Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1062/2024 10.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(051)-1171/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 1200 manat məbləğində pulun və ödənilmiş 36 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi yaşadığı ərazi üzrə Mənzil İstismar Sahəsində işləyən işçi kimi tanımışdır, uzun müddət yaxın münasibətləri olmuşdur. Ona görə də 2023-cü ilin iyun ayında cavabdeh ondan 1600 manat borc pul istəmiş, tezliklə qaytaracağını vəd etmişdir. O da yaxın münasibətdə olduğu üçün 1600 manatı cavabdehə vermişdir. Cavabdeh bir müddət sonra borcundan 400 manat qaytarmışdır. 1200 manatı isə tezliklə qaytaracağına söz vermişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmır. Dəfələrlə mübahisənin könüllü həlli üçün müraciət etmişdir, bu barədə dəfələrlə cavabdehlə və onun gəlini ilə telefon danışığı olmuşdur. Lakin cavabdeh borcunu qaytarmamamışdır. Ona görə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, o, iddiaçıdan 300 manat və 200 manat olmaqla, cəmi 500 manat faizlə (sələmlə) borc pul almışdır. O, hər ay iddiaçıya faiz (sələm) ödəmiş, lakin sonradan ağır xəstəliyə düçar olduğuna görə işdən çıxmışdır. Ona görə də sələmi pulun sələmini ödəyə bilməmişdir. Ondan sonra iddiaçı onun uşaqlarından pul tələb etmişdir. Uşaqları isə onun xəstə olduğuna görə . 400 manatını ödəyə bilmişlər. Lakin iddiaçı həmin pulun üzərinə xeyli miqdarda faiz hesablamışdır. Belə ki, o, ödəyə bilmədiyi müddətə görə iddiaçı faiz hesablayıb və borcu şişirtmişdir. Onun iddiaçıya borcu yoxdur. Hesablanmış 100 manat məbləğində pul faiz borcudur. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
5. Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(051)-1171/2024 nömrəli qətnaməsi ilə (hakim N.Paşayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 100 (bir yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməsi, ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat məbləğində hissəsinin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan borc pul almış, borcundan 400 manat qaytarmışdır. Məhkəmə iclası zamanı hər iki tərəf bu faktın mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin həmin borc pulun məbləği barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı cavabdehə 1600 manat borc pul verdiyini, borcundan 400 manatını qaytardığını, hazırda 1200 manat borcu qaldığını iddia etmiş, cavabdeh isə iddianı qismən qəbul edərək, iddiaçıdan cəmi 500 manat borc pul adlığını, 400 manat pulu ödədiyini, iddiaçıya borcu olmadığını, hesablanmış 100 manat məbləğində pulun faiz borcu olduğunu bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmə iclası zamanı cavabdehə 1600 manat borc pul verməsini, cavabdehin 1200 manat borcu qalması faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə iş materiallarına əlavə edilmiş audio diskdən də göründüyü kimi cavabdehin gəlini iddiaçıya borcun ödənilməsi ilə bağlı vəd versə də, borcun məbləği barədə heç bir rəqəm ifadə etməmişdir. Eləcə də, iddiaçıdan borc pulu cavabdehin gəlini deyil cavabdehin özü almışdır. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 1200 manat deyil, yalnız cavabdehin etiraf etdiyi və işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 100 manat miqdarda qismən əsaslı hesab edir.
8. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan cəmi 500 manat borc pul alması, 400 manat pulu ödəməsi, 100 manat məbləğində pulu iddiaçıya qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək, qismən təmin edilməli və cavabdehdən 100 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.3, 385.1, 427.3, 442, 739.1, 740-cı maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
12. O, izahatında da bildirmişdir ki, cavabdehə 1600 borc vermişdir. Həmin borcdan cavabdeh ona 400 manat ödəmiş və 1200 manat borcu qalmışdır. Əgər o, səmimi olmasaydı, borcu şişirtsəydi, onda məhkəmə iclasında cavadehin ona borcundan 400 manat qaytarmasını deməzdi.
13. Cavabdeh 16 may 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında, ondan iddiaçıdan 1550 (bir min beş yüz əlli) manat borc aldığını göstərmişdir.
14. Məhkəmə icasında cavabdeh izahatında bildirmişdir ki, ondan müxtəlif vaxtlarda 300 manat və 200 manat olmaqla, cəmi 500 manat faizlə (sələmlə) borc pul almışdır. Bununla cavabdeh ondan tam olaraq 500 manat borc almasını etiraf edir. Ancaq daha sonra borcundan 400 manatını qaytardığını, bundan sonra borcu qalmadığını göstərmişdir. Onun guya ona 100 manat faiz borcu qaldığnı göstərir. Əgər cavabdeh ondan 500 manatı faizlə pul götürmüşsə necə olur ki, onun 100 manat faiz borcu qalır. Cavabdehin izahatında ziddiyyətlidir. Bəli cavabdeh 1600 manat borcundan 400 manatı qaytarmış, 1200 manat borcu qalmışdır.
15. Ayrı-ayrı vaxtlarda cavabdehin gəlini audio səs yazılarında borcun qaynanasına deyil, onlara məxsus olduğunu və bir neçə dəfə səsində borclarından 200-200, 300-300 manat qaytaracaqlarını göstərir, cavabdeh 1600 manat borcundan 400 manatını 2023cü ilin noyabr ayınadək qaytarmışdır. Ancaq cavabdehin gəlini ilə telefon danışıqları 2024-cü ilin mart ayında olmuşdur, əgər həqiqətən cavabdeh dediyi kimi 500 manat borcundan 400 manat qaytardığını və borcları qalmadığını, 100 manat sələmi vermədiyini təsdiq edirsə, cavabdehin gəlini borclarını 200-200, 300-300 manat verməklə ödəyəcəklərinə söz verməyi cavabdehin həqiqətəndə 1200 manat borcunun olması anlamına gəlir. 100 manat borcu qalan şəxs, 200-200, 300-300 borcu qaytarmağını deməz.
16. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(051)- 1171/2024 saylı qətnaməsini dəyişdirərək, iddianın tam təmin edilməsini, Cavabdeh 1200 manat məbləğində pulun və ödənilmiş 36 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(051)-1171/2024 nömrəli qətnaməsinin iddiasının təmin edilməyən hissəsində dəyişdirərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini
19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmaması, Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(051)-1171/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci mаddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
20. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(051)-1171/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
25. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(051)-1171/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 500 manat borc pul almış, borcundan 400 manatını qaytarmışdır. İddiaçı isə cavabdehə 1600 manat borc pul verdiyini, borcundan 400 manatının qaytarıldığını, cavabdehin hazırda ona 1200 manat borcu qaldığını iddia etmiş, cavabdeh isə iddianı qismən qəbul edərək, iddiaçıdan cəmi 500 manat borc pul adlığını, 400 manat pulu ödədiyini, iddiaçıya borcunun qalmadığını, hesablanmış 100 manat məbləğində pulun faiz borcu olduğunu bildirmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
30. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin 16 may 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında, ondan iddiaçıdan 1550 manat borc aldığını göstərməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, şikayətin həmin dəlili iddiaçının apellyasiya şikayətində göstərdiyi cavabdehin məhkəmə icasındakı izahatında ondan müxtəlif vaxtlarda 300 manat və 200 manat olmaqla, cəmi 500 manat faizlə (sələmlə) borc pul alması barədə göstərdikləri ilə təkzib edilmişdir.
31. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinin 16 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclası üzrə məhkəmə iclas protokolundan cavabdehin iddiaçıdan 1550 manat borc alması barədə heç bir fikir ifadə etməməsi, həmçinin cavabdehin məhkəmə iclaslarında verdiyi izahatında təhrif edilmə halları olmuşdursa, iddiaçının bununla bağlı məhkəmə iclas protokollarına hər hansı bir qeyd verməsi halı müəyyən edilməmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ayrı-ayrı vaxtlarda cavabdehin gəlininin audio səs yazılarında borcun qaynanasına deyil, onlara məxsus olduğunu və bir neçə dəfə səsində borclarından 200-200, 300-300 manat qaytaracaqlarını göstərməsinə dair dəlilinə də münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi hazırkı iddia tələbi cavabdehin gəlininə qarşı deyil, məhz Cavabdeh qarşı yönəlmişdir.
33. Cavabdeh tərəfindən iddiaçıdan hissə-hissə, yəni 200 və 300 manat olmaqla cəmi 500 manat borcun alınmasının, iddiaçı tərəfindən isə cavabdehin ondan aldığı borcdan 400 manatının qaytarılmasının təsdiq edilməsi, cavabdehin onun qarşısında daha çox məbləğdə borc öhdəliyinin olmasına dair iddiaçı tərəfindən heç bir sübutun təqdim edilməməsi onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yuxarıda qeyd edilən nəticəyə gələrkən doğru mövqedən çıxış etmişdir.
34. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
35. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin, iddiaçı tərəf apellyasiya şikayətində istinad etdiyi hallara dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
36. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(051)-1171/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(051)-1171/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.