Məhkəmə qərarları › İş №2(107)-1126/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1126/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1126/2021 08.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İddiaçı vəkili X1 və Cavabdeh, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(014)- 334/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1200 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(014)- 334/2021 nömrəli (hakim F.Nəsibov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 1200 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1230 manat (bir min iki yüz otuz manat) tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(014)- 334/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2020-ci ilin aprel ayının axırlarında ona yaxınlaşaraq ona təcili olaraq 1200 manat pul lazım olduğunu və tezliklə qaytarcağını bildirmişdir. 10 may 2020-ci il tarixdə o, ona borc olaraq 1200 manat pul vermişdir. Cavabdeh ona həmin pulu yaxın vaxtlarda qavtarcağına söz versə də, hazırkı vaxta kimi borcunu qaytarmamışdır. Dəfələrlə ona müraciət edərək, borclu olduğu pulu qaytarmasını tələb etsə də, cavabdeh əvvəllər bir neçə bəhanə gətirərək borcunu tezliklə qaytaracağına söz vermişdir. Lakin sonradan başa düşmüşdür ki, cavabdeh ona hər dəfə bəhanə gətirməklə borcunu qaytarmaqdan boyun qaçırır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,.İddiaçı 10 may 2020-ci il tarixdə əvvəl 300 və bir aydan sonra daha 500 manat almış və aylıq məvacibi 286 manat olan maaş kartını ona vermişdir. Şəfəqdən pul aldığı müddətdən səkkiz ay keçdikdən sonra o hesablamışdır ki, şəfəqin maaş kartından çıxardığı pulun həcmi 1000 manatdan çoxdur və o maaş kartını geri qaytarmasını istəmişdir. O da təklif etmişdir ki, ondan 1200 manat pul alması barədə qəbz yazsın ki, maaş kartını geri qaytarsın. O da ondan aldığı pulu faizi ilə artıqlaması ilə qaytardığına əmin olduğu üçün razılaşmışdır. Onun diqtəsi ilə kağızı yazmış və imza etmişdir. O kağızı alıb maaş kartını geri qaytarmış və onu hədələmişdir. O şəfəqdən aldığı sələm pulu artıqlaması ilə ödəmişdir. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(014)- 334/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də İddiaçı borc pul almış, bununla bağlı yazılı qəbz yazaraq imza da etmişdir. Lakin qəbzdə konkret olaraq hansı məbləğ göstərildiyi dəqiq yadında deyil. Həmin borcu 300 manat bir, 500 manat da bir olmaqla iddiaçıya qaytarmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Belə ki, cavabdeh borc götürmüş pula dair yazılı qəbzə imza etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(014)- 334/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 10 may 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1200 manat borc pul almış, həmin pulu bir neçə ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun iddiaçıdan 1200 manat məbləğində borc pul götürməsi mülki işin 5-ci səhifəsində olan yazılı qəbzlə və bununla bağlı verilmiş ekspert rəyi ilə tam sübut olunur. Buradan da göründüyü kimi cavabdeh iddiaçıdan 1200 manat məbləğində borc pul götürsə də, həmin pulu qaytarmaqla bağlı öhdəliyini icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh iddiaçıdan 800 manat pul aldığını, həmin pulu qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz dəlillərini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Lakin, cavabdeh qeyd olunan qəbzdə iddia olunan məbləğdə pul verilmədiyi halda, həmin qəbzdəki şərtlərlə razılaşaraq imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə imzalanmış qəbzdəki pulun qaytarılması tələbidir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdeh tərəfindən imzalanmış qəbz əslində mahiyyət etibarı ilə də iddiaçıdan borc pul alınmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, iddiaçı tərəfdən hər hansı bir məbləğdə pul alınmadığını sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir Bundan başqa məhkəmə kollegiyası bildirir ki, cavabdeh iddiaçıdan 800 manat borc pul aldığını şikayətində qeyd etməklə yanaşı 1200 manat borcunun olması ilə bağlı qəbzə imza etdiyini də bildirir. Lakin bunu maaş kartını geri qaytarmaq üçün etdiyini bildirir. Lakin məhkəmə kollegiyası qeyd edilən dəlili əsaslı hesab etmir. Belə ki cavabdehin iddiaçıda olan kartını digər vasitələrlə də geri qaytara bilərdi. Qeyd edilən dəlillər iddia tələbindən yayınmaq kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi iddia tələbi 1200 manat olmaqla 2000 manatdan aşağı olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(014)-334/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar