Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-112/2023 10.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tаrixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Cavabdeh 31 yanvar 2010-cu il tarixdə torpaq sahəsini “satmasına” görə iddiaçıdan 10.000 ABŞ dolları pul almışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 ABŞ dolları pulun və 143 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh özünə məxsus torpaq sahəsini satırdı. Danışıqlar aparılmış və həmin torpaq sahəsini 12.000 ABŞ dollarına satın almağa razılaşmışlar. Cavabdehə ilkin olaraq 10.000 ABŞ dolları verilmiş, 2.000 dolları isə sənədləşmə işləri aparıldıqdan sonra verəcəkləri üçün razılaşmışlar. Amma bir müddət keçmiş, cavabdeh nə torpağın alğı-satqısını həll etmiş, nə də ödədikləri 10.000 dolları qaytarmışdır. Həmin torpaq sahəsində 2015-ci il tarixində ev tikdirmişdir. Bələdiyyə işçiləri bildirmişlər ki, qanunsuz torpaq sahəsini zəbt etdikləri üçün məsuliyyət daşıyacaqlar. Onlar da məcbur olub, 2015-ci ildə bələdiyyədən 3.500 manat xərc çəkərək torpağı öz adına rəsmiləşdirmişdir. Cavabdehdən pulun qaytarılmasını tələb etsə də, hələ də qaytarmır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(051)- 1728/2022 nömrəli iş üzrə qəbul etdiyi 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Cəbrayılova) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlər heç bir hüquqa və ya müqaviləyə əsaslanmadan yaranmışdır. Yəni cavabdehin iddiaçıya “satdığı” torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. Sadəcə həmin torpaq sahəsinə faktiki sahibliyi həyata keçirmişdir. Cavabdehlə iddiaçı arasında yalnız şifahi razılaşma olmuşdur. Qanunvericiliyə əsasən isə şifahi razılaşma, yəni tərəflər arasında şifahi əqdlər bağlana bilər. Lakin, razılaşmanın şifahi olmasına baxmayaraq torpaq sahəsinə dair cavabdehin heç bir hüquqmüəyyənedici sənədi olmadığından bu razılaşma (əqd) etibarsız sayılır. Məhkəmə belə nəticəyə gəlir ki, belə olan halda cavabdeh faktiki sahiblik etdiyi torpağı “satmaqla” əsassız varlanmışdır. İddiaçının isə bu halda torpaq sahəsinin alınması üçün verdiyi pulunu cavabdehdən geri tələb etmək hüququ yaranır. Lakin, iddiaçı artıq 2015-ci ildə torpaq sahəsini bələdiyyənin müraciəti ilə öz adına rəsmiləşdirdiyi zaman ona məlum olmuşdur ki, torpaq sahəsi cavabdehin mülkiyyətində deyil. Belə olan halda artıq müəyyən olunur ki, şəxs hüquqlarının pozulduğunu həmin tarixdən bilirdi. Məhkəmə hesab etmişdir ki, mübahisənin əsası əqdin etibarsızlığından yarandığından cavabdeh şəxs əsassız varlanmış, lakin iddiaçının cavabdehdən əsassız varlanma ilə bağlı verdiklərini müddətin ötürülməsi səbəbindən geri tələb etmə hüququnu itirmişdir. Buna görə də, iddia təmin olunmamalıdır. İddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə məhkəmə bildirmişdir ki, bu iddia ilə bağlı iddia müddəti tətbiq edilə bilməz. Çünki mübahisə əqdin etibarsızlığı əsası ilə yarandığından Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət tətbiq edilməldir. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 337, 354.1, 1091.1, 1091.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Əsas mübahisə predmeti odur ki, iddia müddəti vətəndaş öz hüquqlarının pozulduğunu bildiyi vaxtdan hesablanır. Hüquqularının pozulduğundan iddiaçının 2022-ci ilin aprel ayında məlumatı olmuşdur. Ancaq məhkəmə nə üçünsə müqavilənin etibarlı, etibarsızlığından yazmışdır və təsviri hissəsində əsasən bunu mülahisələndirmişdir. Qanunvericiliyin tələbinə görə hüququnun pozulduğunun bildiyi andan nəzərdə tutulur, iddiaçı isə hüququnun pozulduğunu 2022-ci ilin aprel ayında bilmişdir. Beləliklə, qətnamənin təsviri hissəsində məhkəmə müəyyən etməli idi ki, iddiaçı hüququnun pozulduğunu həqiqətən 2022-ci ili aprel ayında yox, ondan əvvəl bilmişdir. Ancaq bu, məhkəmə prossesində aydın olmuşdur. Çünki iddiaçı izahatında də göstərmişdir ki, pulu ona qaytarmayacağını aprel ayında bilmişdir. Məhkəmə bu halları əsaslandıraraq, qərar çıxarmalı idi. Cavabdehin pulu vermək istəməməsini iddiaçı 4 ay bundan öncə bilmişdir. Cavabdeh indiyə kimi müxtəlif bəhanələrlə pulu qaytaracağına söz vermişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 2010-cu ildə iddiaçıdan 10.000 ABŞ dolları almış və əvəzində ona 6 sot torpaq sahəsi satmışdır. İddiaçı ona borclu qaldığı 2.000 dollarını isə bələdiyyəyə verərək torpağı öz adına rəsmiləşdirmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində Şəhər Məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 405. Müqavilə o halda bağlanmış hesab olunur ki, tərəflər onun əsas şərtləri barədə razılığa gəlmiş olsunlar. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarı: Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmunununqanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyənedilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsizolması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqinəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətindəqalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmazəmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərəfindən işin halları kimi müəyyən edilir ki, iş üzrə tərəflər arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsi etibarlı müqavilə olmamışdır. Belə ki, cavabdeh mülkiyyətində olmayan Mingəçevir şəhəri, 20 Yanvar Döngəsi 17 ünvanında yerləşən torpaq sahəsini iddiaçıya satılması barədə razılığa gəlmişlər. İddiaçı cavabdehə bununla bağlı 10.000 ABŞ dolları pul ödəmişdir. Cavabdeh alğı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsini satmaq üçün səlahiyyətli şəxs olmadığına görə, həmin müqavilə əhəmiyyətsiz əqd olaraq heç bir hüquq və nəticələr yaratmamışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh əhəmiyyətsiz əqd əsasında iddiaçıdan 10.000 ABŞ dolları almaqla, əsassız varlanmışdır. İddiaçının məhkəməyə verdiyi yazılı və şifahi məlumatlardan göründüyü kimi, iddiaçı 2015-ci ildən cavabdeh tərəfindən əvəzli şəkildə ona satıldığı torpaq sahəsinin cavabdehin deyil, bələdiyyənin mülkiyyətində olan əmlak olduğunu bilirmiş. Belə ki, iddiaçı Mingəçevir şəhəri, 20 Yanvar Döngəsi 17 ünvanında yerləşən torpaq sahəsini xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Mingəçevir Bələdiyyəsindən almışdır. Lakin keçən müddət ərzində iddiaçı cavabdehə qarşı pulun qaytarılması barədə iddia irəli sürməmiş, pulun qaytarılmasını tələb etməmişdir. Bununla da, iddiaçı əhəmiyyətsiz əqd əsasında cavabdehin əldə etdiyi 10.000 ABŞ dollarının geri qaytarılması ilə bağlı tələb hüququnu bir il ərzində irəli sürməmişdir. Bununla da iddiaçı, cavabdehdən əhəmiyyətsiz əqd əsasında ondan aldığı 10.000 ABŞ dolları məbləğində pulun qaytarılmasını tələb etmək hüququnu itirmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Şəhər Məhkəməsi haqlı olaraq iddiaçının iddiasını rədd etmişdir. Cavabdeh, apelyasiya şikayətində qeyd olunan dəlillərini təsdiq edən sübutları məhkəmələrə təqlim etməmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apelyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-112/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-112/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver