Məhkəmə qərarları › İş №2(107)-1111/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1111/2022

27.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1111/2022 27.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, idddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, iddiaçının vəkili X1, Cavabdeh2, onun və digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “zəruri su yolunun bərpası, süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərkətlərinə son qoyulması” tələbinə dair mülki işi üzrə Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tаrixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Ağdaş rayonu Aşağı Nemətabad kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi Ağdaş rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli Qərarı ilə iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Ağdaş rayonu Aşağı Nemətabad kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmişdir. Ağdaş rayon X3 xx.xx.2021-ci il tarixli, 17 nömrəli məktubu ilə müəyyən edilir ki, iddiaçının həyətyanı torpaq sahəsinə gedən içməli və həyətyanı torpaq sahəsinin suvarılması üçün gedən su yolu onun yuxarı tərəfində yaşayan qonşusu Cavabdeh3 Feyzulla qızının 0,27 ha həyətyanı torpaq sahəsindən uzun illər bundan qabaq keçirdi. Lakin son vaxtlar iddiaçının həyətyanı sahəsinə gedən su kəsilmişdir. Cavabdeh3 Feyzulla qızının dediyinə görə onun həyətyanı torpaq sahəsindən hal-hazırda su keçərsə torpaq sahəsinə ziyanlıq vurulacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, cavabdehlərin isitifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin koordinatları və ərazidən keçərək iddiaçının istifadəsində olan torpaq sahəsinə gedən su yolunun yeri müəyyən edilmiş və cavabdehlərin istifadəsində olan torpaq sahəsində su yolunun qarşısının kəsildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 10/5296 saylı ekspert rəyindən görünür ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsində su yolunun qarşısı kəsildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinə cavabdehlərin istifadəsində olan torpaq sahəsinsən gələn zəruri su yolunun cavabdehlər tərəfindən bərpa olunması, cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə etmələrinə yaradılan süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri Mehman Əliyevlə rəsmi nikah qeyd etdirməklə evlənəndən sonra Ağdaş rayonunun Aşağı Nemətabad kəndi ərazisindən qanuni istifadələrinə verilmiş 0,25 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirərək təsərrüfatlarını idarə etmişlər. O, digər ailə üzvlərilə birlikdə bu günədək həmin evdə yaşayır. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999cu il tarixli, 15 saylı qərarı ilə qanuni istifadələrində olan 0,25 hektar həyətyanı torpaq sahəsi onun və digər 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin həyətyanı torpaq sahəsi onlara verildiyi və üzərində ev tikdirdikləri vaxtdan həyətlərinə su yolu cavabdehlərin hazırda istifadəsində olan həyətyanı torpaq sahəsindən gəlmişdir. Son zamanlar cavabdehlər onların həyətinə gələn su yolunu qəsdən dağıdaraq həyətlərində istifadə etmək üçün onları sudan məhrum etmişlər. Bu səbəbdən də həyətlərində istifadə etmək üçün əkdikləri tərəvəz bitkiləri, meyvə ağacları məhv olur, həyətdə istifadə etmək, ev heyvanları və quşları üçün su tapa bilmirlər. Bu barədə o, rayon icra hakimiyyətinə, kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət etmiş, həmin orqanlar mütəxəssislərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirmiş, həyətinə su yolunun uzun müddət cavabdehlərin həyətindən olması, istifadə üçün suyun həyətlərinə başqa ərazidən yox, yalnız cavabdehlərə məxsus həyətdən gətirməyin mümkün olması cavabdehlərə izah edilmiş, lakin cavabdehlər bütün bunlara məhəl qoymayaraq onun zəruri su yolunu bağlamışlar. Cavabdehlər özbaşına hərəkətləri ilə onu və ailə üzvlərini sudan məhrum etmişlər ki, bu da dözülməz və qanunvericiliklə yolverilməzdir. Həmin orqanların əməkdaşları tərəfindən cavabdehlərlə aparılmış profilaktik söhbətlər və görülmüş tədbirlər nəticəsiz qaldığından, yəni istifadəsində olan yaşayış sahəsinə zəruri su yolunun bərpasını və özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmalarını məhkəmədən kənar həll etmək mümkün olmadığından, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(014)-18/2022 nömrəli iş üzrə qəbul etdiyi 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Sultanov) iddia təmin edilmişdir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.5, 54.3, 84.1, 84.3, 111.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2, 170.3, 170.4, 175.1 və 255.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdehlərin nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsi işə baxarkən Ağdaş rayon Aşağı Nemətabad bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubunu əsas götürmüşdür. Belə ki, həmin məktubda idddiaçını torpaq sahəsinə gedən su yolunun uzun illər qabaq cavabdehlərə məxsus torpaq sahəsindən keçdiyi bildirilir. Lakin məhkəmə həmin arxın nə vaxtdan qonşunun torpaq sahəsindən keçdiyini dəqiq müəyyən etməmiş və su arxının cavabdehlərin torpaq sahəsinə ziyan vura biləcəyi ilə bağlı halları araşdırmamışdır. İddiaçının həyətinə giriş üçün kənd yolu vardır və onun darvazası şimal tərəfə açılır. Həmin darvazadan şimal tərəfdə təxminən 50-100 metr arasında su arxı vardır. İddiaçı həmin su arxından istifadə edərək öz həyətyanı torpaq sahəsini sulaya bilər. Ekspertin və mütəxəssini rəyi düzgün tərtib edilməmişdir. Belə ki, ekspert baxış keçirərək yeri müayinə etməmişdir. Həyətə məhkəmə tərəfindən baxış keçirilməli olduğu halda baxış keçirilməmiş və eskpertizada ziddiyətlər olduğu üçün təkrar ekspertiza keçirilməli, habelə şahidlər dindirilməli idi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48.5.Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Maddə 54.3. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111.3. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 170. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlədən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinə qonşuluqda yerləşən və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məxsus torpaq sahəsindən su yolu mövcud olmuşdur. Həmin su yolundan iddiaçı içməli su və həyətyanı torpaq sahəsinin suvarılması üçün yararlanmışdır. Hazırda həmin su yolu cavabdehlər tərəfindən bağlanmışdır. Cavabdehlər bunu onunla izah edir ki, su yolu onların həyətyanı torpaq sahəsindən aparılarsa, bu onların sahəsinə ziyan vuracaqdır. Məhkəmə hesab edir ki, cavabdehlərin bu dəlili əsassızdır. Çünki yuxarıda qeyd olunduğu kimi iddiaçının həyətyanı torpaq sahəsinə su yolu uzun müddətdir ki, cavabdehlərin həyətyanı torpaq sahəsindən keçir. Su yolunun bu qaydada mövcud olmasının cavabdehlərin həyətyanı torpaq sahəsinə ziyan vurması iş materialları ilə təsdiq olunmur. Belə bir halı, yəni ziyanın vurulması və ya ziyanın vurulma ehtimalının əvvəllər və ya hazırda mövcud olması ilə bağlı cavabdeh tərəf məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə isə sübuta söykənməyən dəlil əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3nin nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar