, həmin əmlakın qiymətinin müəyyən edilməsi üçün təkrar qiymətləndirmə ekpertizası keçirməklə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(046)-24/2021 saylı qətnaməsini qismən cavabdeh-ipoteka qoyan Cavabdeh2 məxsus Göyçay şəhəri, Əli Kərim küçəsində mülkiyyətində olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 nömrəli qeyri yaşayış binasının ilkin satış qiymətinin 250000 manat likvid dəyəri isə 200000 manat olaraq müəyyən edilməsinə dair hissəsində ləğv edilməsi, həmin əmlakın qiymətinin müəyyən edilməsi üçün təkrar qiymətləndirmə ekpertizası keçirməklə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(046)-24/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 250000 manat, likvid dəyərinin 200000 manat olmaqla açıq hərracdan satılması hissəsində səhvə yol vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 31.01.2014-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə müqavilə bağlanmışdır. 31.01.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsindən görünür ki, AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyriyaşayış obyektini ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyekti iddiaçı AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilərək dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə borc AccessBank QSC-də ipotekaya qoyulmuş əmlaka yönəldirmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, cavabdehlər qəbul edilmiş qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Belə ki, apellyator şikayətinin dəlillərində bildirmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 250000 manat olması ilə razılaşmamış, hazırda həmin əmlakın bazar qiymətinin yüksək məbləğdə olduğunu bildirmişdir. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşır. Məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X2” MMC-nin 19 yanvar 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Göyçay şəhəri, Əli Kərim küçəsində olan 0,0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış sahəsinin hazırki dövrə olan orta bazar dəyəri 140000 manat, likvid qiyməti 120000 manat təşkil etmişdir. İpoteka müqaviləsindən görünür ki, müqavilədə ipoteka predmetinin ilkin satış qiyməti 32936 manat təşkil etmişdir. Kollegiya hesab edir ki, ipoteka predmetinin likvid dəyərinin 120000 manat müəyyən edilməsi həm iddiaçının , həm də cavabdehin mənfeyinə uyğundur. Belə ki, ipoteka predmetinin likvid qiyməti müqavilədə nəzərdə tutulduğundan 4 dəfə çoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, ipoteka predmetinin likvid dəyəri 120000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə İpoteka Predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə ipoteka predmetinin həmin hissədə dəyişdirilməli, ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektinin ilkin satış qiyməti 140000 manat, likvid dəyəri isə 120000 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-24/2021 saylı, 31 may 2021-ci il tаrixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilsin, ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektinin ilkin satış qiyməti 140000 (yüz qırx min) manat, likvid dəyəri isə 120000 (yüz iyirmi min) manat məbləğində müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-106/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-106/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver