Məhkəmə qərarları › İş №2(107)-1089/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1089/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1089/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli 2(037)- 450/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı iddiasına görə 2015-ci ildə ona usta olaraq İsmayıllı rayon Basqal qəsəbəsində fərdi yaşayış evinin (villa) pilləkənin qurulması həvalə edilmişdir. O, görüləcək işin müqabilində ona verilən və verilməli olan pulun 4200 manatını Cavabdeh2 Əlimösüm oğluna verdiyini, sonuncunun isə həmin pulu geri qaytarmadığını iddia edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4 Əlimösüm oğlundan müştərək qaydada ona borclu olduqları 4200 manat məbləğinin və ödənilmiş 62 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4262 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdehlər qonşularıdır. 2015-ci ildə İsmayıllı rayon Basqal qəsəbəsində fərdi yaşayış evinin (villa) pilləkənin qurulması ona tapşırılmış, görüləcək iş material qarışıq 18000 ABŞ dollarına danışılmışdır. Cavabdeh2 oğlu da həmin tikilinin qarovulçusu və usta-fəhləsi kimi işləmişdir. Tikintiyə məsul olan İsgəndər adlı şəxs ona ilkin olaraq material almaq üçün 6000 ABŞ dolları məbləğində pul vermiş, bundan 1-2 gün sonra Elnur evlərinə gələrək ondan qısa müddətdə qaytarmaq şərti ilə bir neçə dəfəyə 1650 manat borc almışdır. Bundan başqa həyətində yeddi baş qoyunu 550 manata qiymətləndirərək ona nisyə vermişdir. Elnur ona atası ilə birlikdə 2000 manata yaxın əmək haqqı aldığını, ayın sonunda 2750 manat borclu olduğu pulu tam ödəyəcəyini bildirmişdir. Bundan başqa tikintinin rəhbəri İsgəndər adlı şəxs iki dəfəyə onun adına Elnur vasitəsi ilə 4000 ABŞ dolları pul göndərmiş, Elnur da hər dəfə həmin puldan 1000 manat olmaqla 2000 manat icazəsiz götürmüşdür. Bu barədə İsgəndərlə aralarında hesablaşma apararkən ona məlum olmuşdur. Həmin vaxt Elnur və atası söz vermişlər ki, xəclədikləri 2000 manat pulu ona qaytaracaqlar. Lakin xeyli müddət gözlədikdən sonra Elnura bu barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə, Elnurun atası, anası və qardaşı onun evinə gələrək qısa müddətdə 4200 manat borcu ödəyəcəklərinə söz vermişlər. Sonuncu dəfə 2022-ci ilin yanvar ayının əvvəllərində iki nəfər yaxın tanışı ilə Elnurla çayxanada rastlaşmış və ona borcunu ödəməsini bildirdikdə, Elnur onu nalayiq sözlərlə təhqir etmiş hətda orada olan odun parçasını götürərək üstünə hücum etmişdir. Məhz bundan sonra o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 Əlimösüm oğlu iddianı qəbul etməyərək göstərdi iki, İddiaçı onun qonşusudur, əvvəllər aralarında mehriban qonşuluq münasibətləri olmuşdur, iddiaçının arvadı ilə onun anası (hazırkı digər cavabdeh) bacı kimidirlər. İddiaçını sözügedən fərdi yaşayış evinin (villanın) tikintisinə o məsləhət görmüş və onun vasitəçiliyi ilə tikinti işlərinə cəlb edilmişdir. Həmin vaxt, yəni 2015-ci ildə villanın pilləkənlərinin hazırlanması üçün Qədirlə materiallar da daxil olmaqla həmin iş 16000 ABŞ dollarına danışılmış, Qədir orada 2-3 ay işlədikdən sonra işi məqbul olmadığından onu həmin fərdi yaşayış evinin tikintisindən uzaqlaşdırmışlar. Bununla bağlı Qədir mütəmadi olaraq dövlət orqanlarına şikayətlər etmiş və nəticədə ona danışılan məbləğ tam olaraq ödənilmişdir. İddiaçının qeyd etdikləri yalan və cəfəngiyatdır. Belə ki, onların işlədikləri 2-3 ay ərzində münasibətləri yaxşı olmuş, həmin fərdi yaşayış evinin tikintisindən əldə etdikləri gəlir hesabına müxtəlif vaxtlarda qarşılıqlı pul xərcləmişlər. Bildirmək istəyir ki, onun qardaşı atası və anasının sözügedən işlərlə bağlı hər hansı əlaqəsi olmamış, atası, anası və qardaşı ümumiyyətlə guya borclu olduğu pulu ödəyəcəklərini demək üçün onun evinə getməmiş, yuxarıda da qeyd etdiyi kimi anası ilə iddiaçının arvadı arasında çox yaxşı münasibət olduğundan bir qonşu kimi onun evinə gedib-gəlmişdir, lakin aralarında heç vaxt bu mövzuda dialoq olmamışdır. İddiaçının belə bir iddia ilə müraciət etməsi anlaşılan deyildir. Hətta iddiaçının oğlu kənd ərazisində qarşılaşdıqları zaman atasının hərəkətinə görə onlardan üzr istədiyini, bu hərəkətə görə bir oğul kimi utandığını bildirmişdir. Belə olan təqdirdə iddiaçının ailəsi belə şahidlik etməkdən imtina etmişdir. Eyni zamanda əgər onun borcu olsa idi 8 ilə yaxın müddət ərzində iddiaçı onu tələb edərdi. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh4 Əlimösüm oğlu eyni məzmunlu ifadə verərək, iddianın rədd edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin qeyd etmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, iddiaçı məhkəməyə iddia etdiyi faktlarla bağlı hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, 8 ilə yaxın keçən müddət ərzində cavabdehlərdən özünün iddia etdiyi pulunu tələb etməməsi və hazırkı iddia ilə məhz aralarındakı münasibətlərin pisləşməsindən sonra məhkəməyə müraciət etməsi də məhkəmədə iddianın əsassız olması qənaətini yaradır. Belə qənaətə gələrkən məhkəmə onu da qeyd edir ki, iddiaçının keçən müddət ərzində alacağı pulunu cavabdehlərdən tələb etdiyini sübut kimi məhkəməyə şahidlərin gətirilməsi barədə şifahi vəsatəti əsasında məhkəmə iclası təxirə salınmış, lakin, iddiaçı məhkəmə iclasında şahidlərin iştirakını təmin etməmiş və bu barədə məhkəmədə hər hansı bir əsaslı səbəb göstərməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli 2(037)-450/2022 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia rədd olunmuş, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə yalnız cavabdehin izahatına istinadən son nəticəyə gəlmişdir. Məhkəmə iddiaçı kimi onun izahatını və işin faktiki hallarını nəzərə almamış, təqdim etdiyi şahidləri məhkəmə zalına dəvət edib dindirməmiş, cavabdehin izahatına əsaslanaraq güya şahid olan ailə üzvülərinin belə şahidlik etməkdən çəkindiklərini göstərmişdir. Cavabdeh izahatında etiraf edir ki, onunla bir tikinti obyektində işləmişlər. Cavabdehin dediyi kimi ona ödənilməli olan 16000 ABŞ dollarının onun şikayətlərindən sonra tam ödənildiyini qeyd edir. Yəni cavabdeh dolayısı ilə ona ödənilməli əmək haqqının mübahisələndirildiyini təsdiq edir, lakin öz xeyrinə danışır. Hakim isə nədənsə onun dediyinə inanır, onun dediyi isə yalan olur. İş üçün vacib əhəmiyyətli olmasına baxmayaraq iş üzrə digər cavabdehlərin məhkəmə prosesində iştirakını təmin etməmiş, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla da məhkəmə çəkişmə prinsipinin tam həyata keçirilməsini təmin etməmişdir. Məhkəmə tərəfindən şahid kimi təqdim etdiyi X1 məhkəmədə dindirilməsini təmin etməmişdir. Hansı ki, həmin şahid cavabdehlərlə aralarında borcla bağlı proseslərin əksəriyyətində iştirak etmişdir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli 2(037)-450/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli 2(037)-450/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasını təxirə salmağı xahiş etmişdir. Səhhəti ilə bağlı nə olduğunu teleqramda qeyd etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli 2(037)-450/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbinin təmin edilə bilməyəcəyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri onun özünün sözlərindən başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. İddiaçının keçən müddət ərzində alacağı pulunu cavabdehlərdən tələb etdiyinin sübutu kimi məhkəməyə şahidlər gətirilməsi barədə şifahi vəsatəti əsasında birinci instansiya məhkəməsinin məhkəmə iclası təxirə salınmış, lakin iddiaçı məhkəmə iclasında şahidlərin iştirakını təmin etməmişdir. Apellyatorun MPM-nin 273-cü maddəsində nəzərdə tutulmuş qaydada protokola qeyd verməklə yuxarıda göstərdiklərini təsdiq etmək imkanı olmasına baxmayaraq, o bunu etməmişdir. Həmin maddəyə görə, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İddiaçı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli 2(037)-450/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar