Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1098/2021 23.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “18 dekabr 2014-cü il tarixli, KAMin 124379/14 saylı kredit müqaviləsinə 06 avqust 2018-ci il tarixli 1 saylıəlavə razılaşmanın ləğvi və kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)- 856/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)-856/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin arasında 18 dekabr 2014-cü il tarixdə bağlanmış KAMin 124379/14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3762.46 ABŞ dolları məbləğdə əsas borc, 7261.35 ABŞ dolları məbləğdə hesablanmış faiz borcu, 50 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 11073.81 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-yə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən tutulub "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-yə ödənilməsi, iş üzrə 145 manat məbləğdə ekspertiza xərci cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin qət edilmişdir. İşin halları: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 2242.40 ABŞ dolları məbləğdə əsas borc, 1310.48 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 3552.88 ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 birinci instansiya məhkəməsi iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 18 dekabr 2014- cü il tarixdə BOKT "xxxx" MMC ilə № KAMin 124379/14 saylı kredit müqaviləsi bağlayaraq 30 ay müddətinə 29 faiz illik faiz dərəcəsi olmaqla 10000 ABŞ dolları məbləğdə kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında 18 dekabr 2014-cü il tarixli, KAMİN 124379/14 saylı kredit müqaviləsinə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1, öz xahişini nəzərə alaraq kreditin restrukturizasiyası məqsədi ilə 06 avqust 2018-ci il tarixdə 1 saylıəlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən, 18 dekabr 2014-cü il tarixli, KAMin 124379/14 saylı kredit müqaviləsinə 06 avqust 2018-ci il tarixli 1 saylıəlavə razılaşmada restrukturizasiyadan sonra 5435,62 (beş min dörd yüz otuz beş dollar altmış səkkiz sent) dollar təşkil edərək ödəniş müddəti 18 ay və 30.08.2018-ci il tarixindən 30.01.2020-ci il tarixədək uzadılmışdır. Həmçinin, 18 dekabr 2014-cü il tarixli, KAMin 124379/14 saylı kredit müqaviləsinə 06 avqust 2018-ci il tarixli 1 saylı əlavə razılaşmaya zaminlik müqavilələri bağlanmışdır. Borclular kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin ödənilməsini mütəmadi olaraq gecikdirmişlər. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliklərini icra etməmişlər. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh1 iddia tələbi ilə qismən razı olduğunu bildirmiş və iddia tələbini ekspertin rəyində göstərilən qaydada təmin olunmasını və ona hesablanmış cərimə borclarının azaldılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh4 da oxşar məzmunlu izahat verərək Cavabdeh1 izahatındakı xüsusatları təsdiq etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh3 və Cavabdeh4 аpellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, borcalan Cavabdeh1 dollar məzənnəsinin ölkə üzrə iki dəfə devalivasiyası ilə bağlı olaraq götürdüyü öhdəliyini icra edə bilməmişdir. Növbəti devalivasiyada isə banka müraciət edərək güzəşt edilməsini təklif etsə də, müsbət cavab almadığına görə 2018-ci il tarixə qədər ödənişlərini davam etdirib, nəticədə bank tərəfindən onun xahişi nəzərə alınıb, qalıq qalan 5435,62 ABŞ dolları restrukturizasiya edilərək onunla 18 dekabr 2014-cü il tarixli, KAMin 124379/14 saylı kredit müqaviləsinə 06 avqust 2018-ci il tarixli 1 saylı əlavə razılaşma və həmin razılaşmaya təminat kimi yenidən zaminləri dəvət etməklə, eyni tarixli nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh1 yeni bağlanmış müqavilə üzrə ödənişlərini aparıb kreditni vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh1 kredit borcu Azərbaycan Respublikası Prezidentinin fərmanın təsirinə düşmüşdür. Onu banka dəvət edib hər iki devalivasiya üzrə hesablanan 7300 manat məbləğində kompensasiyanı təqdim etmişlər. Həmin vaxt ona belə bir təklif etmişlər ki, cəmi 3800,73 ABŞ dolları borcu qalır. Bank ölkə başçısının 551 saylı 28 fevral 2019-cu il tarixli fərmanının 2-ci hissəsinin tələblərini kobudcasına pozmuşdur. Belə ki, fərmanda bir mənalı olaraq göstərilmişdir ki, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın 1-ci hissəsində qeyd edilən fiziki şəxslər banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi şamil edilən şəxslərdir. Onlara da komensasiyaların verilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, 1-ci devalvasiya vaxtına düşən: 2015-ci ilin fevralın 21-nə xarici valyutadamövcud olan əsas kredit borcuna münasibətdə-1 ABŞ dollarına 0,25 manat kimi; 2-ci devalvasiya vaxtına düşən: 2015-ci ilin fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə -1 ABŞ dollarına 0,6 manat kimi hesablanmalıdır. Həmin hesablana vəsait əvvəlcə bankda olan əsas kredit borcuna tam ödənilməli, qalan məbləğ isə Cavabdeh1 qaytarılmalı idi. Lakin BOKT Kredo Aqro fərmanın tələblərindən irəli gələn Nazirlər Kabinetinin qaydalarını icra etmək əvəzinə həmin kompensasiya məbləğini Cavabdeh1 tam sərəncamına vermişdir. Bununla da həmin şəxsdə banka heç bir borcu olmadığı və ya fərmana görə əvvəlcə borcların ödənilib qalan məbləğin isə ona qaytarıldığı firki formalaşmışdır. Bununla da o, öhdəliyinin tam icra edildiyini güman edib, ona təqdim edilən komensasiyan öz ehtiyaclarına sərf etmişdir. Fərmanın təsiri qüvvəsi qurtardıqdan sonra bank 2020-ci il tarixdə ona və zaminlərə qarşı məhkəmədə iddia irəli sürmüşdür. Halbu ki, fərmanın 3-cü hissəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına xüsusilə tapşırılır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin. Lakin iddiaçı fərmanın qüvvəsindən irəli gələn qaydaları və tələbləri icra etmək əvəzinə əksinə daha da irəli gedərək, əsassız faizlər, cərimələr hesablayaraq, ölkə başçısının əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə olan dövlət dəstəyini kölgə altına qoyaraq, cavabdehlərin maddi vəziyyətinin pisləşməsinə, sosial rifahlarının düşməsinə, ailə vəziyyətlərinin ağırlaşmasına səbəb olur. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)-856/2020 nömrəli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)-856/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia ərizəsinin rədd olunması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)-856/2020 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və kollegiyanın iclasında tədqiq olunmuş: BOKT "xxxx" MMC-nin 16 mart 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 həmin tarixə BOKT "xxxx" MMC-yə cəmi 16656.09 ABŞ dolları məbləğdə borcu qalmışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 18 dekabr 2014cü ildə BOKT "xxxx" MMC ilə müqavilə bağlayaraq 10000 ABŞ dolları məbləğdə kredit almış, aldığı borc məbləğini illik 29 faiz əlavəsi ilə 30 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında birgə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlər Cavabdeh1 öhdəliyini icra etmədikdə, onunla birgə məsuliyyət daşımağını üzərilərinə götürmüşlər. 06 avqust 2018-ci il tarixdə 1 saylı əlavə razılaşmadan görünür ki, 18 dekabr 2014-cü il tarixli, KAMin 124379/14 saylı kredit müqaviləsinə 06 avqust 2018-ci il tarixli 1 saylıəlavə razılaşmada restrukturizasiyadan sonra 5435.62 (beş min dörd yüz otuz beş dollar altmış səkkiz sent) dollar təşkil edərək ödəniş müddəti 18 ay və 30.08.2018-ci il tarixindən 30.01.2020-ci il tarixədək uzadılmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 06 avqust 2020-ci il tarixli, 9/2333 saylı rəyinin nəticə hissəsindən görünür ki, 29 mart 2017-ci il tarixə Cavabdeh1 BOKT "xxxx" MMC-nə 3762.46 ABŞ dolları məbləğdə əsas, 7261.35 ABŞ dolları faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə haqlı olaraq məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi ekspertiza rəyində göstərildiyi qaydada qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Yuxarıda göstərilən hüquq normalarını nəzərə alaraq kollegiyanın qənaətinə görə iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. H.Allahverdiyev ilə bank arasında bağlanmış kredit müqaviləsinin 6.1-ci maddəsində göstərilmişdir ki, borclu aldığı krediti və ona hesablanmış faizləri bu müqaviləyə dair 1 saylı əlavə üzrə, qrafikə uyğun ödəmə müddətlərini pozduqda, əsas məbləğüzrə hər gecikdirilən təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 1 faizi cərimə tətbiq edilir. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 5529.75 ABŞ dolları məbləğdə cərimə hesablanmışdır. Birinci isntansiya məhkəməsi haqlı olaraq borcluya 5529.75 ABŞ dolları məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 50 ABŞ dolları miqdarda dəbbə pulu alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. İddia ərizəsindən göründüyü kimi cavabdehlərdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə düzgün qeyd etmişdir ki, qətnamənin nəticə hissəsində borclulardan alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi göstərilməlidir. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, işü zrə 145 manat məbləğdə ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Mingəçevir Şəhər Məhkəməsi iddianı təmin etməkdə ümumilikdə düzgün nəticəyə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)-856/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1098/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1098/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver