Məhkəmə qərarları › İş №2(107)-1069/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1069/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1069/2023 26.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(054)-370/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-28 iyul 2013-cü il tarixdə anadan olmuş X5 və 28 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cəmi 300 manat alimentin məbləğinin artırılaraq cəmi 500 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını 03 oktyabr 2012-ci ildə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan 28 iyul 2013-cü il tarixdə Selin və 28 dekabr 2017-ci il tarixdə Ömər adlı övladları doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(054)-102/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Aliment məbləğinin aşağı olmasına baxmayaraq keçən 2 il ərzində cavabdehə qarşı tələblə məhkəməyə müraciət etməmişdir. 2022-ci ildə maddi vəziyyəti səbəbli yenidən məhkəməyə müraciət etmiş, Oğuz Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(054)140/2022 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində təyin edilmişdir. Məhkəməyə yenidən müraciət etməsinin ciddi səbəbi vardır, belə ki, oğlu Ömər uşaqlıqdan xəstə olmaqla 2022-ci ilin noyabr ayından ona uşaq autizmikanner sindromu diaqnozu qoyulmuş, 3-cü dərəcəli əlillik müəyyən edilməklə 150 manat sosial müavinət təyin edilmişdir. Məlum olduğu kimi autizm kəskin və müalicəsiz xəstəlik olub uşağın cəmiyyətə qismən inteqrasiyası üçün mütəxəssis nəzarəti altında olmaqla uzun müddətli psixoloji və dərman müalicəsi tələb edir. Bunun üçün isə xeyli məbləğdə maddi vəsait lazımdır. Əslində Bakı şəhərində belə uşaqlarla məşğul olan respublika autizm mərkəzi fəaliyyət göstərsə də, həmin Mərkəzə getməsi mümkün deyil, belə ki, daimi iş yeri olan Oğuz rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində böyük tibb bacısı işləməklə ələ çatan aylıq əmək haqqı 564,07 manat təşkil edir. Beləliklə, həm daimi yaşayış yeri, həm də maddi imkanları səbəbli Ömərin həmin mərkəzdə təlimi mümkün deyil. Bakıda evi də yoxdur. Bundan əlavə Selin böyüyüb, onun da xərcləri artıb, lakin Ömərin xəstəliyi səbəbli Selinə lazımi miqdarda maddi və mənəvi dəstək göstərə bilmir.Cavabdeh özü də Ömər üçün nəyin lazım olduğunu yaxşı bilir, hətta iki il əvvəl özü Öməri təxminən bir həftə ərzində həkimin yanına aparmış, sonra ona “Çinarə, məndən bu qədər” deyərək uşağın vəziyyətindən utandığından köməkdən imtina etmişdir. Öməri mütəmadi olaraq, yəni həftədə 3 dəfə psixoloq və loqopedə aparır. Bütün əmək haqqı və Ömərin sosial müavinəti buna xərclənir. Qalan xərcləri atası tərəfindən ödənilir, lakin anası xəstə olduğundan onun da bir sıra xərcləri ödənilməlidir. 2020-ci ildən Ömərin müalicəsi 4 aydan bir yenilənir, uşaq dərmanla yemək yeyir, dərmanla yatır. Halbuki iki uşağın digər xərcləri də var. İddia tələbində hər uşaq üçün 250 manat alimentin tutulması tələbi qoyulub, Hesab edir ki, cavabdeh həmin məbləği ödəməyə qadirdir, lakin yenə də güzəştə gedərək hər uşağa 220 manat alimentin təyin edilməsini qəbul edə bilər.

Birinci instansiya məhkəməsində icraat;

3. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.

4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı hər bir məsələ ilə bağlı lazım olan məlumatı versə də qeyd etmək lazımdır ki, cavabdeh məhkəməyə təqdim etdiyi etirazında işləmədiyini bildirmiş, qərəzli münasibət səbəbli ona qarşı alimentin artırılması barədə tələblə məhkəməyə müraciət edildiyini və digər bu kimi səbəbləri göstərmişdir. Cavabdeh fərdi sahibkarlıqla məşğul olmaqla rəsmi şəkildə vergi ödəyicisi kimi gül salonu işlətmiş, hazırda da işlətməkdə davam edir. Onun fəaliyyətinin dayandırılması yalnız görünüş üçündür, gəlirini gizlədir, bu, alimentdən boyun qaçırmaq məqsədi güdür.Buna baxmayaraq iddiaçının tələbini müdafiə edir və onunla həmrəydir. İddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdeh nümayəndəsi olan anası X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, oğlu və özü iddianı qəbul etmir. Əvvəla bildirir ki, yaxın günlərdə nəvəsi Ömərlə ünsiyyətdə olmaq üçün onu evə aparmış, həmin vaxt uşağın vəziyyətinin yaxşı olmadığını müşahidə etmişdir. Uşağa müalicə lazımdır. Əgər iddiaçı uşağa baxa, ona qulluq edə bilmirsə, o zaman uşağı himayəyə götürüb baxmağa hazırdırlar. O özü uşağa necə lazımdırsa baxa bilər. Çinarəyə təklif ediblər ki, uşağı birlikdə həkimə aparsınlar, nə lazımdır etsinlər, lakin iddiaçı buna razı olmur. İddia tələbinin mahiyyətinə gəldikdə bildirir ki, oğlu aliment təyin olunub artırılandan indiyədək borc saxlamamış, çətinliklə də olsa ödənişi vaxtında etmişdir. Belə ki, iş yeri olmadğından oğlu işləmir, aliment borcunu valideyn olaraq o və əri ödəyirlər. Gül salonu onun özünün adınadır, gəlir gətirmir, buna görə yaxınlarda bağlana bilər. Özü müəllim işləyir, ailəyə baxır. Bundan əlavə uşağı saxlamaq hər iki valideynin borcudur.Göründüyü kimi iddiaçının kifayət edən miqdarda əmək haqqı var, üstəlik uşağa baxmaq üçün 100 manat alır. Ömər üçün isə hər ay dövlət tərəfindən 150 manat sosial müavinət ödənilir.İddiaçı isə belə hesab edir ki, uşaqlara yalnız ata baxmalıdır.Valideynlik borcunu yerinə yetirmək istəməyən iddiaçı həm qanunun tələbini pozur, həm də mənəvi dəyərləri, ən əsası isə uşaqların hüquq və mənafelərini nəzərə almır.Cavabdehin işləmədiyi, hazırda ödənilən alimentin kifayət qədər yüksək olması, iddiaçının işləməsi və maddi vəziyyətinin kifayət qədər yaxşı olması, ehtiyac olmadığı halda qərəzli olaraq cavabdehə ziyan vurmaq məqsədilə hər il iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Oğuz Rayon Məhkəməsinin (hakim S.Zeynalova) 25 iyun 2023-cü il tarixli, 2(054)- 370/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 28 iyul 2013-cü il tarixdə anadan olmuş X5 və 28 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilməsi, artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdehin 2012-ci il tarixli birgə nikahından 2013 və 2017-ci il təvəllüdlü iki övladı vardır. 2020-cu il tarixli qətnamə ilə tərəflərin nikahı pozulmuş, uşaqların saxlanılması üçün cəmi 240 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli qətnamə ilə alimentin məbləği artırılaraq hər uşağa 150 manat müəyyən edilmişdir. İddiaçı hazırda alimentin artırılaraq hər uşaq üçün 250 manat məbləğində müəyyən edilməsini xahiş edir. İddiaçı tələbini onunla əsaslandırır ki, 2017-ci il təvəllüdlü oğlu Ömər xəstə olmaqla ona uşaq autizmi, Kanner sindromu diaqnozu ilə xx.xx.2022-ci ildən müddətsiz 3-cü dərəcəli əlillik verilmişdir. Onun xəstəliyinin tam müalicəsi olmamaqla cəmiyyətə inteqrasiyası üçün xeyli maddi vəsait hesabına müalicələr tələb olunur, bu isə ana olaraq təkbaşına onun imkanlarına uyğun deyil. Onun əmək haqqı, aliment məbləği və Ömərə verilən sosial müavinət onun xərclərinə sərf olunur ki, bu halda Selinin də hüquqları pozulur. Cavabdeh məhkəməyə göndərdiyi etirazla və məhkəmə iclasında iştirak edən nümayəndəsi vasitəsilə işləmədiyini, iddiaçının qərəzli münasibəti ilə ona ziyan vurmaq istədiyini bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında uşağın vəziyyətinin həqiqətən yaxşı olmadığını müşahidə etdiyini, uşağa müalicə lazım olduğunu,. iddiaçı uşağa baxa, ona qulluq edə bilmirsə, o zaman uşağı himayəyə götürüb baxmağa hazır olduğunu, özünün uşağa necə lazımdırsa baxacağını bildirmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qeyd edilənlərə qiymət verərək ilk öncə bildirir ki, cavabdeh tərəfin də etiraf etdiyi kimi azyaşlı və xəstəlikdən əziyyət çəkən Ömərə ciddi müalicə lazım olduğundan onun maddi ehtiyaclarını təmin etmək ana ilə birgə atanın da üzərinə düşür. Bu zaman atanın işləməməsi və qazancının olmaması onu uşağına maddi yardım göstərməkdən azad etmir. Bundan əlavə cavabdehin nümayəndəsi olan nənə uşağa özünün lazımi qaydada baxıb müalicəsini təmin edəcəyini bildirir, lakin hazırki vəziyyətdə qeyd edilən xəstəlikdən əziyyət çəkən uşağa ana qayğısı və iddiaçının tələb etdiyi aliment məbləğinin ( hətta iddiaçının təklif etdiyi yaşayış minimumu həddində) verilməsi kifayət edir.

10. Buna görə də məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların minimal maddi ehtiyacları, autizm xəstəliyindən əziyyət çəkən Ömərin müalicəsinin aparılmasının zəruriliyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, uşaqların saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hər uşağa 200 manat həddində, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75, 76, 78, 112.1-ci maddələri, «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi, Azərbaycan Respublikasının Konstitusiyasının 17 və 34-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a)Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(054)-370/2023 nömrəli qətnaməsi ilə iddiaçının ona qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamə ilə onun qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq 28 iyul 2013-cü il tarixdə anadan olmuş X5 və 28 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi ilə razı deyil. Çünki alimentin bu qədər artırılması qanunsuz və əsassızdır, heç bir yerdə işləmir və həmin məbləğdə alimentin ödənilməsi üçün onun maddi imkanı yoxdur. Oğuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(054)-370/2023 nömrəli qətnaməsi ümumiyyətlə iddiaçının mülahizələri ilə əsaslandırılmışdır. O, məhkəməyə kifayət qədər dəlil və sübut təqdim etmişdir. Həm də onun təqdim etdiyim dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş dəlillər isə tamamilə əsassızdır. Belə ki, iddiaçının guya uşaqlara baxmaqda çətinlik çəkdiyi, maddi imkanının zəif olduğu barədə dedikləri həqiqətə uyğun deyil. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın qismən təmin olunmasını əsaslandırmır. Qətnamə yalnız iddiaçının mülahizələri ilə əsaslandırılır. Qanunlar imkan versə də məhkəmə iddianın alimentin artırılması hissəsində iddiaçının simasında məzlum obrazı yaradaraq hər uşağa 200 manat aliment təyin etmişdir. Bu vaxta qədər iki uşağa görə 300 manat alimenti çox çətinliklə, valideyinlərimin köməyi ilə ödəmişdir. Qeyd edilənlərə əsasən Oğuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(054)-370/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qismən müdafiə edərək göstərdi ki, apellyasiya şikayətində Oğuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(054)-370/2023 saylı qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsələr də hazırda alimentin birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş məbləğdə deyil, hər ay hər uşaq üçün 170 manat həddində artırılmasına etiraz etmirlər. Bu səbəbdən də hazırkı məhkəmə iclasında göstərdikləri həddə apellyasiya şikayətini müdafiə edir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini qismən müdafiə edərək göstərdi ki, apellyasiya şikayətində Oğuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(054)-370/2023 saylı qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsələr də hazırda alimentin birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş məbləğdə deyil, hər ay hər uşaq üçün 170 manat həddində artırılmasına etiraz etmirlər. Bu səbəbdən də hazırkı məhkəmə iclasında göstərdikləri həddə apellyasiya şikayətini müdafiə edir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(054)-370/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

18. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

19. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

20. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

21. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator Oğuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(054)-370/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(054)- 370/2023 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin hər uşaqa görə 200 manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

27. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nihaklarından 28 iyul 2013-cü il tarixdə anadan olmuş X5 və 28 dekabr 2017-ci il tarixdə anadan olmuş X8 adlı övladları iddiaçının himayəsindədir. Oğuz Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(054)140/2022 saylı qətnaməsi ilə 28 iyul 2013-cü il tarixdə anadan olmuş X5 və 28 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək təyin edilmiş alimentin məbləği artırılaraq hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində təyin edilmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır.

30. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(054)-370/2023 saylı qətnaməsi dəyişdirilməli, 28 iyul 2013-cü il tarixdə anadan olmuş X5 və 28 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaqa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(054)-370/2023 saylı qətnaməsi dəyişdirilsin. 28 iyul 2013-cü il tarixdə anadan olmuş X5 və 28 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaqa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar