Məhkəmə qərarları › İş №2(107)-1084/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1084/2024

17.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1084/2024 17.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılmasına dair tələblər, sübutetmə yükü) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X12 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdehlər - Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ölçmə işlərinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(033)-355/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. 1986-1990-cı illərdə Əliabad qəsəbə İƏVN-ın təsərrüfatbaşına kitabın 17-ci səhifəsinin 11 nömrəli vərəqində ailə tərkibi X13 (ailə başçısı), X23, oğlu X24, X14, oğlu X18 və gəlini Cavabdeh3 Sədulla qızı olmuşdur. Həmçinin müəyyən olunur ki, X23 və X15 xx.xx.1990-cı ildə vəfat etmələri ilə; Cavabdeh1 və X4 isə xx.xx.1986-cı il tarixdə 1681-ci t/ta keçmələri ilə əlaqədar siyahıdan çıxarılmışlar. Nəticədə yekun siyahıda 3 nəfər - ailə başçısı - Zəbani Əhmədova ilə onun övladları – Narıngül Əhmədova və Məhəmməd Əhmədov saxlanılmışlar (Zaqatala Rayon Dövlət Arxivinin 06 aprel 2022-ci il tarixli arxiv arayışı).

2. X16 11 noyabr 2009-cu ildə vəfat etmişdir. Vəfat etdikdən sonra onun sağ vərəsələri X6, Cavabdeh2, X19 və Cavabdeh1 qalmışdır.

3. Zaqatala Rayon İcra Hakimiyyətinin Əliabad qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli arayışda nümayəndəliyin 3 nömrəli təsərrüfatbaşına kitabın 82-cı səhifəsinə əsasən həmin təsərrüfatda Cavabdeh2 (təsərrüfat başçısı) və X7 (qardaşı) qeydə alınması göstərilmişdir.

4. X19 14 fevral 2022-ci ildə vəfat etmiş, iddiaçı (qızı) miras əmlakı qəbul etmək məqsədi ilə Zaqatala rayonu 2 saylı Notariat Ofisinə müraciət etmiş, sonuncu 21 sentyabr 2022-ci il tarixli məktubla ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi idarəsinə müraciət edərək, X17 məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və yüklülükdə olmaması barədə arayış verilməsini xahiş etmişdir.

5. İddiaçı X17 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizə ilə DƏDRX-nin 18 saylı Zaqatala Əİ-nə müraciət etmiş, sonuncu iddiaçıya 17 oktyabr 2022-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərərək göstərmişdir ki, ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşlarının qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur.

6. Cavabdeh1 Şəki İnzibati Məhkəməsində hazırkı iş üzrə üçüncü şəxsə qarşı iddia qaldıraraq torpaq islahatı zamanı subyektlər siyahısında adı texniki səhv olaraq göstərilən Əhmədov Muhaməd (Məhəmməd) Əhməd oğluna dair hissədə həmin siyahıdan adı çıxarılmaqla texniki səhvə düzəliş edilməsi və Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı və 1,20 ha pay torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin e-2-1(116)- 2513/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia iddia mümkün sayılmamış, qərardad qanuni qüvvəsini almışdır.

7. Sözügedən qərardadda göstərilir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-2275/2023 nömrəli məktubuna əlavə olunmuş Zaqatala rayonunun Əliabad kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X16, X14 və X7 adlarının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,20 ha torpaq sahəsi qeyd olunmuşdur.

8. Həmin məktuba əlavə olunmuş Zaqatala rayonu Əliabad qəsəbəsi “Qələbə” təsərrüfatı kəndlərinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqların müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəldən görünür ki, X5 adının qarşısında “faktiki sahə” qrafasının qarşısında 0,18 ha, “qanuni sahə” qrafasının qarşısında 0,20 ha, “cəmi torpaq pay norması” qrafasının qarşısında 1,2 ha, “əkin sahəsindən verilməli olan torpaq sahəsi” qrafasının qarşısında 1,2 ha qeyd edilmişdir......

9. Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamından görünür ki, Əliəbad və Qələbə təsərrüfatlarında torpaq islahatlar ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 01 may 2017-ci il tarixli 82 nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupunun protokolu nəzərə alınması, Əliabad qəsəbəsi keçmiş Qələbə və Əliabad təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahılarının təsdiq edilməsi, Ərazidə aparılmış torpaqların elektron uçotu işlərı əsasında hazırlanmış layihənin təsdiq edilməsi və Torpaq payı alacaq subyektlərə torpaq sahəsi uzərində hüquqi müəyyən edən sənədlərin verilməsinə köməklik göstərilməsi Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş olunması qərara alınmışdır.

10. Zaqatala rayonu Əliabad “Qələbə” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəldən görünür ki, X16, X14 və X7 adları 87-ci sırada qeyd olunmuşdur.

II. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edərək Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən mərhum X17 məxsus torpaq sahəsində ölçmə işlərinin aparılmasına, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının, cəmi 200 manat pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, atasından ona miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin hüquq müəyyənedici sənədlərini hazırlamaq məqsədilə üçüncü şəxsə müraciət etmişdir. Üçüncü şəxsin nümayəndəsi onun müraciəti əsasında ölçmə işləri aparmaq üçün gəlmiş, lakin cavabdehlər onlara ölçmə işlərinin aparılmasına icazə verməmişlər. Buna görə də, həmin əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

13. Cavabdeh1 13 mart 2023-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, üçüncü şəxsin nümayəndəsi gələn tarixdə o evdə olmamış, Balakən rayon Asan Xidmətində olmuşdur. Bu halı təsdiq edəcək ayı, tarixi və saatı göstərilmiş növbə qəbzini (sübutu) ərizəsinə əlavə edəcəkdir. Digər Cavabdeh2 bacısıdır. O, ailə qurmuşdur, başqa ünvanda yaşayır və həmin gün orada olmamışdır. Ünvanda olan yalnız həyat yoldaşı Cavabdeh3 olmuşdur və o, ölçmə işlərinə heç bir maneçilik törətməmişdir. Üçüncü şəxsin imtina məktubundan görünür ki, tərəflərindən onlara heç bir maneə edilməmişdir. Lakin iddia ərizəsində guya onlar tərəfindən ölçmə işlərinin aparılmasına icazə verilməmiş, məhz bu səbəbdən də imtina verildiyi qeyd edilmişdir. Bunlar hamısı tamamilə yalan olduğu halda onlardan ödənilmiş vəkil xərci və dövlət rüsumu tələb edilir. Ölçmə işlərinin aparılmasını istəyirsə, heç bir etirazları yoxdur. Gəlib ölçmə işlərini apara bilərlər. Mirasın qəbulu, onun faktiki idarə edilməsi ilə bağlı iddiaçının adına Əliabad qəsəbə İƏD-si tərəfindən verilmiş arayışlarda saxtakarlıqlar olduğundan narazılıqları vardır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən onlara qarşı ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının, cəmi 200 manat pul tələbinin əsassız olduğunu və iddiaçının mirası nə rəsmi nə də faktiki qəbul etmədiyi üçün onun iddia ərizəsi verməyə subyektiv hüququ olmadığını nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qardaşı Muhaməd Qazaxıstan Respublikası vətəndaşı olmuşdur və heç bir zaman rayonda yaşamamışdır. O, 14 fevral 2022-ci ildə vəfat etmiş və onun dəfn mərasimini onlar təşkil etmişlər.

14. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, qardaşı X25 Federasiyasında Diana adlı qızı olmuşdur. Burada da onun Diana adlı qızı vardır. İddiaçı heç vaxt onlarla birgə yaşamamışdır. İddiaçının qardaşı Muhamədin sağlığında heç bir iddiası olmamış və onun ölümündən sonra ondan miras qalmış torpaq sahəsini tələb etməyə başlamışdır. Qardaşı 14 fevral 2022-ci ildə vəfat etmiş və onun dəfn mərasimini onlar təşkil etmişlər.

15. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, Cavabdeh1 arvadıdır. İddiaçı mərhum qaynı Muhaməd Əhmədovun qızıdır və o, atası vəfat etdikdə sonra ondan miras qalmış torpaq sahəsini adına rəsmiləşdirmək istəmişdir. Üçüncü şəxsin əməkdaşları onun yaşadığı ünvana gələrkən onlara torpaq sahəsində ölçmə işlərinin aparılmasına maneə yaratmamışdır.

16. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 03 may 2023-cü il tarixli, e-2(033)-355/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı mərhum atası X17 məxsus Zaqatala rayonun Əliabad qəsəbəsində yerləşən torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılan ölçmə işlərinə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 100 (bir yüz) manat vəkilə ödənilmiş xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarına əsasən X10 adına Zaqatala rayonunun Əliabad qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsinə görə tərəflər arasında mübahisələr yaranmışdır. Torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə əlaqədar tərəflər arasında mübahisə olduğu üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən inventarlaşma işlərinin aparılması mümkün olmamışdır.

18. Məhkəmə hesab etmişdir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan iş üzrə tərəflərə mənsub olduğundan onlar bir birlərinin hüquqlarını məhdudlaşdıra bilməzlər.

19. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 157.4, 158.1.2, 158.2 və 158.4-cü maddələrinə istinad etmişdir.

20. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Zaqatala Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(033)-355/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

Əvvəlki apellyasiya instansiya məhkəməsində icraat

21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(107)-71/2024 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi əvvəlki icraat zamanı qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı mərhum atası X17 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsinin mövcud olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 03 aprel 2023-cü il tarixli məktubundan görünür ki, X10 adına hər-hansı torpaq sahəsinin olması ilə bağlı 18 saylı Zaqatala Ərazi İdarəsində və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir.

24. Kollegiya qeyd etmişdir ki, X2 üzvü olmamışdır. X10 əmlak payı almaq hüququ olan subyetlərin siyahılarında əmlak payının qeydiyyatı olmamışdır.

25. Nikahın bağlanması haqqında və doğum haqqında şəhadətnamələrdən təsdiq olunur ki, X1 Respublikasında daimi yaşamışdır.

26. Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, inzibati ərazi dairəsinin 3 nömrəli təsərrüfatbaşına kitabın 80-cı səhifəsində Cavabdeh2 adına 1986-cı ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı 60 kvm ümumi, 40 kvm yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 1151.1, 1151.2-ci maddələrinə, o cümlədən, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə edərək əsaslandırmışdır.

28. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(107)-71/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instansiya məhkəməsində icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 2024-cü il tarixli, 2(102)-2166/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(107)-71/2024 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

30. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...məhkəmə işə baxarkən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə almamışdır. Məhkəmə işə baxarkən İddiaçı mülki iş üzrə müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmamışdır. İş materiallarından görünür ki, X3 islahatının subyekti olmamışdır. Ona görə də onun barəsində arxiv fondunda hər hansı məlumat aşkar olunmamışdır. 19861990-cı illər üzrə Əliabad qəsəbə İƏVN-ın təsərrüfatbaşına kitabında sonuncu qeydiyyat olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 13 avqust 1996-cı il tarixinə daimi vətəndaşlar hansı ünvanda yaşayıbsa islahatın subyekti ola bilərdi. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e- 2(033)-355/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

32. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(033)-355/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdilər.

33. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı, iş üzrə digər Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, eyni zamanda onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 18 saylı Zaqatala Ərazi İdarəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə kollegiyasının iclasında nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçı, iş üzrə digər Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

36. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.

38. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

42. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

43. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

44. Maddə 4. Bənd 3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

45. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; . - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

46. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

“Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarı:

47. Bənd 39. 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

“Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103

48. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir.

53. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

57. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

58. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

60. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

61. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(033)- 355/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

64. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

65. Müəyyən olunmuşdur ki, İddiaçı mərhum X10 qızıdır. Muhaməd Əhmədov 14 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarına əsasən X10 adına Zaqatala rayonunun Əliabad qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsinə görə tərəflər arasında mübahisələr yaranmışdır. Torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə əlaqədar tərəflər arasında mübahisə olduğu üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən inventarlaşma işlərinin aparılması mümkün olmamışdır.

66. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermişlər.

67. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız sayaraq qeyd edir ki, işin hallarından Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarı ilə Zaqatala rayonu, Əliabad kəndində X16, X14 və Əhmədov Məhəmməd (Muhaməd) Əhməd oğlunun birgə mülkiyyətinə həyətyanı torpaq sahəsinin verilməsi müəyyən olunur. Həmçinin müəyyən olunur ki, Cavabdeh1 həmin qərarla təsdiqlənmiş subyektlər siyahısından Əhmədov Məhəmməd (Muhaməd) Əhməd oğlunun adının çıxarılması ilə bağlı inzibati qaydada iddia qaldırmış, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia qeyri-mümkün hesab edilmişdir. Qanuni qüvvəsini almış həmin qərardan o da müəyyən edilir ki, Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş ilkin subyektlər siyahısı sonradan tərtib edilmiş subyektlər siyahısına uyğun olmaqla Zaqatala RİHB-nin xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Sözügedən inzibati aktlar mübahisələndirilməmişdir qüvvədədir)

68. Məhkəmə kollegiyası cavabdehlərin iddiaçının atasının mülkiyyətində daşınmaz əmlakın olmamasına dair göstərdikləri ilə razılaşmayaraq qeyd edir ki, həmin şəxsin torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə qanuni gözləntisi olmuş, iddiaçı da məhz bu hüququn rəsmiləşdirilməsi ilə bağlı aidiyyəti quruma müraciət etmiş, lakin həmin qurum torpaq sahəsi ilə bağlı mübahisə olduğundan ölçmə və rəsmiləşdirmə işlərini apara bilməmiş və bu halı göstərən imtina məktubu ilə iddiaçıya cavab vermişlər. İddiaçı özünün vərəsəlik hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması ilə bağlı iddia qaldırmışdır.

69. Həmçinin işin müəyyən edilmiş digər halı ondan ibarətdir ki, tərəflər arasında mübahisəli torpağın iddiaçıya vərəsəlik qaydasında keçməsi ilə bağlı mübahisələr mövcuddur, qeyd edildiyi kimi cavabdeh tərəf iddiaçının atasının mülkiyyətçilərin siyahısından çıxarılması ilə bağlı iddia qaldırmış, hazırkı mülki işdə də etirazlarını iddiaçının atasının Qazaxıstan Respublikasının vətəndaşı olması və rayonda yaşamaması ilə əsaslandıraraq onu mülkiyyətçi kimi qəbul etməmiş, həmçinin həmin torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etmədiyini göstərməklə heç bir mülkiyyətinin olmamasına dair zahiri görünüş yaradaraq məhkəmə kollegiyasını yanıltmağa çalışmışdır.

70. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir.

71. Şəxsin mülkiyyət hüququ üzrə gözləntisi olan daşınmaz əmlakda yaşamaması mülkiyyətin itirilməsi ilə nəticələnən bir hal deyildir.

72. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103).

73. Nəzərə alınmalıdır ki, iddiaçının hazırki iddianı vermək üçün subyektiv hüququnun olması onun miras qoyanın vərəsəsi olub-olmamasının araşdırılması ilə məhdudlaşdırılmalı, onun tərəfindən mirası qəbul etməsi faktının müəyyən olunması hazırki iddianın predmetini təşkil etməməlidir.

74. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə 28 iyun 2024-cü il tarixli, 2(102)-2166/2024 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi həmçinin prosessual pozuntuya da yol vermiş, cavabdehlərin aşkar şəkildə iddiaçının vərəsəlik hüququna və torpaqdan pay almaq hüququna etdiyi etirazları nəzərə almamış, onların həqiqətən də ölçmə işlərinin aparılmasına maneələr yaradıb-yaratmamaqları ilə bağlı heç bir araşdırma aparmamış, iddiaçının torpaq sahəsinə gözlənilən vərəsəlik (mülkiyyət) hüququnun cavabdehlər tərəfindən pozulubpozulmamasına qiymət verməmişdir.

75. Məhkəmə kollegiyasının iclasında işdirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda göstərmişlər ki, iddiaçının atasının mübahisəli torpaq sahəsində və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evində heç bir payı mövcud olmadığından iddaçının tələbi ilə həmin əmlaklara dair ölçmə və zəruri inventarlaşdırma işlərinin aparılmasına etiraz edirlər. Onlar öz mövqeyini belə əsaslandırmışlar ki, iddiaçının atası sağlığında özünə düşən torpaq payını satmışdır. Yaşayış evi isə yararsız vəziyyətdədir.

76. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik

77. Göründüyü kimi, cavabdehlər tərəfindən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı müraciəti əsasında aparılan ölçü və invertarlaşdırma işlərinə qanunsuz olaraq maneələr yaradılmışdır. Yuxarıda şərh edilən normaların məzmununa əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi əsaslıdır, cavabdehlərin iddiaçının əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneələr aradan qaldırılmalıdır.

78. İddianın hüquqi əsasları ilə bağlı həm də qeyd olunmalıdır ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (Mülki Məcəllənin 560.1-ci maddəsi).

79. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

80. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bu səbəbdən də mülki işin apellyasiya baxışında cavabdehin apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və cavabdehin apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir.

81. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

82. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

84. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

85. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(033)-355/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

86. Apellyasiya şikayəti təmin edilmədiyindən sikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, e-2(033)-355/2023 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar