Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1110/2023 21.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, ləğv, geri qaytarılır) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(075)-2252/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətininin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(075)-2252/2022 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 3487.56 AZN əsas, 1.20 manat faiz və ödənilmiş 54.89 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(075)-2252/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin edilmiş, 3487.56 əsas, 1.20 manat faiz borcu olmaqla, cəmi 3488.76 manat borc və ödənilmiş 54.89 AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Şəki Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(075)-2252/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(075)-2252/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(075)-2252/2022 nömrəli qərardadı ləğv edilməli, Şəki Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(075)-2252/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin materialları Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(075)- 2252/2022 saylı qətnaməsi 09 dekabr 2022-ci il tarixdə Cavabdeh1 ünvanlanmış və cavabeh Cavabdeh1 qeyd edilən qətnaməni iş materiallarında olan elektron məlumata əsasən 15 dekabr 2022-ci il tarixdə qəbul etmişdir. Həmin qətnamədən apellyasiya şikayəti 04 iyul 2023-cü il tarixdə Cavabdeh1 tərəfindən elektron imza ilə imzalanaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Göründüyü kimi, qətnamənin surətinin Cavabdeh1 15 dekabr 2022-ci il tarixdə verildiyinə görə, apellyasiya şikayətinin verilmə müddəti 15 yanvar 2023-cü il tarixdən hesablanmalı idi. Belə olduqda müəyyən edilir ki, apellyasiya şikayətinin verilməsi müddəti 5 aydan artıq müddətə ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin əsaslandığı “elektron məlumat” mülki işin 60-cı vərəqində yer alan mobil telefon vasitəsilə çəkilmiş fotoşəkildir ki, həmin şəkilin nə ilə əlaqəli, hansı elektron sistemdən çıxarışın fotoşəkili olduğu, həmçinin nə zaman, hansı yolla əldə edilərək iş materiallarına əlavə edildiyi də bəlli olmur. Beləliklə, həmin fotoşəkilin mənbəyi və həqiqətə uyğunluğu sübut edilmir. Nəticədə, həmin şəkilin məhkəmə sənədinin rəsmi qaydada verilməsini təsdiq edən sənəd olaraq qəbul edilməsi mümkün deyildir. İş materiallarından görünür ki, Şəki Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(075)-2252/2022 saylı qətnaməsi 9 dekabr 2022-ci il tarixdə tərəflərə göndərilmişdir. Lakin məhkəmə qətnaməsinin ünvançılar tərəfindən nə vaxt alındığı barədə iş materiallarında heç bir sənədə rast gəlinmir. Mülki işin 56-cı vərəqində yer alan 24 may 2023-cü ildə Şəki Rayon Məhkəməsində qeydiyyata alınmış Cavabdeh1 məhkəməyə ünvanladığı ərizədə məhkəmə qətnaməsinin ona çatdırılmadığı bildirilməklə qətnamənin surətinin ona verilməsini xahiş edilsə də, iş materiallarında həmin ərizə əsasında məhkəmə sənədinin ona verilib-verilməməsi barədə də heç bir sənədə rast gəlinmir. Apellyasiya şikayəti 4 iyul 2023-cü il tarixdə Cavabdeh1 tərəfindən elektron imza ilə imzalanaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş, şikayətdə qətnamənin 14 iyun 2023-cü il tarixdə alındığı qeyd edilmişdir. Həmin tarix isə Cavabdeh1 məhkəməyə ünvanladığı 24 may 2023-cü ildə Şəki Rayon Məhkəməsində qeydiyyata alınmış ərizədən 20 gün sonraya təsadüf edir. Belə olan halda, məhkəmə sənədinin ərizəyə əsasən cavabdehə nə zaman çatdırıldığı müəyyən olunmur. Kollegiya o cümlədən qeyd edir ki, 25 noyabr 2022-ci il tarixli qətnamənin keçən 1 ilə yaxın müddət ərzində icra olunub-olunmaması da aydınlaşdırılmamışdır. Belə ki, cavabdehin məhkəmə qətnaməsindən qətnamənin icrası prosesində də məlumatı ola bilərdi. Göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə nə zaman rəsmi qaydada verilməsi, o cümlədən cavabdehin hər hansı başqa üsulla qətnamədən məlumatlı olub-olmaması müəyyən olunmur. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, Şəki Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(075)-2252/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, hazırki iş üzrə sənədlərin iş materiallarına əlavə edilməsində, o cümlədən işdə olan sənədlərin işə tikilməsində nöqsanlar aşkar edilmişdir. Belə ki, mülki işin 53-55-ci vərəqlərində və 59-cu vərəqində yer alan reyestrlərin hazırki işə aidiyyatı müəyyən edilmir. O cümlədən, 24 may 2023-cü ildə Şəki Rayon Məhkəməsində qeydiyyata alınmış ərizə ilə 4 iyul 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti işdə olan sənədlərin xronoloji ardıcıllığı baxımından yanlış ardıcıllıqla iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 12 iyul 2023cü il tarixli 2(075)-2252/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(075)-2252/2022 nömrəli qərardadı ləğv edilməli, Şəki Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(075)-2252/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun yoxlanılması üçün mülki işin materialları Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
15. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(075)-2252/2022 nömrəli qərardadı ləğv edilsin. Şəki Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(075)-2252/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin materialları Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.