Məhkəmə qərarları › İş №2(107)-1112/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1112/2024

22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1112/2024 22.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abbasova (Abdullayeva) Həbibə Xəqani qızının Cavabdeh qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X11 və X7 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Abbasova (Abdullayeva) Həbibə Xəqani qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 03 iyun 2024cü il tаrixli, 2(024)-369/2024 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2016-cı ildə doğulmuş X9 və xx.xx.2020-ci il tarixdə doğulmuş X10 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh ona ödədiyi alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 235 manat məbləğində müəyyən edilməsi və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

2. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o, Cavabdeh ilə nikahlarını qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2016cı ildə doğulmuş X9 və xx.xx.2020-ci il tarixdə doğulmuş X10 adlı övladları doğulmuşdur. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalar da, sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və onlar ayrılmış və hazırda da ayrı yaşayırlar. Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2016-cı ildə doğulmuş X9 və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda o uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Övladları böyümüş, xərcləri artmışdır. Cavabdehin hər ay hər bir uşaq üçün verdiyi 160 manat alimentlə uşaqları saxlamağı və onların təhsil xərclərini ödəməsi qeyri mümkündür. Cavabdeh isə müəyyən olunmuş alimenti verməkdən başqa ona heç bir əlavə yardım göstərmir. Ona görə də məhkəmədə alimentin miqdarının artırılması haqda iddia qaldırmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2016-cı ildə doğulmuş X9 və xx.xx.2020-ci il tarixdə doğulmuş X10 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh ona ödədiyi alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 235 manat məbləğində müəyyən edilməsi və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

3. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, məhkəmə tərəfindən xx.xx.2016-cı ildə doğulmuş X9 və xx.xx.2020-ci il tarixdə doğulmuş X10 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün ondan hər ay hər bir uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, hazırda fərdi işlərlə məşğuldur. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı yol vermir. Hazırda təyin edilmiş alimenti ödəmək iqtidarında deyil və onun hazırda iddiaçıya yığılmış aliment borcu var. Ona görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

4. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 03 iyun 2024-cü il tаrixli, 2(024)- 369/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2016-cı ildə doğulmuş X9 və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödədiyi hər ay hər bir uşaq üçün 160 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 190 manat sabit pul məbləğində müəyyən edilməsi, alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, İddiaçı dövlət rüsumu olaraq ödədiyi 30 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

5. İş üzrə qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, ...birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən prosesual hüquq normalarını pozmuş, işin faktiki hallarını araşdırmamış, qanun normaları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, onun başqa aliment öhdəliyi vardır. Onun Həyat adlı qadından iki uşağı vardır və hal hazırda 2 uşağın saxlanılması üçün hər ay sabit məbləğdə hər iki uşaq üçün hər ay sabit məbləğdə 310 manat miqdarında aliment ödəyir. Maddi və ailə vəziyyətii yaxşılaşdıran heç bir hal yoxdur. Maddi durumu olduqca ağırdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

8. Məhkəmə kollegiyasının protokol qərardadı ilə X2 hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

9. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 teleqramla məhkəməyə müraciət edərək Cavabdeh hər ay 310 manat məbləğində aliment almasını və iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

10. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

11. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

12. Maddə 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

14. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. Maddə 112.1. Alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

17. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 2235 manat məbləğində müəyyən edilmişdir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarı ... Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin hər uşaqa görə ümumilikdə 190 manat müəyyən edilməsi hissəsində işin hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

30. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(024)-589/2019 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-627/2023 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı uşaqlar böyüdüyü üçün və xərcləri artdığı üçün uşaqların saxlanması üçün ödənilən alimentin miqdarının artırılması tələbi ilə hazırkı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunda uşaqların saxlanması üçün 235 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsi valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını müəyyən etmişdir. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 235 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Belə olan halda məhkəmə cavabdehdən uşaqların saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 190 manat sabit pul məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.

34. İşin apellyasiya baxışı zamanı cavabdehin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması müəyyən edilmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il 8- 2/2016 №-li Qərarının 8.7.-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır.

36. Beləki, işə əlavə əlavə edilmiş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2020-ci il tarixli, 2(105)-2678/2020 saylı qətnaməsindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(034)- 118/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin məhkəmənin 29 iyun 2018-ci il tarixli, 2(034)-427/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

37. Zəngilan Rayon Məhkəməsinin 9 iyun 2018-ci il tarixli, 2(034)-427/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulmalı aliment məbləği hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat müəyyən edilmişdir.

38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxqarıda sözü gedən qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Zəngilan Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(034)-118/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı X1 Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia təmin edilməmişdir.

39. Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.8.ci bəndində göstərilmişdir ki, aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır.

40. Ali Məhkəmənin həmin mövqeyinə uyğun olaraq hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. X2 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq onun hər ay Cavabdeh 310 manat aliment aldığını bildirmiş, işi və səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

41. Göründüyü kimi, hazırkı qətnamənin dəyişdirilməyəcəyi təqdirdə cavabdehin ödəməli olduğu aliment məbləği 690 manat təşkil edir.

42. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

43. İstinad olunan normanın əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır.

44. Hazırkı halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

45. Bununla yanaşı kollegiya qeyd edir ki, yaşayış minumu artırıldığına görə ödənilən aliment məbləği dəyişdirilə bilər.

46. Məhkəmə kollegiyası hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsini, eyni zamanda cavabdehin əvvəlki arvadına hər ay sabit pul məbləğində pul ödəməsini də nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə aliment miqdarının artrılmasına zərurət yaransa da, həmin məbləğin 190 manat müəyyən edilməsi ağlabatan olmamaqla əsaslı da deyildir. Həmin məbləğin 170 manat müəyyən edilməsi daha məqsədə müvafiq və işin hallarına uyğundur.

47. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır.

48. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tаrixli, 2(024)-369/2024 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2016-cı ildə anadan olmuş X9 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Abbasova (Abdullayeva) Həbibə Xəqani qızına verilməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

50. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tаrixli, 2(024)-369/2024 saylı qətnaməsi dəyişdirilərək xx.xx.2016-cı ildə anadan olmuş X9 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Abbasova (Abdullayeva) Həbibə Xəqani qızının xeyrinə tutulan sabit pul məbləğində aliment hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat müəyyən edilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar