Məhkəmə qərarları › İş №2(107)-1123/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1123/2020

31.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1123/2020 31.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iclas katibliyi ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “qeyri yaşayış binasının boşaldılması” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-360/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri X8 prospekti ünvanında yerləşən ümumi torpaq sahəsi 0.006 ha üzərində 61.3 kv.m sahəsi olan qeyri-yaşayış binasının məcburi qaydada boşaldılmasına və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 360/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən Şəki şəhəri X8 prospekti ünvanında yerləşən ümumi torpaq sahəsi 0.006 ha üzərində 61.3 kv.m sahəsi olan qeyri-yaşayış binası məcburi qaydada boşaldılması, iddia ərizəsinin verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X3 tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında xx.xx.2011-ci il tarixdə 101344-1- 1275 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus Şəki şəhəri X8 prospekti ünvanında yerləşən ümumi torpaq sahəsi 0.006 ha üzərində 61.3 kv.m sahəsi olan qeyriyaşayış binası xx.xx.2011-ci il tarixli 101344-1-1275 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka xx.xx.20xx xxxxxxx 101344-1-1275 saylı müqavilə üzrə ümumilikdə 1461043,00 (bir milyon dörd yüz altmış bir min qırx üç) manat məbləğində borcu, qalmışdır. Buna görə də Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-2142/14 saylı qətnaməsi ilə cavabdehdən müqavilə üzrə ümumilikdə 1461043,00 (bir milyon dörd yüz altmış bir min qırx üç) manat məbləğində pulun tutulması və tutmanı ipoteka predmetinin ilkin satış qiyməti 268000,00 (iki yüz altmış səkkiz min) manat müəyyən edilməklə Şəki şəhəri X8 prospektində istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, 61.3 kv.m sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-532/2015 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)- 2142/14 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Eyni zamanda cavabdehBakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsində də kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(102)-4302/15 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-532/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. X1, X4 və Cavabdeh qətnamənin icrasının uzadılması məqsədi ilə cavabdehlər İddiaçı ASC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” MMC-yə qarşı (üçüncü şəxslər: Şəki rayon icra şöbəsi, Bakı şəhəri, Xətai rayon icra şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki şəhər ərazi idarəsi) hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə X6, X4 və Cavabdeh iddiaları təmin edilməmişdir. Həmin qətnamədən də narazı qalan cavabdehlər apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azerbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)- 9445/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. «Daşınar və Daşınmaz Əmlakların Satışı X12» MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 23/06 saylı hərracın nəticələri haqqında protokola əsasən hərracın qalibi (alıcı) İddiaçı ASC olmuşdur və Cavabdeh tam mülkiyyətində olan Şəki şəhəri X8 prospekti ünvanında yerləşən ümumi torpaq sahəsi 0.006 ha üzərində 61.3 kv.m sahəsi olan qeyri-yaşayış binası Banka satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX ******* saylı çıxarışa əsasən qeyri-yaşayış binası üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqları tanınmışdır. Bildirmişdir ki, hal-hazırda Bank hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında tutma yönəldilmiş əşyanın hüquqi baxımdan mülkiyyətçisidir. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, ona görə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, qanunvericilik düzgün tətbi edilməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan bütün faktiki halları sübut etməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, yaşadığı evin satılmasından onun xəbəri olmamışdır və bunu mübahisələndirmədə hakim nəzərə almamışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-360/2020 nömrəli qətnaməsini xx xxxx 2020-ci il tarixdə almış, lakin məlum karantin vəziyyətinə görə şikayət verə bilməmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-360/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri X8 prospektində yerləşən ümumi sahəsi 61,3 ha olan qeyriyaşayış binası xxxx ASC-nin mülkiyyətindədir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmalakın araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə məhkəmə kollegiyasının araşdırması işin faktiki hallarından müəyyən edildi ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında xx.xx.2011-ci il tarixdə 101344-1-1275 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus Şəki şəhəri X8 prospekti ünvanında yerləşən ümumi torpaq sahəsi 0.006 ha üzərində 61.3 kv.m sahəsi olan qeyriyaşayış binası xx.xx.2011-ci il tarixli 101344-1-1275 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka xx.xx.20xx xxxxxxx 101344-1-1275 saylı müqavilə üzrə ümumilikdə 1461043,00 (bir milyon dörd yüz altmış bir min qırx üç) manat məbləğində borcu qalmışdır. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən iddiaçı tərəfindən Məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2142/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia tələbi təmin olunaraq cavabdehə Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X8 prospektində istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, 61.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilkin satış qiymətinin 268.000 (iki yüz altmış- səkkiz min) manat olmaqla açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait hesabına cavabdeh "xxxx" MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında Hərrac Mərkəzi tərəfindən hərrac keçirilmiş və hərracın yekunlarının nəticəsi olaraq mübahisəli qeyri-yaşayış binası tələbkar tərəfindən əldə edilərək həmin əmlaka dair hüquq müəyyənedici sənəd verilmişdir. Lakin iddiaçı tərəf qeyd olunan qeyri-yaşayış sahəsi üzərində tam mülkiyyət hüququ əldə etməsinə baxmayaraq, cavabdeh hal-hazırda həmin əmlakdan istifadə edir ki, bu da bir mülkiyyətçi kimi iddiaçı tərəfin mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Kollegiya sonda qeyd edir ki, X5 59-cu maddəsi yaşayış sahəsi ilə bağlı yaranan mübahisələri tənzimlədiyindən, lakin ipoteka predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı konkret normalar olmadığından həmin müddəalar analogiya üzrə qeyri-yaşayış sahəsinə də tətbiq olunmalıdır. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-360/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar