Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1105/2025 16.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, əsas, faiz borcları, cərimə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, e-2(075)-1701/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4199.97 (dörd min bir yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat əsas borc, 837.33 (səkkiz yüz otuz yeddi manat otuz üç qəpik) manat faiz borcu və 359.51 (üç yüz əlli doqquz manat əlli bir qəpik) manat cərimə borcu, 0.42 (qırx iki qəpik) manat komisyon haqqı olmaqla, cəmi 5397.23 (beş min üç yüz doxsan yeddi manat iyirmi üç qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 74.38 (yetmiş dörd manat otuz səkkiz qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək illik 29% ödəmək şərtilə 4200 (dörd min iki yüz) manat məbləğində kredit xətti açmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə-anket və imza nümunəsini (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X2 17.11-ci bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" KB ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" KB ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir
6. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Şəki Rayon Məhkəməsinin (hakim ŞəfəqCəfərova) 05 sentyabr 2025-ci il tarixli, e- 2(075)-1701/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 4199.97 (dörd min bir yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat əsas borc, 592,68 (beş yüz doxsan iki manat altmış səkkiz qəpik) manat faiz borcu və 20 (iyirmi) manat cərimə borcu, 0.42 (qırx iki qəpik) manat komisyon haqqı olmaqla, cəmi 4813,07 (dörd min səkkiz yüz on üç manat 7 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 66.30 (altmış altı manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixli, 2735sNARb/22 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün illik 29% ödəmək şərtilə 4200 (dörd min iki yüz) manat məbləğində kredit verilmiş, borcalan isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə hesab etmişdir ki, cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləği məhz xx.xx.2025-ci il tarixinədək hesablanmalıdır.
10. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi qismən əsaslıdır.
11. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə hesablanmış 359,51 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılaraq 20 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan saymışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 66.30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399, 421.3, 423.2, 424.3, 442, 445.2.1, 447, 448.1, 448.2, 462.1, 465.2, 421.2, 421.3, 739.1, 739.2 maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.
15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, "xxxx" KB ASC ilə xx.xx.2022-ci il tarixdə istehlak krediti üzrə müqavilə bağlamışdır. Maddi çətinliklər səbəbindən ödənişlərdə gecikmə yaranıb. Məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbi məhkəmə iclas katibinin ona şifahi şəkildə “iştirakınız lazım deyil” məlumatının verməsi olub.
16. İşin vaxtı və yeri barədə düzgün məlumat verilməməsi, onun iclasda iştirak hüququnun məhdudlaşdırılması ədalətli məhkəmə araşdırması prinsipinin pozulmasına səbəb olmuşdur. Məhkəmə hər iki tərəfi dinləməli, çəkişmə prinsipi əsasında yekun məhkəmə aktı çıxarmalı idi.
17. Məhkəmə qərarında onun kredit borcunu tam şəkildə və yalnız iddiaçının təqdim etdiyi rəqəmlərə əsaslanaraq müəyyən edib. Halbuki, borcun məbləği və hesablanma qaydası məhkəmə tərəfindən ayrıca yoxlanılmayıb və bankın təqdim etdiyi hesabatlar müstəqil qiymətləndirilməyib. Məhkəmə, həmçinin, onun məhkəmə iclasında iştirak etməməyinin səbəblərini və bunun nəticəsində mövqeyini təqdim edə bilməməyini nəzərə almadan qərar qəbul edib. Kredit müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri balanslı qiymətləndirilməyib, məhkəmə borcun hesablanmasını və faiz dərəcəsini müstəqil qiymətləndirməyib.
18. Məhkəmə faktiki maliyyə vəziyyətini, ödəniş qabiliyyətini və kreditin restrukturizasiya imkanını araşdırmayıb. Həmçinin məhkəmə iclasa gəlməməsinin səbəblərini qiymətləndirməyib və onun bu səbəbdən izahat vermək imkanının olmamasını nəzərə almayıb.
19. Məhkəmə, iddiaçının (Unibankın) təqdim etdiyi maliyyə arayışlarını yeganə sübut kimi qəbul edib və onların düzgünlüyünü yoxlamayıb. Borcun məbləği üzrə müstəqil ekspertiza aparılmayıb, cavabdehin faktiki gəlir səviyyəsi və sağlamlıq vəziyyəti nəzərə alınmayıb.
20. Buna görə qətnamədə göstərilən nəticələr (borcun məbləği, faiz dərəcəsi və onun “ödəmə öhdəliyini yerinə yetirmədiyi” nəticəsi) işin faktiki hallarına tam uyğun gəlmir və birtərəfli qiymətləndirilib.
21. Odur ki, Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, e-2(075)-1701/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin hallarına uyğun olaraq, yəni ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddiaçı "xxxx" KB ASC-nə birinci instansiya məhkəməsinin müəyyən etdiyi borcunun olduğunu, lakin maddi vəziyyətinin borcunun ödənilməsinə imkan vermədiyini, bankın bu halı nəzərə almadığını göstərmişdir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı "xxxx" KB ASCnin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
31. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
32. Cavabdeh Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, e-2(075)- 1701/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunması üçün əsas yoxdur.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2735sNARb/22 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün illik 29% ödəmək şərtilə 4200 (dörd min iki yüz) manat məbləğində kredit verilmiş, borcalan isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır.
37. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddiaçının təqdim etdiyi maliyyə arayışlarını yeganə sübut kimi qəbul edib, onların düzgünlüyünü yoxlamaması, borcun məbləği və hesablanma qaydasının məhkəmə tərəfindən ayrıca yoxlanılmaması, kredit müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinin balanslı qiymətləndirilməməsi, borcun hesablanmasının və faiz dərəcəsinin müstəqil qiymətləndirilməməsi, bankın təqdim etdiyi hesabatların müstəqil qiymətləndirilməməsi, borcun məbləği üzrə müstəqil ekspertizanın aparılmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
38. Göründüyü kimi ekspertizanın təyin edilməsi işə baxan məhkəmənin mütləq vəzifəsi olmamaqla, işin hallarından asılı olaraq məhkəmənin aparılmasını zəruri hesab etdiyi bir tədqiqatdır. İş materiallarından və cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatından da iş üzrə ekspertizanın təyin edilməsi zərurəti müəyyən edilməmişdir.
39. Belə ki, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da Cavabdeh iddiaçı "xxxx" KB ASC-nə birinci instansiya məhkəməsinin müəyyən etdiyi borcunun olmasını qəbul etmiş, lakin maddi vəziyyətinin borcunun ödənilməsinə imkan vermədiyini, bankın bu halı nəzərə almadığını göstərmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin faktiki maliyyə vəziyyətini, ödəniş qabiliyyətini, kreditin restrukturizasiya imkanını araşdırmaması, faktiki gəlir səviyyəsi və sağlamlıq vəziyyətinin nəzərə alınmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
41. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
42. Göründüyü kimi tərəflər arasında onların iradələrinə uyğun olaraq kredit müqaviləsi bağlanmış və onlar bağladıqları müqavilənin şərtlərini özləri müəyyən etmişlər. Lakin tərəflər arasında bağlanmış kredit müqaviləsində borcalanın faktiki maliyyə vəziyyətinin, ödəniş qabiliyyətinin, faktiki gəlir səviyyəsinin, sağlamlıq vəziyyətinin pisləşəcəyi halda onun borc öhdəliyindən, yaxud da onun hər hansı bir hissəsindən azad edilməsi, bu kimi halda kredit borcunun restrukturizasiya edilməli olması imkanları nəzərdə tutulmamışdır.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işin vaxtı və yeri barədə düzgün məlumat verilməməsi, onun iclasda iştirak hüququnun məhdudlaşdırılmasının ədalətli məhkəmə araşdırması prinsipinin pozulmasına səbəb olması, məhkəmənin onun məhkəmə iclasında iştirak etməməyinin səbəblərini və bunun nəticəsində mövqeyini təqdim edə bilməməyini nəzərə almadan qərar qəbul etməsi, məhkəmənin iclasa gəlməməsinin səbəblərini qiymətləndirməməsi və onun bu səbəbdən izahat vermək imkanının olmamasını nəzərə almamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh 25 iyul 2025-ci il tarixdə saat 10:40-da keçiriləcək məhkəmə hazırlıq iclası, 20 avqust 2025ci il tarixdə saat 11:20-də və 05 sentyabr 2025-ci il tarixdə saat 10:20-də keçiriləcək məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə əvvəlcədən SMS bildirişlər göndərilmişdir.
44. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
45. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, e-2(075)- 1701/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, e-2(075)-1701/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.