Məhkəmə qərarları › İş №2(107)-1104/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1104/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1104/2021 17.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraatın dayandırılması barədə Qəbələ Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(025)- 166/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 8000 manat pul tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə Cavabdeh qonşuları Rəşad və anası yanına gətirdilər və bildirdilər ki, bu şəxsə təcili pul lazımdır. “Biz bu şəxsə çox inanırıq, bu şəxsə pul vermək olar” dedilər 1-ci olaraq 23.09.2016-cı ildə Rəşadın və onun anasının iştirakı ilə 800 manat pulu borc olaraq Cavabdeh verdi. O da əmək haqqı kartını girov kimi verdi. 28.02.2017-ci ildə Cavabdeh 3100 manat, 28.03.2017-ci ildə 4000 manat borc verdi. Bu puldan sonra yenə 31.08.2017-ci İldə 25000 manat pulu Cavabdeh verdi. Bu pulu verərkən qonşularının xahişini nəzərə alıb vermişdir. Cavabdeh ona verdiyi puldan müəyyən məbləği qaytarmış, pulun 8000 manatını qaytarmamışdır. O, bu pulu almaq üçün 2018-ci ilin sentyabr ayında Cavabdeh qarşı Tərtər rayon Məhkəməsində iddia qaldırdı. Cavabdeh Tərtər rayon Məhkəməsinə ərizə verib iddianı qəbul etdiyini, qısa bır müddətdə pulu qaytaracağına söz verdi. Onun iddiası baxılmamış qaldı. Cavabdeh sonradan hərbidən işdən çıxdı. Bundan sonra ondan pulunu yenə ala bilmədi. Cavabdeh ona olan inamdan istifadə edib onun pulunu qaytarmır. Ona görə də cavabdehdən onun pulu məhkəmə qaydasında alınıb verilməlidir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə telefonla müraciət edərək bildirmişlər ki, o, 2020-ci ilin sentyabr ayından hərbi xidmətə yollanmış və hərbi xidmətdən nə vaxt qayıdacağı bəlli deyil. Bu səbəbdən məhkəmə cavabdeh tərəfindən verilmiş məlumatın dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinə sorğu göndərmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsi tərəfindən 17 mart 2021-ci il tarixli, 421 nömrəli məktubdan görünür ki, Cavabdeh 30.09.2020-ci il tarixində qismən səfərbərliyə cəlb edilərək müvafiq hərbi hissəyə göndərilmiş və bu günə qədər hərbi xidmətdən ehtiyata buraxılması haqqında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinə heç bir məlumat daxil olmamışdır. Qəbələ Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(025)-166/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə icraatın Cavabdeh səfərbərlik üzrə hərbi xidmətdən tərxis olunana qədər dayandırılması qərara alınmışdır. İddiaçı məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(025)-166/2021 saylı qərardadının ləğv edilməsini və növbəti prosessual hərəkətlərin aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(025)-166/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(025)-166/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh 30.09.2020-ci il tarixində qismən səfərbərliyə cəlb edilərək müvafiq hərbi hissəyə göndərilmiş və hal-hazırda qanunvericilikdə nəzərdə tutulmuş hərbi xidmətini davam etdirir. Bu səbəbdən Cavabdeh səfərbərlik üzrə hərbi xidmətdən tərxis olunana qədər mülki iş üzrə icraat dayandırılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh səfərbərlik üzrə hərbi xidmətdən təxris olunana qədər məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.3-cü maddəsinə əsasən iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda iş üzrə icraat dayandırılmalıdır. Həmin Məcəllənin 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraatın dayandırılması barədə Qəbələ Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(025)-166/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraatın dayandırılması barədə Qəbələ Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(025)- 166/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar