Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1082/2022 14.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Unibank KB ASC–nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atabalayev Faiq Gülağa oğlunun katibliyi, iddiaçı Unibank KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Unibank KB ASC–nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 27 may 2022-ci il 2(035)-403/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 150 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əsas borca görə 126.32 manat, faizə görə 32.10 manat cəmi 158.42 manat və dövlət rüsumuna görə 30 manat, xidmət haqqına görə 0.40 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 150 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya əsas borca görə 126.32 manat, faizə görə 32.1 manat cəmi 158.42 manat borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehlə aparılan danışıqlar bir nəticə verməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 126.32 manat, faizə görə 32.10 manat, cəmi 158.42 manat və dövlət rüsumuna görə 30 manat, xidmət haqqına görə 0.40 manat məbləğində pul tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Zərdab Rayon Məhkəməsinin 27 may 2022-ci il 2(035)-403/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh əsas borca görə 126.32 manat, faizə görə 32.10 manat, dövlət rüsumuna görə 30 manat, xidmət haqqına görə 0.40 manat, cəmi 188.82 manat məbləğində pulun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442. 443, 445, 448 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan iddiaçı"xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 813sMNG/21 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 150 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 813sMNG/21 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 126.32 manat, faizə görə 32.10 manat, cərimə faizinə görə 1.48 manat cəmi 159.90 manat borcu vardır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onu məhkəməyə çağırmamışlar və iştirakını təmin etməmişlər, iddiaya etirazının verilməsi üçün məhkəmə ona imkan yaratmamışdır. İddianı qəbul etməmişdir, lakin məhkəmədə iştirakım təmin edilmədiyindən etiraz və qeydəri verə bilməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448\442 və 445.1-ci maddələtinə istinad etməkdə haqlı olmamışdır. Tələbkar əsas borclunun müqavilə üzrə öhdəliklərinin icra etməməyinin səbəbləri ilə maraqlanmamış, öhdəliyin icrası üçün tədbirlər görmədən məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı mübashisənin məhkəmədənkənar qaydada həlli üçün tədbir görməmiş, "Mediyasiya haqqında " Qanunun tələblərini pozaraq birbaşa məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra Azərbaycan Respublikasın devalvasiya olmuş, lakin iddiaçı bu xüsusatı nəzərə almadan, qanunla üzərinə qoyulmuş öhdəlikl yerinə yetirmədən məhkəməyə müraciət etmişdir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 27 may 2022-ci il 2(035)-403/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Unibank KB ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 27 may 2022-ci il 2(035)-403/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə görəəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 27 may 2022-ci il 2(035)-403/2022 saylıqətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsində iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alınaraq kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Cavabdehə 29 aprel 2022-ci il tarixdə göndərilmiş bildiriş onun tərəfindən 07 may 2022-ci ildə yaşadığı ünvan 1 ünvanında alınmışdır. Hüseynov adlı şəxsin imzası ilə təsdiq edilərək xəbərnamə məhkəməyə geri qaytarılmışdır. Cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı iddiaya etirazını və onları təsdiq edən sübutları təqdim etmək, həmçinin işin iddia icraatına keçirilməsi ilə bağlı ərizə vermək hüququ olsa da, bunu etməmişdir. Cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlillərini nəzərə alan məhkəmə kollegiyası hazırki apellyasiya baxışında cavabdehin iştirakının təmin edilməklə araşdırma aparılması məqsədilə, işi iddia icraatına keçirmiş və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Lakin, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında müqavilə bağlandıqdan sonra Azərbaycan Respublikasın devalvasiya olduğunu, lakin iddiaçının bu xüsusatı nəzərə almadan, qanunla üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirmədən məhkəməyə müraciət etdiyi bildirmişdr ki, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında iki böyük devalvasiya 2015-ci ildə baş vermiş və 28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmişdir. Hazırki iş üzrə isə iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi, hazırki iş üzrə borcun əsaslandığı kredit müqaviləsi nə devalvasiya dövrünə təsadüf edir, nə də qeyd edilən Fərmanın təsir dairəsinə düşür. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçı mübashisənin məhkəmədənkənar qaydada həlli üçün tədbir görmədiyini, "Mediyasiya haqqında " Qanunun tələblərini pozaraq birbaşa məhkəməyə müraciət etdiyini bildirmişdir. Bunla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mediasiya haqqında Qanununun 3.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qeyd olunan normaların tələbindən göründüyü kimi, mediasiya sessiyasının keçirilməsi kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə imperativ olaraq tələb olunur. Hazırki mübahisə bu kateqoriyaların heç birinə aid olunmadığından iddiaçı təşkilatın mediasiyaya müraciət etmədən məhkəməyə müraciət etməsi heç bir hüquq normasını pozmur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 27 may 2022-ci il 2(035)-403/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 27 may 2022-ci il 2(035)-403/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-1082/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1082/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver