Məhkəmə qərarları › İş №2(107)-1067/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1067/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1067/2024 15.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı “Nisiyə alqı-satqı müqaviləsinin ləğv olunması, cavabdehin ünvan 1ində yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən çıxarılması və əmlakın İddiaçı QSC-yə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “Nisiyə alqı-satqı müqaviləsinin ləğv olunması, cavabdehin ünvan 1ində yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən çıxarılması və əmlakın İddiaçı QSC-yə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(035)-346/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" QSC-i Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin ünvan 1ində yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən cavabdehin çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 88.1 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsi alıcı Cavabdeh 20000 (iyirmi min) manat qiymətinə satmışdır. Cavabdeh nisyə-alqı satqı müqaviləsinin şərtlərinə uyğun olaraq ilkin olaraq 3000 (üç min) manat məbləği satıcı İddiaçı QSC-nin notariusun bankda açılan depozit hesabına ödəmişdir.Cavabdeh qalan 17000 (on yeddi min) manat məbləği 36 ay müddətinə, sentyabr ayı 2000 (iki min) manat, növbəti aylarda isə hər ay 1 dəfə 300 (üç yüz) manat olmaqla 34 ödəniş ayı və sonuncu ödəniş ayı 4800 (dörd min səkkiz yüz) manat məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür.Lakin cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 2300 (iki min üç yüz) manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur.

5. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izhatında bildirmişdir ki, onunla "AccessBank” QSC arasında xx.xx.2023-cü il tarixində ümumi dəyəri 20000 (iyirmi min) manat olan AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ilkin 3000 (üç min) manat olmaqla ümumilikdə iddiaçıya 5300 (beş min üç yüz) manat pul ödəmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsindən imtina etmir. Sadəcə maddi vəziyyətinin pisləşməsi səbəbi ilə əlaqədar olaraq borcunu ödəyə bilmir. Onu da qeyd etmişdir ki, boşaldılması tələb olunan ev onun və ailəsinin yeganə yaşayış yeridir. Ona zaman veriləcəyi halda qrafik əsasında iddiaçıya olan borcunu ödəməyə hazırdır.

7. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(035)-346/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən çıxarılması, əmlakın boşaldılaraq mülkiyyətçi "AccessBank” QSC-yə təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq "AccessBank” QSC-yə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023- cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Zərdab rayon Çallı kəndində yerləşən ümumi sahəsi 0.27 ha olan torpaq sahəsi və onun üzərində inşa olunmuş ümumi sahəsi 88.1 kv/m olan fərdi yaşayış evi cavabdehə 20000 (iyirmi min) manata cavabdehə satılmışdır. Müqavilə predmetinə əsasən cavabdeh iddiaçıya ilkin olaraq 3000 (üç min) manat pul ödəmiş qalan 17000 (on yeddi min) manat borcunu isə 36 ay müddətinə, sentyabr ayı 2000 (iki min) manat, növbəti aylarda isə hər ay 1 dəfə 300 (üç yüz) manat olmaqla 34 ödəniş ayı ərzində və sonuncu ödəniş 4800 (dörd min səkkiz yüz) manat məbləği olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu müddət ərzində cavabdeh yuxarıda qeyd olunan öhdəliyi üzrə iddiaçıya ümumilikdə 2300 (iki min üç yüz) manat pul ödəmişdir. Cavabdehə bununla bağlı xəbərdarlıqlar olunsa da lakin, cavabdeh öhdəliklərini icra etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq və yuxarıda qeyd olunan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, cavabdeh ünvan 1ində yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən çıxarılmalı, əmlak boşaldılaraq mülkiyyətçi "AccessBank” QSC-yə təhvil verilməli və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, 71-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə məhkəmədə baxılarkən məhkəmənin mövqeyi bir tərəfli olmuş və məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023- cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Zərdab rayon Çallı kəndində yerləşən ümumi sahəsi 0.27 ha olan torpaq sahəsi və onun üzərində inşa olunmuş ümumi sahəsi 88.1 kv/m olan fərdi yaşayış evi cavabdehə 20000 (iyirmi min) manata cavabdehə satılmışdır. Müqavilə predmetinə əsasən cavabdeh iddiaçıya ilkin olaraq 3000 (üç min) manat pul ödəmiş qalan 17000 (on yeddi min) manat borcunu isə 36 ay müddətinə, sentyabr ayı 2000 (iki min) manat, növbəti aylarda isə hər ay 1 dəfə 300 (üç yüz) manat olmaqla 34 ödəniş ayı ərzində və sonuncu ödəniş 4800 (dörd min səkkiz yüz) manat məbləği olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu müddət ərzində cavabdeh yuxarıda qeyd olunan öhdəliyi üzrə iddiaçıya ümumilikdə 2300 (iki min üç yüz) manat pul ödəmişdir.Cavabdehə bununla bağlı xəbərdarlıqlar olunsa da lakin, cavabdeh öhdəliklərini icra etməmişdir. Məhkəmənin bu mövqeyi əsassızdır.

13. Belə ki, o, keçirilmiş məhkəmə iclasında iştirak etməklə bir daha bildirir ki, “AccessBank" QSC ilə aralarında xx.xx.2023-cü il tarixində ümumi dəyəri 20000 (iyirmi min) manat olan AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ilkin 3000 (üç min) manat olmaqla ümumilikdə iddiaçıya 5300 (beş min üç yüz) manat pul ödənilmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsindən imtina etmir. Sadəcə maddi vəziyyətinin pisləşməsi səbəbi ilə əlaqədar olaraq borcu ödəyə bilmir. Onu da qeyd etmişdir ki, boşaldılması tələb olunan ev onun və ailəsinin yeganə yaşayış yeridir və ona zaman veriləcəyi halda qrafik əsasında iddiaçıya olan borcumu ödəməyə hazırdır.

14. Bundan başqa qeyd edərək bildirir ki, “AccessBank" QSC ilə aralarında xx.xx.2023-cü il tarixində ümumi dəyəri 20000 (iyirmi min) manat olan AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən tanışı X4 onunla birlikdə olmuş və həmin şəxs ona zamin olmuşdur. Hazırda “AccessBank" QSC-si tərəfindən zamin X5 məxsus pensiya kartından pensiyanın 50%, yəni 110 (bir yüz on) manat tutulma olur. Bu hal da onu deməyə əsas verir ki, iddiaçı tərəfə ödənilməli olan vəsaitin ödənişindən boyun qaçırılmır və bu hər ay nəzərdə tutulmuş qaydada davam edəcəkdir.

15. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olsada məhkəmə qətnamə qəbul edilən zaman qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə səhv qənaətə gəlmişdir. Maddi və prosessual hüquq normaları düzgün tədbiq olunmamışdır.

16. Odur ki, iddiaçı "xxxx" QSC-i “Nisiyə alqı-satqı müqaviləsinin ləğv olunması, cavabdehin ünvan 1ində yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən çıxarılması və əmlakın “AccessBank" QSC-yə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Zərdab Rayon Məhkəməsinin tərəfindən yuxarıda qeyd olunan əmlakın “AccessBank" QSC-yə təhvil verilməsi” ilə bağlı qəbul etdiyi 24 iyun 2024-ci il tarixli 2(035)-346/2024 nömrəli qətnaməsi əsassız olduğundan həmin qətnamənin ləğv edilməsi, qanuni və əsaslı qərarın qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(035)-346/2024 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı QSC-nin ona qarşı “Nisiyə alqı-satqı müqaviləsinin ləğv olunması, ünvan 1ində yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən çıxarılması və əmlakın İddiaçı QSC-yə təhvil verilməsi” tələbinə dair iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı QSC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Lakin İddiaçı QSC-nin nümayəndəsi məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi məlumatında məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini, cavabdehin apellyasiya şikayətini qəbul etmədiklərini göstərmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və cavabdehin apellyasiya şikayətinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, Zərdab Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2(035)-346/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, reyestrdə 4Ə-2349 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı QSC-nin mülkiyyətində olan Zərdab rayonu Çallı kəndində yerləşən ümumi sahəsi 88,1 kv/m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,27 ha torpaq sahəsi nisyə şəkildə 20.000 manata Cavabdeh satılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-nin notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan 17.000 manat məbləği isə 36 ay müddətində, yəni sentyabr ayı 2000 manat, növbəti aylarda isə hər dəfə 300 manat olmaqla 34 ödəniş və sonuncu ödəniş 4800 manat olmaqla ödəməyi, satıcı isə daşınmaz əmlakı alıcının faktiki sahibliyinə verməyi öhdələrinə götürmüşlər. İddiaçı QSC tərəfindən müqavilə öhdəliyinin icrası təmin edilərək alqı-satqı müqaviləsindən sonra əmlakın cavabdehin sahibliyinə verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icrası təmin edilməmişdir. Bu səbəbdən də İddiaçı QSC tərəfindən məhkəməyədək Cavabdeh müqavilənin ləğvinə dair təklif göndərilmiş, cavabdeh tərəfindən buna münasibət bildirilməmiş, İddiaçı QSC isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Ona görə də hesab edir ki, şikayət təmin edilə bilməz.

30. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfə ödənilməli olan vəsaitin ödənişindən boyun qaçırılmaması, müqavilə üzrə yaranmış borcun ödənilməsindən imtina etməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, reyestrdə 4Ə-2349 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, İddiaçı QSC mülkiyyətində olan Zərdab rayonu Çallı kəndində yerləşən ümumi sahəsi 88,1 kv/m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,27 ha torpaq sahəsini nisyə şəkildə 20.000 manata Cavabdeh satmışdır. Müqaviləyə əsasən Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-nin notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan 17.000 manat məbləği isə 36 ay müddətində, yəni sentyabr ayı 2000 manat, növbəti aylarda isə hər dəfə 300 manat olmaqla 34 ödəniş və sonuncu ödəniş 4800 manat olmaqla ödəməyi, satıcı isə daşınmaz əmlakı alıcının faktiki sahibliyinə verməyi öhdələrinə götürmüşlər.

31. Cavabdeh İddiaçı QSC-dən nisyə şəkildə aldığı əmlakın dəyərini xx.xx.2023-cü il tarixdə bağlanmış Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürsə də onun tərəfindən nisyə şəkildə aldığı daşınmaz əmlakın ödənişlərinin buna dair müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, əksinə müqavilə şərtlərinə əməl edilməməsi cavabdehin özünün izahatı ilə təsdiq edilmişdir.

32. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı QSC tərəfindən zamin X5 məxsus pensiya kartından pensiyanın 50%, yəni 110 (bir yüz on) manat tutulma olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən buna dair də sübutlar təqdim edilməməklə yanaşı, 110 manat belə tərəflərin daşınmaz əmlakın alqı-satqısı üzrə müqavilədə razılaşdırılmış ödəniş məbləği deyildir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin boşaldılması tələb olunan evin onun və ailəsinin yeganə yaşayış yeri olması, ona zaman veriləcəyi halda qrafik əsasında iddiaçıya olan borcunu ödəməyə hazır olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, mübahisə üzrə məhkəmələrin işə baxması qanunvercilikdə dəqiq müddətlərlə məhdudlaşdırılmışdır. Əvvəlki müqavilənin ləğv edilməsinə baxmayaraq, cavabdehin iddiaçı tərəflə əmlaka dair digər şərtlərlə yeni bir müqavilə bağlamaq imkanları da istisna edilmir.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tədbiq olunmaması, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olmasına dair qanunvericiliyin tələblərinin pozulmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, birinci instansiya məhkəməsi mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olmasına dair qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(035)- 346/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(035)-346/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar