Məhkəmə qərarları › İş №2(107)-1101/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1101/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1101/2025 22.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(014)-935/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı 03 aprel 2025-ci ildə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borclu olduğu 5000 (beş min) manat pulun və əlavə olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun borcu ödəmənin gecikdirilməsinə görə faizlərin də tutularaq ona ödənilməsinin təmin edilməsi, eləcə də iddia qaldırarkən ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə dostu və iş yoldaşı X2 vəsitəsilə tanış olmuşlar və bu səbəbdən də aralarında münasibət və etibar yaranmışdır. Belə ki, Cavabdeh həmyerlisi və dostu Şəmsəddin Hacıyevin direktor olduğu Lənkəran "xxxx" MMC-yə o, dostu Xasay Məmmədovla birlikdə əhalidən süd məhsulları toplaraq təhvil verirdilər. Həmin vaxtlar Cavabdeh dostu Xasaya ona pul lazım olduğunu deyərək, borc pul tapmasını istəmiş və Xasay da bu barədə ona deyərək, Xalisin etibarlı olduğunu və ona pul tapıb verə bilibbilməyəcəyini soruşduqda, o, özü də Cavabdeh tanıdığı və onunla münasibəti olduğunu düşünüb, Xalisin istədiyi 5000 manat pulu 2023-cü ilin aprel ayında Xasay Məmmədovun yanında Xalisə vermişdi. Xalis isə öz növbəsində borc aldığı pulu tezliklə qaytaracağını bildirmişdi. Daha sonra Cavabdeh Ağdaş rayonuna qayıtmış və onlar da mütəmadi olaraq Ağdaş rayonuna, eləcə də Mingəçevir şəhərinə gedərək, həmin rayonlardan da süd məhsullarını əhalidən toplayaraq xüsusi soyuducular vasitəsilə gətirib Lənkəran "xxxx" MMC-yə təhvil vermişlər. Ancaq müəyyən müddət keçəndən sonra o, əl borcu olaraq verdiyi pulu Xalisdən tələb etdikdə, Xalis hər dəfə borcunu qaytaracağını bildirsə də, qaytarmamışdır. Xalis 24 iyun 2023-cü il tarixdə Lənkərana gələrkən narahat olmamağını və ilin sonuna kimi ondan aldığı borcu qaytarmaq üçün ona notarial qaydada ərizə verə biləcəyini demişdir. Buna görə də, onlar Lənkəran rayon 1 saylı Notariat Ofisinə getmiş və orada Cavabdeh ondan borc aldığı 5000 min manat pulu 31 dekabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürməsinə dair rəsmi ərizə vermişdi. Bununla belə, Xalis yenə də vədinə əməl etməmiş və bu vaxta kimi müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmış və ona heç bir məbləğdə pul ödəməmişdir. Bütün bunlarla qeyd etmək istəyir ki, Cavabdeh ona olan həmin borcu etiraf etsə də, qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Onu da qeyd etmək istəyir ki, o, həmin pulu başqasından borc alaraq Xalisə vermişdir. Xalis isə pulu vaxtında qaytarmadığından, pul müəyyən qədər dəyərini itirmiş və ona ziyan dəymişdir. Bu səbəbdən də, əlavə olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun borcu ödəmənin gecikdirilməsinə görə faizlərin də tutularaq, ona ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş edir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Ağdaş Rayon Məhkəməsinin (hakim Aygün Mürsəlova) 24 iyul 2025-ci il tarixli, 2(014)-935/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 5000 (beş min) manat borc və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(014)-935/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran rayon 1 saylı Notariat Ofisində 24 iyun 2023-cü ildə notarial qaydada tərtib və təsdiq edilmiş Cavabdeh ərizəsində göstərilir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 5000 (beş min) manat borc pul almış və həmin pulu maddi durumu pis olması ilə əlaqədar qaytara bilməmişdir. O, həmin borcu 31 dekabr 2023-cü il tarixinə kimi qaytaracağını öhdəsinə götürüb, bu ərizəni imzalayır. Ərizədə yazılanlar iradəsinə uyğundur və yazılanların doğruluğunu imzası ilə təsdiq edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdu ki, İddiaçı Cavabdeh 5000 manat məbləğində borc pul vermişdir. Lənkəran rayon 1 saylı Notariat Ofisində Cavabdeh iddiaçıdan borc aldığı 5000 min manat pulu 31 dekabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürməsinə dair rəsmi ərizə vermişdir. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 5000 manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin borcun ona geri qaytarılmasını tələb edir. Bununla belə, məhkəmə iddia tələbinin “əldən çıxmış fayda” hissəsini əsassız hesab edərək bildirir ki, iddiaçı fiziki şəxs olduğundan, öhdəliyin qanunla müəyyən edilmiş müddət ərzində qaytarılmamasına görə müqavilə müddəti ərzində müqavilədə göstərilmiş faizləri, müqavilə müddətindən sonra isə qanunla müəyyən edilmiş faizləri tələb etmək hüququna malik olduğundan, iddiaçının əsas borcun vaxtında geri qaytarılmaması ilə bağlı cavabdehdən əlavə olaraq əldən çıxmış fayda (Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsi) qismində pul tələb etməsi əsassızdır. Məhkəmə hesab edir ki, Cavabdeh 5000 (beş min) manat borc və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 442, 443.1, 448.1 və 739-cu maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

- 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(014)-935/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(014)-435/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi qanunsuz və əsassız sübutlarla təsdiq edildiyindən rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, ondan 5000 manat pulun, əlavə olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun borcu ödəmənin gecikdirilməsinə görə faizlərin də tutularaq ona ödənilməsinin təmin edilməsini, eləcə də iddia qaldırarkən iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının təqdim etdiyi notarius ərizəsi sübuit hesab edilə bilməz. Çünki, həmin ərizə notariusda tərtib edilsə də, əslində iddiaçı ona borc verməmişdir. Bütün bunlar iddia tələbinin rədd edilməsi üçün əsasdır. Onların arasında yazılı qaydada borc müqaviləsi olsa da, əslində iddiaçı ona borc verməmişdir. Belə ki, həmin müqavilədən də görünür ki, müqavilə bağlanan anda borc verilməmişdir. İddia tələbinin istinad etdiyi halları iddiaçı sübut etməlidir. Lakin, iddiaçı yalnız sübut kimi onun tərəfindən notariusda yazılmış ərizəni qeyd edir. Halbuki, həmin ərizə sübut növü ola bilməzdir. Düşünür ki, məhkəmə sübutları düzgün araşdırmamışdır. Məhkəmə onun və iddiaçının iştrakının təmin etməklə işi daha dəqiq araşdıra bilərdi. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi ərizəni sübut növü kimi qəbul edib. Halbu ki, bu hal araşdırılmalı idi ki, ərizədə göstərilən pul vəsaiti ona verilib, ya yox. Düşünür ki, işdə olan sübutlar qeyri-mötəbər, ziddiyyətli olmaqla, iddia tələbinin əsassızlığına gətirib çıxarır. Məhkəmə tərəflərin qarşılıqlı iştrakını təmin etmədən, tərəflərin qarşılıqlı münasibətlərini araşdırmadan iş üzrə səhv nəticəyə gəlmişdir. Hesab edir ki, hazırkı iddia ilə bağlı məhkəmə tərəfindən tam araşdırma aparılmalı, notariusa sorğu verilməli, pulun həqiqətən də ona verilib-verilməməsi müzakirə edilməlidir.

- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və apellyasiya şikayətini vermiş Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(014)-435/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi qanunsuz və əsassız sübutlarla təsdiq edildiyindən rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan borcun verildiyi dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin və cavabdehin iddia tələbinə etirazının dəlillərinə, eləcə də tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla və işin konkret halları ilə İddiaçı Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaitinin alınması barədə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri, o cümlədən də şikayətin “Onların arasında yazılı qaydada borc müqaviləsi olsa da, əslində iddiaçı ona borc verməmişdir. Belə ki, həmin müqavilədən də görünür ki, müqavilə bağlanan anda borc verilməmişdir” dəlili ilə əlaqədar qeyd etməyi lazım bilir ki, Lənkəran rayon 1 saylı Notariat Ofisində 24 iyun 2023-cü ildə notarial qaydada tərtib və təsdiq edilmiş Cavabdeh yazılı Ərizəsindən görünür ki, o, həmin ərizəsində İddiaçı 5000 (beş min) manat məbləğində borc pul almasını təsdiq etməklə yanaşı, həmin borcu 31 dekabr 2023-cü il tarixinə kimi qaytaracağını da öhdəsinə götürmüşdür (həmin ərizə Reyestrdə 8İ-10599 № ilə qeyd edilərək, informasiya sisteminə daxil edilmişdir). Bu xüsusat isə cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “iddiaçı ona borc verməmişdir” dəlilinin əsassızlığını bir daha təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(014)-935/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(014)-935/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar