Məhkəmə qərarları › İş №2(107)-1078/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1078/2024

17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1078/2024 17.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və X2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-40/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı1 və X3 iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 700 (yeddi yüz) manat pulun, 300 (üç yüz) manat maddi zərərin və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, təsərrüfatlarında olan bir baş buzov Cavabdeh səhlənkarlığı nəticəsində ölmüşdür. Belə ki, Cavabdeh kəndlərində baytar həkimdir. Onlara məxsus buzov cavabdeh tərəfindən təyin olunan müalicə nəticəsində tələf olmuşdur. Ona görə ki, cavabdeh həddən artıq dava-dərmanı verməklə, buzovlarını tələf etmişdir. Hazırda bir baş buzovun bazar qiyməti 500-700 manat təşkil edir. Bundan başqa cavabdeh onları 300 manat maddi zərərə salmışdır. Belə ki, buzovun müalicəsi üçün cavabdeh “Oksi 20%, 25 qr”, “Oksi paraşok 20 qr”, “Natri-Xlor 400 qr”, “B-6, B-12, 5 qr”, “Kafein 10 qr”, “Punger 200 qr” “Analgin-Dimidrol 5 qr” və.s kimi pereparatlar aldırmışdır. Hazırda cavabdehdən 700 manat buzovun pulunu və maddi zərərin əvəzi olaraq 300 manat tələb edir. Dəfələrlə cavabdehdən zərərlərinin ödəmənilməsini tələb etsələr də, imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət edirlər.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 Nurməhəmməd qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq qeyd etdi ki, kənddə Adil adlı oğlan var və o heyvanlar üçün dərman satır. Dərmanlar ondan alınıb. Bir dərmanı da Aslan həkimdən almışlar. 20 günlük buzova bir paket dərman vurulub. Buzov yaxşı vəziyyətdə olub cavabdeh gələnə qədər. Buzov yaxşı yeyirdi. Buzov cavabdehin müalicəsindən zəhərlənib. Buzov öləndən sonra Musa doktoru çağıranda o analizin buzov öləndən sonra 3 saat ərzində verilməli olduğunu bildirmiş və daha analiz götürməyin bir mənası olmadığını bildirmişdir.

4. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçılar bazardan 450 manata anasız buzov alıblar. 3-5 günün buzovu olub. Onu hər iki qapısı açıq vəziyyətdə оlan damda saxlayıblar. İddiaçılar buzova 2-3 gün dərman içiriblər. Özləri ona deyiblər ki, iki gün dərman verdik düzəlmədi. Özü baytar texnikdir və 10-12 ildir işləmir. İddiaçılar ona müraciət edərək buzovun xəstə olduğunu bildiriblər o, da iddiaçılara məxsus heyvana baxıb. İddiaçılar onu buzov xəstələnib, çox pis vəziyyətə düşəndən sonra çağırıblar. Buzov dezinteriyaya düşmüşdür. Buzova dərmanları o, yazıb. Buzova təyin olunan heç bir müalicə buzova zərər verə bilməzdi. Onun ölümü xəstəlikdən olub. Malın müalicəsi üçün iddiaçıdan pul da istəməmişdir. Dərmanları da aptekdən özləri alıb. O, iddianın təmin edilməməsini xahiş etdi.

5. Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-40/2024 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıların malik оlduqları bir baş buzov xəstələnmiş, cavabdeh tərəfindən оna müalicə təyin edilsə də, buzov ölmüşdür. İddiaçılar tələblərini xəstə buzоvlarının cavabdeh gələnə qədər yaxşı vəziyyətdə olması, cavabdehin yanlış müalicəsi səbəbindən zəhərlənib ölməsi, bir baş buzovun bazar qiymətinin 500-700 manat təşkil etməsi, cavabdehin təyin etdiyi müalicə üçün dərman pereparatların alınmasına 300 manat vəsait xərcləmələri ilə əsaslandırsalar da, buzovun cavabdeh gələnə qədər yaxşı vəziyyətdə olması, cavabdehin yanlış müalicəsi səbəbindən zəhərlənib ölməsi barədə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. İş üzrə sübutlarla, iddiaçılara məxsus xəstə buzоvun cavabdeh gələnə qədər yaxşı vəziyyətdə olması, cavabdehin yanlış müalicəsi səbəbindən zəhərlənib ölməsi, bununla da iddiaçıların malik оlduqları buzovlarının ölməsi ilə bağlı zərərə uğramalarında cavabdehin təqsirli оlması, оnun hərəkətləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu təsdiq edilməmişdir.

8. İddiaçılar eyni zamanda bir baş buzovun bazar qiymətinin 500-700 manat təşkil etməsi, cavabdehin təyin etdiyi müalicə üçün dərman pereparatların alınmasına 300 manat vəsait xərcləmələri barədə də sübut təqdim etməmişlər. İş üzrə sübutlarla həmin hallar da təsdiq edilməmişdir. Bundan başqa iddiaçılar baytarlıq preparatları barədə zəruri məlumatları da məhkəməyə təqdim edə bilməmişlər.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.5, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və X3 apellyasiya şikayəti vermişlər.

11. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktları qiymətləndirərkən qərəzli olmuşdur. Məhkəmə işə baxarkən ekspert rəyinin tərtib edilməsinə şərait yaratmamışdır. Baytarlıq preparatları barədə zəruri məlumatların (istehsalçı ölkə, preparatın tarixi, istifadə təlimatı, istehsal tarixi və son istifadə tarixi və s.) ekspertə təqdim olunmasını təmin etməmişdir. Ekspertin müraciəti cavabsız qalmışdır. Nəticədə iddiaçıların konstitusyon hüquqları pozulmuşdur.

12. Zaqatala Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(033)-668/2023 nömrəli qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri də cəlb edilməklə məhkəmə bioloji ekspertizası təyin edilmiş və ekspert qarşısında təyinat vərəqində qeyd edilən preparatların buzovun müalicəsində istifadəsinin mümkünlüyü, yan təsiri və fəsadları ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş ekspert Jalə Əskərovanın eyni tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatdan görünür ki, 27 fevral 2024-cü il tarixdə Mərkəzə daxil olmuş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisin rəyinə əsasən qərardadda göstərilən baytarlıq preparatları barədə zəruri məlumatlar (istehsalçı ölkə, preparatın tarixi, istifadə təlimatı, istehsal tarixi və son istifadə tarixi və s.) təqdim olunmadığına görə ekspert qarşısında qoyulmuş sualların həlli mümkün olmamışdır. Hesab edirlər ki, həqiqətin müəyyən olunması üçün mülki iş üzrə müvafiq ekspertizanın keçirilməsinə şərait yaradılmalıdır.

13. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 77, 88-ci və 106.1-ci maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamələrin qanuni və əsaslı olmamasına əsas yaratmışdır.

14. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-40/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-40/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, onun və digər iddiaçı X2 Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-40/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, onun və digər İddiaçı1 Cavabdeh qarşı pul və maddi zərərin ödənilməsi tələbinə dair iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-40/2024 nömrəli qətnaməsinin dəyişdirimədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Apellyatorlar Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)- 40/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıların apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmə iddiaçının əmlakına zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir.

27. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.

28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçılar bazardan 3-5 günlük buzov almışlar. Buzovun xəstələnməsi ilə əlaqədar iddiaçılar cavabdehdən onun müalicəsinə köməklik göstərilməsini xahiş etmişlər. Cavabdeh tərəfindən isə iddiaçılara buzovun müalicəsi üçün müyyən dərman vasitələrindən istifadə edilməsi tövsiyyə edilmişdir. Lakin buzov sağalmamış və ölmüşdür. İddiaçılar onlara məxsus buzovun cavabdeh tərəfindən təyin edilən müalicə nəticəsində öldüyünü əsas gətirərək, sonuncudan həm buzovun alınması üçün sərf etdikləri 700 manatın, buzovun müalicəsinə sərf etdikləri dərmanların dəyəri olaraq 300 manatın cavabdehdən alınmasını tələb etmişlər. Cavabdeh tərəfindən isə onun yazdığı dərmanların buzova zərər verə bilməyəcəyinə, buzovun onun tərəfindən dərman yazılanadək xəstələnib çox pis vəziyyətdə olmasına istinad edilərək iddia tələbi qəbul edilməmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

30. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktları qiymətləndirərkən qərəzli olması, məhkəmənin işə baxarkən ekspert rəyinin tərtib edilməsinə şərait yaratmaması, baytarlıq preparatları barədə zəruri məlumatların (istehsalçı ölkə, preparatın tarixi, istifadə təlimatı, istehsal tarixi və son istifadə tarixi və s.) ekspertə təqdim olunmasını təmin etməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materialları öyrənilərkən işə baxan birinci instansiya məhkəməsinin mübahisə tərəflərindən hər hansı birinə qarşı qərəzli olması halı müəyyən edilməmişdir.

31. Həmçinin iş materiallarından göründüyü kimi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin öz təşəbbüsü əsasında 16 avqust 2023-cü il tarixdə qəbul etdiyi qərardadla Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin cəlb edilməsi ilə məhkəmə-bioloji ekspertizası təyin edilmişdir. Lakin baytarlıq preparatları barədə müvafiq zəruri məlumatlar təqdim edilmədiyindən ekspert və mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamış, bu səbəbdən də müvafiq rəylərin verilməsindən imtina edilmişdir.

32. İşdə olan birinci instansiya məhkəməsinin 24 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasına dair iclas protokolundan görünür ki, iclasa sədrlik edən hakim tərəfindən hansı səbəblərdən ekspert və mütəxəssis rəylərinin alınmasının mümkün olmaması işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçıların diqqətinə çatdırılmışdır. Lakin iş materiallarından iddiaçılar tərəfindən yenidən ekspertizanın aparılmasının təmin edilməsi məqsədi ilə ekspertin və mütəxəssisin imtina məktublarında istinad etdikləri hər hansı bir sübutun birinci instansiya məhkəməsinə təqdim edilməsi halı müəyyən edilməmişdir.

33. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

35. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozulmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

37. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-40/2024 nömrəli qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

38. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçılar İddiaçı1 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-40/2024 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1 və X2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar