Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1083/2021 07.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi“ tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli, 2(075)-551/2021 nömrəli qərardadından iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakimi Cahid İmanov) 01 aprel 2021-ci il tаrixli, 2(075)- 551/2021 nömrəli qərardadı ilə iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi“ tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə 10 oktyabr 2016-cı il tarixli kredit müqaviləs üzrə ödənilməmiş qalan 2044,15 manat əsas, 1264,65 manat faiz olmaqla, cəmi 3308,8 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiа ərizəsi məhkəmənin icrааtınа qəbul edilmiş, məhkəmə hаzırlıq iclаsı 02.03.2021-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxış iclası 01 aprel 2021-ci il tаrixə sааt 10:30-a təyin edilmişdir. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 30 mart 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli, 2(075)-551/2021 nömrəli qərardadından ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli, 2(075)-551/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. İşdə olan iş üzrə Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişinin olduğu SS710121461AZ nömrəli zərfin üzərinə edilmiş qeydiyyatdan görünür ki, Cavabdeh vəfat etmişdir. Birinci instansiya məhkəməsinin sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 07 yanvar 2019-cu il tarixdə verilmiş ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 08.12.2018-ci il tarixdə Şəki rayonu, Bolludərə kəndində ölmüşdür. Göründüyü kimi Cavabdeh 08.12.2018-ci il tarixdə vəfat etmiş və bu barədə 07.01.2019-cu il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi“ tələbinə dair iddia ərizəsi isə 16.02.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Belə olduğu halda iddia ərizəsi üzrə cavabdeh kimi qeyd edilən Cavabdeh məhkəmədə tərəf olarkən deyil, hələ belə status qazanmamışdan təxminən 2 il əvvəl vəfat etmişdir. Göründüyü kimi iddiaçı məhkəmədə artıq 2 il əvvəl ölmuş cavabdehə qarşı iddia qaldırmışdır. Halbuki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtda cavabdeh artıq vəfat etmiş olmuşdur. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinin məzmununa görə isə mərhum Cavabdeh məhkəmə iclasında tərəf kimi iştirak edib, mülki işə baxılan zaman isə vəfat edərdisə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərdisə məhkəmə cavabdehin hüquqi varisini müəyyən edərək işə cəlb etməlidir. Lakin hazırkı vəziyyətdə iddiaçı özü mərhum Cavabdeh hüquqi varisini aşkar edərək ona qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. MPM-nin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası MM-nin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Şəki Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli, 2(075)-551/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tаrixli, 2(075)-551/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1083/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1083/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver