Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-112/2022 09.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ağsu Rayon Məhkəməsinin (hаkim Etibar Hümbətov) 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı evinə gedən yoldan istifadəyə yaradılan maneələri aradan qaldırmaları qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər tərəfindən evinə gedən yoldan istifadəyə yaradılan maneənin aradan qaldırılması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1954-cü ildə Ağsu rayonu Ülgüc kəndində anadan olmuşdur. Uzun illər valideyinləri ilə çiyin-çiyinə Ağsu rayonu M.Qasımov adına kolxozda çalışmışdır. Həmin illərdə, konkret olaraq 1989-cu ildə kolxozun idarə heyətinin qərarı ilə mərhum atasının qonşuluğunda ev tikmək üçün ona torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Ağsu Rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli qərarı ilə 4 nəfərdən ibarət ailə üzvlərinin adına rəsmiləşdirilərək “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Torpağın ayrıldığı 1989-cu il tarixdən həmin torpaq sahəsində ev tikib yaşayır. Bu illər ərzində evinə gedib-gəldiyi bir yol olmuşdur ki, həmin vaxtdan bu günə kimi istifadə edir. Bu günlərdə həmin yol bərbad olduğundan, qarlıyağışlı havalarda palçıq olduğundan və uşaqlar məktəbə belə çətinliklə gedibgəldiklərindən yola çınqıl tökmək qərarına gəlmişdir. Gözləmədiyi halda bu zaman həmkəndliləri olan cavabdehlərin etirazı ilə qarşılaşmışdır. Həmin yolun onların pay torpaqlarına aid olduqlarını israr etməklə istifadə etdiyi yolun çınqıl tökərək abadlaşdırılmasina imkan verməmişlər. Özü və ətraf camaat bu yoldan istifadə olunan zaman hələ pay torpaqlarının belə bölünmədiyini onlara izah etməyə çalışsa da, cavabdehlər bunu anlamaq istəməmişlər. Hətta onunla və ailəsi ilə mübahisə edərək onları münaqişəyə cəlb etməklə hər iki tərəf Ağsu Rayon Polis Şöbəsinə müraciət etməli olmuşdur. Ağsu Rayon Polis Şöbəsində ilkin təhqiqat aparılaraq mübahisənin mülki xarakterli olduğunu nəzərə alaraq aidiyyəti üzrə məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və X2 tərəfindən evinə gedən yoldan istifadəyə yaradılan maneənin aradan qaldırmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar birinci instansiya məhkəməsinin iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsini, ona vurulmuş cəmi 415 manat məbləğində maddi ziyan və ƏMDX tabeliyində DƏKÜRX və YQLTM MMC-nin mütəxəssisinə çəkəcəyi xərclərin İddiaçı tutulub ona verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazıdır və həmin mülki işə düzgün baxılmamışdır. Mübahisəli yol onun və digər pay torpaq qonşularının pay torpaqlarına gedən yoldur. Həmin yolun qarşısına əvvəllər xəndək çəkilərək bağlı olmuş, lakin sonradan onların pay torpaqlarına əkin, biçin üçün selka, kombaynın getməsi üçün hazırda həmin mübahisəli yolu özləri açmışdır, hansı ki, oradan əvvəllər heç bir işlək yol olmamışdır, bu yol birbaşa onların pay torpaq sahələrinin baş tərəfinə girir. Ən əsası budur ki, bu yol onların pay torpaqları ərazilərinə aiddir. Hüseynovların isə əslində həmin yoldan istifadə etməyə hüququ yoxdur. Onların yaşadığı evin həyətinə uzun illərdən bəri birbaşa çınqıl yol salınıb və bu günə qədər həmin yoldan istifadə edilir. İddiaçı oğlunun və özünün evinə gedən yola maneə yaradan öz həyətində tikdiyi tövləsidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçlı İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər və cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Ağsu rayonu “M.B.Qasımov” adına kolxozun kolxozçularının xx.xx.1989-cu il tarixli, 4 nömrəli ümumi iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı Ülgüc kəndində olan toxmacar bağının yanından, boşluq sahədən ev tikmək üçün 0.7 hektar həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. JN-079Q, kod 40901018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, 09 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 DİN-in 102 xidmətinə və Ağsu RPŞ-nə həmkəndlisi X5 tərəfindən ona məxsus 1.05 ha pay torpağının 8x35 metr ölçüdə olan hissəsinin zəbt olunması barədə müraciəti araşdırılaraq material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Ağsu bələdiyyəsi tərəfindən verilən 05 mart 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Ağsu RİHB-nın Ağsu dairəsi üzrə icra nümayəndəsi və Ağsu bələdiyyəsinin iştirakı ilə həmin əraziyə baxış keçirilərək ərazidə 5 metr enində torpaq yolunun mövcud olması, pay torpaqları verilən gündən kənd sakinlərinin ümumi istifadəsində olmaqla İddiaçı da evinə getmək üçün həmin ərazidən yol kimi istifadə etdiyi müəyyən edilmişdir. JN 0088 KOD 40901018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, X4 və 6 nəfər ailə üzvlərinin (o cümlədən hazırda baxılan mülki iş üzrə Cavabdeh1) mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli 09 nömrəli qərarı ilə Ağsu rayonu Ülgüc kəndi ərazisindən 2.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN 0091 KOD 40901018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Cavabdeh2 və 7 nəfər ailə üzvlərinin (o cümlədən hazırda baxılan mülki iş üzrə Cavabdeh2) mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli 09 nömrəli qərarı ilə Ağsu rayonu Ülgüc kəndi ərazisindən 2.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kollegiyasına ünvanlanan 24 may 2022-ci il tarixli məktubundan görünür ki, ekspertizanın aparılmasına cəlb edilən MMC-nin baza məlumatları və koordinatlara çıxışı olmadığından, onun təqdim etdiyi sənəd mötəbər olmayan mənbə hesab olunur. Müqayisəli tədqiqat üçün İstisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin baza məlumatları təqdim edildiyi halda tərəflərindən ekspertizanın keçirilməsi mümkündür. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göstərmişdir ki, “Cavabdehlər ümumi istifadədə olan 5 metr enində torpaq yoldan istifadəni məhdudlaşdırmaqla iddiaçının hüquqlarını pozduğundan, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilərək, ümumi istifadədə olan torpaq yoldan iddiaçının sərbəst istifadə hüququnun təmin olunması ilə əlaqədar cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, Ağsy rayonu M.Qasımov adına kolxozun idarə heyətinin 04 aprel 1989-cu il tarixli qərarı ilə iddiaçıya ev tikmək üçün 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Ağsu Rayon Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli qərarı ilə iddiaçının 4 nəfərdən ibarət ailə üzvlərinin adına rəsmiləşdirilərək “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. İddiaçı torpağın ayrıldığı 1989-cu il tarixdən həmin torpaq sahəsində ev tikərək ailəsi ilə birlikdə yaşayır. Bu illər ərzində evinə gediş-gəliş yolu kimi həmin açılmasını tələb etdiyi yoldan istifadə etmişdir. İddiaçının bildirdiyinə görə, həmin yol bərbad olduğundan, yolu təmir etmək üçün ora çınqıl tökmək qərarına gəlmiş, lakin həmkəndliləri olan cavabdehlər həmin yolun onların pay torpaqlarına aid olduqlarını bildirməklə buna mane olmuşlar. Hazırda cavabdehlər mane olduğundan sözügedən gediş-gəliş yolundan sərbəst istifadə edə bilmirlər. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Ağsu Bələdiyyəsi tərəfindən verilən 05 mart 2021-ci il tarixli, 06 nömrəli məktubda qeyd edilmişdir ki, “Ağsu RİHB-nın Ağsu dairəsi üzrə icra nümayəndəsi və Ağsu Bələdiyyəsinin iştirakı ilə həmin əraziyə baxış keçirilərək ərazidə 5 metr enində torpaq yolunun mövcud olması, pay torpaqları verilən gündən kənd sakinlərinin ümumi istifadəsində olmaqla İddiaçı da evinə getmək üçün həmin mübahisəli ərazidən yol kimi istifadə etdiyi müəyyən edilmişdir”. Göründüyü kimi, Ağsu Bələdiyyəsinin istinad olunan məktubu ilə iddianın predmetini təşkil edən ərazinin kənd sakinlərinin ümumi istifadəsində olan gediş-gəliş yolu olması və İddiaçı da evinə getmək üçün həmin mübahisəli ərazidən yol kimi istifadə etdiyi müəyyən edilir. Qeyd edilməlidir ki, məhkəmə kollegiyasının qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza zəminində “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisəli ərazi ilə bağlı 20 yanvar 2022-ci il tarixli 574 saylı Mütəxəssis rəyi tərtib edilmişdir. Həmin Mütəxəssis rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Ağsu rayonu Ülgüc kəndində yerləşən X3 və 6 nəfər ailə üzvlərinin mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli, 09 nömrəli qərarı ilə verilmiş və JN 0088 KOD 40901018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən 2.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə naturada qetdə alınmış koordinatlar əsasında ərazinin elektron Kompleks Yerquruluşu Layihəsinə əsasən dəqiqləşdirilərək sərhədləri müəyyən edilmişdir və həmin torpaq sahəsi öz hüdudları daxilində yerləşir. Ağsu rayonu Ülgüc kəndində yerləşən Cavabdeh2 və 7 nəfər ailə üzvlərinin mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli 09 nömrəli qərarı ilə verilmiş və JN 0091 KOD 40901018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən 2.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Kompleks Yerquruluşu Layihəsinə əsasən dəqiqləşdirilərək sərhədləri müəyyən edilmişdir və həmin torpaq sahəsi öz hüdudları daxilində yerləşir. İddiaçı açılmasını tələb etdiyi sözügedən yolun yerləşdiyi ərazi JN 0088 KOD 40901018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin və JN 0091 KOD 40901018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən cavabdeh X1 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşmir. Çünki hər iki Dövlət sənədi, yəni iddiaçının mülkiyyətinə verilən 0.13 ha həyətyanı torpaq sahəsinin JN-079Q saylı şəhadətnamə sənədi, həm də cavabdehlərin mülkiyyətində olan 2.62 ha və 2.57 ha k/t təyinatlı torpaq sahələrinin müvafiq olaraq JN- 0091, JN-0088 saylı Dövlət Aktları sənədləri Ağsu Rayon Torpaq Şöbəsi tərəfindən tərtib edilmişdir. Belə ki, şəhadətnamənin planında mübahisələndirilən ərazi gediş-gəliş yolu kimi, Dövlət Aktlarının müvafiq olaraq 90C (1.0968 ha) və 88C (1.0512 ha) planlarının şimal hissəsi, yəni mübahisələndirilən sahə qoruma zolağı - yol sahəsi kimi göstərilmişdir. Naturada və eləcə də kameral şəraitdə aparılan ekspertiza tədqiqatı nəticəsində İddiaçı fərdi yaşayış evinə həmin yoldan əlavə digər alternativ gediş-gəliş yolunun mövcud olmaması müəyyənləşdirilmişdir. Mübahisələndirilən yol sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olanan aerofotoplan və plan-sxemdə aydın şəkildə göstərilmişdir.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edlir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakİ torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, mübahisəli işin gerçək hallarına və iş materiallarında mövcud olan sübutlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı evinin gediş-gəliş yolundan istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisə üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, o cümlədən təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçılar öz iddialarının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-110/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-112/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-112/2022
09.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver