Məhkəmə qərarları › İş №2(107)-1103/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1103/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1103/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2(033)-654/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair müraciət edərək, Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-522/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Zaqatala rayonu, Lahıc kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin ödənilməsi və mediatora ödənilmiş 60 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə birgə nikahlarından xx.xx.2009-cu il tarixdə "Hafiz” adlı övladı doğulmuşdur. Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-522/2022 qətnaməsi ilə təyin edilmiş aliment artırılaraq, hər ay 170 manat sabit pul məbləğində aliment xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş aliment halhazırki tələblərə cavab vermir. Uşaq böyüyüb, xərcləri çoxalıb, hal-hazırki aliment məbləği ilə uşağın ehtiyaclarını ödəmək çətinləşib. Cavabdehin maddi imkanı yaxşıdır, yəni aliment ödəmək üçün kifayət qədər gəliri və imkanı vardır. Bütün bunlar onu deməyə əsas verir ki, o, uşağa hər ay 250 manat aliment verə bilmək iqtidarındadır. Ona görə də alimentin artırılması üçün yenidən məhkəməyə müraciət edir. Məhkəmə tərəfindən alimentin sabit pul şəklində müəyyən edilərkən hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün uşağa hər ay 250 manat alimentin qət edilməsi kifayət edər. Həmçinin, məhkəmə aliment qət edərkən nəzərə almalıdır ki, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024- cü il üçün yaşayış minimumu uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə birgə nikahlarından 05 oktyabr 2009-cu ildə X5 adlı bir uşaqları doğulmuşdur. Hazırda uşağı iddiaçının himayəsində yaşayır. Onun iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə imkanı yoxdur. Belə ki, o, ikinci dəfə ailə qurmuş və himayəsində 2016cı il təvəllüdlü qızı vardır. Bundan başqa o, İİİ qrup əlil kimi 150 manat sosial müavinət alır. O, hər ay Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-522/2022 saylı qətnaməsi ilə təyin edilmiş 170 manat alimenti çox çətinliklə ödəyir. İddiaçı onu övladı ilə görüşüb ünsiyyətdə olmasına maneə yaradır. Lakin buna baxmayaraq ondan aliment tələb edir. İddiaçı uşağı onunla görüşərkən psixologiyasının pozulduğunu əsas gətirərək onu ünsiyyət hüququndan məhrum edir. Onun imkanı yaxşı olsa idi hər ay 250 manat alimenti iddiaçıya ödəyərdi. Lakin hazırkı durumu buna yol vermir. Odur ki, göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. Zaqatala Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2(033)-654/2024 nömrəli qətnaməsi ilə (V.Məmmədov), İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikahından 05 oktyabr 2009-cu il təvəllüdlü X5 dоğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(033)- 522/2022 nömrəli qətnaməsinə əsаsən cаvаbdehdən hər ay 170 manat aliment tutulub iddiаçıyа verilir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. İddiaçı xx.xx.2024-cü il tarixdə hаzırkı iddiа ilə müraciət edərək, alimentin müəyyən olunmuş miqdarının artırılmasını xahiş etmiş, lakin alimentin miqdarı müəyyən olunmasından keçən qısa müddət ərzində özünün və ya cavabdehin ailə və maddi vəziyyətində dəyişiklik olması barədə sübut təqdim etməmişdir.

9. İş üzrə sübutlarla, alimentin miqdarının müəyyən olunmasından keçən qısa müddət ərzində tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olması halı təsdiq edilməmişdir. İddiaçı tələbini ölkədə 2024-cü il üçün yaşayış minimumunun hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iddiaçının, tərəflərin birgə nikahından doğulmuş uşağının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olması barədə mövqeyi ilə razılaşır. Lakin bu halın iddianın təmin edilməsinə əsas olmadığı nəticəsinə gəlir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, yanaşı yoxlanılmış sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin İİİ qrup əlil kimi 150 manat sosial müavinət alır, onunla və digər gəlirlərindən 170 manatını tərəflərin birgə nikahından doğulmuş uşağının saxlanması üçün aliment olaraq ödəyir. Alimentin ödənilməsinə yönəldilmiş vəsaitdən özünün maddi təminatı üçün qalan vəsait cavabdehin minimum dolanacaq xərcindən dəfələrlə azdır. Bundan başqa cavabdeh ikinci dəfə ailə qurmuş və həmin nikahdan da onun bir övladı vardır.

12. Məhkəmə qeyd etmişdir ki, iş üzrə sübutlarla cavabdehin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-522/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş məbləğdən artıq aliment ödəmək üçün zəruri qazanca malik olması halı təsdiq edilməmişdir.

13. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, tərəflərin öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər və uşaqlarının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təmin etmək vəzifəsinin bütövlükdə cavabdehə aid edilməsi, iddiaçını uşaqların maddi təlabatını ödəmək vəzifəsindən azad edilməsi xarakteri daşıyır. Halbu ki, o, özü də uşaqlarının maddi təlabatını ödəməkdə cavabdeh ilə bərabər vəzifə daşıyır.

14. Məhkəmə qeyd etmişdir ki, iddia rədd edildiyindən işə baxılması ilə əlaqədar xərc olan iddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya xərci də iddiaçının özünə aid edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 81.1, 81.3, 108.2, 112.1, -ci maddələri, “Uşаq hüquqlаn hаqqmdа” Аzərbаycаn Respublikаsı Qаnununun 5, 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1, 9.1.2, 9.4cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 15.3, 77.1, 112.1.6, 119.1, 119.2, 217.4, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən uşagın mənafeyini deyil, uşaqla maraqlanmayan atanın mənafeyini nəzərə almışdır.

18. Məhkəmə iddiaçının, tərəflərin birgə nikahından doğulmuş uşağının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olması barədə mövqeyi ilə razılaşır. Lakin bu halın iddianın təmin edilməsinə əsas olmadığı nəticəsinə gəlir.

19. Məhkəmənin diqqətinə çatdırır ki, sonuncu dəfə aliment 2022-ci ildə kəsilmiş və həmin ildə minimum səbət 193 manat idi. İki ildən sonra alimentin artırılmasına müraciət etmişdir. İndi isə minimum səbət 235 manatdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1 -ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

20. Aliment məhkəmənin xx.xx.2022-ci il tarixli 2(033)-522/2022 nömrəli qətnaməsi ilə sabit pul şəklində və 2022-ci il üzrə yaşayış minimumu 193 manat olan dövrdə 170 manat təyin olunub. Yaşayış minimumu ilə aliment miqdarının arasında 65 manat fərq vardır. Cavabdehin gəlirinin artıb-artmamasından, ümumiyyətlə gəlirinin olub-olmamasından asılı olmayaraq, alimentin məbləği qanunvericiliklə müəyyən olunmuş minimum həddə (235 manata) çatdırılmalıdır. Hal-hazırda uşagın 15 yaşı var. Zaqatala Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqın tələbatının ödənilməsinə yetmir.

21. Xeyli vəsait sərf olunur:- geyim, qidalanma və digər xərclər də mövcuddur. Xəstələndikdə onun həkimə aparılması, dərmanların alınmasına da pul sərf edilir. Sadaladığı xərclər ən zəruri xərclərdir. Uşaqın istirahətə də, əyləncəyə də ehtiyacı var. Lakin alimentin də məbləği aşağı olduğundan uşaq istirahətdən də məhrumdur. Onu da qeyd etmək istərdi ki, cavabdeh övladının xərcləri ilə ümumiyyətlə maraqlanmır. Yalnız məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti ödəməklə öz atalıq vəzifəsinin bitdiyini düşünür. Tək qadın olaraq uşaqın xərclərini qarşılamaq, onun tələbatlarını ödəmək onun üçün çox çətindir. Buna görə də görə, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

22. Məhkəmə burada açıq aydın cavabdehi müdafiə edir. Məhkəmə qanunvericilik ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının оlmаsı bərədə mövqeyi ilə razıdır. Lakin bu halın iddianın təmin edilməsinə əsas olmadığı nəticəsinə gəlir. Məhkəmənin fikrinə qarşı bildirir ki, MPM-in 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunla yaşayış minimumu qalxmışdırsa o, məhkəməyə hər hansı sübut təqdim etməli deyildir.

23. Aliment məhkəmənin 2022-ci il tarixli qətnaməsi ilə sabit pul şəklində 170 manat təyin olunduğu üçün cavabdehin gəlirinin artıb-artmamasından, ümumiyyətlə gəlirinin olubolmamasından asılı olmayaraq, alimentin məbləği qanunvericiliklə müəyyən olunmuş minimum həddə (235 manata) çatdırılmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir.

24. Odur ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-654/2024 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2(033)-654/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin elektron qaydada göndərdiyi ərizəsində məhkəmə iclasına gələ bilmədiyindən işə onun iştirakı olmadan baxılaraq, apellyasiya şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Konstitusiyasının; 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

30. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

31. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

32. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, iddiaçı Zaqatala rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-654/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

37. Apellyator Zaqatala rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-654/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2(033)-654/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 05 oktyabr 2009-cu il təvəllüdlü X5 dоğulmuşdur. Sonuncu dəfə Zaqatala Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(033)-522/2022 nömrəli qətnaməsi ilə 05 oktyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay üçün sabit pul məbləğində 170 manat müəyyən edilmişdir. 05 oktyabr 2009-cu il təvəllüdlü X5 hazırda da anası İddiaçı himayəsindədir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının alimentin artırılması tələbinə dair iddiasını bütünlükdə rədd etməkdə doğru mövqedən çıxış etməmişdir.

42. Belə ki, kollegiya qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi, eləcə də alimentin məbləğinin 170 manat həddində müəyyən edilməsindən sonra ötən iki illik müddət ərzində uşağın böyüməklə tələbatlarının artması, uşağın tələbatlarının ödənilməsində iddiaçı ilə yanaşı cavabdehin də bərabər vəzifə daşıması, hazırkı vəziyyətdə ödənilən 170 manat aliment istisna olmaqla 05 oktyabr 2009-cu il təvəllüdlü X2 digər ehtiyaclarının anası İddiaçı tərəfindən ödənilməsi nəzərə alınmalıdır.

43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh 05 oktyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün qət edilmiş alimentin məbləğinin artırılmasını tələb etməkdə haqlı olmuşdur.

44. Lakin kollegiya qeyd edir ki, iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 250 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir.

45. Buna görə də, alimentin məbləğinin hər ay üçün 190 manat məbləğində müəyyən edilməsi daha məqsədə müvafiqdir.

46. Kollegiya iddiaçının alimentin artırılmasına dair iddia tələbini qismən əsaslı hesab etdiyindən iş üzrə məhəmə xərclərinə dair məsələ də həll edilməlidir.

47. Kollegiya iddiaçının 60 manat mediasiya xərcinin cavabdehdən xeyrinə tutulmasına dair iddia tələbinə münasibətdə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

48. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 29 aprel 2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasından yayınmamış, iddiaçı ilə yanaşı cavabdeh də ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin onların arasında mübahisə üzrə barışığın əldə edilməsi mümkün olmamışdır.

49. Kollegiya hesab edir ki, qeyd edilən hal nəzərə alınaraq iddiaçı cavabdehdən ödədiyi mediasiya xərcinin hamısını deyil, onun yarısını tələb etməkdə haqlı olmuşdur.

50. Bu səbəbdən də ödənilmiş 60 manat mediasiya xərcinin 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

51. Həmçinin iddianın qismən təmin edilməsi, alimentin artırılmış hissəsində illik ödəmənin məcmusu nəzərə alınaraq cavabdhedən dövlət nəfinə 30 manat dövlət rüsumu tutulmalıdır.

52. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2(033)-654/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilməli, Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-522/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilməli, artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə kollegiyasının qətnaməsinin qəbul edildiyi 01 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır.

53. Cavabdeh İddiaçı xeyrinə 30 manat mediasiya xərci tutulmalı, həmçinin Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddianın qalan hissəsi təmin edilməməli, ödənilmiş 60 manat mediasiya xərcinin 30 manatı iddiaçının özünə aid edilməlidir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2(033)-654/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-522/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilsin. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə kollegiyasının qətnaməsinin qəbul edildiyi 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Cavabdeh İddiaçı xeyrinə 30 manat mediasiya xərci tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş 60 manat mediasiya xərcinin 30 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar