Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-107/2021 06.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, cavabdehlər Cavabdeh2 Xasay oğlu və Cavabdeh5 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 Xasay oğlu, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmentinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair ilk, Cavabdeh2 Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qaşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-296/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 21.503,83 manat əsas, 196,97 manat müddət sonuna hesablanmış faiz borcu, 3.086,24 manat məbləğində cərimə və 2865 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 27.652,04 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İpoteka qoyulmuş, xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə 0,2662 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmentinin satışdan əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı “maddi və mənəvi ziyan tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 50.000 manat maddi ziyanın, 100.000 manat mənəvi ziyanın, eləcə də qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx xxxx 2020-ci il tarixli, 2(039)- 296/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən 21.503,83 manat əsas, 167,62 manat faiz, 100 manat cərimə, 2865 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra odənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 24.639 (iyirmi dörd min altı yüz otuz doqquz) manat 45 (qırx beş) qəpik məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; tutma xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.2662 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 176,32 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.2662 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 176,32 m2 olan fərdi yaşayış evinin ilkin satış qiyməti 70.000 (yetmiş min) manat müəyyən edilməsi, evin açıq hərracdan satılması və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 24.639 (iyirmi dörd min altı yüz otuz doqquz) manat 45 (qırx beş) qəpik məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, qalan vəsait isə Cavabdeh2 qaytarılması, ilkin iddia qalan hissədə rədd olunması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh2 “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 120 manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** hesab nömrəsinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər tərəfindən apellyasiya şikayəti və ya verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir. işin faktiki halları: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 6% faiz ödənilmək şərti ilə 30.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli, 01 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 Xasay oğlu, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən fərdi yaşayış evi 0,2662 ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Borclu Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazlı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 21.503,83 manat əsas, 196,97 manat müddət sonuna hesablanmış faiz, 3.086,24 manat məbləğində cərimə və 2865 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 27.652,04 manat təşkil edir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ölkədə aparılan uğurlu iqtisadi-siyasət fonunda həvəslənərək dövlətdən müəyyən məbləğ kredit alıb, kənd təssərrüfatı sahəsində öz bacarıq və qabiliyyətindən istifadə edib, rifahlarının yüksəlməsini təmin etmək istəmişdir. Bu məqsədlə o, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmiş və xx.xx.2014-cü il tarixdə 01 saylı müqavilə əsasında ona dövlət tərəfindən 30.000 manat pul ayrılmışdır. Həmin pul ona kredit kimi İddiaçı ASC-nin Yevlax filialı tərəfindən illik 6 faiz dərcəsi ilə, 36 ay müddətinə verilmişdir. O, dərhal həmin məbləğə 70 baş xüsusi damazlıq olan xırda buynuzlu heyvan almış, heyvanları bir müddət həyətindəki tövlədə saxlamış, sonra onların otarılmaları üçün örüş sahələri almış və bəslənmələri üçün tövlə və digər yardımçı təssərrüfat binaları inşa etmişdir. Eyni zamanda həmin heyvanların normal bəslənmələri üçün davamlı olaraq yüksək səviyyədə baytarlıq xidmətləri göstərib, işçi qüvvəsi kimi isə ailə üzvlərini tam səfərbər edib həmin heyvanlara qulluq göstərmişlər. Heyvanların birinci bala verən dövründə bütün dünyada və respublikada baş verən dəhşətli inflyasiya nəticəsində heyvan bazarında kəskin ucuzlaşma baş vermiş və bu neqativ hal uzun müddət davam etmişdir. Məcbur qalıb heyvanları dəyərindən 5 qat aşağı qiymətə satıb borcunu ödəmək istəsə də, əldə olunan məbləğ o qədər cüzi olmuşdur ki, heyvanlara müalicə üçün alınan vaksinlərin pulunun yarısını belə ödəməmişdir. O, dərhal düşdüyü vəziyyətlə bağlı Fonda və Banka məlumat verərək kredit müddətinin uzadılmasını xahiş etmişdir, lakin müraciətinə müsbət cavab ala bilməmişdir. Cavabdehlərin təqsiri üzündən ona xeyli məbləğdə ziyan dəymişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Ona görə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, qanunvericilik düzgün tətbiq edilməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan bütün faktiki halları sübut etməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-296/2020 saylı qətnaməsinə əsasən əsassız olaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 Xasay oğlu, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında imzalanmış xx.xx.2014-cü il il tarixli kredit müqaviləsi üzrə iddia tələbini qismən təmin edərək kredit üzrə haqlı tələb etdiyimiz 196,97 manat müddət sonuna hesablanan faiz, 3.086,24 manat məbləğində cərimə borcunu tam təmin etməmişdir. Hesab edirlər ki, bu hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Xasay oğlu apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, o həqiqətən də sahibkarlığı inkişaf etdirmək məqsədilə adıçəkilən bankdan kredit götürmüş, ilk vaxtlar da ödəniş etmişdir. Lakin sonradan təsərrüfatında yaranmış problemlə bağlı ödənişləri edə bilməmişdir. O, yaranmış vəziyyətlə bağlı Bankla razılığa gəlmək istəsə də, sonda ona əlavə heç bir köməklik olunmamışdır. Bütün bunların da əsas günahkarı Bank və Sahibkarlığa Kömək Milli Fondudur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, onun xeyrinə ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 apellyasiya şikayətinə etiraz edərək, sonda ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, cavabdehlər gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, yalnız ipoteka predmetinin dəyərinə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: 01 №-li, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən və 01 №-li, xx xxxxxx 2014cü tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Yevlax filialı tərəfindən Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 30.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 və onun ailə üzvü olan digər cavabdehlərə məxsus, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 0.2662 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 176,32 m2 olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranmış tələb əsas borc üzrə 21.503,83 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 196,97 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə borcu 3086,24 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 2865 manat olmaqla, cəmi 27.652,04 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9-240 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli 01 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 müqavilənin bitdiyi tarixə, yəni xx.xx.2017-ci il tarixə Banka 22.857,36 manat əsas və 167,62 faiz borcu vardır. Şəki Apellyasiya Məhkəməsində aparılan icraat zamanı təyin edilmiş və müvafiq olaraq "xxxx" MMC tərəfindən verilmiş 02 saylı, xx xxxxxx 2021-ci il tarixli rəydən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh2 oğluna məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 0,2662 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi-yaşayış evinin xx xxxxxx 2020-ci il tarixə likvid dəyəri 65000 (altmış beş min) manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qimətləndirmə fəaliyyətinin obyekti sayılır və hər bir şəxsin öz əmlakını qiymətləndirmək hüququ vardır. Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetinin hazırkı vaxta olan real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməklə və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasına hüquqi qiymət verilməlidir Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmış və əmlakın yenidən qiymətləndirilməsini təşkil etmişdir Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh2 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün qismən təmin edilməlidir. MPM-in 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. "İpoteka haqqında" Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin tələblərinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab oluna bilməz. Məhkəmə kollegiyası iddiаçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət qismən əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 02 saylı, xx xxxxxx 2021-ci il tarixli rəydən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən cavabdehlərə məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 0,2662 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi-yaşayış evinin xx xxxxxx 2020-ci il tarixə likvid dəyəri 65000 (altmış beş min) manat təşkil edir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi diqqətəlayiq halları nəzərə alaraq cərimə məbləğini ağlabatan həddə azaldarkən haqlı olmuşdur Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yalnız ipoteka predmetinin dəyəri hissəsində dəyişdirilməsi üçün əsas ola bilər. Kollegiya qeyd edir ki, cavabdehlərin birinci instansiya məhkəməsinin mövcud qətnaməsindən apellyasiya şikayəti vermədikləri halda, qətnamənin ləğv edilməsini tələb etmələri, eləcə də ipoteka predmetinin dəyəri ilə razılaşmamalrı anlaşılan deyil. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə iddiaçı LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-296/2020 nömrəli qətnaməsi yalnız ipoteka predmetinin dəyərinə münasibətdə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmlıdr. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(039)-296/2020 nömrəli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinin 0,2662 ha torpaq sahəsi ilə birlikdə hazırki vəziyyətdə likvid dəyəri 65 000 (altmış beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-107/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-107/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver