Məhkəmə qərarları › İş №2(107)-1067/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1067/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1067/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, x4 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tаrixli2(025)-116/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 27 yanvar 2020-ci il tаrixli 2(025)-116/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 9.490 (doqquz min dörd yüz doxsan) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 9.520 (doqquz min beş yüz iyirmi) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Qəbələ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 21 iyul 2016-cı il tarixli “borcun etiraf edilməsi” haqqında qəbzə əsasən ondan aldığı 9490 (doqquz min dörd yüz doxsan) manat borc pulun və məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1992-ci ildə ailə həyatı qurmuşdur və onların birgə nikahlarından 07.03.1993-cü il təvəllüdlü x5 və 08.03.1997-ci il təvəllüdlü x2 adlı övladları anadan olmuşdur. Lakin xasiyyətləri uyğun gəlmədiyindən və ailələrində hər gün söz-söhbətlər olduğundan onlar ayrılmaq qərarına gəlmiş və Qəbələ Rayon Məhkəməsinə müraciət etmişlər və məhkəmənin qərarı ilə cavabdehlə aralarında olan nikah pozularaq birgə nikahlarından olan övladlarının yetkinlik yaşına çatanadək onun yanında qalması və onların saxlanılması üçün aliment müəyyən edilmişdir. Cavabdehlə aralarında olan nikah pozulduqdan sonra o, işləmək üçün Bakı şəhərinə köçərək orada yaşamağa başlamış və cavabdehlə aralarında olan nikahın pozulmasına baxmayaraq həmişə uşaqlarının cavabdehlə sərbəst ünsiyyət qurmasına şərait yaratmış və cavabdeh onun səmimi davranışı əsasında həmişə yaşadığı evə və əraziyə gələrək uşaqlarla sərbəst ünsiyyət qurmuşdur. 2016-cı ilin iyul ayında cavabdeh yaşadığı evə gələrək xəstə olduğunu və müalicə olunması üçün 10.000 manat pula ehtiyacı olduğunu ona bildirmiş və ondan borc pul istəmişdir. O da uşaqlarının atası olmasını əsas götürərək cavabdehin sağlamlığına qovuşması səbəbindən işləyərək topladığı 10.000 manat pulunu ona borc vermək qərarına gəlmiş və həmin 10.000 manat puldan 510 manat ehtiyacı olduğundan özündə saxlamaqla 21 iyul 2016-cı il tarixində cavabdehə 9490 (doqquz min dörd yüz doxsan) manat pulunu borc vermişdir. Cavabdeh elə həmin tarixdə öz sözləri ilə qəbz yazaraq ondan 9490 (doqquz min dörd yüz doxsan) manat borc aldığı həmin borcdan aralarında olan razılaşmaya əsasən 1000 (bir min) manatını 02.08.2016-cı il tarixinədək qaytaracağına və qalıq 8490 (səkkiz min dörd yüz doxsan) manatını isə 02.08.2016-cı il tarixdən başlamaq şərti ilə 2020-ci ilin fevral ayınadək hər ay 200 manat qaytarmaq şərti ilə öhdəlik götürmüş və hər aya qaytaracağı 200 manat pulu qaytarmadığı halda pulu hüquq mühafizə orqanlarına müraciət edərək tələb etməsini göstərmişdir. Amma buna baxmayaraq cavabdeh 9490 (doqquz min dörd yüz doxsan) manat puldan 02.08.2016-cı il tarixinədək qaytaracağı 1000 manat pul da daxil olmaqla hər ay qaytaracağı 200 manat pulu da ona qaytarmamışdır. O, hər dəfə cavabdehdən borcunu istədikdə müxtəlif bəhanələr gətirərək onu aldatmış və ona olan 9490 manat borcunu qaytarmaqdan qərəzli olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş borcun etiraf edilməsi haqqında qəbzin əslindən göründüyü kimi onun tərəfindən cavabdehə borcunu ödəmək üçün lazımı qədər vaxt verilib, lakin cavabdeh həmin borcu hələ də qaytarmamışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək eyni zamanda göstərmişdir ki, Cavabdeh tələb etdiyi pul məbləği əslində cavabdehin aliment öhdəlikləri ilə bağlı yığılmış pul məbləğidir. Belə ki, onun şikayəti əsasında cavabdehin barəsində AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işi qaldırılmışdır. Məhkəmə istintaqı zamanı oğlunun və hazırkı cavabdehin xahişi ilə cavabdehin yüngül cəza alması üçün ona qarşı heç bir şikayət və tələbinin olmaması, aliment öhdəliklərini ödəməsi barədə məhkəməyə ərizə vermiş, qarşılığında isə cavabdeh 9490 manat məbləğin 1000 (bir min) manatını 02.08.2016-ci il tarixdə, yerdə qalan 8490 (səkkiz min dörd yüz doxsan) manatını hər ay 200 (iki yüz) manat vermək şərti ilə qaytaracağı barədə öhdəlik götürmüş və bu barədə ona yazılı qəbz vermişdir. O, hər dəfə pulunu istədikdə cavabdeh müxtəlif bəhanələr gətirərək onu aldatmış və 9490 manat məbləğində pulu qaytarmaqdan qərəzli olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş borcun etiraf edilməsi haqqında qəbzin əslindən göründüyü kimi onun tərəfindən cavabdehə pulunu ödəmək üçün lazımı qədər vaxt verilib, lakin cavabdeh həmin borcu hələ də qaytarmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, o, iddiaçı ilə 1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahlarından 07.03.1993-cü il tarixdə Aqil, 08.03.1997-ci il tarixdə isə Sitarə adlı uşaqları doğulmuşdur. Sonradan xasiyyətlərinin uyğunsuzluğuna görə cavabdehlə rəsmi qaydada ayrılmışlar. Hər iki uşaq anasının himayəsində qalmışdır. Qəbələ Rayon Məhkəməsinin 23.05.2006-cı il tarixli əmri ilə hər ay qazancının üçdə bir hissəsi qədər aliment tutularaq hazırkı iş üzrə iddiaçıya verilməsi qərara alınmışdır. Tərəfindən hər iki uşağa alimenti 2014-cü ilədək mütəmadi olaraq ödəmişdir. Ancaq aliment ödənişi barədə heç kimdən qəbz almamışdır. 2014-cü ildə ailə həyatı qurmuş və bir uşağı dünyaya gəlmişdir. Boğazından əməliyyat olunmuş, ehtiyaclarına görə banklardan kredit götürmüşdür. Maddi vəziyyətində çətinlik yarandığından aliment ödənişini əvvəlki illərdə olduğu kimi ödəyə bilməmişdir. Nəticədə 9490 manat aliment borcu yaranmışdır. İddiaçının şikayəti əsasında barəsində AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işi qaldırılmışdır. İstintaqın gedişində iddiaçıya qəbz verərək ona borclu olduğu 9490 manat borcu hər ay 200 manat ödəmək şərti ilə 2020-ci ilin fevralına qutaracağını öhdəsinə götürmüşdür. İddiaçı isə əvəzində şikayətçi olmadığını bildirmişdir. Ancaq oktyabr 2016-cı il tarixdə barəsində olan 306.1-ci maddə ilə aparılan cinayət işinin məhkəmə iclasında iddiaçı ondan borclu olduğu 9490 manat aliment borcunun tam olaraq ödənilməsini tələb etmiş və ödəniş tam olmazsa şikayətçi olduğunu bildirmişdir. Məcbur olub tanıdığı insanlardan 9490 manat pul toplayaraq iddiaçıya borclu qaldığı aliment borcunu tam olaraq ödəmişdir. Ödənişi tam etdikdən sonra İddiaçı barəsində olan cinayət işini aparılan Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək onunla barışdığını, aliment borcunu tam ödədiyini və ona borcu olmadığını göstərmişdir. Barəsində çıxarılmış 03.10.2016-cı il tarixli 1(006)-335/2016 nömrəli hökmün 4-cü səhifəsinin 4-cü abzasında da iddiaçıya vurulmuş ziyanın tərəfindən tam olaraq ödənilməsi məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmışdır. Ancaq iddiaçı 21.07.2016-cı il tarixdə istintaq mərhələsində ona verdiyi qəbzi özündə saxlamış, 3 il 4 aydan sonra məhkəmədə hazırkı iddia tələbini qaldırmaqla ondan 9490 manat pul tələb etmişdir. Beləliklə, aliment borcunun məbləği ilə iddiaçının tələb etdiyi “yalan borc” məbləği eyni rəqəmdir və iddiaçının saxtakarlığı açıq şəkildə görünür. Həmin faktlarla bir daha təsdiq olunur ki, iddiaçının ona qarşı qaldırdığı tələb tam əsassızdır. İddiaçı daima onunla ədavət aparmış və bu günə də aparmaqdadır. İddiaçının ona qarşı heç vaxt səmimi münasibəti olmamışdır. Odur ki, Cavabdeh məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı ilə 1992-ci ildə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 07.03.1993-cü il təvəllüdlü x5 və 08.03.1997-ci il təvəllüdlü x2 adlı iki övladları doğulmuşdur. Bir müddət sonra xasiyyətləri uyğun gəlmədiyindən Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqlar yetkinlik yaşına çatanadək iddiaçının yanında qalmaqla onların saxlanılması üçün aliment müəyyən edilmişdir. 2014-cü ilə kimi aliment ödənilməsi ilə əlaqədar öhdəlikləri yerinə yetirərək ödənişi mütəmadi olaraq ödəsə də bu barədə iddiaçıdan heç bir qəbz tələb etməmişdir. O, 2014-cü ildə ikinci dəfə ailə həyatı qurduqdan və bir uşağı dünyaya gəldikdən sonra və boğazında əməliyyat olunduğuna görə bir müddət alimenti lazımınca ödəyə bilmədiyindən 9490 (doqquz min dörd yüz doxsan) manat aliment borcu yaranmışdır. Bundan sonra iddiaçının şikayəti əsasında barəsində AR CM-nin 306.1-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. Məhkəmə istintaqının gedişi zamanı iddiaçı ilə heç bir ünsiyyəti olmasa da barış əldə etmək üçün iddiaçıdan ərizəsini geri götürməsini xahiş etmişdir. Lakin iddiaçı yaranmış aliment borcunu birdəfəyə ödəməsə onunla barışmayacağını və ərizəni geri götürməyəcəyini qətiyyətlə israr etmişdir. Ona görə də məhkəmə istintaqının gedişi ərzində iddiaçının tələbi ilə 21 iyul 2016-cı il tarixindəiddiaçıya borclu olduğu 9490 manat (doqquz min dörd yüz doxsan) manat borc pul aldığını həmin borcdan aralarında olan razılaşmaya əsasən 1000 (bir min) manatını 02.08.2016-cı il tarixinədək qaytaracağına və qalıq 8490 (səkkiz min dörd yüz doxsan) manatını isə 02.08.2016-cı il tarixdən başlamaq şərti ilə 2020-ci ilin fevral ayınadək hər ay 200 manat olmaqla qaytaracağına dair öhdəlik götürmüşdür. İddiaçı isə əvəzində mənkəmədə şikayətçi olmayacağını, şikayətini geri götürəcəyini bildirmişdir. Lakin bundan bir neçə gün sonra iddiaçı məhkəmə iclasında iddiaçıya borclu olduğu 9490 manat (doqquz min dörd yüz doxsan) manat aliment borcunu tam olaraq ödəməli olduğunu və ödəməsə şikayətini geri götürməyəcəyini və şikayətçi olacağını qəti şəkildə bildirmişdir. O da məcbur olub özündən və tanıdığı insanlardan toplayaraq iddiaçıya borclu olduğu 9490 (doqquz min dörd yüz doxsan) manat aliment borcunu qaytarmışdır. İddiaçıya olan bütün borcunu ödədiyinə görə iddiaçı 16 avqust 2016-cı il tarixində məhkəmə iclası zamanı Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs Cavabdeh ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmədən də onun bağışlanmasını və aliment ödənilməsilə bağlı ona dəymiş zərərin tam ödənildiyini bildirmişdir. Ərizəni öz xətti ilə özü yazmış, özü imzalamış, tarixini özü qoymuş və məhkəmə prosesi zamanı məhkəmə istintaqını aparan məhkəməyə təqdim etmişdir. Nəsimi Rayon Məhkəməsinin çıxardığı 03.10.2016-cı ili tarixli 1(006)-335/2016 nömrəli hökmün 4-cü səhifəsinin 4-cü abzasında iddiaçıya vurulmuş ziyanın tərəfindən tam olaraq ödənildiyi məhkəmə tərəfindən təsdiqlənmiş və nəticədə məhkəmə bu faktı yüngülləşdirici hal kimi qiymətləndirmişdir. Bununla da aralarında olan aliment mübahisəsinə son qoyulmuşdur. Lakin, 2019-cu ilin noyabr ayında yalançı bir iddia düşünərək məhkəməyə müraciət edir. Qəbələ Rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli 2(025)-116/2020 nömrəli qətnaməsi bir sıra kobud maddi hüquq normalarının pozulması ilə çıxarılmışdir. Belə ki, ilk olaraq onu xüsusilə qeyd etmişdir ki, Qəbələ Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol verərək iddia tələbinin həddindən kənara çıxaraq iddiaçının iddia ərizəsində qeyd etdiyi tələbindən fərqli tələb əsasında maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının tələbi ilə 21 iyul 2016-cı il tarixində onun yazdığı qəbzi sübut kimi qiymətləndirsə də, bundan bir müddət sonra iddiaçıya olan bütün borcunu ödədiyinə görə iddiaçı tərəfindən 16 avqust 2016-cı il tarixində məhkəmə iclası zamanı Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs Cavabdeh ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmədən də onun bağışlanmasını və aliment ödənilməsilə bağlı ona dəymiş zərərin tam ödənilməsilə əlaqədar təqdim etdiyi yazılı qəbzi sübut kimi qərəzli olaraq qiymətləndirməmişdir. Məhkəmə bir dəfə onun tərəfdən iddiaçıya ödənilmiş aliment borcunu yenidən iddiaçı tərəfindən yalandan borc pul tələbi adı ilə tərtib olunub məhkəməyə verilmiş iddia tələbini araşdırmadan təmin etməklə kobud maddi və prosessual pozuntuya yol vermişdir. Məhkəmə qətnamədə qeyd edir ki, “cavabdeh iddiaçıya borcunu qaytarmasını və bununla da etirazını əsaslandıra bilməyib bununla bağlı heç bir sübut (pulun qəbuluna dair iddiaçının yazdığı qəbz və s.) təqdim etməmişdir). Cavabdehin iddiaçıya həmin borc məbləğini ödəməsini, bunun əvəzində iddiaçının isə Cavabdeh AR CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi zamanı məhkəməyə aliment borcunun ödənilməsi, heç bir şikayətinin olmaması barədə verdiyi ərizəsi məhkəməyə iddianın rədd edilməsi üçün əsas ola bilməz.” Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarına dəqiq əməl etməyərək, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlara istinad etməyərək, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsini qərəzli, birtərəfli şərh edərək,, habelə qətnamədə göstərilən hallarla işin materiallarına uyğun olmayan, hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğu halda başqa tələb əsasında qətnamə qəbul edərək, MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsinin mülki işə baxan məhkəmə üçün məcburiliyini dərk etməyərək və digər mötəbər sübutlara istinad etməyərək MPM-nin və AR Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli Qərarının digər mühüm tələblərinə əsaslanmayaraq qanunsuz, əsassız və ədalətsiz bir qətnamə qəbul etmişdir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə almamışdır. Bütün bu səbəblərdən məhkəmənin məlum qətnaməsi qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tаrixli 2(025)- 116/2020 nömrəli qətnaməsnin ləğv olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddiaçının tələb etdiyi 9490 manat borc məbləğinin aliment borcu olduğunu, aliment borcunu tam ödədiyini və borcun ödənilməsinin Nəsimi Rayon Məhkəməsinin 03.10.2016-cı il tarixli hökmündə öz təsdiqini tapdığını bildirdi və apelyasiya şikayətinin təmin olunmasını, Qəbələ rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(025)-116/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi x3 apelyasiya şikayətinin təmin olunmasını, Qəbələ rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(025)-116/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı tələb etdiyi 9490 manat borc məbləğinin aliment borcu olmadığını, Cavabdeh xəstəliyi ilə əlaqədar ona borc verdiyini, Nəsimi Rayon Məhkəməsinin 03.10.2016-cı il tarixli hökmündə qeyd edilən aliment borcunun cavabdeh tərəfindən tam ödəndiyini və onunla bağlı tələbinin olmadığını bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(025)-116/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. AzərbaycanRespublikasınınMülkiProsessualMəcəlləsinin (bundansonra AzərbaycanRespublikasınınMPM və ya MPM) 185.1-cimaddəsində göstərilirki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: - Cavabdeh tərəfindən 21 iyul 2016-cı il tarixdə yazılmış qəbzdə, İddiaçı 9490 (doqquz min dörd yüz doxsan) manat borc pul aldığını, həmin pulun 1000 (bir min) manatını 02.08.2016-cı il tarixdə qaytaracağını, yerdə qalan 8490 (səkkiz min dörd yüz doxsan) manatını hər ay 200 (iki yüz) manat vermək şərti ilə razılığa gəldiyini, əks təqdirdə hər ay 200 manat ödəməsə hüquq mühafizə orqanlarına müraciət edə biləcəyini göstərmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli 1(006)- 335/2016 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən, Paşayeva x1 Mehman Paşa oğlunun aliment borcunu ödədiyini etiraf etmiş və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. - İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakiminə yazılmış 16 avqust 2016-ci il tarixli ərizədə Cavabdeh ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını və alimentin ödənilməsi ilə bağlı ona dəymiş zərərin tam şəkildə ödənildiyini göstərmişdir. - Qəbələ RPŞ tərəfindən verilmiş 02.10.2017-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. - Qəbələ RPŞ tərəfindən verilmiş 18.09.2012-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1971-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddiaçının cavabdeh tərəfindən tərtib edilmiş 21 iyul 2016-cı il tarixli “borcun etiraf edilməsi” haqqında qəbzə əsasən ona borclu olmasına dair tələbinin əsası kimi istinad etdiyi halları (qəbzin cavabdeh tərəfindən yazılması və imza edilməsi) sübut etmə öhdəliyi cavabdehin etiraf etməsi ilə başa çatmışdır. Cavabdeh iddiaçıya borcunu qaytarmasını və bununla da etirazını əsaslandıra bilməyib bununla bağlı heç bir sübut (pulun qəbuluna dair iddiaçının yazdığı qəbz, pulun (banderolun) iddiaçının yaşadığı ünvana göndərilməsi barədə poçt qəbzi və s.) təqim etməmişdir. Cavabdehin iddiaçıya həmin borc məbləğini ödəməsini, bunun əvəzində iddiaçının isə Cavabdeh AR CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi zamanı məhkəməyə aliment borcunun ödənilməsi, heç bir şikayət və tələbinin olmaması barədə verdiyi ərizəsi məhkəməyə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tаrixli 2(025)-116/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh tərəfindən 21 iyul 2016-cı il tarixdə yazılmış qəbzdə, İddiaçı 9490 (doqquz min dörd yüz doxsan) manat borc pul aldığını, həmin pulun 1000 (bir min) manatını 02.08.2016-cı il tarixdə qaytaracağını, yerdə qalan 8490 (səkkiz min dörd yüz doxsan) manatını hər ay 200 (iki yüz) manat vermək şərti ilə razılığa gəldiyini, əks təqdirdə hər ay 200 manat ödəməsə hüquq mühafizə orqanlarına müraciət edə biləcəyini göstərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli 1(006)-335/2016 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən, Paşayeva x1 Mehman Paşa oğlunun aliment borcunu ödədiyini etiraf etmiş və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakiminə yazılmış 16 avqust 2016-ci il tarixli ərizədə Cavabdeh ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını və alimentin ödənilməsi ilə bağlı ona dəymiş zərərin tam şəkildə ödənildiyini göstərmişdir. Məhkəmə kollegiyası iddianı təmin edərkən iddianın təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Mülki Prossesual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin03.10.2016-cı ili tarixli 1(006)- 335/2016 nömrəli hökmündən görünür ki, birinci instansiya məhkəməsi hökmün təsviriəsaslandırıcı hissəsində mövcud borcun tam ödənməsini yüngülləşdirici hal kimi nəzərə almışdır. Bundan əlavə iddiaçının həmin hökmdə olan çıxışından görünür ki, cavabdeh ona olan borcunu ödəmiş, iddiaçının cavabdehdən şikayət və tələbi olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının irəli sürdüyü borc məbləği Nəsimi Rayon Məhkəməsinin03.10.2016-cı ili tarixli 1(006)-335/2016 nömrəli hökmündə qeyd edilən 9490 manat aliment borcu məbləği ilə eyni məbləğdir və həmin məbləğin ödənməsi Nəsimi Rayon Məhkəməsinin03.10.2016-cı ili tarixli 1(006)-335/2016 nömrəli hökmü və iddiaçının Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi yazılı ərizənin surəti ilə təsdiq olunur. Bundan əlavə kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh tələb etdiyi pul məbləği əslində cavabdehin aliment öhdəlikləri ilə bağlı yığılmış pul məbləğidir. Belə ki, onun şikayəti əsasında cavabdehin barəsində AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işi qaldırılmışdır. Lakin İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında tələb etdiyi 9490 manat borc məbləğinin aliment borcu olmadığını, Cavabdeh xəstəliyi ilə əlaqədar ona borc verdiyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının həm birinci instansiya məhkəməsinin iclasında, həm də kollegiyanın iclasında tələb olunan borc məbləği ilə bağlı bir-biri ilə verdiyi ziddiyətli izahatlarına münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan mülki iş üzrə iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iddiaçının iddiadan imtina etməsi, cavabdehlə barışması ilə əlaqədar tərəflərin iş üzrə barışıq sazişi Nəsimi Rayon Məhkəmənin hökmündə təsdiqini tapmışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına uyğun olduğu üçün əsaslı qəbul edir. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı Cavabdeh qarşı iddia etdiyi 9490 manat məbləğində pul borc verməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin borc müqavilələri ilə bağlı qanun normalarına istinad edərək cavabdehdən bu əsaslarla pulunu tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatlarından, məhkəmə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi pul məbləği əslində cavabdehin aliment öhdəlikləri ilə bağlı yaranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələb etdiyi pul məbləğinin əslində cavabdehin aliment öhdəlikləri ilə bağlı yarandığı müəyyən edilsə də, həmin hala əsassız varlanma kimi hüquqi qiymət verərək maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: - 76.1-ci mаddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. -106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi qanunvericiliyin tələbləri baxımından hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Mülki Prossesual Məcəlləsinin: -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tаrixli 2(025)-116/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: - 384.0.2-ci mаddəsinə əsаsən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. - 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. - 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. - 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. - 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tаrixli 2(025)-116/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar