Məhkəmə qərarları › İş №2(107)-1074/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1074/2021

04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1074/2021 04.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artıtılması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-441/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-441/2020 nömrəli (hakim Hilal Xəlilov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, 21 mart 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Göyçay Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli, 2(046)-1781/2016 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan 150 (bir yüz əlli) manat alimentin miqdarı dəyişdirilərək hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda müəyyən edilməsi və həmin miqdarda aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 21 mart 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-441/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsi və tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 21 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının dörddə bir hissəsinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirmiş və izahatında göstərmişdir ki, tərəflər arasında Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış nikah 19 sentyabr 2013-cü ildə qeydə alınmışdır. Tərəflərin birgə nikah dövründə 21 mart 2014-cü ildə Hüseyn adlı uşaqları doğulmuşdur. Göyçay Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin 19 sentyabr 2013-cü il tarixli nikahlarının pozulması, azyaşlı uşağın-21 mart 2014-cü il tarixdə doğulmuş X3 iddiaçının himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat, 3 yaşına çatanadək 50 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin 27 aprel 2016-cı il tarixdən cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Tərəflərin birgə nikahlarından doğulmuş və yetkinlik yaşına çatmamış uşağın mənafeyini və böyüdükcə artan tələbatını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtlərini, cavabdehin yüksək məbləğdə əmək haqqı almasını və iddiaçının azyaşlı uşağın saxlanılması üçün artan tələbatını təkbaşına ödəyə bilməməsi nəzərə alınmalı, 21 mart 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göyçay Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin hal-hazırda iddiaçı alimentin cavabdehin əmək haqqından hissə şəklində tutulmasını istəyir. Çünki cavabdeh işləyir və sabit maaşı vardır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edir, hərbi xidmətdə olmaqla qazancı müntəzəmdir və dəyişmir. Cavabdehə birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi iddia ərizəsinə etirazında göstərmişdir ki, alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Belə ki, ailənin yeganə gəlir gətirən üzvü odur, yaşlı anası və insult xəstəsi olan atası onun himayəsindədirlər. Atası mütəmadi müayinə və müalicə olunur, hər il bir neçə dəfə stasionar, il boyu isə ambulator müalicə olunur. Hər gün dərman qəbul edir, aldığı maaş məbləği dərman preparatlarının alınmasına kifayət etmir. Xəstəxana məsrəflərini ödəmək məqsədilə bankdan kredit götürmüş, həmin kredit məbləğini də ödəyə bilmir, maddi vəziyyəti olduqca acınacaqlıdır. Üzərinə yığılmış borcları bəlkə də heç 05 il müddətinə də qaytara bilməyəcək, yaşayış səviyyəsi maddi cəhətdən çox pisdir, çətinliklə dolanır, ehtiyac içində yaşayır. Ön cəbhədə müddətdənkənar hərbiçi olmağı səbəbindən əlavə gəlir əldə etmək məqsədilə başqa işlərlə məşğul ola bilmir, həmçinin, Tovuz rayonunda, düşmənlə təmas xəttində xidmət etdiyi hərbi hissənin yaxınlığında kirayədə qalır, bu da onun maddi vəziyyətinin pisləşməsinin səbəblərindən biridir. Hazırda 150 manat məbləğində aliment ödəyə bilmir, bu onun maddi gəlirlərinin xaricindədir, bu hal qətnamənin icrasını çətinləşdirməklə yanaşı, onu maddi cəhətdən ağır vəziyyətə düçar etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Lakin iddia tərəfi onun maddi vəziyyətində yaxşılığa doğru dəyişikliyin olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Deməli uşağın maddi təminatını həyata keçirmək hər iki valideynin borcu və vəzifəsidir. Odur ki, birgə nikahlarından doğulmuş X3 maddi təminatını həyata keçimək vəzifəsi təkcə onun üzərinə qoyulmamalı, iddiaçı da uşağın maddi təminatı məsələsinə cəlb olunmalıdır. Göstərilənləri nəzərə alaraq İddiaçı ona qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddia ərizəsinin təmin olunmamasına dair qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata Cavabdeh Faxrəddin oğlu və ana X5 olan X6 21 mart 2014-cü ildə doğulmuşdur. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli, 2(046)-1781/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Əliyeva (Rüstəmova) Bahar Sahib qızının Cavabdeh qarşı nikahın pozulması, uşağın himayə verilməsi və aliment tələbi barədə iddiası təmin edilmiş, Cavabdeh ilə Əliyeva (Rüstəmova) Bahar Sahib qızı arasında Göyçay rayon İHB-nın Ləkçıplaq kənd inzibati ərazi nümayəndəliyində 19 sentyabr 2013-cü il tarixdə 28 saylı aktla bağlanmış nikahın pozulması, 21 mart 2014-cü il təvəllüdlü X3 iddiaçı Əliyeva (Rüstəmova) Bahar Sahib qızının himayəsində və tərbiyyəsində saxlanılması, 21 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat və 21 mart 2014cü il təvəllüdlü X3 03 yaşına çatanadək (21 mart 2017-ci il tarixədək) 50 (əlli) manat, cəmi 200 manat sabit pul məbləğində alimentin 27 aprel 2016-cı il tarixdən Cavabdeh alınıb iddiaçı Əliyeva (Rüstəmova) Bahar Sahib qızının xeyrinə verilməsi, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməsi, nikahın pozulması tələbinə dair ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın aliment tələbinə dair hissəsi qismən təmin olunduğundan, Cavabdeh 15 (on beş) manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ucar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X1 ünvanlanmış 02 sentyabr 2020-ci il tarixli, 12/1945 nömrəli məktubda göstərilmişdir ki, qanunvericiliyə əsasən hərbi qulluqçuların aldıqları pul təminatı barədə arayışlar yalnız məhkəmə orqanlarının və məhkəmədə vətəndaşların hüquqlarını müdafiə edən nümayəndənin sorğusu əsasında verilə bilər. Nümayəndənin səlahiyyətləri qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Digər şəxslərə belə arayışların verilməsi mümkün deyildir. Cavabdeh Faxrəddin oğlunun pul təminatı barədə arayışın verilməsi üçün tələb olunan sənədlər əlavə olunmaqla, Goranboy rayonunda yerləşən N nömrəli hərbi hissəyə müraciət edilməsi göstərilmişdir. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Ucar rayonu, Boyat kəndində qeydiyyatdadır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Cavabdeh Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-441/2020 nömrəli saylı qətnaməsindın apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Ucar Rayon Məhkəməsinin 2(063)-441/2020 saylı 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı «alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair» iddia tələbi təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 31.08.2016-cı il tarixli qətnaməsinə əsasən tutulan 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, azyaşlı uşağımız X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün ondan hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında müəyyən edilmişdir. Aşağıdakı hallara görə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 9.1 və 9.3-cü maddələrinin tələblərinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Lakin birinci instansiya məhkəməsi müvafiq qətnamə qəbul edərkən işə onun iştirakı olmadan baxmışdır. Deməli, belə bir araşdırma aparılmadan birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə obyektiv, qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, «...Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ucar rayonunda fərdi fəaliyyət göstərən vəkil X2 ünvanlanmış 02 sentyabr 2020-ci il tarixli 12/1945 nömrəli məktubda göstərilmişdir ki, qanunvericiliyə əsasən hərbi qulluqçuların aldıqları pul təminatı barədə arayışlar yalnız məhəkəmə orqanlarının və məhkəmədə vətəndaşların hüquqlarını müdafiə edən nümayəndənin sorğusu əsasında verilə bilər. Cavabdeh pul təminatı barədə arayışın verilməsi üçün tələb olunan sənədlər əlavə olunmaqla, Goranboy rayonunda yerləşən N nömrəli hərbi hissəyə müraciət edilməsi göstərilmişdir.» Vəkil sorğusuna göndərilmiş cavab məktubunun məzmunundan görünür ki, mənim hansı məbləğdə maaş almağım göstərilməmişdir. Ən başlıcası isə mənim hərbi hissədə xidmət edib-etməməyim barədə, ümumiyyətlə, məlumat verilməmişdir. Belə olan halda məhkəmə mənim hansı gəlirlərimin dörddə bir hissəsinin aliment kimi tutulması barədə qətnamə qəbul edir?. Göründüyü kimi birinci instansiya məhkəməsi alimentin miqdarının onun gəlirlərimin dörddə bir hissəsi miqdarında müəyyən etsə də, işin materiallarında onun iş yeri və əməkhaqqım barədə hər hansı sübut yoxdur. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, nəticədə yanlış qənaətə gəlmiş, tamamilə qanunsuz və əsaslandırılmamış qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Hazırki apellyasiya şikayətinə əlavə olunmuş, Ucar Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli 361 qeydiyyat nömrəli arayışdan görünür ki, İddiaçı Ucar rayon Təzə Şilyan kənd tam orta məktəbində ixtisası üzrə təsviri incəsənət müəllimi vəzifəsində işləyir. Bununla da 480 (dörd yüz səksən) manat məbləğində məvacib alır. Odur ki, faktiki birgə nikahlarından doğulmuş uşağı maddi təminatını həyata keçirmək vəzifəsi təkcə onun üzərinə qoyulmamalı, iddiaçıda uşağın maddi təminatı məsələsinə cəlb olunmalıdır. Lakin bütün bunlara baxmayaraq, Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 31.08.2016-cı il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş vəzifənin yerinə yetirilməsinə vicdanla, məsuliyyətlə münasibət göstərərək, övladı Elçinin maddi təminatının həlli məsələsində iştirak edir və aliment məbləğini ödəyir. Lakin birinci instansiya məhkəməsi müvafiq qətnamə qəbul edərkən bu hallara heç bir qiymət verməmişdir. Buna görə də mülki işə apellyasiya qaydasında yenidən baxılmasını, Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-441/2020 nömrəli qətnaməsinin ləğv edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini təmin edilməsini Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-441/2020 nömrəli qətnaməsinin ləğv edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini təmin edilməməsini Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-441/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı qızı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cü və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsində aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin, apelyasiya şikayətində, göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağın saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsi 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-441/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar