Məhkəmə qərarları › İş №2(107)-1124/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1124/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1124/2021 07.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” Şəki Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(075)- 462/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 11 mart 2021-ci il tarixli, 2(075)- 462/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 760 manat əsas borc, 408,74 manat faiz borcu, 30 manat cərimə borcu və 20 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. İşin halları: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 760 manat əsas borc, 432,69 manat faiz borcu və 266 manat cərimə borcu olmaqla, cəmi 1458,69 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş üzrə qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(075)-462/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamədən narazıdır və həmin mülki işə düzgün baxılmamışdır. Onların iddiaçı banka tələb edilən məbləğdə əsas borcu yoxdur. Hesab edir ki, borcun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməli idi. Həmin borc üzrə çıxarılmış məhkəmə əmri Şəki rayonu üzrə icra və probasiya şöbəsinin icraatinda olduğu müddətdə ödənilmiş məbləğlər əsas borcdan çıxılmamışdır. Ona görədə Şəki Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(075)-462/2021 nömrəli qətnaməsini əsas və faiz ilə bağlı hissədə ləğv edərək yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxsin izhatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik faiz dərəcəsi 33,6 faiz olmaqla 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12 yanvar 2015-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC-dən 1500 manat pulu həmin tarixdə qəbzə imza etməklə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 1500 manat krediti ona hesablanmış faizlərlə birlikdə 18 ay müddətində hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İş materiallarında olan 12 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 BOKT "xxxx" MMC qarşısındakı 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" MMC-nə 760 manat əsas borcu, 408,74 manat faiz borcu və 249,95 manat cərimə borcu vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(075)-462/2021 nömrəli qətnaməsi əsas və faiz borcuna münasibətdə dəyişdirilməlidir. Belə ki, işin müəyyən edilmiş gerçək vəziyyətindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 18 ay müddətinə illik faiz dərəcəsi 33,6 faiz olmaqla 1500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmış, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin icrasında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra kredit təşkilatı tərəfindən kreditin verilməsinə baxmayaraq cavabdehlər müqavilə öhdəliklərinə əməl etmədiklərindən BOKT "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayətinin əsas dəlilləri bundan ibarət olmuşdur ki, iş üzrə prossesual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, borcun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməmiş və həmin borc üzrə çıxarılmış məhkəmə əmri Şəki rayonu üzrə icra və probasiya şöbəsinin icraatinda olduğu müddətdə ödənilmiş məbləğlər əsas borcdan çıxılmamışdır. Buna görə də hesab etmişdir ki, borcun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməli idi. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları nəzərə alaraq, həmçinin mülki işin obyektiv həlli baxımından məhkəmə mühasibatlıq ekspertizası keçirərək, müvafiq rəy almışdır. İşə əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiqi edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 04 avqust 2021-ci il tarixli, 9/5061 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 iddiaçı BOKT "xxxx" MMC-yə iddia tələbinin tarixinə, yəni 12.07.2017-ci il tarixə olan əsas borcu 722,45 manat, faiz borcu 405,92 manat olmuşdur. Öhdəlik münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442 və 443.1-ci maddələrinin tələblərinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 448.1-ci maddəsində isə göstərilir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materialları və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit və girov müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün cərimə və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da borclu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müvafiq olaraq onun iddiaçıya 722,45 manat əsas borc, faiz borcu 405,92 manat faiz borcu borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyasi iddianı əsas borc və faiz borcunun ekspert rəyində göstərilmiş şəkildə (1.128,37 manat) cavabdehdən tutulmasını əsaslı hesab edir. MM-in 741-ci maddəsində qeyd edilmişdir ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası qismən razılaşır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(075)-462/2021 nömrəli qətnaməsi ekspert rəyinə uyğun şəkildə dəyişdirilsin. MPM-in 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddia tələbinin qiyməti (məbləği) iki min manatdan az olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyərini təşkil edən 100 (bir yüz) manat pul vəsaiti Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının bank hesabına ödənilməlidir. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(075)-462/2021 nömrəli qətnaməsi əsas və faiz borcuna münasibətdə, yəni ekspert rəyinə uyğun şəkildə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 722,45 manat əsas borc, 405,92 manat faiz borcu, cəmi 1128,37 manat (bir min bir yüz iyirmi səkkiz manat otuz yeddi qəpik) tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar