Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1105/2021 03.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(014)-717/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(014)-717/2021 saylı qətnaməsi ilə (hakim C.Sultanov) iddiа qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 23 yanvar 2011-ci il təvəllüdlü X2 və 11 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin faktiki halları: İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətləri xasiyyətləri uyğun gəlməməsi, ona və körpə balalarına baxmaması, eləcə də ailəsinin günahı ucbatından pozulmuşdur. Həmçinin, Ağdaş Rayon Məhkəməsinin 22.08.2016-cı il tarixli, 2(014)-2411/2016 saylı qətnaməsi ilə Cavabdeh 21 iyul 2016-cı il tarixdən başlayaraq 23 yanvar 2011-ci il təvəllüdlü X2 və 11 sentyabr 2013-cü il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 70 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda övladları böyümüşdür. Ehtiyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri təkbaşına və 70 manat aliment ilə övladının ehtiyaclarını qarşılaya bilmir. Uşaqların saxlanması üçün 70 manat kifayət etmir. Bu müddət ərzində cavabdeh övladlarına əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o və övladları valideynlərinin himayəsindədirlər. Artıq çox çətinlik çəkirlər və övladının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki, alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən cəmi 350 (üç yüz əlli) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cаvаbdeh Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cаvаbdeh Cavabdeh oğlu apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, iddiaçı onun işsiz olmasını, himayəsində iki azyaşlı övladının olmasını, əlilliyini, ailəli olmasını və onun maddi vəziyyətini nəzərə almadan yüksək məbləğdə aliment tələbi irəli sürmüş, məhkəmə isə onun maddi vəziyyətini və aylıq gəlirini nəzərə almadan iddia tələbini qismən təmin etmişdir. Hazırda o işsiz olduğundan həmin məbləği ödəmək iqtidarında deyildir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(014)-717/2021 nömrəli qətnaməsinin ləğv edilərək hər uşaq üçün 80 manat məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar:: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 bildirdi ki, cavabdehin uşaqların saxlanılması üçün müəyən edilmiş 240 manat alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə də, hər uşaq üçün 80 manat məbləğində alimentin təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(014)-717/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki, məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 20.10.2011-ci il tarixdə verilmiş AZ-İİ № 774307 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 23 yanvar 2011-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 25.09.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 160439 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 11 sentyabr 2013-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 22.08.2016-cı il tarixli, 2(014)- 2411/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 21 iyul 2016-cı il tarixdən başlayaraq 23 yanvar 2011-ci il təvəllüdlü X2 və 11 sentyabr 2013-cü il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx) manat aliment tutulması qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, öyrənilən işin mübahisələndirilməyən hallarından bəlli olur ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 23 yanvar 2011-ci il tarixdə X5 və 11 sentyabr 2013-cü il tarixdə X6 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin 22.08.2016-cı il tarixli, 2(014)-2411/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 21 iyul 2016cı il tarixdən başlayaraq 23 yanvar 2011-ci il təvəllüdlü X2 və 11 sentyabr 2013-cü il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx) manat aliment tutulması qət edilmişdir. İddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və apellyasiya şikayətində qeyd edilmiş alimentlin məbləği ilə bağlı məsələlərlə münasibət bildirərək, aşağıdakıları qeyd edir. Belə ki, övlada məhəbbət, onun tərbiyəsi, təminatı, inkişafı və xoşbəxt gələcəyi naminə hər əzaba qatlaşma yanğısı milli mentalitetimizin və genimizin istisnasız olaraq hər bir azərbaycanlı valideyninə bəxş etdiyi ən qiymətli mənəvi dəyərdir. AM-in 56.1 və 58-ci maddələri, Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olubolmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyubduymamalarından asılı deyildir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV hissəsinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Əksər valideynlər üzərlərinə düşən bu vəzifəni sevə-sevə yerinə yetirsələrdə, çox nadir hallarda üzərlərinə düşən bu müqqədəs öhdəliyi lazımı qaydada icra etməyən valideynlərə də rast gəlinir. Hazırkı işdə də belə bir vəziyyət yaranmışdır. Belə ki, sözün əsl mənasında uşaqları saxlamaq üçün daha çox üstün imkanlara malik olan ata valideynlik vəzifələrini tam şəkildə icra etməkdən yayınır. AM-in 75-ci maddəsi məhkəməyə belə valideynlərin öz vəzifələrini icra etməyə məcbur etmək səlahiyyəti vermişdir. Ona görə də məhkəmə kollegiyası bu səlahiyyətindən istifadə edərək, hazırkı mübahisəyə müdaxilə etmək qənaətindədir. Yuxarıda şərh edilmiş AM-in 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-n 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin alimentlə bağlı hissədə gəldiyi nəticə ilə razılaşır. Çünki, öyrənilən işdən aydın olur ki, tərəflərin birgə nikahlarından 23 yanvar 2011-ci il tarixdə X5 və 11 sentyabr 2013-cü il tarixdə X6 azyaşlıdırlar, bu halda iddiaçı ananın faktiki olaraq işləmək imkanını məhdudlaşdır. Göstərilənləri nəzərə alan məhkəmə kolegiyası hesab edir ki, uşaqların saxlanılması üçün alimenti hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat məbləğində olmaqla, cəmi 240 (iki yüz qırx) manat müəyyən etməkdə birinci insyansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Çünki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunun İ hissəsinə əsasən ölkə üzrə yaşayış minimumunun həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun 3-cü maddəsində göstərlir ki, “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır”. Ona görə də məhkəmə kollegiyası bu fikirdədir ki, iddiaçə-ananın özünün də bir valideyn kimi uşağı saxlamaq vəzifəsi nəzərə alınmaqla, alimentin tələb olunan məbləğini, yəni yetkinlik yaşına çatmayan uşaqlar üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat məbləğində olmaqla, cəmi 240 (iki yüz qırx) manat həddində müəyyən edilməsi daha ədalətlidir. Çünki, faktiki olaraq belə halda həmin məbləğlə yaşayış minimumu arasındakı fərq də az olur. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, tərəflərin birgə izdivacından doğulmuş uşaqlar az yaşlıdır. Bu uşaqlar iddiaçı-ananın himayəsindədir. Belə olan halda isə iddiaçıana istəsə də faktiki olaraq öz ehtiyaclarını qarşılamaq məqsədi ilə öz işləmək imkanını gerçəkləşdirə bilmir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(014)-717/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(014)-717/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1105/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1105/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver