Məhkəmə qərarları › İş №2(107)-1123/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1123/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1123/2024 09.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, reqress qaydada tələb) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli 2(039)-681/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı arasında olan xx.xx.2015-ci il tarixli borc müqaviləsi üzrə 6166.10 manat borcu həmin tarixli zaminlik müqaviləsinə əsasən banka ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6166,10 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Yevlax filialı ilə aralarında bağlanmış 17 fevral 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh 17 fevral 2015-ci iİ tarixli kredit müqaviləsi üzrə bankdan aldığı 7500 manat məbləğində kredit üzrə bank qarşısında olan öhdəliklərinin icra edilməsinə zamin durmuşdur. Cavabdehin aldığı krediti banka ödəməkdən yayındığına görə 6166.10 manat məbləğində kredit borcu onun əmək haqqından tutulmuşdur. Zaminlik müqaviləsi üzrə ondan tutulan 6166.10 manat məbləğində puun qaytarılması barədə cavabdehə dəfələrlə məlumat vermişdir. Lakin Cavabdeh onun əvəzinə ondan tutulan 6166.10 manat məbləğində pulu qaytarmaqdan yayınır. Ona görə də, məcburiyyət qarşısında qalaraq cavabdehdən 6166.10 manat məbləğində pulun alınması tələbinə dair iddia ərizəsi ilə onun qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət etmişdir.

4. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-681/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, sonradan cavabdehin şikayətinə əsasən rayon məhkəməsinin 2(039)-681/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə sözügedən qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyi yerinə yetirərək cavabdehin kredit müqaviləsi üzrə banka olan 6166.10 manat borcunu ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin kimi cavabdehin əvəzinə onun öhdəliyini icra etdiyindən cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur və buna görə də iddia təmin təmin edilməlidir.

6. Yevlax Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli 2(039)-681/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin olunmuş, Cavabdeh 6166 (altı min yüz altmış altı) manat 10 (on) qəpik alınaraq İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470 və 475-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Beynalxalq Bank ASC-nin Yevlax filialının xx.xx.2024-cü il tarixli arayışı Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktub

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin təsviri hissəsində qeyd edir ki, Yevlax şəhər İcra hakmiyyəti Başçısının Aran qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh Nürəddin oğluna məhkəmə bildirişi çatdırılmışdır. Bildirir ki, hərbi hissəyə bildiriş çatdırılmayıb və məhkəmə prosesindən onun xəbəri olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək, məhkəmə baxışında onun iştirakını təmin etmədiyindən məhkəmədə müdafiə hüququnu pozmuş, məhkəmə baxışının onun iştirakıyla keçirildiyi halda onda olan sübutlara məhkəmə tərəfindən hüquqi qiymət verilməklə iddia tələbinin həcmi azaldılmalı idi. Belə ki, hərbi hissənin maliyyə bölüyündə mühasibatlıq sənədlərində ona aybaay hesablanan əmək haqqından iddiaçının zamin olduğu Azərbaycan Beynalxalq Banka edilən tutulmalar mübahisəyə aydınlıq gətirə bilərdi.

11. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli 2(039)- 681/2024 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, məhkəməyə ərizə verərək bildirdi ki, onun banka 4000 manat borcu olmuşdur. Həmin məbləği ödəməyə razıdır.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli 2(039)-681/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.2-ci maddəsinə görə zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3-cü maddəsinə görə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli 2(039)-681/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, əslində ddianın təmin edilmiş 2166.10 manata aid hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin qeyd etdiyi Yevlax şəhər İHB-nin Aran İƏD üzrə nümayəndəliyinin Cavabdeh məhkəmə bildirişinin çatdırılması ilə bağlı məktubundan sonra Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-681/2024 saylı qiyabi qətnaməsi qəbul edilmiş, sonradan cavabdehin şikayətinə əsasən rayon məhkəməsinin 2(039)-681/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə sözügedən qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Yəni, cavabdehin məhkəmə işinin mövcudluğundan məlumatı olmuşdur. İş təzələndikdən sonra təyin olunan məhkəmə baxış iclası barədə isə cavabdehə Yevlax rayon Aran qəsəbəsi N saylı hərbi hissəyə məhkəmə bildirişi göndərilmiş, 24 may 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh iştirak etmədiyindən işə baxılması təxirə alınmışdır. Həmin tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin komandirinə məhkəmə bildirişi göndərilməklə cavabdehin 7 iyun 2024-cü il tarixdə məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuşdur. İş materiallarının 58-ci vərəqində olan xəbərnamədən görünür ki, həmin bildiriş 5 iyun 2024-cü ildə həmin hərbi hissəyə çatdırılmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə prosesləri barədə məlumat verilmiş, cavabdehin məhkəmə prosesində iştirakının təmin edilməsi üçün zəruri və kifayət qədər addımlar atılmışdır.

21. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, iddiaçı iddiasının sübutu olaraq Azərbaycan Beynalxalq Bank ASC-nin Yevlax filialının xx.xx.2024-cü il tarixli arayışını və hesab Çıxarışı təqdim etmişdir ki, həmin sənədlər iddia tələbinin haqlılığını və əsaslılığını təsdiq etmişdir. Belə ki, Mülki Məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi, qanunun tələbinə görə zaminin əsas borcluya qarşı reqres tələbi kreditor tərəfindən zaminə verilən sənədlərlə təsdiqlənir. Hazırki halda da kreditor olan Azərbaycan Beynəlxalq Bankı həmin sənədləri zamin olan iddiaçıya təqdim etmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmədən məlumatı olduğu təqdirdə sübutlar təqdim edə biləcəyini qeyd etsə də, nə apellyasiya şikayətinə sübut qismində heç bir dəlil əlavə etməmiş, nə də məhkəmə kollegiyasının iclasında iştirak etməsinə baxmayaraq, məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Eyni zamanda, cavabdeh özünün birinci instansiya məhkəməsinin məhkəmə iclaslarından məlumatlı olduğunu, lakin hərbi hissədən icazə ala bilməməsi səbəbindən məhkəmə iclaslarında iştirak etmədiyini bildirmişdir.

22. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kolelgiyasının iclasında isə məhkəməyə ərizə verərək bildirmişdir ki, onun banka 4000 manat borcu olmuşdur. Həmin məbləği ödəməyə razıdır. Kollegiya hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini qalan 2166.10 manata aid hissədə mübahisələndirmişdir ki, həmin hissədə də göstərdiklərini təsdiq edəcək sübutları təqdim edə bilməmişdir.

23. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş 2166.10 manata aid hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli 2(039)-681/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş 2166.10 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli 2(039)-681/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş 2166.10 manata aid hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar